» » Manatla alınan kreditlərə qarşı təhlükə...

Manatla alınan kreditlərə qarşı təhlükə...

Bölmə: İqtisadiyyat
Manatla alınan kreditlərə qarşı təhlükə...
Banklar keçmiş kreditlərin faizlərini artıra bilər, müqavilə şərtlərinə yenidən baxılma ehtimalı var

Mərkəzi Bankın qəfil qərarla milli valyuta olan manatın məzənnəsini ucuzlaşdırması milyonlarla manat kreditin də taleyindən narahatlıq yaradıb.

Vətəndaşlar narahatdır, dollarla götürülən kreditlərin yaratdığı problem bir yana, manatla götürülən kreditlərin aqibəti necə olacaq? Bu mərhələdə itirən banklar müqavilənin şərtlərini dəyişə bilərmi?

Bəzi ekspertlər bankların bu vəziyyətdən də öz xeyirlərinə çıxmaq üçün müxtəlif variantlara əl atacağından narahatdır. Müraciət etdiyimiz ekspertlər isə məsələyə iki fərqli istiqamətdən şərh verib.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, indiki situasiyada manatla götürülən kreditlərə görə ən çox uduzan banklar olub: “Xarici valyuta, xüsusən dollarla götürülən kreditlərdə isə vətəndaşlar uduzdu. Məsələn, Rusiyada oxşar situasiya yarandı. Situasiya ondan ibarət idi ki, Rusiya rublu dollara münasibətdə iki dəfəyə qədər ucuzlaşdı. İnsanların rublla kredit götürməsi ilə bağlı problem olmadı, krediti qaytarması üçün əlverişli imkan yarandı. O insanlar ki, krediti xarici valyuta ilə götürmüşdülər, onlar çox böyük əziyyət çəkməyə başladılar. Ona görə də, banklar qərar qəbul etdilər ki, xarici valyuta ilə götürülən kreditlərin müddəti uzadılsın. Tutaq ki, müddəti uzatmaqla aylıq ödənişin həcmini azaltdılar. Belə bir güzəşt tətbiq etməyə başladılar. Bizdə təbii ki, yenə zərbə daha çox dollarla kredit götürən vətəndaşlara dəyəcək. Manatla götürülən kreditlərdə vətəndaşların ödəmək imkanları müəyyən qədər asanlaşacaq. Ümumiyyətlə, o insanlar ki, maaşları xarici valyutaya bağlıdır, onlara krediti ödəmək asan olacaq. Xarici şirkətlərdə işləyən insanların maaşı manatla verilsə də, tarifi dollarladır. Manatla ödənilən kreditlərdə ən çox da itki banklara olacaq. Banklar daha çox uduzacaq, nəinki vətəndaşlar... İnsanların isə ödəmə imkanları nisbətən yaxşılaşacaq. Ancaq böyük ehtimal var ki, banklar kreditlər üzrə faizləri artıra bilər. Söhbət yeni kreditlərdən getmir. Onlar onsuz da artırılacaq. Söhbət keçmişdə bağlanmış müqavilələrdən gedir. Ola bilsin ki, artıq bağlanmış müqavilələrə yenidən baxsınlar. Müqavilələrdə adətən, belə bir bölmə olur ki, gələcəkdə şərtlərdən və şəraitdən asılı olaraq, faizlərə yenidən baxıla bilər. Əgər banklar müqaviləyə belə bir şərt salıblarsa, faizlərə yenidən baxıla bilər. Bu kimi məsələlərdə Mərkəzi Bank diqqətli olmalıdır”.

Hüquqşünas Müzəffər Baxış isə bildirir ki, banklar müqavilənin şərtlərini birtərəfli qaydada dəyişə, yaxud ləğv edə bilməzlər: “Müqavilədə iki tərəf olduğundan, bank təkbaşına müqavilənin şərtlərini dəyişə bilməz. Tərəflərin hər biri müqaviləni imzalayır. Müqavilənin şərtlərini bank birtərəfli qaydada dəyişə bilməz. Amma bankların birtərəfli qaydada müqavilədə dəyişiklik etmək səlahiyyəti yoxdur. Hər bir halda müqavilə tərəflərin razılığı ilə dəyişdirilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə dəyişdikdə, bu, məhkəmə qaydasında olmalıdır. Məsələn, bank məhkəməyə müraciət etməlidir, həmin dəyişikliyin zəruriliyi sübut olunmalıdır. Bundan sonra məhkəmə qaydasında hər hansı bir dəyişiklik edilə bilər”.

Hüquqşünas həmçinin qeyd edir ki, müqavilələrlə bağlı başqa bir problem aktualdır və tezliklə məhkəmələrdə bu mövzuda iddialar çox ola bilər: “Müqavilələrlə bağlı başqa bir məqam da var. Bu, yəqin ki, çox ciddi problem yaradacaq. Hətta Konstitusiya Məhkəməsi bu məsələnin şərhi ilə məşğul olacaq. Çünki qüvvədə olan Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, kreditin ödəniş müddəti çatanadək pul vahidinin dəyəri, yəni məzənnə artmış və ya azalmışsa, və ya valyuta dəyişmişsə, borclu ödənişi əvvəlki məzənnədə və yaxud müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə, o valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Əgər burada dollarla bağlı məsələ odur ki, hansı kreditlər dollarla, avro ilə verilibsə, onların ödənilməsi ilə bağlı müştərilərlə banklar arasında müəyyən problem yaranacaq. Mübahisələr yarana bilər. Mən düşünürəm ki, mübahisələr məhkəmələrə gedəcək. Məhkəmələr də məcbur olacaq ki, bu maddənin şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət etsin. Çünki artıq dollarda məzənnə dəyişib. Manat daha çox ucuzlaşıb. Bununla bağlı problem yarana bilər. İnsanlar öz müqavilələrinə baxsınlar. Müqavilədə o şərtlər göstərilməyibsə, onlar artıq dolların köhnə məzənnəsi ilə kredit ödəyəcəklər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler