DataLife Engine > Köşə > Tarixi Qurtuluşun Heydər Əliyev epoxası

Tarixi Qurtuluşun Heydər Əliyev epoxası


15-06-2014, 23:53. Yerləşdirdi: Tural Tarixi Qurtuluşun Heydər Əliyev epoxası

Ən qədim tarixə malik olan QURTULUŞ sözünün mənası müqəddəs amallı bir missiyanın reallaşdırılması nəticəsində bəşəri anlam mənasını özündə saxlayır.
Qurtuluş tək bir fərdin, hər hansı bir ərazinin təhlükədən xilas edilməsi ilə ifadə olunmur. Bu ifadə tərzi, ən azı, məmləkətin xilası ilə bağlı ifadə olunur və müqəddəs əməlin bəhrəsi kimi düşünülür. Bu müqəddəs əməl də torpaq, vətən, xalq üçün görülən işdir.
Yuxarıda qədim tarixə malik olan söz kimi işlətdik. Bu ifadənin milli tariximizin müxtəlif dövrlərində, demək olar ki, bütün həyatı boyu yaşandığını bir daha diqqətə çatdırmaq olduqca vacibdir. Lap erkən dövrlərdə, yəni IV əsrə qədər sonuncu Hun imperatoru Atilla Türküstandan tutmuş müasir Hunqariyaya (Macarıstana) qədər geniş bir ərazini ağlının və qılıncının gücü əsasında ən təhlükəli düşmənlərdən qoruyub saxlaya bilmişdir. Ona görə ki, Vizantiya, Bizans, Yunan, İran kimi güclü ordusu olan dövlətlərin hücumlarının qarşısını almaq üçün ağıl, düşüncə və güc işlətməli olmuşdu. Onu da qeyd edək ki, böyük vətəni xilas etmək üçün Atillanın varlığında müdriklik, kamillik və fövqəladə güc mövcud olmuşdur. Bu baxımdan deyə bilərik ki, İmperiya kimi geniş bir ərazini əhatə edən dövləti, xalqı qoruyub saxlamaq Atillaya müyəssər ola bilmişdir. Bu onun həm də qurtuluş missiyasını Hun türkləri qarşısında həyata keçirmiş müqəddəs əməllərindən biri olmuşdur. Bir daha VI əsr tariximizə nəzər salaq. Göytürklərin qüdrətlənməsindən vahiməyə düşən Çin hökmdarı tədbirlər planı hazırlayır. Lakin Tonyukuk kimi ağıllı tədbirlər sahibi olan müdrik Xaqanın ərazisinə soxula bilmir. Sonradan həmin türklərlə qız qohumluğu yaratmaq tədbirinə əl atır. Bu tədbirə isə nail olurlar. Müdrik Tonyukukun məsləhətçisinin oğluna çin qızı verirlər. Sonralar həmin qızın vasitəsilə çin tacirlərini Göytürklərin ərazisinə göndərirlər. Onlar bu yolla Ötükən dağında türklərin simvolu olan Uğur qayasının sirlərini öyrənirlər. Çin ərazisinə karvanlarla sirkə daşıyırlar. Həmin sirkələri qayanın başından tökürlər. Qaya yumşalandan sonra çinlilər onun dörd yanında tonqallar yandırırlar. Uğur qayası büsbütün dağılıb tökülür. Ölkəni ətalət bürüyür, hər şey tənəzzülə uğrayır. Çinlilər çoxlu sayda türk kişilərini əsir aparıb, ərazilərində qul kimi işlədirlər.
Müdrik Tonyukuk bu əməli onlara bağışlamır. Bir neçə dəfə az saylı atlı ilə türklərin yaşadıqları ərazilərə həmlələr edir, amma uğursuzluğa düçar olur. Ona görə az atlı ilə hücuma keçir ki, çinlilər duyuq düşməsinlər. Amma sonda axırıncı planınını hazırlayır. Gecənin qaranlığında bildiyi gizli yollarla hücuma keçir. Çinli mühafizəçilərini son nəfərinədək qılıncdan keçirirlər, əsir kişiləri azad edirlər. Bir neçə gün keçirdiyi güclü təlimdən sonra sel kimi ordu ilə çinlilərin bəd əməllərinin əvəzini çıxır. Bu əməl də müdrik Tonyukukun Göytürk dövləti qarşısında xilaskarlığı olmaqla yanaşı müqəddəs Qurtuluş missiyasını reallaşdırmağı idi...
Elbilgə xaqanın oğlu Eltəris xaqanlığa başlayanda ölkədə pərakəndəlik hökm sürürmüş. O 17 ərlə işə başlayır. Daha sonra müdrik kişilərdən ibarət 700 nəfərlik hakimiyyəti formalaşdırır, doqquz oğuz, qırğız, kurıqan, otuz tatar tayfalarını da bir bayraq altında birləşdirir, onların hamısını Tanrı eşqinə diz çökdürür, onlara and içdirir. Müqəddəs türk torpağının canını pərakəndəlikdən qurtarır. Bu pərakəndəliyi isə çinlilər yaratmışlar (M.Ə). Eltəris isə 700 nəfər müdrik, cəsur, xüsusi düşüncə sahibi olan Göytürk ərlərinin tədbirləri sayəsində müqəddəs əməlindən birini həqiqətə çevirir. Bu onun Turanın bütövlüyü eşqinə zəfər çaldığı Qurtuluş əməli olmuşdur.
2500 il əvvəl Turan hökmdarı Alp Ər Tonqa da Türk dünyası qarşısında müqəddəs Qurtuluş savaşını həyata keçirmişdir. Burada qeyd edə bilərik ki, İran hökmdarı Munuçöhr həmişə Turanı parçalamaq niyyəti ilə özü gizli, hiyləgar planlar hazırlayarmış. Və bu niyyətini zaman-zaman həyata keçirə bilmişdir. Minuçöhrün ölümündən sonra Alp Ər Tonqanın atası Peşəng oğluna tapşırır ki, bunlar həmişə bizə, yəni turanlılara xəyanət etmişlər. Artıq qisasımızın alınması vaxtı gəlib çatmışdır.
Alp Ər Tonqanın qardaşı Alp Arız atasının fikri ilə razılaşmır. Amma Turan dövlətinin ərazisi və qüdrəti özünə qaytarılmalı idi. Buna görə də o hücuma hazırlıq işlərinə başladı və Turan eşqinə İrana qoşun yeritdi. Aslan saçlı, uca boylu, aslan kimi çevik, timsah kimi tutduğunu kəsən bu qüdrətli müdrik Turan hökmdarı onları darmadağın etdi. Turanın qüdrətini və ərazisini bərpa etdi. Alp Ər Tonqa da Turan qarşısında qurtuluş missiyasını reallaşdırdı. Sonralar İran hökmdarı olmuş Keyxosrov hiylə işlədir, ziyafət təşkil edir və orada iştirak edən Alp Ər Tonqanı öldürtdürür. Miladdan əvvəl 530-cu ildə Turan hökmdarı Tomiris Ana 100 il sonra Tonqanın qisasını alır. Iran hökmdarı şərəfsiz Kir də hiylələrə əl atır, tələ qurur, hər nə edirsə bu qüdrətli Turan hökmdarı ehtiyatı əldən vermir. Sonda Tomris Ananın oğlunu oğurladır. Belə bir təkliflə müraciət edir ki, torpaqlarının bir hissəsini və bir günlüyə onunla yaşasa. Oğlunu azad edər. Tomris Ana rədd cavabı verir. Müqəddəs vətən və millatinin ləyaqətini hər şeydən üstün tutduğundan Kirə təkbətək döyüş təklif edir. Bu döyüşdə Tomiris Kiri öldürür və əmr edir ki, onun başını kəsin, qan tuluğuna salın! Belə də edirlər. Tomiris Ana Turanın hökmdarı olmaqla qoşunun qırılmağına, əyalətlərin viran olmasına və milli ləyaqətinin tapdalanmasına razı olmur, amma hökmdar kimi hökmdarın başını kəsməklə müharibəni qurtarır, Turanın qüdrətini təsdiq edir. Bu əməli, xeyirxah işi ilə türk hökmdarı qurtuluş əməlini yerinə yetirir.
Burada belə bir fikri qeyd etmək yerinə düşərdi ki, turanalılar Alp Ər Tonqa kimi qüdrətli bir hökmdarın Turan ənənəsini tariximiz boyu qoruyub saxlamışlar. Böyük, qüdrətli Turan üçün qurtuluş, müqəddəs anlayışını gerçəkləşdirən Hun xaqanı Mete, bundan sonra Kür xan, daha sonra Əmir Teymur Turan eşqinə hökmranlıq etmişlər. Əmir Teymurun XV əsr milli tariximizdə belə bir fikri də mövcuddur ki: “Turan bütün türklərin keçmişdə, gələcəkdə bir gerçək olan böyük vətənidir”.
XII əsrdə Hülakü xan sərkərdəliyi ilə monqolların yürüşü başlanır. Kiçik və Ön Asiyada talana başlayan Hülakü xan müsəlman türklərinin yaşadıqları əraziləri viran qoymağa başlayır. Bağdadda formalaşdırılmış “Nizamiyyə” kitabxanasını da talan etdirir, orada olan ən dəyərli kitabları son nüsxəsinə kimi yandırtdırır. Həmin kitabxana mütəfəkkir şairimiz Nizaminin adı ilə yaradılmışdır.
XV əsrin ən qüdrətli türk hökmdarı Əmir Teymur monqollara bu əməllərini bağışlamır. Türk-İslam ərazilərinə, onların düşüncəsinin bəhrəsi olan abidələrə qənim kəsilən Hülaki nəslinə Turanın qüdrəti ilə divan tutur. Monqollara elə bir divan tutur ki, onların fikirləşib yenilik yaratmağa da taqətləri qalmır, ancaq qoyun, dəvə və at saxlamağa məcbur olurlar. Əmir Teymurun bu müqəddəs işinin də Turan eşqinə qurtuluş missiası hesab etməliyik.
IX əsrdə Səlcuqların Kiçik və Ön Asiyaya gəlişi başlanır. Bu dövrdə oğuzlar mühüm strateji əhəmiyyət kəsb edən yüksəkliklərdə yaşayırlarmış. Dağlıq ərazilərimizdə indi yaşayan soydaşlarımız həmin dövrlərdən bu günümüzə qədər yaşamaqdadırlar. Oğuzlar həm də çoxlu sayda mal naxırı, qoyun sürüsü saxlayarmışlar. Döyüş üçün gərəkli olan at ilxılarının da sayı hesabı olmazmış. Oğuzların yaşamaq üçün yüksəklikləri seçməsi həm də Vizantiya, Bizans kimi güclü dövlətlərdən asan qorunmaları üçün idi.
Səlcuqların gəlişi ilə həmişə oğuzlar üçün təhlükə mənbəyi olan Vizantiyanın, Bizansın sonu çatdı, oğuzların da yaxası onlardan qurtardı. Səlcuq hökmdarı Alp Qara Sunqarın hökmdarlığı dövründə Kiçik və Ön Asiyada qüdrətli səlcuq dövləti yarandı. Oğuzlar da onlarla birləşərək Qafqazda və Cənubi Qafqazda, müasir Türkiyə də daxil olmaqla düşüncəmizdə olan Turanın IX əsr tarixi yarandı. Səlcuq sultanı Alp Qara Sunqarın da qurtuluş sahibi olması fikrini qeyd etmək daha düzgün olardı.
VIII əsrin əvvəllərində ərəb işğalının başlandığı haqqında mənbələrdə geniş və ətraflı məlumatlar vardır. Azərbaycan ərazisinin Kür-Araz ovalıqlarında ərəb işğalına qarşı geniş müharibə aparan Bars Xaqan ərəbləri Savalana qədər qıra-qıra qovur, onları məğlub edir. Əl-Cərrahı tapmağı əmr edir, onu meyidlərin arasından tapırlar, başını kəsirlər. Bars Xaqan belə bir fikrini açıqlayır ki, qoşun qırılmamalı idi, biz meydanda təkbətək vuruşmalı idik. Sözünə xilaf çıxanın aqibəti belə olmalıdır! Qüdrətli xəzərlərin cəsur sərkərdəsi VIII əsrdə Azərbaycanı işğaldan təmizləyir. Deməli ərəb işğalına qarşı ilk mübarizə tariximiz VIII əsrdə baş vermişdir. Bars Xaqanın bu müqəddəs əməli də Qurtuluşumuzun tarixindən soraq verir.
Milli tariximizin səhifələrindən belə misalları xeyli göstərmək olar. Təkcə onu qeyd edək ki, hər bir xaqanımız, xanımız, sultanımız, şahımız türk əqidəsi, türk dili, türk dünyası üçün zəfər çalmış, bütövlükdə Turanın bu günkü ərazisinin bütövlüyünü təmin etmişlər.
XX əsrin 20-ci illərində Osmanlı imperiyasının zəiflədilməsi faktı da bizə bəllidir. Bu imperiyanı dağıdıb, parçalamaq istəyən qüvvələrə qarşı Türk ordusuna dərin düşüncəsi ilə sərkərdəlik edən Mustafa Kamal Paşanın qurtuluş adlı müqəddəs kəlamı tarixin səhifəsinə yazmasını da misal göstərə bilərik. Ən ağır hərbi təcavüzlərlə üzləşən Osmanlı dövlətini Mustafa Kamal Paşa bütün tədbirləri ilə vəziyyətdən qurtarır. Torpaq uğrunda 10 pudluq iri mərmini topa qaldıran bir türk əsgərinin əməli ilə düşmənin hücumunun qarşısı alınır. Həmin əsgərə sual veriblər ki, 10 pudluq mərmiyə necə gücün çatdı ki, onu topun lüləyinə qaldıra bildin? Əsgər cavab verir ki, torpağım mənə güc verdi! Həmin əsgər də qurtuluş əməli ilə torpağın xilaskarı kimi tarixdə özünə səhifə yaratdı. Digər tərəfdən Mustafa Kamal Paşa da bütün varlığı ilə düşüncəsində tədbirlər planlaşdırdı. Onun bu müdrik tədbirləri sayəsində türk ordusu tarixi zəfər çala bildi və Türkiyəni qurtuluşa qovuşdurdu. Onun bu müqəddəs əməlinə görə Atatürk kimi tarixə yazıldı: Mustafa Kamal Atatürk.
Son dövrlərdə yəni XX əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatı müstəqillik uğrunda mübarizəyə başladı. Azadlıq hərəkatı başlanan kimi ölkəmizin, yəni Turanın tən ortası olan Azərbaycanın tarixi düşmənlərinin də təcavüzü başladı. Bu hadisələrin hamımız şahidi olduq.
Tarixi düşmənlərimizin dünənki davamçıları daxildə təxribatlar yaratdılar. Bu daxili təxribatlarla xarici təcavüzü müstəqilliyə qovuşan məmləkətimizdə birləşdirdilər. Azərbaycan ən dəhşətli hadisələrlə qarşılaşmalı olmuşdu.
Dərin zəka sahibi olan Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri idi və bu oyunların tarixi köklərini də bilirdi. Hansı məqsədlər güddüyünü də düşüncəsində yerbəyer edirdi.
Qəribə bir faktı qeyd etməliyik ki, həmin dövrün dövlət başçıları acizlik içərisində idilər. Bu oyunların qarşısını ala bilmirdilər, ona görə ki, səriştəsiz idilər, hakimiyyətdən getmək istəmirdilər. Heydər Əliyev kimi siyasi xadimin də hakimiyyətə gəlməsinə qətiyyən razı olmurdular. Amma onlara gün kimi aydın idi ki, ölkə parçalanma təhlükəsindədir. Yenə də söz verirdilər ki, hər şey qaydasına düşəcək. Düşmənlərimiz isə işlərini görüb qurtarırdılar. Nə yaxşı ki, zəka sahibi olan ziyalılarımız meydana çıxdılar. Xalqın iradəsinə səs verərək Naxçıvana yollandılar. O cümlədən tariximizin yaddaşında 91-lər kimi yaşayan müasir Azərbaycanın fikir, düşüncə, milli məfkurə sahibləri vətənimizin xilası naminə bu addımı atdılar. Ulu Ondərimiz Heydər Əliyev bu haqda belə demişdir: “Məşhur azərbaycanlılar Yeni Azərbaycan partiyasının qızıl fondudur. Onlar çox cəsur, qorxmaz , vətənpərvər insanlardır...” Ziyalılarımız vəziyyətin gərgin olmasını Heydər Əliyevə danışmaq istəsələr də hər şey bu düha sahibinə bəlli idi. 1993-cü ilin iyununda Heydər Əliyevi Bakıya gətirdilər. həmin dövrün quru bəylərinin hərəsi bir tərəfə qaçdı. Ən dəhşətlisi də o oldu ki, hakimiyyəti dondurmaq ideyasını da ortaya atdılar. Qəribədir ki, onlar hansı hakimiyyəti dondurdular? Həmin dövrdə hakimiyyət laxlamış, ölkədə dövlətçilik qətiyyən duyulmurdu. Azərbaycanın əraziləri işğal olunurdu. Belə çıxırdı ki, Heydər Əliyev dondurulmuş hakimiyyətdə dürüş gətirə bilməyəcək, Azərbaycan isə bütövlükdə işğal olunar, kimlərinsə aralarında pay-püş edilər.
Heydər Əliyev 1993-cü ildə Azərbaycanı gələcək bəlalardan—məhvolma, qırılma və dövlət müstəqilliyin itirilməsi təhlükəsindən ziyasının qüdrəti ilə xilas etmək üçün özünün proqram xarakterli çıxışını Azərbaycan Respublikası Milli Məclisinin iclasında bəyan etdi.
Qüdrətli düha sahibimiz bütün düşüncələrini hərəkətə gətirdi. Tarixdə buraxılan səhfləri tezliklə yox etmək üçün zəkasına güc verdi. Nəticə isə gözümüzün qabağındadır. Bütün ölkə bu müdrik və bütöv şəxsiyyətin müqəddəs əməlləri sayəsində nicat tapdı, rahatlıq içərisində ömür yaşamağa başladıq. Xalq düzgün qərara gəldi. Heydər Əliyevin hakimiyyətə gəlib ölkəmizi təxribatlardan, təcavüzlərdən qurtardığı gün müqəddəs Qurtuluş günü kimi milli, mənəvi tariximizin səhifəsinə yazıldı. Xalq bu əməlinə görə onu Dədə Heydər kimi dilə gətirdilər. Bütün türk dünyası üçün ədəbi, mədəni, mənəvi qibləgah olan Azərbaycanın xilası üçün türk əqidəsi Ulu Öndərə bəşəri sayqılar və sevgilər yaşatmalı oldu.
Burada Ulu Öndərin müdrik bir fikrini yada salaq: “Məni təhqir edəni bağışlaram, amma xalqımı, millətimi, Vətənimi təhqir edəni heç vaxt bağışlamaram!”(Tomris Ananın Kirə cavabını xatırlayaq. M.Ə)
Müdrik şəxsiyyətin düşüncəsinin məhsulu olan bu müdrik fikir ötəri xarakterə də malik deyildir. Burada qüdrətli düha sahibinin Vətənə ən dərin şəxsiyyət sevgisi yaşayır. Vətəni müqəddəsliklə sevmək, vətəni bütöv görmək və bu istiqamətdə zəkasının gücündən, qüdrətindən bacarıqla istifadə etmək ön plana çəkilir. Vətənimizə qarşı törədilən təcavüzlərin, təxribatların mənbəyinin, məqsədini bütün incəlikləri ilə qavrayaraq onlara qarşı müdrik tədbirlər hazırlamaq və bu tədbirləri həyata keçirməkdə xüsusi sərkərdə məharəti nəzərə çarpır. Elə bu amilləri düşüncəsində yaşadan Heydər Əliyev ilə işlədiyi illərdə özünün əzəməti ilə məmləkətimizi bütün bədniyyətlilərdən qorumağı bacarmışdır.
Hamıya məlumdur ki, Heydər Əliyev Naxçıvanda doğulmuş, uşaqlıq, məktəblik illərini orada yaşamışdır. Qoca Şərqin ən inamlı qapısı olan Naxçıvan ulu tarixə malik yaşayış məskənlərimizdən biri olmaqla bərabər həm də müdriklər diyarıdır. Elə Heydər Əliyevin müdriklik zirvəsinin fatehi olmasında Naxçıvan müdrikliyinin xüsusi əhəmiyyəti olmuşdur. Belə də qeyd edək ki, Naxçıvan kimi müdrik bir diyarımıza müdrik şəxsiyyətin dərinliklərdən gələn xüsusi ehtiramı və məhəbbəti var idi. Onun Moskvadan gələndə bir başa Naxçıvana qayıdışı da həm bu diyara sevgisindən irəli gəlirdi, həm də Naxçıvan xalqına ən dərin inamının nəticəsi idi.
1990-cı il yanvarın 21-də Yanvar qırğınına görə Sovet İmperiyası rəhbərlərin olduqca sərt siyasi qiymətlə bəyanat verməsi ilə Qurtuluş mücadiləsinin təməlini qoydu. 1990-cı il iyulun 22-də ömür yolunun təkrar Naxçıvanda başladığı dövrdən doğma diyarında yenidən zəkasına güc verərək bütöv Azərbaycan üçün Qurtuluş missiyasını həyata keçirməyə başladı. Elə həmin 1990-cı illərdə illərdə Naxçıvanın da siyasi, ictimai vəziyyəti olduqca ağır idi. Həmin dövr rəhbərlərimizi məmləkətimizin işğal təhlükəsindən xəbəri ola-ola susurdular. Elə bir işğal təhlükəsi ilə üz-üzə dayanan Naxçıvan deyildi. Ermənilər və onların tərəfdarları Naxçıvanı bütöv Azərbaycan qarışıq Qafqazın siyasi xəritəsindən ən qədim inzibati ərazimiz kimi silmək niyyəti ilə təcavüzə başlamışdılar. Elə bu ən ağır təhükəli vəziyyətdə Naxçıvanda xalqın iradəsi ilə siyasi fəaliyyətini davam etdirən Heydər Əliyev “olum ya ölüm” mübarizəsinin ən ağır, ən təhlükəli cəbhə xətti elə oradan da başladı və bütün Azərbaycanı Qurtuluş mücadiləsinə səslədi. Ulu Öndərimiz xalqımızın gücünə bələd idi, amma hakimiyyətdə olanların avamlıqlarından da dəqiq xəbəri var idi. Elə buna görə də müdrik tədbirlər planlarının hazırladı, tez bir zaman anında bütün Azərbaycana haray çəkdi. Xalqımız da gözümüzün qabağında Ulu Öndərin müdrik nəsihətlərinə cavab səsini ucaltdı. Bu o zaman idi ki, daşnaqlarla sovet sərhəd qoşunları Naxçıvanı üzük qaşı kimi mühasirəyə almışdılar.
Belə bir həyatı misalı qeyd etsək yerinə düşərdi: “Qurbağanın ən gur səslə quruldaşdığı gölə bir tutarlı daş atan kimi bir dənə də olsun qurbağa səsi gəlmir!”
Heydər Əliyev də həmin vəziyyəti elə bir siyasi məharətlə yox etdi ki, onun bu cəsarətinə, müdrikcəsinə məharətinə bütün xalq heyran qaldı. Ulu Öndər tarixi şəxsiyyətlərimizin sərkərdəlik qüdrətlərinə dərindən bələd idi. Elə buna görə də gecikmədi və heç bir səhfə yol vermədi, heç kəsə inanmadı, ancaq xalqın gücünə inandı. Bu inamının dərrakəsi ilə birgə ölkəmizə sərf etməyə başladı. Yeri gəlmişkən burada onu da qeyd edək ki, həmin Milli Azadlıq Hərəkatı Naxçıvanda geniş vüsət almağa başlamışdı. Elə buna görə də Milli Azadlıq hərəkatını boğmaq. Bu hərəkata son qoymaq üçün Naxçıvanı işğal etmək ön planda durmuşdu. Ona görə ki, 18-19 yanvar 1990-cı ildə Naxçıvan Ali Məclisin sədri Səkinə Əliyeva və Nazirlər sovetinin sədri Eldar İbrahimovun təşəbbüsü, rəhbərliyi və Naxçıvan cəbhəçilərinin dəstəyi ilə Naxçıvan Muxtar respublikası SSRİ-nin tərkibindən çıxmaq haqqında qərar qəbul edir. (Naxçıvan Ziyalılarının belə bir cəsarətli addımlarının fövqündə Ulu Öndərimizin Moskvadan onlarla mütamadi saxladığı əlaqə ilə bağlı idi. M.Ə.) Bu səbəbdən də Naxçıvan və naxçıvanlıları cəzalandırmaq planını həyata keçirməyə başladılar.
Lakin onların belə bədniyyətlərini Ulu Öndərimizin siyasi gedişləri gözlərində qoydu. Heydər Əliyev şəxsiyyəti, onun əzəməti, möhtəşəmliyi misilisiz siyasi dühası, yüksək diplomat peşəkarlığı, müdrik dövlətçilik təcrübəsi sayəsində Naxçıvanı bütünlüklə mübarizəyə cəlb etdi və Qəhrəman Kəngərli yurdunu tarixin ən qorxunc sınağından çıxara bildi. Bundan qorxan ermənilər də Naxçıvanı yadlarından çıxarmalı oldular.
Belə bir əhvalatı da qeyd edək: Bir nəfər itin küçük vaxtında hər gün ağzına döyürmüş. Soruşarlarmış ki, aya bu heyvandan nə istəyirsən? Sənə heç nə eləmir, amma hər gün yazığın ağzına döyürsən. Cavab verərmiş ki, vaxtı gələr bilərsizki niyə onun ağzına döyürəm!
Küçük böyüyür yekə zalım bir it olur. Zəncirindən açılan kimi camaatın nərən-pərən salır. Həmin kişiyə xəbər çatır, tələsik gəlir. İt bunu görən kimi quyruğunu qısır, qaçıb yerində uzanır. Cammat məətəl qalır. Həmin kişi deyir ki, kiçik vaxtı onu bu gün üçün döymüşəm, dişləri hələ də ağrıyır, məni görəndə döyüldüyü yadına düşdüyündən qorxub yerinə qaçdı.
Naxçıvanı işğal etmək, Milli azadlıq Hərəkatına son qoymaq iştahası ilə bu qədim torpağımızı üzük qaşı kimi mühasirəyə alan ermənilər Heydər Əliyev əzəmətindən qorxuya düşdülər. Bir də ki, Kəngərli istiqamətində bütün gücləri ilə hərbi döyüş əməliyyatı toplamışdılar. Heydər Əliyevin səfərbərlik harayına hay verən mübaruz, mərd naxçıvanlılar Kəngərlini tamam azad eliyəndə ermənilər başa düşdülər ki, onlar daş çeynəməli olacaqlar. Heydər Əliyev kimi sərt qaya onların başına od ələyəcəkdir. Buna görə də iblis xislətli daşnaq sovet birləşmələri istiqaməti dəyişib Azərbaycanın müxtəlif bölgələrinə burunlarını soxmağa başladılar. Və bəzi rayonlarımızı işğal etdilər. həmin dövrün rəhbərlərinə belə bir sual vermək lazımdır ki, daşnaq-sovet hərbi birləşmələri ilk öncə Naxçıvana təcavüz etməli idilər. Buna görə də buraya ən ağır döyüş texnikası cəmləşdirmişdilər. Heydər Əliyev bütün varlığı ilə onların bu əməliyyatlarının pərən-pərən etdi. Bunlar heç Naxçıvan haqqında da düşünmürdülər. Bəs həmin dövrün rəhbərləri hara baxırdılar, nə ilə məşğul olurdular ki, rayonlarımızın xeylisi işğal olundu? Belə bir bayatımız var:

Ordubada,
Yol gedir ordubada,
Qoşuna sərkərdə gərək,
Verməsin ordu bada!
Əsil həqiqət də belədir. Təcrübəli, qüdrətli sərkərdə olmasa qoşun uğursuzluğa uğrayır.
Heydər Əliyev isə uzun illərin dövlətçilik təcrübəsinin, siyasi dühasının, əzəmətini, dəmir iradəsinin gücünə Naxçıvanı özünün canı kimi saxladı onu erməni-sovet işğalından qorudu. Bununla Ulu Öndərimiz müqəddəs məmləkətimiz qarşısında qurtuluş əməlini həyata keçirdi.

Müqəddəs QURTULUŞ və Heydər Əliyev əyilməzliyi

QURTULUŞ ona görə müqəddəsdir ki,
– ölkə talana məruz qalmır,
– ölkə parçalanmır,
– ölkə təxribatlardan canını qurtarır,
– ölkə bədniyyətli, iblis xislətli təcavüzlərdən təmizlənir,
– ölkə, bütün xalq rahat nəfəs alır,
– ölkədə daxili didişmələrə son qoyulur,
– ölkədə qoçuluğa, mənəm-mənəmliyə süpürgə çəkilir,
– ölkə çaşqınlıqdan yaxasını qurtarır,
– ölkədə ən dəhşətli psixoloji hal olan qorxu, xof yox olur,
– ölkə ümidsizlikdən xilas olur,
– ölkədə aclıq, səfalət kimi ən qorxulu vəziyyətlərə əlac edilir,
– ölkədə xəyanətə, xəyanətkarlığa xalq özü lənət yağdırır, onları özü dəf edir,
– ölkədə əhali bir-birinə inanır, allahsızların üzü görünmür,allahsızların başı yerə gömülür.
Buna görə də yuxarıda az da olsa qeyd etdiyimiz halları dərk edən və məmləkətimizdəki bu iyrənclikləri sel kimi silib, spürüb dərələrə dolduran şəxsiyyətin özü də QURTULUŞ kimi müqəddəsdir, bu şəxsiyyətimiz isə gözlərimizin önündə qovrulan, oda qalanan ölkəmizə bahar buludu kimi sərinlik ələyən Heydər Əlirza oğlu Əliyev oldu.
Yuxarıda qeyd etdiyimiz halları və digər prosesləri Dövlət Təhlükəsizlik təşkilatlarında işlədiyi vaxtlarda düşüncəsinin kəsəri hesabına dərk edən Heydər Əliyev onların məmləkətdə tətbiqi üsullarını da müdrik tədbirləri sayəsində reallaşdırmağa qadir idi. Ölkədə sabitlik olmasa sabit inkişaf da ölkənin ictimai-siyasi həyatından geri qalır. Bu hala, bu vəziyyətə düçar olan məmləkətin özündə tənəzzül, hərtərəfli zəiflik hakim kəsilir. Bu da ölkənin sanki can verməsini şərtləndirir. Heydər Əliyev elə buna görə bütün düşüncə gücü ilə şam kimi öləziməkdə olan müstəqil Azərbaycana yenidən yeni şölə verdi. Bu da müqəddəs məmləkətimizi bürüyən zülməti yox edərək ölkəmizi aydınlığa qovuşduran Heydər Əliyev zəkasının ziyası idi.
Ellərimizdə belə bir deyim var: Hər qazanın ağzını açma, yeyə biləcəyin xörək bişən qazanın ağzını aç! Həqiqətən də belədir. Ölkəni bürüyən od-alovu dərk edə bilməyənlər hakimiyyətdə elə davranırdılar ki, belə də düşünürdük ki, alçaq dağları onlar yaradıb. Amma sonradan yəqin etdik ki, onlarda çayı görməmiş çirmənmək xasiyyəti də varmış. Bu hal da bizi arxayın salmaqda idi, amma qorxu, təlaş xalqı titrədirdi, torpağımızı diksindirirdi.
Xalqın, torpağın müqəddəs taleyi Ulu Öndərimizi yenidən Bakımıza gətirdi. Bu gəliş də QURTULUŞ niyyətini həyatda reallaşdırmaq üçün idi. Daha dəqiq desək ən ağır iş üsulunda çalışan, ən təhlükəli anlarla üz-üzə dayanan, amma dözümü, dəmir iradəsi sayəsində bu hallara əyilməyən Heydər Əliyev əyilməzlik inadından heç vaxt dönmədiyi kimi Azərbaycanı təcavüzlərdən, təxribatlardan qurtarmaq üçün yenə də bütöv şəxsiyyət formulasına sadiq qaldı, özünü itirmədi, çaş-baş qalmadı, hər cür bəd əməllərə son qoydu.
Heydər Əliyev dəmir iradə sahibi idi.
Heydər Əliyev dediyi sözün arxasında qaya kimi dururdu, ona əməl edirdi.
Heydər Əliyev heç vaxt, heç yerdə, heç bir kəsdən çəkinmirdi, qorxmurdu.
Heydər Əliyev Sovet İmperiyası kimi güclü bir dövlətin başçısı M.Qorbaçovun Siyasi Büronun iclasında üstünə yerimişdi. Bu hücum bütün Sovet İmperiyasına qarşı idi, ona görə ki, Siyasi Büro türk-müsəlman dövlətlərinə qarşı amansız ədalətsizlik edirdi. Heydər Əliyev də onları amansız təhqirə məruz qoydu.
Heydər Əliyev yaltaqlığın nə olduğunu bilmirdi, yaltaqları da görəsi gözü yox idi, onları təlxəyi oynadan kimi oynadırdı.
Heydər Əliyev heç kəsə sirr açmırdı, ona bəlli idi ki, sirrini açan kiminsə qarşısında nə vaxtsa başı aşağı olur.
Heydər Əliyev düz qamətlə dayanaraq qarşısındakının üzünə şəstlə baxırdı.
Heydər Əliyevin səbri tükənməz idi, dözümü isə yalçın qayalara bənzəyirdi.
Heydər Əliyev özünün düşüncəsində həllini tapmamış hər hansı bir işi görməyə başlamazdı, ona görə ki, düşünülməmiş tədbirləri həyata keçirəndə uğursuzluqla da nəticələnə bilər, şəxsiyyətə xələl gətirər.
Heydər Əliyev saf əqidə, pak düşüncələrlə ömür yaşamağı ən zəruri həyat amalı seçmişdi, belə ki, bu şəxsi hal həmişə şəxsiyyətin başını uca edir.
Heydər Əliyev Azərbaycanı müqəddəsliklə sevmiş, bu xüsusdan da məmləkətimiz üçün haqq işin öhdəsindən xüsusi zəka dözümü ilə gəlməyi bacarmışdır. Buraya Heydər Əliyev Lissabon sammitindəki məmləkətimizə edilən ideya hücumuna qarşı təkbaşına duruş gətirdiyini əlavə edirik. Elə həmin sammitdə Ulu Öndərimizin Avropa dövlətlərinin fikirlərinə veto qoyduğu da bizə bəllidir.
Heydər Əliyev kimi bütöv şəxsiyyətin, qüdrətli dövlət başçısının əyilməzliyini şərtləndiən amillərdən bir neçəsini qeyd etdik, bu tərkiblərin sayını artırmaq da olar.
Belə bir fikri də qeyd etsək daha düzgün olardı ki, mənəvi zənginliyimizi, əxlaqi dəyərlərimizi gözlərinin bəbəyi kimi qoruyub yaşadan tarixi şəxsiyyətlərimiz yuxarıda qeyd etdiyimiz əyilməzliyi şərtləndirən hallara həmişə sadiq qalmışlar. Buna görə də milli tariximizdə səhifələnən məmləkətimiz əsrlərin qoynunda baş verən ən ağır , hətta qan axıdılması ilə nəticələnən savaşlarda da zəfərə qovuşmuşdur. Deməli şəxsiyyətimizin əyilməzliyi vətənimizin də əyilməzliyini təmin etmişdir. Belə ki, qurtuluşu həqiqətə çevirənlər torpaq, xalq qarşısında əyilməz vətəndaş kimi müqəddəsliyə qovuşmuşlar. Bununla onlar milli tariximizin də səhifə bütövlüyünü yaratmışlar.
1989-93-cü illər ərzində hakimiyyətdə olan “qəhrəmanlarımız” isə şəxsiyyət bütövlüyündən, şəxsiyyət əyilməzliyindən və bunları şərtləndirən amillərdən xəbərsiz olduqları üçün törədilən hadisələrin həlli qarşısında aciz qaldılar ki, müqəddəs müstəqilliyə qovuşmuş Azərbaycanın yaralanmasının da şahidi və səbəbkarı oldular.
“Ali savada”, “siyasi dünyagörüşə” sahib olan M.Ə.Sabirin qəhrəmanları ancaq dərin düşüncələrə daldılar. Başqa əlacları qalmadı, qüdrətli, yenilməz, əyilməz, xüsusi zəka sahibi olan dövlət başçılarının sərkərdəlik qüdrətindən xəbərsiz idilər ki, bu günki hadisələrin qarşısında aciz qaldılar. Heydər Əliyev hakimiyyətə gəlib əsrlərin qoynunda bərkimiş qala divarı kimi bütün iyrənc hadisələrin qarşısında dayananda bildilər ki, sərkərdəlik və sərkərdəlik əzəməti nə olan şeydir. Lakin gec idi, onlar baltanı daşa vurmuşdular, əllərində baltanın ağac dəstəyi nədəki dəmir parçası qalmışdı.
Heydər Əliyev isə Azərbaycanda aparılan ictimai-siyasi hadisələrə olduqca səbrli münasibətlə yanaşırdı. Özünün şəxsiyyət adəti üzrə heç bir kiçik hadisəni nəzərindən qaçırmadı. Hər hadisəni görür, dərk edir sonra isə müdrik tədbirlərə əl ataraq hər şeyi yoluna qoya bilirdi. Nəticəsi isə göz qabağındadır. Deməli müdriklikcəsinə atılan hər addımda neçə qarış varsa o qarışlara da fikir verdiyi üçün ölkəmizin xilaskar sərkərdəsi oldu. Bu xilaskarlığın ilk günü olan 1993-cü il iyunun 15-i Müqəddəs QURTULUŞ GÜNÜ kimi tariximizin səhifəsində özünə yer tapdı. Müqəddəs Qurtuluş günü isə Heydər Əliyev əyilməzliyinin ən şirin bəhrəsi oldu.
DADP-nin eks Sədri,tanınmış politoloq Məmməd Əlizadənin Qurtuluş günü haqqında yazdıqları.
Geri qayıt