» » Azərbaycanın bəzi neft-qaz yataqları şübhə altında?

Azərbaycanın bəzi neft-qaz yataqları şübhə altında?

Bölmə: İqtisadiyyat, MANŞET
Azərbaycanın bəzi neft-qaz yataqları şübhə altında?Bir gün əvvəl Kreml sayca dördüncü Xəzər sammitinin tarixini elan edib və sahilyanı ölkələrin prezidentlərinin sentyabrın 29-da Həştərxanda görüşəcəklərini, Rusiya prezidenti Vladimir Putinin onlarla ayrı-ayrılıqda danışıqlarının nəzərdə tutulduğunu açıqlayıb.

Daha sonra Rusiya xarici işlər nazirinin müavini, Putinin MDB ölkələri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov rəsmi Moskvanın Xəzər təklifini elan edib.

Virtualaz.org saytı xəbər verir ki, İ.Bratçikov Rusiyanın Xəzərin milli sektorlara bölünməsinin əleyhinə olduğunu açıqlayıb. O bildirib ki, Rusiya Xəzərin sahildən 25 dəniz mili məsafədə milli zonalara ayrılmasına, qalan sahəsinin isə ümumi istifadəyə verilməsinə razılaşıb.

İ.Bratçikov Xəzərin milli sahilyanı zonalara bölünməsi təklifinin detallarını dəqiqləşdirməyib. Bu səbəbdən Xəzərin su səthinin, yaxud dibinin milli zonalara bölgüsündən söhbət getdiyi hələlik məlum deyil. Ola bilsin ki, söhbət Xəzərin həm şelfinin, həm akvatoriyasının milli zonalara bölünməsindən gedir.

Uzun illərdir ki, Xəzərin bölünməsi prinsipinə dair sahilyanı ölkələr arasında ziddiyyətlər hökm sürür və bu səbəbdən dənizin (yaxud gölün) statusuna dair konvensiyanın qəbulu mümkün olmur. Hal-hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.

“Kommersant” qəzetinin yazdığına görə, İqor Bratçikov xatırladıb ki, konvensiyanın işlənib hazırlanması artıq 18 ildir davam edir.

“Nəzərdə tuturuq ki, yaxın vaxtlarda bu konvensiya razılaşdırılacaq” - deyə diplomat əlavə edib.

İ.Bratçikovun çıxışından məlum olub ki, Həştərxan sammitində bu baş verməyəcək: “Lakin bu sammitdə finiş xəttinə çıxmağa imkan verən iri addım atılacaq”.

Qeyd edək ki, Xəzərin dibinin milli sektorlara bölünməsinə dair artıq Azərbaycan, Rusiya və Qazaxıstan arasında ikitərəfli dövlətlərarası müqavilələr var. Bu müqavilələr milli parlamentlərdə ratifikasiya olunub və qüvvədədir. Lakin İran bu bölgü prinsipini qəbul etmir, Xəzərin sahilyanı ölkələr arasında beş bərabər hissəyə bölünməsində israr edir.

Türkmənistan isə sektorların ölçüsünün hesablanması prinsipi ilə razılaşmır və hesab edir ki, Xəzərin Azərbaycan sektorunun bir hissəsi, habelə Rusiya sektorunun bir hissəsi ona aid olmalıdır.

Həmçinin Xəzərin dibindən neft-qaz boru kəmərlərinin çəkilməsi məsələsində sahilyanı ölkələr arasında razılaşma yoxdur. Rusiya israr edir ki, bu cür layihələr bütün sahilyanı ölkələrlə razılaşdırılmalıdır. Azərbaycan və Qazaxıstan hesab edir ki, buna ehtiyac yoxdur və hər ölkə öz milli sektorunda bu kimi layihələr həyata keçirə bilər.

Problemli məsələlərdən biri də Xəzərdə hərbi iştirakdır. Rusiya və İran durmadan Xəzərdə hərbi qüvvələrini gücləndirir, qalan sahilyanı ölkələr isə bundan narahat olaraq öz donanmalarını yeni silahlarla, gəmilərlə təchiz edir.

İndi Rusiyanın Həştərxan sammiti ərəfəsində elan etdiyi bölgü prinsipi vəziyyəti kökündən dəyişir. Belə çıxır ki, Xəzərin dibinin sektorlara bölgüsünə dair Azərbaycan, Qazaxıstan və Rusiyanın arasında imzalanmış müqavilələrə də yenidən baxılması məsələsi gündəmə gələcək.

Rusiyanın təklif etdiyi prinsipə əsasən Xəzər sahildən 25 dəniz mili, yaxud 45 kilometr məsafədə milli zonalara ayrılsa və qalan ərazilər ümumi istifadədə olsa, o zaman Azərbaycanın bir sıra offşor neft-qaz yataqlarının taleyi də şübhə altına düşə bilər.

Xəzərin sahildən 24-25 mil məsafədə milli zonalara bölünməsi məsələsi 2010-cu ildə keçirilən Bakı sammitində müzakirə olunub, prezidentlər bu məsələ ilə bağlı müvafiq təkliflərin işlənib hazırlanması üçün işçi qruplarına tapşırıq veriblər. İndi Xəzərin milli sektorlara bölünməsi ilə milli zonalara ayrılmasının arasında nə kimi fərq yaranacağını dəqiqləşdirmək, Azərbaycanın bu halda Xəzərdəki milli sektorunun ölçülərinin necə dəyişə biləcəyini aydınlaşdırmaq gərəkdir.

Virtualaz.org bu məsələ ilə bağlı Azərbaycan XİN-in Xəzər tematikası ilə məşğul olan diplomatlarının mövqeyini öyrənməyə çalışır.

F.Məmmədov

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler