» » “Bütün dairələrdən namizəd irəli sürəcəyik”- Siyavuş Novruzov

“Bütün dairələrdən namizəd irəli sürəcəyik”- Siyavuş Novruzov

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Bütün dairələrdən namizəd irəli sürəcəyik”- Siyavuş Novruzov

"Xalqinfo" Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun parlament seçkilərinə hazırlıqla bağlı AzərTac-a müsahibəsini təqdim edir:


- Siyavuş müəllim, ölkəmizdə seçkqabağı ictimai-siyasi vəziyyəti necə xarakterizə edərsiniz?

- Ümumiyyətlə, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm amildir. Seçkilər, həmçinin demokratiyanın bir ifadəsi, göstəricisidir. Ona görə də bütün dövlətlərdə bu məsələ daim diqqət mərkəzində olur. Təbii ki, demokratik, sabit ölkələrdə seçkilər yüksək səviyyədə keçirilir. Bu baxımdan ictimai-siyasi vəziyyətin rolu da mühüm əhəmiyyət kəsb edir.

Hazırda dünyada hansı proseslərin baş verməsinin şahidiyik. Bu gün bir sıra regionlarda vəziyyət çox mürəkkəbdir. Həmin bölgələrdə qanlı toqquşmalar baş alıb gedir, hər gün yüzlərlə insan həyatını itirir. Belə vəziyyətin yaranmasında müəyyən beynəlxalq güclərin öz maraqlarını təmin etmək siyasəti dayanır. Təəssüf doğuran hal odur ki, bu, çox zaman dövlətlərə və xalqlara qarşı demokratiya və insan haqları pərdəsi altında həyata keçirilir. Bu səbəbdən də ayrı-ayrı xalqlar fəlakətlərlə üzləşirlər. Artıq bir reallıqdır ki, dünyada beynəlxalq qayda-qanunlar işləmir. Müəyyən güclər beynəlxalq qanunları öz bildikləri kimi yönəltməyə və öz maraqları çərçivəsində tətbiq etməyə çalışırlar.

Təbii ki, belə təhdidlər bizim regiondan da yan keçmir. Bilirsiniz ki, Azərbaycanın müstəqilliyini, inkişafını və güclü dövlət olmasını istəməyən qüvvələr var. Yəqin ki, müstəqilliymizin ilk illərini xatırlayırsınız. Ölkəmizdə dərin ictimai-siyasi böhran hökm sürürdü, sosial-iqtisadi durum da ağır idi. Təbii ki, belə vəziyyət müəyyən daxili və xarici qüvvələrin maraqlarına cavab verirdi. 1993-cü ildə Azərbaycan artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Amma ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bu təhlükəyə son qoyuldu və Azərbaycanı parçalamaq istəyən qüvvələrin arzuları gözündə qaldı. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etdi. Amma həmin qüvvələr hər zaman cəhdlər göstərib ki, ölkəmizdə ictimai-siyasi sabitlik pozulsun, vətəndaş qarşıdurması baş versin. Çünki sabitlik olmasa heç bir cəmiyyət inkişaf edə bilməz. Lakin belə qüvvələr və onların buradakı əlaltılarının niyyətləri sonrakı dövrlərdə də cəhdlər göstərsələr də, bu cəhdlər iflasa uğrayıb. Çünki ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. Xalqla hakimiyyətin birliyi bu qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət formalaşıb və bu cəmiyyət dünyada baş verən prosesləri yaxşı dərk edir. Ona görə də, bizim ən böyük uğurlarımızdan biri olan sabitliyin qorunmasına bütün cəmiyyət dəstək verir.

Bütün bunların əsasında da əminliklə deyə bilərik ki, cəmiyyətimiz növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Eyni zamanda, artıq bir sıra siyasi partiyalar da seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və hazırlıq işlərini aparırlar. Azərbaycanda xeyli sayda siyasi partiya fəaliyyət göstərir və onlar qanunvericiliyin tələbləri əsasında bu seçkilərdə iştirak edə bilərlər. Eləcə də hər bir vətəndaş qanunvericiliyə uyğun olaraq bu seçkilərdə iştirak etmək hüququna malikdir. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn parlament seçkilərində də belə olacaq. Artıq yaxın zamanlarda parlament seçkilərinə rəsmi start veriləcək.

- Yeni Azərbaycan Partiyası noyabrda keçiriləcək parlament seçkilərinə necə hazırlaşır?

- Bütövlükdə biz partiya olaraq seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayırıq. Bu mənada YAP-ın İdarə Heyəti seçkilərə hazırlıqla bağlı fevral ayında qərar qəbul edib. Ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkilərə tam səfərbər olunması işlərinə başlanılıb. Parlament seçkiləri ilə əlaqədar partiyamızın müvafiq proqramı var. YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq seçkilərlə bağlı hazırlıq işləri davam edir.

Bir müddət öncə Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb. Hazırda YAP Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin zona müşavirələri keçirilir, həmin müşavirələrdə müvafiq tövsiyə və tapşırıqlar verilir.

Ümumiyyətlə, partiyamızın seçki təcrübəsi böyükdür. Demək olar ki, ölkəmizdə üç seçki (prezident, bələdiyyə və parlament) ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə də partiyamız öz təcrübəsindən və dünya praktikasından bəhrələnərək özünün seçki texnologiyalarını da tətbiq edir. Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük. Bunun əsasında biz həm dünya praktikasını öyrənirik, həm də öz təcrübəmizi təkmilləşdiririk.

Artıq seçki kampaniyamızda iştirak edəcək partiya fəalları demək olar ki, müəyyənləşdirilib. Buraya namizədlər üçün imza toplayacaq şəxslər, məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, təbliğat qrupları və s. daxildir. Məlumat üçün bildirim ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq 1250 şəxs müəyyənləşib. Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır və 10 faiz də artıq imza vərəqi verilir. Bu da təxminən 500 imza edir. Bir vərəqdə isə 50 imza olur. Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik. Nəzərdə tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından biri götürsün və imza toplasın.

Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, imza verən şəxslər kimlər ola bilər, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib. İmza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlamışıq. Artıq həmin insanlara treninqlər keçirilir. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər onlara əyani formada izah olunur. YAP-ın Mərkəzi Seçki Qərargahında və onun rayon-şəhər şöbələrində iş bölgüsü aparılıb, imza toplayan şəxslərin hər birinə nəzarət mexanizmi yaradılıb. Bəzi rayon və şəhərlərin ərazisində 4 seçki dairəsi var. Ona görə də YAP Mərkəzi Seçki Qərargahının bəzi rayon və şəhərlər üzrə yerli şöbələrində təxminən 40 nəfər imza toplayan şəxs təyin edilib. Seçki qərargahının üzvləri arasında hər dairə üzrə iş bölünüb. İmzatoplama kampaniyasında hər 10 nəfərə seçki qərargahının bir üzvü rəhbərlik edəcək.

Eyni zamanda, qeyd etdiyim kimi, partiyamızın bütün dairə və məntəqələrdə müşahidəçiləri olacaq. Parlament seçkilərində hər dairə və məntəqəyə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin olunacaq. Yəni, seçkiləri YAP-ın təxminən 5500-ə yaxın müşahidəçisi izləyəcək. Hazırda onlara treninqlər keçirilir, seçkidə müşahidəni necə aparmaları izah olunur. Bir məqamı da bildirim ki, qanunvericilik seçki ilə məşğul olan QHT təmsilçilərinin və heç bir qurumu təmsil etməyən vətəndaşların da seçkidə müşahidə aparmasına imkan verir. Bu baxımdan YAP üzvlərinin öz şəxsi təşəbbüsləri ilə seçkilərdə müşahidəçi kimi iştirak etməsi istisna deyil.

Biz həm də mütəmadi olaraq seçici siyahıları üzərində işləyirik, elektoratı öyrənirik. Artıq bu yöndə qruplar bir müddətdir ki, fəaliyyət göstərir. Eyni zamanda, öz tərəfimizdən müəyyən araşdırmalar aparırıq, seçicinin xüsusiyyətlərini öyrənirik. Yəni, onun mövqeyini və tam detallarını dəqiqləşdiririk. Təbii ki, bu da gələcəkdə təbliğat-təşviqat işinin aparılmasında, seçicilərin səsverməyə gəlməsində, onlara aid müxtəlif proqramların hazırlanmasında çox yaxından kömək göstərir. Bu yöndə də bizdə tədqiqat işləri davam etməkdədir. Seçki kampaniyasına rəsmi start verildikdən sonra qanunvericiliyə uyğun olaraq işlərimizi davam etdirəcəyik.

Ümumiyyətlə, YAP Milli Məclisə keçirilən bütün seçkilərdə partiya olaraq iştirak edib. Qarşıdan gələn seçkilərdə də bütün dairələrdən namizəd irəli sürəcəyik. Biz maksimum dərəcədə çalışacağıq ki, bütün seçkilərdə qələbə qazandığımız kimi, qarşıdan gələn parlament seçkilərində də böyük uğur əldə edək.

- Budəfəki seçkilərdə YAP-ın platformasında yeniliklər varmı?

- Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə yeniliklərlə gedir. Təbii ki, bu yeniliklər seçki platformasında da öz əksini tapır. Biz seçkilərə vahid platforma ilə gedirik. Yəni hər bir namizədimiz öz təbliğatını bu platforma çərçivəsində quracaq.

Qarşıdan gələn parlament seçkilərində də seçki platformasında yeniliklər əksini tapacaq. Burada Azərbaycanın qazandığı uğurlar qeyd olunmaqla yanaşı, ölkəmizin inkişafı ilə bağlı gələcək hədəflər, qarşıda duran məqsəd və vəzifələr, qanunvericilik məsələləri və s. mühüm məqamlar vurğulanacaq. Ümumiyyətlə, bütün seçkilər zamanı YAP-ın platformaları real, aktual məsələləri əhatə edir. Partiyamız yarandığı vaxtdan qarşıya hədəf olaraq Azərbaycanı inkişaf etmiş, güclü dövlətə çevirmək məqsədi qoyub. Artıq hakimiyyətdə olan partiya kimi bu istiqamətdə çox böyük nəticələr əldə etmişik. Amma qarşıda hələ də böyük vəzifələr, hədəflərimiz var. Ona görə də bu məqsədə doğru inamla irəli getməkdə qərarlıyıq.

Konkret olaraq YAP-ın parlament seçkiləri ilə əlaqədar platformasına gəlincə, bu, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində açıqlanacaq.

- Seçkilərdə xarici müşahidəçilərin iştirakı ilə bağlı hər hansısa dəyişiklik gözlənilirmi?

- Bütövlükdə, seçki prosesinin vacib elementlərindən biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim keçirilən seçkilərin geniş beynəlxalq müşahidəçilər missiyaları tərəfindən izlənilməsinə maraqlıdır. Məhz buna görə də müvafiq strukturlar tərəfindən bir sıra beynəlxalq təşkilatlara, ölkələrin parlamentlərinə və digər qurumlara seçkiləri izləmək üçün dəvətlər göndərilir. Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidəçi etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Məsələn, fakt üçün deyim ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi.

Belə ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər bir sıra beynəlxalq qurumların müşahidə missiyaları ölkəmizdə keçirilən seçkiləri izləyirlər.

Yeni Azərbaycan Partiyası da ölkəmizdə keçirilən bütün seçkiləri daha çox beynəlxalq müşahidəçilərin izləməsinin tərəfdarıdır. Çünki bununla, dünya ictimaiyyəti Azərbaycanın demokratik dövlət olduğunun, seçkilərin isə azad, şəffaf və ədalətli keçirildiyinin şahidi olurlar. Doğrudur, bəzi təşkilatların müşahidə missiyaları seçkinin necə keçirilməsindən asılı olmayaraq, onun demokratikliyinə kölgə salmaq istəyirlər. Biz əvvəlki təcrübələrdən bunu görmüşük. Amma belə təşkilatlar çox deyil və onların qərəzli hesabatları ciddi qəbul olunmur. Eyni zamanda, hansısa təşkilatın seçkilərin nəticələri haqqında rəyi Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Artıq bunu həmin qüvvələr də anlayırlar ki, qeyri-obyektiv hesabatlar hazırlamaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki seçki məsələsində Azərbaycan xalqının iradəsi və mövqeyi bizim üçün əsasdır.

Nəzərinizə çatdırım ki, Azərbaycanda keçirilən seçkiləri YAP-ın üzv olduğu və əməkdaşlıq etdiyi siyasi partiyaların birləşdiyi beynəlxalq qurumlar da müşahidə edirlər. Bunlardan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP), Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyaları təşkilatının (COPPPAL) adını çəkə bilərəm. Biz qarşıdan gələn seçkilərdə də bu təşkilatların seçkiləri izləməsinin tərəfdarıyıq.

- Seçkilərdə YAP-ın qələbəsini şərtləndirəcək amillər barədə nə deyərdiniz?

- Qeyd edim ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün bizim kifayət qədər əsaslarımız var. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsi nailiyyətlərimizi ildən-ilə artırır.

Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır. Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə ölkəmizdə çox böyük dəyişikliklər baş verib. İqtisadiyyat artıb, əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, bölgələrdə sosial məsələlər həll olunur və s. Bu gün Azərbaycan nüfuzlu beyənlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi bunun əyani göstəricisidir.

Yəni, biz beş il əvvəl seçkilərə gedərkən insanlara verdiyimiz vədlər yerinə yetirilib. Ən əsası odur ki, Azərbaycan dövləti milli maraqlarımıza uyğun siyasət həyata keçirir və bu da xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir.

Bütün bunlarla yanaşı, 650 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir. Biz bütün dövrlərdə uğurlu seçki kampaniyası həyata keçirərək inamlı qələbələr qazanmışıq. Qarşıdan gələn parlament seçkilərində də qələbəmizi şərtləndirəcək amillərdən biri də məhz budur. Partiyamızın böyük seçki təcrübəsi olan minlərlə üzvü var və onlar hər seçki kampaniyasında qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirirlər. Qələbələrimizin qazanılmasında onların da zəhməti şübhəsiz ki, böyükdür. Bu gün YAP ölkəmizin ən güclü, ən mütəşəkkil, ən monolit siyasi qüvvəsidir. Biz bu gücü xalqımızdan alırıq. Azərbaycanda YAP ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Növbəti parlament seçkilərində də xalqımızın etimadına, üzvlərimizin sədaqətinə, fədakarlığına güvənərək parlaq qələbə qazanacağımıza inanırıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler