» » Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO

Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri davam edir.

ANS PRESS-in məlumatına görə, İyulun 10-da Kannda bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizlə bağlı növbəti təqdimat iyulun 10-da Festivallar sarayında Azərbaycana aid sərgilərin açılışı ilə baş tutub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks bildirib ki, artıq ikinci ildir ki, Azərbaycan Kannda uğurlu təqdimatlarla çıxış edir və bu da şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirilir. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin də bu tədbirlərə böyük maraq göstərdiklərini qeyd edib.
Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib.

- Xanımlar və cənablar, əziz dostlar.
Azərbaycanı Fransada nümayiş etdirən sərginin açılış mərasiminə xoş gəlmisiniz. İyirmi ildən çoxdur ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq və maraq əsasında qurulub.

Bu ilin may ayında Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bir daha bu əlaqələrimizin strateji xarakter daşıdığını təsdiqlədi. Mən bu kontekstdə təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Bu assosiasiyanın yaradılmasını alqışlayırıq və dəstəkləyirik. Assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplamış və assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırırlar. Mən burada assosiasiyanın sədri cənab Jan-Fransua Manseli salamlayıram və ona öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin assosiasiyanın ən fəal üzvlərindən olan və Azərbaycanın əziz dostu xanım Raşida Datini görməyimə çox şadam. Ümidvaram ki, Assosiasiyanın üzvlərinin sayı artacaqdır. Mən sizin işinizə uğurlar arzulayıram.

Eyni zamanda, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr ildən ilə möhkəmlənir. Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlıq qurub. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır.

Tarix boyu dilindən, dinindən asılı olmayaraq insanları, xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlib. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunmuş və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Bu yaxınlarda Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha çox və sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq burada keçirmək istərdik. Mən fürsətdən istifadə edərək bizə yardım göstərən və bütün tədbirlərimizdə bizə dəstək verən hər bir insana, eyni zamanda Kann şəhərinin keçmiş meri cənab Bernar Broşana və hazırki meri cənab David Lisnarda öz dərin minnətdarlığımı çatdırıram.

Əziz qonaqlar, sonda bir daha sizin ölkənizə olan öz hörmətimi və məhəbbətimi çatdırıram və hamınıza xoş axşam arzulayıram. İndi isə sizi sərgi ilə tanış olmağa dəvət edirəm.

x x x

Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monsel rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyəti barədə məlumat vermişdir. Bildirilib ki, Assosiasiyanın üzvlərinin sayı getdikcə artır və bu da Fransada Azərbaycana olan maraqdan irəli gəlir. O, bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra sərgi ilə tanışlıq olub.

Heydər Əliyev Fondu yarandığı gündən xaricdə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etmək məqsədilə müxtəlif layihələr reallaşdırır. Hər il minlərlə turistin ziyarət etdiyi Kannda bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılışı da bu istiqamətdə Fondun atdığı növbəti addımı olub.

Sərgidəki bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı bölmədəki əsərlərdə bu ölkə, onun regionları və paytaxtı Paris təsvir olunub. Burada fırça ustalarımız özlərinə məxsus bədii üslubda maraqlı sənət əsərlərini təqdim edirlər.

Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunur. Rəngbərəng ilmələrdən toxunan zərif, bənzərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan, sadəcə, gözəl əl işi kimi görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir.

Azərbaycan mədəniyyət günləri zamanı Kann şəhərinin sakinləri və çoxsaylı qonaqlar qədim misgərlik nümunələrimizlə də tanış olmaq imkanı əldə edirlər. Aparılan tədqiqatlar və həmin sənətin bu gün də sevilə-sevilə yaşadılması təsdiqləyir ki, Azərbaycanda qədim xalq sənət növlərindən biri olan misgərlik çox erkən dövrlərə təsadüf edir və ölkəmiz onun inkişaf edən mərkəzlərindən biri olub.

Arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri də sərgini izləyənlər tərəfindən maraqla qarşılanıb.

Burada təqdim edilən milli geyimlərimiz də azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir.

Sərginin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də auditoriya tərəfindən son dərəcə maraqla qarşılanıb. Qədim musiqi alətlərimiz xalqımızın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir.

Kannda Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olaraq ayrıca bölmə məhz Azərbaycan ədəbiyyatının ən dahi nümayəndələrindən birinə həsr olunub. Dünya mədəniyyəti xəzinəsinə daxil olan Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuş, əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Nizami Gəncəvinin əsərləri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yenidən nəşr olunub. Dünya ədəbiyyatının zənginləşməsinə dəyərli töhfələr verən mütəfəkkirin büstü də Romada Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Bundan əlavə, Kannda Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də sərgilənib.

İyulun 31-dək davam edəcək bu sərgilər 2013-2014-cü illərdə Fransanın regionlarında Azərbaycan tərəfindən təşkil olunan sərgilərin bir növ icmalı kimi dəyərləndirilir. Bu sərgi Azərbaycanın mədəniyyətini, tarixini, irsini tanıtmaq məqsədi daşıyır və bir daha təsdiqləyir ki, ölkəmizin beynəlxalq imicinin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən fəaliyyət proqramı artıq öz uğurlarını qazanıb.

Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olmuşdur.

Yenə də Azərbaycan mədəniyyəti Fransanın Kann şəhərini fəth etmişdir. Bu son dərəcə maraqlı konsert proqramı özlüyündə təsdiq etdi ki, bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da ilk növbədə Azərbaycan dövlətinin mədəni irsimizə olan münasibətinin nəticəsidir. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol da əvəzolunmazdır.

Bu konsert Azərbaycanın zəngin musiqi xəzinəsinə malik olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan mədəniyyət günlərinin Fransanın Kann şəhərində keçirilməsi bu ölkənin ictimai dairələrində Azərbaycan haqqında informasiya bolluğu yaratmaq baxımından da misilsiz rol oynadı. Bu missiyanı isə öz möhtəşəm layihələri ilə Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayan Heydər Əliyev Fondu uğurla həyata keçirir.

Konsertdən təəssüratlar kifayət qədər zəngin olub və Kann tamaşaçısında Azərbaycan musiqisi haqqında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrilib. Bu xatirənin təməlində isə Azərbaycanın zəngin mədəniyyəti dayanıb.
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO
Fransada Azərbaycan mədəniyyəti günləri -FOTO

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler