Muğamsız dünyada, Muğamlı Azərbaycan- MüsahibəAzərbaycanın görkəmli Muğam ifaçısı, Xalq artisti,professor, Mənsum İbrahimov "Xalqinfo"-ya müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik. Muğamda sağlam rəqabət olmasa, inkişaf da olmaz... "Xalqinfo "olaraq milli muğamımızın təbliğini vacib bilərək, muğam ifaçıları ilə mütəmadi görüşlər təşkil edirik. Milli Mədəniyyətimizin tərkib hissəsi olan Azərbaycan muğamlarına dünyada maraq olduqca böyükdür. Təəssüflər olsun ki, muğamımız bir zamanlar ağır itki ilə üz - üzə dururdu. 2005-ci ildə muğamda dirçəliş dövrü başladı. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük dəstək və təşəbüsü ilə muğam müsabiqəsi təşkil edildi. Milli muğamımızın əvvəlki qüdrəti özünə qaytarıldı. İstəkli izləyicilər! Qarabağın muğam beşiyindən çıxmış, istedadlı muğam ifaçısı, xalq artisti, Milli Konservatoriyanın professoru, ustad xanəndə Mənsum İbrahimovla həmsöhbət olduq. Mənsum müəllim necəsiniz? Yaxşıyam, diqqətinizə görə minnətdaram. Mənsum müəllim, Azərbaycan muğamına həm Azərbaycanda,həm də dünyada münasibət necədir? Bilirsiniz ki, 2005-ci ildə Heydər Əliyev fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü ilə muğam müsabiqəsi təşkil edildi. Bu müsabiqə həm Azərbaycanda, həm də dünyada müğama olan münasibəti köklü dərəcədə artırdı. O dövrdən bu günə qədər 4 Televiziya muğam müsabiqəsi, 3 Beynəlxalq muğam müsabiqəsi keçirilib. Bütün bunlar muğamımızın inkişafına təkan verən əsas amillərdən biridir. Gənclərin Muğamımıza marağı sizi qane edirmi? 2005-ci ildən bu günə qədər müsabiqələrdə iştirak edən 70 dən çox gənc bu sənətdə püxtələşən tam-sərbəst muğam ifaçılarıdır. Onu da deyim ki, bu müsabiqəyə qədər az sayda gənclər olardı ki, muğama həvəs göstərsinlər. Ancaq müsabiqədən sonra öz istedadlarını nümayiş etdirmək istəyən gənclərin sayı xeyli artdı. Artıq hiss etdilər ki, onlar üçün burada dövlət tərəfindən qayğı və şərait var. Biz müsabiqədən bir neçə ay öncə Azərbacanın hər bir bölgəsinə gedir və oradan 8 yaşdan başlayaraq səsi olan istedadlı gənclərimizi Bakıya dəvət edirik. Sonra onların üzərində müssiv olaraq işləyib xalqımıza təqdim edirik. Bu gün həmin gənclər opera teatrında və Azərbaycan televiziyasında salist kimi çalışırlar.Həmçinin, muğamla bağlı olan təhsil müəssisələrində müəllim kimi çalışanlar da var. Nümunə üçün Təyyar Bayramov Əməkdar artistdir, müəllim kimi də fəaliyyət göstərir. Buradan məlumdur ki, muğam sənəti intibah dövrünü yaşayır. İndi Azərbaycan muğamı mədəniyyət günləri çərçivəsində nəyin ki, Azərbaycanda həmçinin, Avropa və Asiya ölkələrində, dünyanın hər bir yerində yüksək ifaçılıq məharəti ilə təbliğ edilir. Bu inkişaf hörmətli Mehriban xanımın muğama verdiyi isti nəfəsin bəhrəsidir. Dövlət qayğısının nəticəsidir ki, mənim yetirmələrimin arasında lauriyyat alanları da var, Təyyar Bayramov Beynəlxalq muğam müsabiqəsində qran-pir mükafatı almışdır. Arzu Əliyeva, Aytən Məhərrəmli, Pərvaz İbrahimli, Elməddin İbrahimov, Mirpaşa Şükürov sonuncu muğam müsabiqəsinin qran-pir mükafatçılarıdır. Onlarla yetirmələrim var ki, mənimlə çiyin-çiyinə çalışırlar. Müəllim üçün yetirmələrinin uğurlarından gözəl nə ola bilər. Muğamımıza dövlət dəstəyinin nəticəsidir ki, tam şəraitli yeni Konsevatoriya binasının açılışı oldu. İnşallah , bu yaxınlarda təzə binada fəaliyyətimizi davam etdirəcəyik. Bu bizi ruhlandırır, muğamımızın gələcək inkişafını sürətləndirir. Milli Konservatoriya 10 ildir ki, yaranmasına baxmayaraq istər yerli,isərsə də xarici muğam müsabiqələrində xeyli uğurlara imza atıb. Bura sözün əsl mənasında ocaqdır. Bizlər də çalşmalıyıq ki, muğam ifaçıları yetişdirib xalqımıza təqdim edək. Muğam ciddi janrdır və biz gənc ifaçıları ifa edərkən oturuşdan tutmuş, səhnədə davranış mədəniyyətinə qədər öyrədirik. Mənsum müəlllim, olubmu ki, bir ustad kimi yetirmələrinizdən hardasa narazı qalmısınız? Yetirmələrimdən hansısa biri tənbəllik edəndə, öz üzərində az işləyəndə, səhnədə hansısa çatışmazlıq edəndə belə hallar olur. Şükürlər olsun ki, böyük əksəriyyəti baş ucalığı gətirir. Onlardan tələbim odur ki, muğamımızın dərinliklərinə baş vursunlar və muğamımızı peşəkarcasına dünyada təqdim etsinlər.Onlardan istəyim odur ki, yaxşı ifa, təlim-tərbiyəli olsunlar. Bir pedoqoq kimi onların hər birinin psixoloji durumu və problemləri ilə maraqlanıram, çətinlikdən çıxmaqda onlara mənəvi dəstək oluram. Musiqinin bir çox növündə rəqabət var, muğam ifaçılarının da arasında rəqabət varmı? Ümumiyyətlə, rəqabətsiz sənət heç vaxt inkişaf etməz, rəqabətsiz həyat yoxdur. İnsan varsa orada rəqabət də var. Xüsusən də, gənc muğam ifaçıları arasında sağlam rəqabət gedir. Hər kəs istəyir ki, daha yaxşı oxusun, birinci olsun. Kim daha çox əzimkardırsa, zəhmətkeşdirsə, o daha çox irəli gedir. Bir də görürsən zəif saydığın ifaçı yaxşı ümid bəslədiyin ifaçıdan qabağa getdi. Kim daha çox zəhmət çəkirsə o da qabağa gedir və uğur qazanır. Sağlam rəqabət həm ustadlar, həm də gənc ifaçılar arasında gedir. Kim daha çox çalışır o, öndə olur. İfaçılar hər zaman bizimlə ələqəli çalışırlar, bilmədiklərini soruşub öyrənirlər. Bir ustad kimi, onlara ailə həyatı qurmaqlarında dəstək oluram, uyğun işlər tapmaqda yardımçı oluram. Onlara hərtərəfli köməkliyimi edirəm ki, inkişaf etsinlər, xalqımıza layiqli muğam ifaçıları olsunlar. Tələbələrə doğma övladım kimi yanaşıram, talelərinə biganə qalmıram, istəyirəm ki, onların hər biri xoşbəxt olsun! Onlara tövsiyyəm odur ki, tənbəllikdən uzaq olsunlar, yollarından azmasınlar, pis vərdişlərdən kənar olsunlar! Sonuncu sual, Qarabağımız alınsa doğulduğunuz Ağdamda arzunuz nə olar? Uşaqlığım Ağdamla bağlıdır, o Ağdam ki, muğam ocağıdır. İstəyərəm ki, Ağdamda Muğam Mərkəzi yaradılsın, İnşallah bu istəyimizə çatacağıq! Oradan yenidən istedadlılar seçək, öyrədək, muğamımızı yaşadaq. Birdə ki, Ağdamda qələbə sevincimi Qarabağ Şikəstəsi ilə ifadə edəcəm. Arzular çoxdur. P.S. Biz də sizin arzulara qoşulur, sizə və yetirmələrinizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Zamin Zeynal |
|