» » Azərbaycanda Milli musiqi günü qeyd olunur

Azərbaycanda Milli musiqi günü qeyd olunur

Bölmə: Mədəniyyət
Azərbaycanda Milli musiqi günü qeyd olunur
Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü kimi təntənə ilə qeyd olunur.

Mədəniyyət tariximizin bu əlamətdar günündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin məzarını ziyarət etdilər.

Mərasim iştirakçıları mədəniyyətimizin böyük himayədarı, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq, məzarları üzərinə tər çiçək dəstələri düzdülər.

Milli musiqi günündə həmçinin Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Bülbül kimi görkəmli sənətkarların məzarları ziyarət olundu.

“Peşəkar musiqi sənətimiz möhkəm bünövrə üzərində qurulub”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını Milli musiqi günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “Azərbaycan xalqının tarix boyu yaratdığı əsərlər, mədəni irs nümunələri bu gün bəşəriyyətin inciləri sırasına daxildir. Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş insanlardan biri də Üzeyir bəydir. Onun əsasını qoyduğu Azərbaycan peşəkar musiqi sənəti çox möhkəm bünövrə üzərində qurulub. Bu gün Azərbaycan dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin doğum günüdür”.

Nazir qeyd etdi ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ötən müddətdə böyük əks-səda doğuran festival bu il 9-cu dəfə keçiriləcək.
Vurğulandı ki, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 26-dək davam edəcək.
Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” parçası səsləndirildi.

Növbəti məkan Milli Konservatoriya

Tədbir daha sonra Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə davam etdi. Konsertdən öncə çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Milli musiqi gününün əhəmiyyətindən, Üzeyir bəyin həyat və yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən söz açdı.
Musiqi bayramı münasibətilə hər kəsi təbrik edən nazir Əbülfəs Qarayev Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini, bu tədbirin ölkəmizin dünyada tanınmasında rolunu diqqətə çatdırdı. Bildirdi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, gənc milli kadrların yetişməsinə də xüsusi önəm verib.
Onun milli musiqimizin inkişafında xidmətləri əvəzsizdir.
Sonra tədris ocağının Xalq çalğı alətləri orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertüra və “Qarabağ şikəstəsi” ifa olundu.

“Güllələnmiş heykəllər”i ziyarət

Mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri Qarabağın işğalından sonra Bakıda, bu məkanda qərar tutub. Abidələrin önünə tər güllər düzüldü, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən şəxsiyyətlərin xatirələri hörmətlə anıldı.

Musiqi festivalı çərçivəsində rəngarəng tədbirlər təşkil olunacaq

Mərasim daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi. Nazir Əbülfəs Qarayev əlamətdar gün barədə danışaraq bildirdi ki, hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum günü geniş şəkildə qeyd olunur. Bu il də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr, konsert salonlarında, muzeylərdə, musiqi məktəblərində müxtəlif tədbirlər təşkil ediləcək.
Nazir vurğuladı ki, bu gün Azərbaycan musiqiçiləri Avropada, dünyanın digər yerlərində çıxışlar edir, festivallarda və müsabiqələrdə uğur qazanırlar: “Dahi Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşına silinməz hərflərlə yazılıb və heç zaman unudulmayacaq. Ənənəvi olaraq Üzeyir bəyin doğum günü Milli musiqi günü kimi qeyd olunur. Bu münasibətlə hər il təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı bu il də geniş şəkildə keçiriləcək. Festivalda bir sıra xarici ölkələrdən tanınmış kollektivlər iştirak edəcək. Festival müddətində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyası və digər mədəniyyət ocaqlarında Üzeyir bəy və Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri həm yerli, həm də xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunacaq”.
Əbülfəs Qarayev qeyd etdi ki, sentyabrın 18-i Azərbaycan musiqisinin digər nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayevin də ad günüdür. Görkəmli bəstəkar Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsinə öz töhfəsini verib. Nazir ölkəmizdə mədəniyyət və incəsənət sahəsində çalışan insanların daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu dedi. Bildirildi ki, bu baxımdan 2018-ci ilin yanvarından bir sıra musiqi kollektivlərinə akademik status verilərək onların maaşlarının artırılması istiqamətində atılan addım da çox mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqi sənətinin yaradılması istiqamətində fəaliyyətindən danışdı. Bildirdi ki, Üzeyir bəyin yaradıcılığı bu gün də geniş şəkildə araşdırılır, tədqiq edilir: “Üzeyir bəyin yaradıcılığı, onun qoyduğu irs Azərbaycan xalqı üçün böyük bir xəzinədir. Bu irs nə qədər araşdırılsa da, öyrənilsə də, yenə azdır. Üzeyir bəyin yaradıcılığı daim ölkəmizdə yaşamalıdır, öyrənilmə və təbliğ olunmalıdır”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək Azərbaycan milli musiqisinin tarixindən danışdılar, əlamətdar gün münasibətilə öz təbriklərini çatdırdılar.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler