» » Ərdoğanın məğlubedilməzlik sirri

Ərdoğanın məğlubedilməzlik sirri

Bölmə: MANŞET
 Ərdoğanın məğlubedilməzlik sirri
Kecikmə əndişəsiylə tələsən “dərin” kamalist çevrələr olum-qalım savaşı üçün artıq “düyməyı basıblar”; Ancaq Ərdoğanın yenilməzliyini təmin edən “2023-cü il faktoru”na çarə tapılmadan uğur qazanmaq o qədər də asan olmayacaq; CHP-MHP ziddiyyətlərinin vahid namizədə çevirdiyi Ekmeleddin İhsanoğlunu xarizmatik və amansız siyasi rəqib qarşısında ağır sınaq gözləyir; Ərdoğanın və yaxın ətrafının “qara dosye” problemi AKP liderinə siyasi sürprizlər vəd edir

Türkiyə artıq taleyüklü siyasi mərhələyə qədəm qoyub. Belə ki, bu qardaş ölkə avqustda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Və bu seçkilər bir neçə faktor üzrə Türkiyənin bütün gələcək taleyini dəyişə bilər.

Birinci önəmli faktor odur ki, Türkiyənin siyasi idarəçilik sistemində ciddi dəyişiklik hədəflənib. Belə ki, Türkiyə prezidenti bu ölkənin tarixində ilk dəfə olaraq, ümumxalq səsverməsi vasitəsilə seçiləcək. Buna qədər isə Türkiyə prezidenti parlamentdə millət vəkillərinin səsverməsi hesabına seçilirdi. Və parlamentdə seçilmiş Türkiyə prezidentinin vəzifə səlahiyyətləri olduqca məhdud xarakter daşıyırdı.

Deməli, bu fərqli prezident seçkilərindən sonra Türkiyənin siyasi sistemində bir çox şey əvvəlki kimi olmayacaq. Çünki Türkiyə Anayasası artıq dəyişdirilib. Xalqın avqustda seçəcəyi yeni prezidentin vəzifə səlahiyyətləri artırılıb. Türkiyə parlamentli respublika quruluşundan prezident üsul-idarəsinə keçirilib.

Təbii ki, digər önəmli faktor quruluşundan üzübəri parlamentli respublika olan Türkiyədə cəmiyyətin yeni prezident üsul-idarəsinə hansı səviyyədə hazır olmasıyla bağlıdır. Bu məsələyə yanaşma olduqca ziddiyyətlidir. Çünki hakim AKP-nin orbitində olan siyasi çevrələr ölkəni buna tam hazır hesab edirlər. Siyasi-ideoloji baxışlarından asılı olmayaraq, AKP hakimiyyətinə müxalif olan bütün siyasi qüvvələrsə, prezident üsul-idarəsinin tətbiqini ölkənin şüurlu şəkildə diktaturaya doğru sürüklənməsi kimi dəyərləndirirlər.


“Dərin” kamalist çevrələrin əsas hədəfi...

Məsələnin ən önəmli məqamı da burada ortaya çıxır. Türkiyənin siyasi dinamiklərini daim nəzarətdə saxlamağa çalışan dərin kamalist çevrələr, AKP hakimiyyətinin ölkəni məruz qoyduğu əksər siyasi-iqtisadi islahatları fəlakət ssenarisi hesab edirlər. Adətən ölkədəki siyasi proseslərə birbaşa müdaxilə etmədən, aktiv tolerant müşahidəçi rolunda qalan dərin kamalist çevrələr Türkiyə üçün artıq ciddi təhlükənin yarandığına əmindirlər. Ona görə də, kamalist çevrələr qəti hərəkətə keçərək, həlledici addımların atılmasının vaxtı olduğunu sezdirirlər.

Artıq uzun müddətdən bəri AKP hökumətiylə kəskin ziddiyyət içərisində olan dərin kamalist çevrələrin əsas hədəfi Ərdoğan hakimiyyətinin mümkün qədər tez bir zamanda dəyişdirilməsidir. Hətta həmin çevrələrdə müəyyən gecikmə əndişəsinin olduğu da sezilir.



Belə ki, uzun müddət gözləmə mövqeyi tutan dərin kamalist çevrələr yalnız sonuncu bələdiyyə seçkilərində “düyməyə basdılar” və Ərdoğan hakimiyyətinin dəyişdirilməsi istiqamətində hərəkətə keçdilər. Türkiyə siyasi sistemində hakimiyyət piramidasına yüksəlişin əsas uğur faktoru hesab olunan İstanbulun nəzarətə alınmasına cəhd göstərildi. Bu məqsədlə ana müxalifət partiyası olan CHP üzərindən plan quruldu. Dəniz Baykaldan sonra xarizmatik, çevik və kütləni ələ almaq qabiliyyəti olan siyasi lider “sancısı çəkən” CHP üçün İstanbulda Mustafa Sarıgülün namizədliyi önə çıxarıldı. Ancaq Mustafa Sarıgül İstanbulda CHP-nin səslərini ciddi şəkildə artıra bilsə də, AKP-çi namizədə minimal səs fərqiylə uduzmaqdan xilas ola bilmədi.

Ümumilikdəsə, sonuncu bələdiyyə seçkiləri dərin kamalist çevrələrin “stavka” edə biləcəyi siyasi qüvvələrin imkanlarını tam şəkildə ortaya çıxartdı. Belə ki, kamalist platformada olan və ciddi siyasi lider problemi yaşayan hər iki partiya CHP (28 faiz) və MHP (15,2 faiz) birlikdə ölkə üzrə səslərin 43,2 faizini topladı. Hakim AKP isə 45,5 faiz səslə Türkiyə üzrə yenə qalib oldu.

Göründüyü kimi, müəyyən irəliləyiş olsa da, dərin kamalist çevrələrin Ərdoğan hakimiyyətini aşağıya çəkmək planı baş tutmamış qaldı. Və dərin kamalist çevrələr Ərdoğan hakimiyyətini əllərindən buraxdılar.



Kim qalib gəlsə, Türkiyənin gələcək taleyini dəyişəcək

Deməli, bu dəfə daha praqmatik və həlledici qərarlar qəbul etmək zərurəti yaranıb. Əslində, bu vəziyyətdən ən optimal çıxış yolu da tapılıb. Yəni bu dəfə kamalist platformalı partiyalar ayrılıqda deyil, məhz ortaq hərəkət etmək məcburiyyətindədirlər.

Maraqlıdır ki, ciddi ideologiya fərqlərinə baxmayaraq, eyni platformada istinad tapan CHP və MHP arasındakı kəskin ənənəvi ziddiyyətlər bu partiyaların Ərdoğan hakimiyyətinə qarşı ortaq mübarizəsini əngəlləyir. Ancaq bu dəfə dərin kamalist çevrələrin qəti direktivləri onları prezident seçkilərinə “çatı aday”la, yəni vahid namizədlə qatılmaq məcburiyyətində qoyub. Və həmin namizəd artıq tapılıb.

Məsələ ondadır ki, CHP və MHP vahid namizəd kimi, vaxtilə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmeleddin İhsanoğlunun üzərində dayanıblar. Son məlumatlara görə, Ekmeleddin İhsanoğlu da kamalistlərin vahid namizədi statusunda Türkiyə prezidenti postuna can atan baş naziri Rəcəb Tayyib Ərdoğanın qarşısına çıxmağa razılaşıb.

Təbii ki, bu mübarizə variantı dəyişməzsə, prezident post uğrunda maraqlı siyasi savaşın olacağı şübhə doğurmur. Çünki hər iki tərəfin cox ciddi siyasi problemləri mövcuddur. Və bu savaşda qələbənin həm hər iki tərəf, həm də ümumilikdə Türkiyə üçün taleyüklü xarakter daşıması vəziyyəti daha da gərginləşdirir.



Ekmeleddin İhsanoğlu – ziddiyyətlərin doğurduğu namizəd...

İndi əsas müzakirə mövzusu kamalistlərin doğru vahid namizədi müəyyən edib-etməməsi və CXP-MHP ortaqlığının qələbə şanslarının hansı səviyyədə olmasıyla bağlıdır. İşin ən maraqlı tərəfi odur ki, Ekmeleddin İhsanoğlunun prezidentliyə namizədliyi qələbə şanslarını yuxarı çəkmək əvəzinə daha da azaltmış kimi görünür.

Birincisi, Türkiyə kimi ölkələrdə böyük önəm daşıyan “xarizmatik siyasətçi” keyfiyyəti üzrə Ekmeleddin İhsanoğlu öz siyasi rəqibi R.T.Ərdoğana açıq-ara uduzur. Bunun üzərinə natiqlik və xalq kütlələrinə xitab qabiliyyətləri, inadkarlıq (bu, etik variantdır), çevik qərar qəbul etmək bacarığı, siyasi təcrübə və s. kimi siyasi faktorları da əlavə etdikdə, R.T.Ərdoğan elə indidən Türkiyənin xalq tərəfindən seçiləcək ilk prezidenti kimi durur.

Digər tərəfdən, Ekmeleddin İhsanoğlu Türkiyənin siyasət məkanı üçün o qədər də yaxşı tanış olan sima deyil. Onun Türkiyədə baş verənlərə, eləcə də ölkənin inkişafına, gələcək perspektivlərinə yönəlik baxışları naməlumdur. Və onun xalq kütlələri qarşısında öz düşüncələrini səsvermənin nəticələrinə təsir göstərə biləcək səviyyədə təqdim edə bilib-bilməyəcəyi barədə hələlik dəqiq təsəvvürlər yoxdur.

Daha bir önəmli məqam Ekmeleddin İhsanoğlunun CHP və MHP platformasına birbaşa bağlılığının olmamasıdır. Bu isə kamalist dünyagörüşlü seçicilərin müəyyən qisminin səsverməyə marağını azalda bilər. Və onun namizədliyi üzərində durulmasının yeganə səbəbi CHP və MHP-nin arasındakı ziddiyyətlərin bu partiyalardan kiminsə önə çıxarılmasını mümkünsüz etməsindən qaynaqlanır.

Halbuki bu iki partiya öz siyasi düşərgələrinə aid olan daha perspektivli bir siyasətçini namizəd edə bilsəydilər, Ərdoğana qarşı müqavimət gücünü nisbətən artırardılar. Və bu, təbliğat kampaniyası dönəmində daha effektiv təsirə malik olardı.


Ərdoğanın və yaxın ətrafının “qara dosye” problemi...

Ancaq CHP və MHP-nin özlərinin də müəyyən siyasi təbliğat problemləri mövcuddur. Belə ki, sonuncu bələdiyyə seçkiləri ərəfəsində Gülən camaatı ilə işbirliyi görüntüsü verən davranışlar bu iki partiyanın elektoratına istər-istəməz mənfi təsir göstərir. Çünki Gülən camaatını Türkiyə üçün təhlükə hesab edən kamalist seçicilərin müəyyən qismi Ərdoğana səs verə bilər.

Hər halda, Ərdoğan hazırda özünü Gülən camaatına qarşı mübarizə aparan yeganə siyasi mərkəz kimi təqdim etməyi bacarıb. Və bu, Ərdoğanın səslərini hissolunacaq səviyyədə artıra bilər.

Üstəlik, E.İhsanoğlunun vaxtilə Misirdə insanları küçələrdə kütləvi şəkildə qətlə yetirən Sissi xuntasının davranışlarına haqq qazandıran açıqlamaları Ərdoğana müxalifətin namizədinə qarşı əks-təbliğat materialı verir. Ərdoğanın bundan yararlanmayacağını düşünmək sadəlövhlük olardı.

Təbii ki, R.T.Ərdoğanın da seçkilər ərəfəsində müəyyən siyasi problemləri mövcuddur. Xüsusilə də, onun Gülən camaatı kimi önəmli səhnəarxası müttəfiqdən məhrum olması və hətta bu qüvvə ilə kəskin şəkildə tərs düşməsi AKP liderinin siyasi məkandakı mövqelərinə ciddi zərbə sayılır.



Hətta sonuncu bələdiyyə seçkilərindən sonra Ərdoğan özünün “balkon mesajları”nda bu qüvvəni qısa zamanda zərərsizləşdirəcəyini də bəyanlamışdı. Ancaq prezident seçkilərinə qalan vaxtın azlığı bu məsələdə onu seytnot vəziyyətinə saldı. Və bu istiqamətdə müəyyən addımlar atsa da, nəticə olaraq, öz hədəfinə çata bilmədi. Bununla belə, prezident seçkilərində qalib gələrsə, Ərdoğanın əsas hədəfinin bu məsələnin birdəfəlik həlli olacağı qətiyyən şübhə doğurmur.

Digər önəmli problem isə Türkiyənin baş nazirinin və yaxın ətrafına aid şəxslərin adlarının ötən il 17 dekabrda reallaşdırılmış rüşvət və korrupsiya əməliyyatına qarışmasıdır. Yəqin ki, bu məsələdən seçki təbliğatında Ərdoğana qarşı istifadə ediləcək. Halbuki bələdiyyə seçkilərində Ərdoğan bu “qara dosye”nin ağırlığına tab gətirə və əleyhinə olan bu prosesi hətta öz xeyrinə çevrə bilmişdi.

Ancaq bütün bunlara baxmayaraq, R.T.Ərdoğanın bu taleyüklü seçkilərdən qalib ayrılma ehtimalı olduqca yüksəkdir. Onun ölkədaxili mövqelərinə xarici dəstəyi də əlavə etdikdə bu, tamamilə inandırıcı görünür. Belə ki, onun regionda perspektiv maraqları olan dünya güclərinin bütün islam coğrafiyasını əhatə edən siyasi layihəsində önəmli yer tutduğu iddia edilir.

Bu baxımdan, onu dəstəkləyən dünya güclərinin Ərdoğanın prezident seçilməsi üçün bütün siyasi texnologiyalardan yararlanacağı qətiyyən istisna deyil. Belə texnologiyalara misal kimi, Ərdoğanın dünya səviyyəli müsəlman lider imicini yaratmaq üçün ona İsrail və Qərbin ünvanına sərt mövqe sərgiləmək şansının tanınmasını göstərmək olar.



“2023-cü il faktoru” – Ərdoğanın məğlubedilməzliyinin sirri...

Bütün bunları nəzərə aldıqda, R.T.Ərdoğanı Çankaya köşkünə doğru aparan yol o qədər də əngəlli görünmür. Ən əsasısa, CHP və MHP-nin Ərdoğanı məğlub edərək, hakimiyyətdən kənarlaşdırması üçün mütləq “2023-cü il faktoru”nu aşmağın yolları tapılmalıdır.

Əks halda, Ərdoğan Türkiyə müxalifətinin əlindən birdəfəlik qurtularaq, uzun müddət üçün toxunulmazlıq statusu qazana bilər. Yəni əgər Ərdoğan bu seçkiləri qazanarsa, onun hakimiyyəti 2023-cü ildən sonraya qədər davam edəcək.

İndiyə qədər Ərdoğanın siyasi məğlubedilməzliyini təmin edən “2023-cü il faktoru” barədə bilərəkdən detallı məlumat vermək niyyətində deyilik. Yalnız onu qeyd etmək olar ki, 2023-cü ildən sonra başladılması nəzərdə tutulan beynəlxalq proseslər həm Türkiyənin, həm də bütün dünyanın gələcək taleyini müəyyənləşdirəcək. Hazırda həm regionda, həm də dünyada baş verənlər məhz həmin tarixi mərhələyə hazırlıq xarakteri daşıyır.

Təbii ki, bütün bunlardan çox geniş şəkildə məlumatlı olan dərin kamalist çevrələr artıq tələsirlər. Və Türkiyənin gələcək taleyini nəzarətdə saxlamağın yollarını axtarırlar. Ekmeleddin İhsanoğlunun ortaq namizədliyi ilə Ərdoğanın qarşısına çıxmağa hazırlaşan CHP-MHP cütlüyü üzərindən proseslərə müdaxilə etməyə çalışan dərin kamalist çevrələrin öz hədəflərinə çata bilib-bilməyəcəkləri isə təxminən yaxın iki ay ərzində aydınlaşmağa başlayacaq.
Musavat.com
 Ərdoğanın məğlubedilməzlik sirri
 Ərdoğanın məğlubedilməzlik sirri
 Ərdoğanın məğlubedilməzlik sirri

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler