Azər Qaraşovun qətli ilə bağlı şok faktlar açıqlandı
2-05-2024, 11:30. Yerləşdirdi: Tural
Azər Qaraşovun qətli ilə bağlı şok faktlar açıqlandı
Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Quliyevə 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.
Xalqinfo.az Yenipress.az-a istinadən xəbər verir ki, Qafqazinfo.az ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.
Münaqişəli ailə, narkotik, qisas...
İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.
Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.
“Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”
Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisədənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb.
Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib.
Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib.
Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də, artıq gec olub.
İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb.
Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib.
Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.
Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb
Geri qayıt