» » Odlar yurdunun 100 milyon tonluq sərvəti

Odlar yurdunun 100 milyon tonluq sərvəti

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Odlar yurdunun 100 milyon tonluq sərvəti"Daşkəsən qrupu yataqlarında isbat edilmiş 270 milyon ton filiz ehtiyatı var. Filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir. Bu da 100 milyon ton dəmir ehtiyatımızın olduğu deməkdir. Çıxarılma nisbətini və ehtiyatların təbii artım əmsalını nəzərə almaqla, ölkənin 80-100 illik dəmir ehtiyatı mövcuddur".

Xalqinfo.az bildirir ki,bunu ANS PRESS-ə açıqlamasında “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC İctimaiyyətlə Əlaqələr Departamenti direktoru Elxan Şahverdiyev söyləyib. Qurum rəsmisinin fikrincə Azərbaycan qısa müddət ərzində polad məhsulları idxal edən ölkədən ixracatçı ölkəyə çeviriləcək:

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin (ASPC) fəaliyyət istiqamətləri ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş əsas vəzifəyə uyğun olaraq növbəti strateji dövrdə fəaliyyəti iki əsas istiqamətdə formalaşıb: Daşkəsən Filizsaflaşdırma Kombinatının fəaliyətinin səmərəliliyini təmin edərək istehsal olunan dəmir filizinin keyfiyyətinin və həcminin artırılması; Gəncə şəhəri ərazisində Polad İstehsalı Kompleksinin yaradılması.

ASPC qısa vaxt ərzində sturuktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də təxirəsalınmaz tədbirlər görmüş yeni texnika və avadanlıqlar alaraq fasiləsiz istehsalatı təmin etmişdir, istehsalat avadanlıqlarının əsaslı yenilənməsinə başlanıb. Kombinatda aparılmış yenidənqurma işləri nəticəsində həm istehsal həcmi yüksəlmiş, həm də dəmir filizi konsentaratının keyfiyyəti tarixində ilk dəfə olaraq 65 faizə yüksəldilib.

Hazırda kombinatın istehsal gücü illik 350 min tondur. İstehsalın həcmi mərhələli şəkildə aparılmaqla ilin sonuna qədər 750 min tona çatdırılması planlanır. 2018-ci ildə isə Polad İstehsalı Kompleksi zavodlarının tikintisi başa catdıqda lazım olan 1,7 milyon ton dəmir filizi konsentratı istehsalı hədəflənir.

Hazırda istehsal olunan məhsulun daxili bazarda satışı, habelə xarici ölkələrə ixracatı həyata keçirilir. Qeyd etmək lazımdır ki, 2014-cü ildən başlayaraq dəmir filizi məhsulunun dünya bazarındakı qiymətləri 2.5 dəfə aşağı düşmüşdür. Lakin ASPC-nin həyata keçirdiyi effektiv marketinq siyasəti nəticəsində satışların həcmi artırılmış, satış qiymətləri əvvəlki illərə nisbətən 6% yüksək olub".

Elxan Şahverdiyev bildirib ki, ölkədə polad istehsalı kompleksinin yaradılması məqsədilə Gəncə şəhəri ərazisində 140 ha ərazi ASPC-nin sərəncamına verilib. Ötən müddət ərzində ölkənin polad məhsulları bazarı öyrənilib, daxili tələb ölçülüb, istehsal meyarları müəyyən olunub:

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən ölkəmizə illik orta hesabla 1.2-1.3 mlrd. dollar həcmində polad və polad məhsulları idxal olunur. Gəncə şəhərində yaradılacaq Polad İstehsal Kompleksinin ən qabaqcıl standarlara uyğun qurulması, yüksək avtomatlaşma səviyyəsi ilə və ən yeni texnoloji avadanlıqlarla təchiz olunması nəzərdə tutulur. Qeyd edək ki, zavodlarda bütün avadanlıqların Yaponiya və Avropa istehsalı olması planlaşdırılır. İllik 1.5 mln.ton istehsal gücü olan zavodlarda hazırlanan polad məhsulları yüksək keyfiyyət standartlarına uyğun olacaq və ilkin mərhələdə daxili bazarın müxtəlif seqmentlərinin (tikinti, gəmiqayırma, neft-qaz, müdafiə sənayesi və s.) tələblərini tam ödənməsinə istiqamətləndiriləcək. İstehsal olunacaq məhsulların çeşidliliyi və rəqbətə davamlı olması onların daxili bazarla yanaşı xarici bazarlara da çıxışını təmin edəcək. Beləliklə, Azərbaycanın qısa müddət ərzində polad məhsulları idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi nəzərdə tutulur".

“Azərbaycan Polad İstehsalı Kompleksi” qeyd edir ki, ötən müddət ərzində Kompleksdə qurulacaq “Dənəvər Zavodunun”, “Birbaşa Reduksiya Zavodunun”, “Polad və polad məhsulları istehsalı Zavodunun” mühəndis layihəsinin, istehsalat prosesi üçün zəruri olan yan istehsalat zavodlarının mühəndis layihəsinin hazırlanması, Kompleksin qurulmasının hər bir mərhələsinə müəllif və texniki nəzarətin təşkili, texniki tapşırıq sənədlərinin hazırlanması prosesində iştirak edən Baş Layihəçi şirkəti ilə ilkin razılaşma əldə olunub. Bununla yanaşı SMS Group (Almaniya), Primetals (Yaponiya-Avstriya), Kobe Steel (Yaponiya), Nippon Steel (Yaponiya), Midrex (ABŞ) və metallurgiya sahəsində tanınmış digər bir sıra şirkətlərdən texniki təkliflər alınmışdır, geniş müzakirələr aparılıb.

Azərbaycanın dəmir filizi, təbii qaz, elektrik enerjisi ilə zəngin olması ölkədə polad və polad məhsullarınin istehsalı üçün münbit şərait yaradır. Qurulacaq Kompleksdə Yaponiya, Almaniya, ABŞ kimi dövlətlərin ən qabaqcıl metallurgiya texnologiyalarının istifadə edilməsi regionda və dünyada ən keyfiyyətli poladın istehsal olunacağına əsas verir. Eyni zamanda məhsulun maya dəyərinin Türkiyə və Gürcüstan ilə müqayisədə daha ucuz olacağı da şübhə doğurmur. Bundan başqa, istehsal olunan məhsulun satış qiymətləri Rusiya və Ukraynadan ölkəmizə idxal edilən polad məhsullarından da daha ucuz olacağı da birmənalıdır. Cənab Prezidentin uzaqgörən siyasəti ilə inşası tamamlanmaq üzrə oln Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, Gürcüstan və Türkiyənin şərq bölgəsini bizim ixrac bazarımız halına gətirir".

Qeyd edək ki, xarici və yerli mütəxəssislərlə birgə hazırlanmış Texniki-İqtisadi Əsaslandırma layihəyə cəlb olunacaq cəmi investisiyaların ən konservativ proqnozlarda belə 4 il ərzində tam ödəniləcəyini göstərir. Bu isə yaxın gələcəkdə ölkəyə qeyri-neft sektorundan iri həcmli valyuta gəlirlərinin təmin olunması, habelə idxal-əvəzləyici siyasət nəticəsində ölkənin yüksək keyfiyyətli polad məhsulları ilə özünü tam təmin etməsi deməkdir.

Polad istehsalı kompleksinin inşası və fəaliyyətə başlaması iqtsadi səmərə ilə yanaşı, regionda sosial vəziyyətin daha da yaxşılaşmasına səbəb olacaq. Belə ki, ümumilikdə 5000-ə yaxın insan işlə təmin olunacaq, bundan 2500-2700 nəfər daimi işlə təmin ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler