» » Vitse-spiker: Zahid Oruc, bəlkə imkan verəsən danışaq?!

Vitse-spiker: Zahid Oruc, bəlkə imkan verəsən danışaq?!

Bölmə: Siyasət, BLOK XƏBƏR
Vitse-spiker: Zahid Oruc, bəlkə imkan verəsən danışaq?!
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi Milli Məclisin bu gün keçirilən iclasında narazılığa və mübahisələrə səbəb olub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, deputat Zahid Oruc çıxışı zamanı bildirib ki, ağılla Rusiyanı dərk etmək mümkün deyil.

O qeyd edib ki, ÜAK-ın ləğvi ermənilərin Rusiya dövləti üzərində qələbəsidir: “Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyatın ləğvi məsələsi axıra kimi mümkün olmayacaq”.

Vitse-spiker Bahar Muradova isə deyib ki, bu, ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “Biz Azərbaycanda rus dilini və mədəniyyətini ona görə inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə, biz burada yaşayanlara qarşı adekvat münasibət göstəririk”.

B.Muradova həmkarlarına tövsiyə edib ki, bu məsələ ilə bağlı fantaziyalara söykənib çox dərinə getmək də düzgün deyil: “Çünki Rusiyanın daxili işidir və ilk növbədə o, öz vətəndaşlarının təşkilatını ləğv edib. Amma təbii ki, bu, bizi narahat etməyə bilməz”.

Vitse-spikerin çıxışı zamanı Z.Orucun yerdən replikası onun sərt təpkisinə səbəb olub: “Zahid Oruc, bəlkə imkan verəsən danışaq?!”.

B.Muradova deyib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var: “Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanlılara da belə münasibət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illərdir iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyasətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir”.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, nə qədər ki, Rusiyanın yanında ermənilər var, çətin ki, Rusiyanın bizimlə münasibətləri normal olsun: “Biz bütün məqamlara hazır olmalıyıq”.

Öz növbəsində deputat Vahid Əhmədov bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir:

“Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir. Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler