» » Mərkəzi Bank 7.5 milyardlıq transferi hərraclara çıxarmayacaq

Mərkəzi Bank 7.5 milyardlıq transferi hərraclara çıxarmayacaq

Bölmə: İqtisadiyyat
Mərkəzi Bank 7.5 milyardlıq transferi hərraclara çıxarmayacaq
“Psixoloji üstünlük manata tərəfdədir”

“ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmasına baxmayaraq manat yenidən dəyər qazanmaqdadır. Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi demək olar, artırmadı”.

Xalqinfo.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov öz şərhində bildirib.

V.Bayramov qeyd edib ki, martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir:

“Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqeyi də dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manata çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir.Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Təbii ki, manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır”.

Manatın məzənnəsi necə dəyişə bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər?

İqtisadçı deyib ki, gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq:

“Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman növbəti aylarda da Beynəlxalq Bank da hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyli asan olacaq. Çünki bu hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə, o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkündür. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək. Belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq”.
Ekspert eyni zamanda bildirib ki, liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib:

“Oxşar təcrübə bizdə də təkrarlanarsa, o zaman 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olmaq mümkündür. Bu milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Məhz Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Çünki məhz bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı isə manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır”.

Bəs, hansı halda dollar yenidən möhkəmlənə bilər?

V.Bayramovun sözlərinə görə, dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər:
“Yəni, əgər Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri artarsa və eləcə də, Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa, bu yenidən dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil.
Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq manatın yenidən ucuzlaşmasının qarşıının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hal-hazırda psixoloji üstünlük manatın tərəfindədir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler