» » Naxçıvanda “Plov” və “Yallı” festivalı

Naxçıvanda “Plov” və “Yallı” festivalı

Bölmə: Mədəniyyət, MARAQLI, GÜNDƏM
Naxçıvanda “Plov” və “Yallı” festivalı
Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Plov” və “Yallı” festivalları keçirilib. “Plov” festivalında 50 həvəskar qadın, 20 iaşə obyekti, “Yallı” festivalında isə muxtar respublikanın 14 yallı kollektivi iştirak edib.
Naxçıvanda “Plov” və “Yallı” festivalı





Festivalların açılış mərasimində aparıcılar qeyd ediblər ki, qədim oğuz yurdu Naxçıvanın bugünkü sosial-iqtisadi, elmi-mədəni inkişafı burada keçirilən beynəlxalq elmi simpozium və konfranslarla, eləcə də beynəlxalq və yerli əhəmiyyətli mədəni tədbirlərlə müşayiət olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamından sonra xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən, adət-ənənələrimizin təbliğinə yönəlmiş tədbirlərin əhatəsi daha da genişlənib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu gün keçirilən “Plov” və “Yallı” festivalları da muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, bölgələrimizə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanması qaydalarının nümayişi, xalqımızın ən qədim folklor nümunələrindən olan, birlik və mübarizlik rəmzi sayılan yallılarımızın təbliği baxımından olduqca əhəmiyyətli tədbirdir.
Naxçıvanda “Plov” və “Yallı” festivalı






Qeyd edilib ki, plov Şərq xalqlarının süfrə mədəniyyətinə aid olan yeməkdir. Mənbələrin məlumatlarına görə, ölkəmizdə plovun 200-dən çox növü var. Bu gün festivalda nümayiş olunan müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanıb. Milli mətbəximizin incisi plov sayıldığı kimi, xalqımızın zəngin folklorunu yaşadan da yallılarımız hesab olunur. Yaşı min illərlə ölçülən yallı haqqında təsvirlərə və məlumatlara Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanlarında və ədəbiyyatımızda Nizaminin “Xosrov və Şirin” poemasında rast gəlinir.
Naxçıvanda “Plov” və “Yallı” festivalı






Süfrələrimizin bəzəyi olan plov barədə danışan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə qeyd edib ki, xalq yaradıcılığının ən qədim sahələrindən olan mətbəx mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ edilməsi, tanıdılması sahələrində də muxtar respublikamızda əhəmiyyətli işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2009-cu il tarixli Sərəncamı ilə yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ölkəmizdə bu sahənin təbliği məqsədi ilə fəaliyyət göstərən ilk mərkəzlərdən biridir.
Naxçıvanda “Plov” və “Yallı” festivalı






“Naxçıvan diyarının mətbəx mədəniyyətində bu bölgəyə xas olan yeməklər nənə və babalarımızın yaradıcılıq dünyasının geniş olduğunu göstərir”, – deyən Türkay Səfərzadə vurğulayıb ki, qədim diyarımızın mətbəx mədəniyyətində rəngarənglik, müxtəlif əşyaların işlənməsi, qida məhsullarının çoxluğu min illər boyu formalaşmış zəngin irsin böyük inkişaf yolu keçdiyini, qorunaraq, yad təsirlərə müqavimət göstərərək bu günə gəlib çatdığını göstərir. Qədim diyarımızda bu ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa ehtiram duyğularının da əlavə olunması həm də insanlarımızın mənəvi zənginliyini göstərir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə 2012-ci ildə nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan “Naxçıvan mətbəxi” kitabı diyarımızın mətbəx mədəniyyətinin qədim və zənginliyini öyrənmək və təbliğ etmək baxımından nadir mənbədir.
Naxçıvanda “Plov” və “Yallı” festivalı





Yallılarımızla əlaqədar “Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda 40-dan çox yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq səslərini, nərə səslərini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır.

Kimya Babayeva deyib ki, “Şərur” Xalq Yallı Ansamblı 1929-cu ildə yaradılıb, 1936-cı ildə səhnəyə qədəm qoyub. Bu günə qədər ansambl ölkədə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak edərək mükafatlar qazanıb. 2005-ci ildə Şərur yallı ansamblına xalq yallı ansamblı statusu verilib. Ansamblın üzvlərindən 4 nəfər “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına, 10 nəfər Prezident mükafatına, 2 nəfər isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Bütün bunlar kollektivin əməyinə verilən yüksək qiymətdən, göstərilən diqqət və qayğıdan xəbər verir. Bu gün Şərur rayonunda yallı ifaçılarının üç nəsli bu qədim rəqs növünü yaşadır. Şərur yeganə rayondur ki, burada həm gənc, həm ortayaşlı, həm də yaşlı nəslin nümayəndələrindən ibarət yallı ansamblları fəaliyyət göstərir. Bu da onu deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır.

“Yallı” festivalında muxtar respublikada fəaliyyət göstərən yallı kollektivlərinin çıxışları olub. “Şərur” Xalq Yallı Ansamblının, Şərur Rayon Mədəniyyət Evinin “Şərur qönçələri” yallı ansamblının, Babək Rayon Mədəniyyət Evinin “El yallıları”, Ordubad Rayon Mədəniyyət Evinin “Nuray”, Kəngərli Rayon Mədəniyyət Evinin yallı qruplarının və digərlərinin çıxışları alqışlarla qarşılanıb.
Naxçıvanda “Plov” və “Yallı” festivalı






“Plov” festivalında həvəskar qadınların və iaşə obyektlərinin hazırladığı plov çeşidlərinin, eləcə də düyüdən hazırlanan digər yemək növlərinin sərgi-satışı təşkil edilib. “Plov” festivalı çərçivəsində “Ən yaxşı plov” nominasiyası üzrə müsabiqə təşkil edilib, münsiflər heyəti tərəfindən peşəkar və həvəskar şəxslər olmaqla, 2 nəfər I yerə, 4 nəfər II yerə, 6 nəfər III yerə layiq görülüb.
Sonra isə “Ən yaxşı plov” nominasiyası üzrə qaliblərə diplom və “Naxçıvan mətbəxi” kitabı, məişət avadanlığı verilib.
Naxçıvanda “Plov” və “Yallı” festivalı






“Yallı” festivalı çərçivəsində tədbirdə iştirak edən yallı kollektivlərinə isə fəxri fərmanlar təqdim edilib.
Festivallara muxtar respublika sakinləri ilə yanaşı, Naxçıvanın qonaqları da böyük maraq göstəriblər.

Şəfa Tapdıqova
Xalqİnfo.az

Naxçıvanda “Plov” və “Yallı” festivalı
Naxçıvanda “Plov” və “Yallı” festivalı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler