» » Yasin namazını qılıb dostunu çağırdı və öldürdü

Yasin namazını qılıb dostunu çağırdı və öldürdü

Bölmə: Kriminal
Yasin namazını qılıb dostunu çağırdı və öldürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mingəçevir şəhər sakini, 1996-cı il təvəllüdlü Yasin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Yasin Hüseynov 25 sentyabr, 2014-cü ildə axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən toxuculuq kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında aralarında yaranmış mübahisə zəminində tanışı - Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Əkbərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Mərhumun ölümünə kəskin qanaxma səbəb olub.

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Yasin Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Rahib Əkbərovu 2-3 il öncə tanıdığını, aralarında səmimi münasibət olduğunu, bir yerdə kirayə yaşadıqlarını və fəhləlik etdiklərini göstərib:“Münasibətlərimiz çox yaxşı olub. Bakıya gələndə iki gün Rahibin yanında qaldım. Sonra başqa ev tapmışdım, ora köçmək istəyirdim. Bu barədə Rahibə deyəndə mənə acığı tutdu, “satqınsan” dedi. Onun bu sözü xətrimə dəydi. Həmin gün iş yoldaşımla birlikdə namaz qılandan sonra Rahiblə əlaqə saxladım. Sakit bir yerdə görüşüb söhbət etmək istəyirdim. Onu çağırdım, görüşdük. Niyə onunla bir yerdə qalmamağımın səbəbini soruşdu. Ona arxamca söyüş söydüyünü dedim. Bu zəmində mübahisəmiz düşdü. Söhbətin bu qədər dərinə gedəcəyini fikirləşməzdik. Söyüş söydü, məni itələdi. Rahib fiziki cəhətdən məndən güclü olduğuna görə qorxutmaq üçün bıçaqla ayağından bir dəfə zərbə vurdum. Öldürmək niyyətim olmayıb. Əgər bilsəydim ki zərbənin təsirindən ölər, dərhal həkimə aparardım, köməklik edərdim”.

Dövlət ittihamçısının “deyirsən ki, dindaram, namaz qılanam, əgər söhbətə gedirdinsə, niyə üstündə bıçaq götürürdün” sualına Yasin Hüseynov bıçağın təsadüfən üstündə olduğunu, Rahibi öldürmək məqsədilə götürmədiyini dedi.

Hakim təqsirləndirilən şəxsə “Dindar insan səbrli olmalıdır. Sən hansı təriqətə qulluq edirsən? İŞİD tərəfdarlarından deyilsən ki?” sualına Y.Hüseynov “yox, əhli-sünnəyəm” deyə cavab verdi.

Zərərçəkmiş Mətanət Mikayılova ifadəsində oğlu Rahibin qətlə yetirilməsi barədə məlumatı ona zəng vurub xəbər verdiklərini göstərdi: “Oğlumla hər gün bir neçə dəfə telefonla əlaqə saxlayır, danışırdıq. Hadisədən əvvəl Rahiblə telefonla danışanda dedi ki, bir nəfər tanışı var, əslən Ağdaşdandır, Mingəçevirdə yaşayırlar. Çox kasıbdırlar, acından ölürlər. Oğlumdan onu işə düzəltməsini xahiş edib. Heç onun Bakıya gəlməyə yolpulu da olmayıb. Kimdənsə borc tapıb gəlib. Bir gecə oğlumun yanında qalıb. Mənim balam ona nə pislik etmişdi axı? Yanında yer vermişdi, işə düzəlməyinə kömək etmişdi...”

Zərərçəkmişin sözlərinə görə, hadisə baş verən gün oğlu işdən çıxandan sonra onunla telefonla əlaqə saxlayıb, evə çatan kimi zəng vuracağını deyib: “Amma balam zəng vurmadı. Sonradan mənə zəng vurub oğlumun öldürüldüyünü dedilər. Yasin bu cinayəti qəsdən, bilərəkdən törədib. Oğlumu bıçaqla öldürəndən sonra kafedə əllərinin qanını yuyub”.

Məhkəmə prosesi martın 10-da davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler