» » Azərbaycan vətəndaşını İranda kim oğurlayıb?

Azərbaycan vətəndaşını İranda kim oğurlayıb?

Bölmə: MANŞET
Azərbaycan vətəndaşını İranda kim oğurlayıb?




“Azərbaycan XİN yanvarın 27-də Tehrandakı səfirliyimizdə baş verən məlum terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarına İranı ziyarət etməməsi ilə bağlı xəbərdarlıq edib. Nazirlik bildirib ki, İran Azərbaycan vətəndaşları üçün riskli ölkədir. İkinci tərəfdən, Konstitusiyaya görə, Azərbaycan dövləti dünyanın istənilən ölkəsində vətəndaşının hüququnu müdafiə etməlidir. Hətta vətəndaş başqa dövlətin vətəndaşlığını hansısa formada qəbul etsə belə”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib.

O, Azərbaycan vətəndaşı Fərid Səfərlinin fevralın 20-də İrana səfər etdikdən sonra martın 4-dən etibarən itkin düşməsi, habelə Azərbaycan XİN-in İrana bununla bağlı nota göndərməsi məsələsinə münasibət bildirib:

“Azərbaycanın müxtəlif vətəndaşları və ziyalıları bir neçə dəfə İranda saxlanılıb. Fizik alim Rəşid Əliyev, şair Fərid Hüseyn və Şəhriyar del Gerani, tarix üzrə fəlsəfə doktoru Eliza İsmayılova və s.. Yəni Tehran hakimiyyəti Azərbaycan vətəndaşlarına qarşı əvvəllər də bu kimi addımlar atıb".

S.Soltan hesab edir ki, itkin düşən Fərid Səfərlinin başına gətirilən bu hadisə isə ilk belə bir hal deyil:

“Bütövlükdə, İran hakimiyyəti əcnəbi vətəndaşlar üçün ölkəni təhlükəli bir dövlətə çevirib. Məsələn, sonuncu etiraz aksiyalarda 14 ölkənin 40-dan çox vətəndaşı həbs edilmişdi. Həbs edilən xarici ölkə vətəndaşlarının hamısı da casusluqda ittiham olunur.

Dünyanın bir çox ölkələrində etiraz aksiyaları keçirilir. “Məsələn, Fransada da bu gün bu aksiyalar davam edir. İndi Azərbaycan, yaxud İran vətəndaşı Fransadakı etiraz aksiyasında şəkil çəkdirmək istəsə, yaxud hansısa formada iştirak etsə, onu casus sayacaqlar? Təbii ki yox. Turistdir, gəlib, hadisəni görüb və şəkil çəkdirib”.

Politoloq iddia edib ki, İran hakimiyyəti xofludur və bütün məsələlərdə hər şeydən şübhələnir, ona görə də hamıya eyni şəkildə müvafiq maddələrlə ittiham irəli sürür:

“Fərid Səfərlinin ailəsinin və özünün yayılmış tərcümeyi-halına görə, onun siyasi-sosial və s. sahələrlə bağlı heç bir fəaliyyəti yoxdur. Almaniyada təhsil alır və sevdiyi qız güneylidir deyə, İrana gəzməyə gedib. Bu, bir azərbaycanlı gəncin başına gələn faciədir”.

Analitikin fikrincə, İran bu tip addımlarla bir daha sübut edir ki, Tehran rejimi terrorçudur:

“Çünki girov götürmək terrorçuya xas xüsusiyyətdir. Onlar qanunsuz əməllərlə məşğul olur və bu da cinayətkarlığa xas olan bir xüsusiyyətdir. Tehran hakimiyyəti İranda xarici ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin edə bilmir. Bu baxımdan, İran riskli ölkədir.

Eləcə də İran bütün formalarda beynəlxalq hüququn normalarını pozur. Çünki ölkə sərhədlərindən keçən istənilən xarici ölkə vətəndaşının hüququ onu ərazisinə qəbul edən ölkə tərəfindən qorunulmalıdır. Əgər bir ölkə bunu qorumağı bacarmırsa, deməli, bu ölkə etibarsız ölkədir. Amma insanlar bəzən məsləhətlərə qulaq asmır və bu tip hadisələr yol açırlar. Amma bu, o demək deyil ki, onların hüquqları müdafiə olunmamalıdır. Onların hüquqları hər bir halda müdafiə edilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler