» » İNSAN RUHUNUN BÖYÜK TƏRƏNNÜMÇÜSÜ

İNSAN RUHUNUN BÖYÜK TƏRƏNNÜMÇÜSÜ

Bölmə: Mədəniyyət
İNSAN RUHUNUN BÖYÜK TƏRƏNNÜMÇÜSÜ
Üzeyir bəy haqqında düşüncələr

Üzeyir bəy haqqında çox yazılıb. Hətta 1981-ci ildə yaxşı film də çəkilib və mərhum aktyor Hüseynağa Atakişiyev böyük bəstəkarın çox uğurlu və parlaq obrazını da yaradıb. Lakin Üzeyir bəy musiqisi, onun gücü və əvəzedilməzliyi haqqında demək olar ki, hələ heç nə yazılmayıb. Ona görə ki, musiqişünaslar bu musiqi dünyasının içinə daxil ola bilməyiblər. Halbuki, Üzeyir bəy musiqisinin bütün gözəlliyi məhz bu cəhətində, onun insan ruhunun ən dərin qatlarını əks etdirməsindədir. Bu xüsusiyyət Üzeyir bəy üçün, onun istedadı üçün heç də qeyri-adi, çətin başa gələn bir xüsusiyyət deyil, onun yaradıcılığının qızıl xətti, onun stixiyası idi. Bu vergi, bu dahilik onun üçün, onun üslubu üçün o qədər adi idi ki, hətta 22 yaşında yaratdığı “Leyli və Məcnun” operasında belə, aparıcı cəhətdir. Obrazların əhval-ruhiyyəsini, yənin onların ruhi vəziyyətini cəmi bir neçə notla Üzeyir bəy necə qüdrətlə əks etdirirdi. İki misal:
Məcnunun elçiləri Leyligilə gəlirlər. Gənc Qeysin bu fatal məhəbbətinin onun həyatı üçün necə həlledici olduğunu bilən elçilər böyük musiqinin diliylə xahiş etmir, sanki yalvarırlar. Lakin Leylinin atasının:

Lütfün bilirəm, mənə şərəfdir,
Lakin xələfin əcəb xələfdir.
“Məcnun” – deyə tən edir xəlayiq,
Məcnuna mənim qızım nə layiq


- deyib elçilərə rədd cavabı verir.

Gələnləri bu cür hədsiz məyus yola salandan sonra orkestr cəmi iki dəqiqəlik musiqi çalır. Lakin necə musiqi! Bu iki dəqiqəlik hədsiz dərəcədə lirik, minor, qüssəli melodiyada nə qədər dərin çarəsizlik ifadə olunur. Dahilik möhürü vurulan bu zərif, qızıl zəncirlərdə Məcnunun böyük ürəyindən qopan fəryad nidaları insanı sarsıdır. Bu kiçik melodiyalar heç bir şeir və ya nəsrlə ifadə edilə bilməyən ruhi sarsıntılardır.

İkinci nümunə səhraya düşmüş Məcnunun yanına gələn atasının məşhur ariyasıdır. Mən bu ariya haqqında ayrıca yazı da yazmışam. Amma “Çahargah” ladında yazılan bu şedevr haqqında dönə-dönə yazmağa dəyər.

Yeganə oğlunun düçar olduğu bəlanın səbəbini bilməyən ata xələfinin acınacaqlı halından sarsılır. Oğlunu itirmək qorxusu ariyanın əsas ideyasını təşkil edir. Üzeyir bəy bu ruhi vəziyyəti təsvir etmək üçün ehtiras və sarsıntılar muğamı olan “Çahargah”ı seçib. Bu seçimin özü də bir dahilikdir. Çünki “Çahargah”da kədər Segahda olduğu kimi inilti və sızıltı deyil, hər cür melodramadan uzaq olan böyük bir fəryaddır. Üzeyir bəy əvvəlcə bütün ariyanı orkestrin ifasında səsləndirib sanki dinləyici üçün əsas hazırlayır.

Mən dünya musiqisinə, onun demək olar ki, bütün böyük nümunələrinə az-çox bələdəm. Amma onların heç birində ruhi aləmin belə bir güclü, emosional təsvirinə rast gəlməmişəm.

Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler