» » Cənubi Qafqaz düyünü:

Cənubi Qafqaz düyünü: çoxgedişli "geosiyasi oyun"

Bölmə: Siyasət
Cənubi Qafqaz düyünü:Xəzər dənizinin enerji ehtiyatları uğrunda geosiyasi rəqabət ötən əsrin 80-cı illərinin sonunda Cənubi Qafqazda alovlanmış etno-ərazi münaqişələrində özünü göstərdi. 90-cı illərin ortalarından etibarən onlar qurudan dənizə də yayılıb, 20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalandıqdan sonra daha real konturlar aldı. Cənubi Qafqaz və Xəzəryanı ölkələr "Xəzər şahmat taxtası"nda dünyanın və regionun böyük dövlətləri tərəfindən bölgədə aparılan "geosiyasi oyun"a qoşulmağa başlayırlar.

Əvvəlki əsrlərdə olduğu kimi, bu gün də dünyanın və bölgənin böyük dövlətlərinin birbaşa geosiyasi maraqlarının mərkəzində Xəzər bölgəsində çox mühüm coğrafi mövqedə yerləşən Azərbaycan Respublikası durur. Geostrategiya sahəsində tanınmış mütəxəssis Z.Bjezinski hesab edir ki, "məhdud ərazisinə və əhali sayının az olmasına baxmayaraq, nəhəng enerji resurslarına malik olan Azərbaycan geosiyasi planda da aparıcı əhəmiyyət kəsb edir. Bu, Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiyanın sərvətlərinin olduğu şüşə qabda bir tıxacdır". Bundan başqa, geoiqtisadi nöqteyi-nəzərdən həm Azərbaycan, həm də onunla həmsərhəd olan Rusiya, İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Gürcüstan və Ermənistan üçün ən kəskin məsələlərdən biri Xəzərdə əsasən Rusiyanın və Qərbin transmilli şirkətləri tərəfindən hasil olunan neft və qazın nəqli marşrutlarının seçimi məsələsidir. Z.Bjezinski hesab edir ki, "Qərbin bazarları ilə Rusiyanın nəzarəti altında olan ərazilərdən keçməyən neft boruları vasitəsilə birləşən müstəqil Azərbaycan aparıcı və enerji istehlak edən iqtisadiyyatların Mərkəzi Asiyanın enerji cəhətdən zəngin respublikalarına çıxışı üçün iri magistraldır". ABŞ siyasətçisinin fikirlərinə görə, "Azərbaycan tam olaraq Moskvanın nəzarətində olarsa, onda Mərkəzi Asiya dövlətlərinin müstəqilliyini mənasız bir anlayış kimi nəzərdən keçirmək olar".

Avropa və Asiyanın iri regional dövlətlərinin qovşağında yerləşən Azərbaycanın Qafqazda və Xəzərdə əlverişli coğrafi mövqeyinə görə həm Şərqə, həm də Qərbə üz tutan "qapı-ölkə"yə (S.Koen) çevrilmək perspektivləri kifayət qədər realdır.

Modernləşmə xəttini götürən, Avropa İttifaqı, ATƏT, Avropa Şurası və NATO ilə siyasi, iqtisadi və humanitar əlaqələrini intensiv şəkildə inkişaf etdirən, ABŞ-la və Qərbi Avropanın aparıcı ölkələri ilə münasibətlərini aktivləşdirən Azərbaycan özünün geosiyasi gələcəyini Avropa ölkələri ailəsində görür. Eyni zamanda, Azərbaycan MDB ölkələri ilə, o cümlədən özünün şimal qonşusu olan Rusiya ilə də qarşılıqlı faydalı əlaqələr qurmağa çalışır.

Beləliklə, əsrlərlə Mərkəzi Avrasiyada geosiyasi münasibətlər sistemində mühüm həlqələrdən biri olan Azərbaycan müasir şəraitdə Xəzər dənizində geostrateji rəqabətin mərkəzində durur. Rusiya analitiki Heydər Camalın qənaətinə görə, "Azərbaycan Avropanın uzaq şərq bastionu olan Qafqaz regionunda təbii liderdir... Bu, zəngin mərkəz olmaqla Avropanın gələcəyi üçün ciddi zəmindir". Azərbaycan Respublikasının müasir qloballaşma proseslərinə qoşulması problemlərinə toxunarkən qeyd etmək lazımdır ki, yüksək texnologiyalar və kommunikasiya sistemləri dövründə bu ölkə qloballaşmanın iqtisadi inkişaf və Azərbaycanın çiçəklənməsi üçün verəcəyi pozitiv hər şeyi inkişaf etdirməyə çalışır.

Rusiya üçün Cənubi Qafqazda mühüm strateji rolu onun bu regionda ənənəvi "forpostu" olan Ermənistan oynayır. Bu ölkə NATO ilə Türkiyənin bu bölgəyə nüfuzu yolunda duran əsas maneədir.

Ermənistanda Rusiyanın Cənubi Qafqazda ən iri 102-ci hərbi bazası, hava hücumundan müdafiə hissələri, sərhəd, raket və digər mobil reaksiya vasitələri yerləşir. Rusiya Ermənistanın quru yol sərhədlərinin və hava məkanının müdafiəsini öz üzərinə götürmüş, bu ölkəni bütün lazımi silahlarla təchiz edir.

Digər tərəfdən, neft və qaz ehtiyatlarından məhrum olam Ermənistan özünün enerji daşıyıcılarına olan tələbatını əsasən İranın hesabına ödəyir.

Ümumilikdə Rusiya-Ermənistan münasibətləri müttəfiq, hərbi-strateji xarakter daşıyır. Bu bölgədə Rusiya siyasətinin işığında xüsusi strateji rol oynayan Ermənistan Rusiyanın Cənubi Qafqazda ənənəvi müttəfiqi olaraq qalmaqdadır. Rusiya analitiklərinin fikirlərinə görə, Ermənistan sadəcə "Rusiyanın əbədi müttəfiqi olmağa məhkumdur" və "Ermənistanın geosiyasi kodunda ənənəvi olaraq Rusiya vektoru üstünlük təşkil edir".

Eyni zamanda, bu ölkə Rusiya ilə əməkdaşlıqla Qərbə inteqrasiya arasında balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır.

Son illər Türkiyə kimi, Ermənistan da Qərbə yol açmağa çalışaraq özünün bu ölkə ilə qarşılıqlı münasibətlərini yoluna qoymağa cəhd edir. 11 oktyabr 2009-cu ildə Sürixdə imzalanan Ermənistan-Türkiyə protokolları bunu əyani şəkildə sübut etdi. Bu sənədlərdə də Türkiyənin Cənubi Qafqazda öz siyasətini daha da aktivləşdirmək cəhdləri öz əksini tapdı.

Bununla belə, Moskva-İrəvan-Tehran geostrateji zəncirində Ermənistan müəyyən mənada Türkiyəni qitədaxili Mərkəzi Avrasiya məkanlarından təcrid edən strateji bir həlqədir.

Cənubi Qafqazın Qara dənizə çıxışı olan yeganə ölkəsi Gürcüstandır ki, bu ölkə də regionda mühüm strateji mövqeləri tutur. Gürcüstanın ərazisindən transqafqaz nəqliyyat xətləri – dəmir yolu və avtomobil yolları keçir. Son illər bunların sırasına yeni magistral neft-qaz boru kəmərləri də əlavə olunmuşdur. Gürcüstan ərazisi Mərkəzi Asiyanın Xəzəryanı ölkələri və Azərbaycan üçün Qara və Aralıq dənizlərinə ən qısa yolla çıxış açır.

Bu ölkə xüsusən də 2003-cü ilin "qızılgül inqilabı"ndan sonra açıq şəkildə Qərb yönümlü siyasət yürüdür və 2008-ci ilin payızına qədər (yəni bu ölkənin MDB-dən formal olaraq çıxmasından öncə) Gürcüstanın MDB-nin tərkibində olması faktiki olaraq rəmzi xarakter daşıyırdı.

Rusiya dərk edirdi ki, özünün gələcəyini Qərblə, xüsusən də NATO ilə görən Gürcüstan Türkiyə və Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya Qərb və ilk növbədə NATO təsirinin yayıldığı zəncirdə mühüm bir həlqədir. Gürcüstanın NATO-ya birləşməsi perspektivi kifayət qədər real olan bir şəraitdə - 2008-ci ilin avqustunda Rusiya Gürcüstan rəhbərliyinin uzaqgörməz hərbi-siyasi addımlarından istifadə edərək birbaşa hərbi-güc metodlarını tətbiq etdi ki, bu da son nəticədə Abxaziyanın və Cənubi Osetiyanın Gürcüstandan ayrılmasına və elə həmin ilin payızında ölkənin MDB-dən çıxmasına gətirib çıxardı. Bu, birincisi, Rusiyaya Qara dənizdə öz təsir sferasını genişləndirmək və Cənubi Qafqazdakı neft və qaz kəmərləri və digər kommunikasiya infrastrukturları üzərində nəzarəti ələ keçirməyə cəhd göstərmək imkanı verdi. İkincisi, Rusiya NATO-nun Şərqə doğru, "Qafqaz-Xəzər istiqamətində" genişlənməsində hədləri göstərən qadağa zonasını çəkdi. Üçüncüsü, bu hadisələr Qərbin Cənubi Qafqazda mövqelərinin zəif olduğunu göstərdi və həm Avropa ölkələri, həm də "köhnə Avropa" ilə Birləşmiş Ştatları arasında fikir ayrılıqlarını üzə çıxardı. Onlar, əsasən, "narahatlıq ifadə edən qətnamələrlə" və səmərəsiz diplomatik demarşlarla kifayətləndilər. Və nəhayət, dördüncüsü, NATO-ya daxil olan və daxil olmayan digər postsovet ölkələri birmənalı sərt siqnal, ilk növbədə "xəbərdarlıq" aldılar ki, onların Şimali Atlantika Alyansına daxil olmaq niyyətləri müharibə və ərazilərinin parçalanması ilə nəticələnə bilər.

Digər tərəfdən, Gürcüstandakı avqust böhranı Türkiyəyə Cənubi Qafqazda fəallaşmaq üçün yeni imkanlar açdı. Türkiyə Qafqazın 5 ölkəsinin – Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistanın daxil olduğu regional təhlükəsizlik sisteminin ("Qafqazda sülh və stabillik platforması") yaradılması təşəbbüsü ilə çıxış etdi və Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətlərini nizama salmağa başladı. Bütün bunlar onu göstərir ki, Türkiyə Qafqazdakı böhrandan regionda öz nüfuzunu və regional güc mərkəzi kimi statusunu möhkəmləndirmək üçün istifadə etməyə çalışır. Qafqazdakı vəziyyəti nəzərə alan Rusiya isə Türkiyənin "Qafqazda sülh və stabillik platforması"nın yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləməyə meyllidir, özü də İranın mütləq iştirakı şərtilə. Bu isə ABŞ-la Avropa İttifaqının bu regionda təsirini xeyli məhdudlaşdırmaq imkanı verə bilərdi.

Bütövlükdə isə Rusiyanın "Cənubi Qafqaz istiqaməti"ndə xarici siyasəti çoxaspektlidir ki, bu da onun bu regionun ölkələri ilə münasibətlərinin müxtəlif səviyyələrdə olması ilə bağlıdır. Belə ki, Gürcüstanla münasibətlərdə sərtlik, Ermənistanla münasibətlərdə müttəfiqlik, Azərbaycanla münasibətlərdə isə stabillik önə çəkilir. Özü də bütün bunlar Qərbin dünyanın bu mühüm geostrateji regionunda aktivləşdiyi bir şəraitdə baş verir.

XXI əsrin əvvəllərinə yaxın Qafqazda geostrateji müstəvidə ABŞ (NATO)-Türkiyə-Gürcüstan-Azərbaycan (perspektivdə isə Mərkəzi Asiyanın bəzi dövlətləri) antiavrasiya mahiyyətli üfüqi oxu formalaşmağa başlayır ki, bu da Yeltsinin uğursuz xarici siyasəti nəticəsində bu regionda onsuz da özünün bir sıra mühüm mövqelərini itirmiş Rusiya üçün faciəli olardı.

GUAM-a gəlincə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (2005-ci ilə qədər Özbəkistanın da) daxil olduğu bu beynəlxalq təşkilatın mövcudluğu Rusiyanın hərbi-siyasi dairələrində ciddi narahatlıq doğururdu. Rusiya analitiklərinin fikirlərinə görə, "Antirusiya yönümlü bu geosiyasi quruma üzv olan dövlətlərin əraziləri... bugünkü kontekstdə NATO üçün Avropadan Əfqanıstana qədər birbaşa dəhliz yaratdı". Lakin iştirakçı ölkələrin bir-birindən məkanca uzaq olması, habelə bu mərhələdə onların strateji maraqlarının çoxvektorluluğu bu beynəlxalq təşkilatın geosiyasi perspektivlərini sual altına alır.

Newtimes.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler