» » Aşıq Ələsgərin kötükcəsi od püskürdü

Aşıq Ələsgərin kötükcəsi od püskürdü

Bölmə: KİTAB ALƏMİ, GÜNDƏM
Aşıq Ələsgərin kötükcəsi od püskürdü
Xətai Ələsgərli Nazir Əhmədlinin kitabında yazdıqlarının saxta olduğunu dəlillərlə ortaya qoydu.

Erməni mənbələrinə istinadən 2017-ci ilin iyununda Bakıda çap olunan “Haqq-nahaq seçilər haqq divanında” kitabında yer alan məlumatlara Aşıq Ələsgərin kötücəsi Xətai Ələsgərli sərt reaksiya verib.

Kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir. X. Ələsgərliyə qədər 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşıqlar haqda yanlışlıqlara və Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə etiraz etmişdi.

“Öz fantaziyası ilə ailənin yaş məsələsini izah etməyə başlayır”

Xalqinfo.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, X.Ələsgərli kitabda babası haqda yazılanlar həqiqət olmadığını deyib.

“Nazir Əhmədli həmin o kitabda bildirir ki, Aşıq Ələsgər guya 1821-ci ildə deyil, 1852-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Guya ustadın babasının adı Haqverdi, əmisi isə Allahverdi olub. N.Əhmədli Ermənistan Milli Arxivindən verilmiş məlumatlara əsaslanır. Babalarım haqqında məlumatlara kitabın 32-ci səhifəsində istinad mənbəyini belə göstərir: Ermənistan Milli Arxivi, F 227, siy 1. sax.vah 20.

Sonra qeyd edir ki, Aşıq Ələsgərin qardaşları arasında yaş fərqində ziddiyyətlər var. Öz fantaziyası ilə ailənin yaş məsələsini izah etməyə başlayır. Aşıq Ələsgərin qardaşı Məşədi Salehın və övladlarının yaşının da düzgün olmaması haqqında fərziyyələr irəli sürür, bununla bağlı “sübut”lar gətirməyə və erməni saxtakarlığını əldə əsas tutaraq fərziyələrini bəzəməyə çalışır “- deyə X.Ələsgərli bildirib.

Erməni fitnəsinə uymasın!

Böyük sənətkarın kötücəsi fikrini belə davam etdirir: “Həmin o erməni mənbələrinə istinad etməklə Aşıq Ələsgərin böyük oğlu Bəşirin və kiçik oğlu Talıbın da doğum tarixinin düzgün olmamasını qeyd edir. Beləliklə, bütövlükdə Ələsgər ocağının doğum tarixlərinin düzgün olmadığı iddiasını irəli sürür. Nazir Əhmədlinin yazdıqları tamamilə cəfəngiyyatdır, ən böyük saxtakarlıqdır. Bu, Aşıq Ələsgər nəslinə bir təhqirdir. Nazir Əhmədlinin dediyindən belə çıxır ki, biz öz babamızı tanımırıq. Buradan aydınca düşmənin sifarişi hiss olunur. Nazir Əhmədli, sadəcə, icraçıdır. Mən Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın nəvəsiyəm. Yaxşı yadımdadır, o, 1979-cu ildə dünyasını dəyişəndə mənim 11 yaşım var idi. Mən də hər kəs kimi öz babamı tanıyıram. Babam özü yaşını yaxşı bilirdi. Dəfələrlə yaşla bağlı söhbət düşəndə öz yaşını dəqiq açıqlayırdı. Babam Aşıq Talıb da, Aşıq Ələsgər də öz babalarını yaxşı tanıyırdı. Çünki bu nəsildə nəvələrin əksəriyyəti babalarını görüb, onların söhbətlərinə qulaq asıblar. Atam İslam Ələsgərlinin adını da elə Aşıq Ələsgər özü qoyub. N.Əhmədli Aşıq Ələsgərin doğum tarixini 31 il kiçildən zaman görüb ki, bu tarix ustadın övladlarının doğum tarixi ilə düzgün gəlməyəcək, başlayıb ustadın övladlarının yaşını öz arşını ilə kiçiltməyə. Hətta ustadın evləndiyi tarix və digər övladlarının doğum tarixlərini də saxtalaşdırıb. Bəşir Aşıq Ələsgərin 3-cü övladıdır. Ondan əvvəl oğlan uşaqları olub, amma dünyalarını dəyişiblər. Bəşir əkiz tayı olub. O birinin adı isə Həşim olub. Onlar 1867-ci ildə dünyaya gəlib. Həşim dünyasını dəyişib, Bəşir isə ailə qurandan sonra rəhmətə gedən qardaşının adını öz övladına qoyub. Bunu incəliklə ona görə açıqlayıram ki, N.Əhmədli bilmədiyi bir işə baş qoşmaqla özünü tamamilə biabır etdiyini nəhayət ki, anlasın, başa düşsün. Erməni fitnəsinə uymasın!”

“Atam dünyaya gələndə adını Aşıq Ələsgər qoyub”

X.Ələsgərli deyir ki, şəcərələrini dəqiqliklə bilir:

“Aşıq Ələsgər 40 yaşında ailə qurub, onun 11 övladı dünyaya gəlib. 10-cu övladı mənim babam Aşıq Talıb olub. Aşıq Ələsgərin qardaşı Məşədi Saleh isə 45 yaşında ailə qurub. Məşədi Salehin böyük oğlu Aşıq Qurban olub. Aşıq Qurban dünyaya gələndə anası dünyasını dəyişib. Aşıq Qurban anasız böyüyüb. Məhz bu səbəbdən Aşıq Ələsgər ona həmişə diqqət ayırıb. Qurbanın atası Məşədi Saleh 30 il keçdikdən sonra 2-ci dəfə ailə qurub və bu evlilikdən Növrəs İman və Aşıq Musa dünyaya gəlib. N.Əhmədli belə dəqiq məlumatları bilmədiyi üçün hesab edib ki, saxta məlumatlarını ictimaiyyətə asanlıqla yeridə bilər. Hətta 1979-cu ildə dünyasını dəyişən babam Aşıq Talıbın doğum tarixini saxtalaşdırmaqdan belə çəkinməyib. Babam Aşıq Talıb onun təsəvvür etdiyi kimi, 1892-ci ildə deyil, əslində 1877-ci ildə anadan olub və 40 yaşında evlənib. Nənəm Zinyət Aşıq Ələsgərin kiçik qardaşı Xəlilin qızı olub. Babamla nənəm ailə quranda nənəmin 13 yaşı olub. Babam isə nənəmdən 27 yaş böyük olub. Bir neçə il uşaqları olmayıb. 1925-ci ildə isə atam İslam Ələsgərli dünyaya gəlib. Atam dünyaya gələndə adını Aşıq Ələsgər qoyub. Aşıq Ələsgərin atasının Alməmməd, Alməmmədin atasının adı isə Allahverdi olub. Haqverdi isə Alməmmədin qardaşı olub. Burda düşmən barmağı aydınca hiss olunur. Bütövlükdə türk dünyasında tanınmış bir ustad sənətkarın ailəsi ilə bağlı saxtakarlığa yol verməklə Göyçənin tarixini saxtalaşdırırlar. Bu məlumat isə hansısa formada saxtalaşdırılmış və təhrif olunmuş şəkidə N.Əhmədlinin əlinə keçib. Dəfələrlə tədqiqatçılar bizim ocağın qonağı olub, onlar Aşıq Talıb və ustadın şagirdi zodlu Aşıq Ağayarla dəfələrə görüşüb onlardan ustadla bağlı geniş və dəqiq məlumatlar toplayıblar. Adını çəkdiyim şəxslər və o cümlədən Göyçədə o dövrdə yaşayanlar ustad barədə müfəssəl məlumata malik idilər. Yadımdadır, mərhum şairlərimizdən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və onlardan öncə və sonra da ocağımızda qonaq olanlar olub və tədqiqat işlərini davam etdiriblər”.

“Nazir Əhmədli erməni saxtakarlığına o qədər aludə olub ki...”

X.Ələsgərli deyir ki, Nazir Əhmədli erməni saxtakarlığına o qədər aludə olub ki, ona ötürülən yalan informasiyanı mötəbər mənbə adı ilə çəkinmədən ictimaiyyətə sırımağa çalışıb: “Hələ üstəlik, hesab edir ki, ustadı görən canlı şahidlər həyatda olmadığı üçün o, Aşıq Ələsgərlə bağlı istədiyi fantaziyanı qura və ictimaiyyəti çaşdıra bilər. Amma xəbəri yoxdur ki, Aşıq Ələsgərin canlı şahidləri bu həyatda olmasalar da, onların hazırda hələ heç bir yerdə səslənməyən səs yazıları var. O səs yazılarında ustadın həyatı və yaradıcılığı ilə bağlı dəyərli məlumatlar öz əksini tapıb. Bu da bəlkə Allahdandır ki, həmin səs yazıları bu günümüzə qədər qorunub saxlanılır və bugünlərdə əsas hissələri ictimaiyyətə təqdim olunacaq. Onda görək, N.Əhmədli çulunu sudan çıxara biləcəkmi?

“Sən öz babanı N.Əhmədlinin kitabından sonra tanımısansa...”

Ümumiyyətlə, hələ də mənə çatmır ki, N.Əhmədlinin bu kitabına mötəbər bir mərkəzə rəhbərlik edən akademik Nizami Cəfərov və Folklor İnstitutunun əməkdaşı Əli Şamil necə elmi redaktorluq edib, necə rəy yazıblar? Onun bu saxtakarlığına necə şərik çıxıblar?"

X.Ələsgərli deyib ki, kitabın çapından sonra bu məsələni aydınlaşdırmaq üçün Əli Şamillə görüşüblər: “Ona iradımı bildirdim. Sual etdim ki, babalarımın həyatları haqqında məlumatların saxtalaşdırılmasına nə üçün yol vermisiniz. Axı mən babalarımın kim olduğunu yaxşı tanıyıram, yəqin siz də babalarınızı yaxşı tanıyarsınız. Onun cavabı çox qəribə oldu. Dedi ki, N.Əhmədlinin kitabı nəşr olunandan sonra öz babamı tanımışam. Bu sözdən sonra ”Sən öz babanı N.Əhmədlinin kitabından sonra tanımısansa, daha mənim sənə sözüm yoxdur", deyərək, ondan aralaşdım. Doğrusu, N.Əhmədlidən artıq hər şey gözləmək olar. Nə qədər mənəvi cəhətdən kasad olasan ki, bu qədər saxtakarlıq edəsən, ustadın həyat və yaradıcılığına həqarətlə yanaşasan, onun haqqında yazılanların uydurma olduğunu söyləyəsən, sonra da həyasızcasına deyəsən ki, Aşıq Ələsgərin nəsli mənə təşəkkür etsin. Bu, heç bir əxlaqa və heç bir mənəviyyata sığmır. Aşıq Ələsgər dövlətimiz və millətimiz tərəfindən qiymətini çoxdan alıb".

“Tülküsən, aslanla girmə savaşa”

X.Ələsgərli deyib ki, N.Əhmədli vaxtilə Dərələyəz mahalı haqda yazdığı kitaba görə daş-qalaq olunub: “Atası Surxayla birgə Dərələyəz mahalı ilə bağlı ”Yada düşənlər" adında bir kitab yazmışdı. Kitabı Dərələyəz mahalından olanların ciddi etirazına səbəb olmuşdu və kitabı yandırıb, ata-balanı daş-qalaq etmişdilər. Belə bir adamın Dədə Ələsgərin doğum tarixini təzədən “kəşf” etməsi əslində gözlənilən idi. Nazir Əhmədliyə ustadın aşağıdakı misralarını çatdırıram:

Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa,
Gəl yapışma gücün çatmayan daşa
Götürə bilməzsən, zora düşərsən.


“Məlumatları saxtalaşdırıb, kəndləri, yer-yurd adlarını, milli tərkibi belə təhrif edib”

Ümumiyyətlə, bu çap məhsulu başdan-başa saxtakarlıqlarla doludur. Təkcə Aşıq Ələsgərin deyil, onun ustadı Aşıq Alının, Ağ Aşıq Allahverdinin, Şair Məhəmmədhüseynin və digər ustadların həyatları haqqında məlumatları saxtalaşdırıb, kəndləri, yer-yurd adlarını, milli tərkibi belə təhrif edib".

X.Ələsgərli bildirib ki, mələk donuna girərək özünü Aşıq Ələsgərə sonsuz məhəbbəti olan bir şəxs kimi göstərən, əslində isə onun haqqında yazılanları uydurma adlandıran, böyük ustadın təvəllüd tarixini təhrif edən, indiyədək aparılan bütün araşdırmalara, eləcə də dövlət səviyyəsində keçirilən yubiley tədbirlərinə kölgə salan N.Əhmədlinin erməni mənbəyinə istinadlarla zəngin olan bu çap məhsulu üz qarasından başqa bir şey deyildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler