» » Ramzan Kadırovun Qarabağ unutqanlığı

Ramzan Kadırovun Qarabağ unutqanlığı

Bölmə: GÜNDƏM
Ramzan Kadırovun Qarabağ unutqanlığı
Elçin Mirzəbəyli: “O, Qarabağ, erməni işğalı və terroru haqqında danışsaydı, bu, təəccüblü görünərdi”; Əhəd Məmmədli: “Kadırov heç vaxt Azərbaycan xalqının dostu olmayıb”

Çeçenistan prezidenti Ramzan Kadırov son müsahibəsində Qərbə meydan oxuyub. İsveçrəli tarixçi Daniel Qanserin mühazirəsindən sitatlar gətirən çeçenlərin rəhbəri Qərbi terror təşkilatlarını yaratmaqda, onları maliyyələşdirməkdə və İslam ölkələrinə təcavüz etməkdə ittiham edib.

“İslam dünyası ölkələrinin ərazisində - ABŞ-ın müharibə apardığı ərazilərdə- Amerika hərbçisini öldürsələr, onlar bunu müsəlman terroru kimi təqdim edəcəklər. Hansı ki, nə ABŞ-ı, nə də Avroittifaq ölkələrini heç kim İslam dövlətlərinin ərazisinə çağırmayıb, dəvət etməyib”. Kadırovun fikirlərində ən çox diqqətçəkən bir məqam var. Belə ki, İslam ölkələrinə Qərbin hücumlarından danışan çeçen rəhbəri Dağlıq Qarabağ probleminə, ümumiyyətlə, toxunmayıb. Rusiyanın əlaltısı olan Kadırov sanki Azərbaycan torpaqlarının rusların dəstəyi ilə ermənilər tərəfindən işğalını və hələ də işğal altında qaldığını unudub.

Politoloq Elçin Mirzəbəyli Kadırovun daim Kremlin mövqeyini ifadə edən bu cür açıqlamalar verdiyini qeyd etdi: “Ramzan Kadırov mütəmadi olaraq Rusiya-Qərb münasibətləri ilə bağlı çıxışlar edir, rəsmi Moskvanın mövqeyini özünəməxsus formada, yonulmamış, ütülənməmiş şəkildə təqdim edir. Şübhəsiz ki, Kadırov özbaşına bəyanatlar vermir, Kremldən ötürülmüş tezisləri təkrar edir. Bu, Kremlə Rusiyanın müsəlman əhalisinin mövqeyi, Kadırova isə özünü qorumaq üçün lazımdır. Kadırov çeçen xalqının yox, Moskvanın mövqeyini ifadə edir. Bu baxımdan, onun Qarabağla bağlı mövqe sərgiləyəcəyini gözləmək sadəlövhlük olardı. Kadırov Rusiyadan və onun indiki lideri Vladimir Putindən asılıdır. Onun siyasi ömrü Putin hakimiyyətinin ömrü qədərdir. Bu adam hansısa ideoloji dəyərlərin daşıyıcısı deyil, maraq adamıdır. Buna görə də əgər Qarabağ, erməni işğalı və terroru haqda danışsaydı, bu təəccüblü görünərdi. Kadırov müsəlman ölkələrinin təəssübkeşi deyil. Əsla! O, sadəcə, Kremlin müsəlman ölkələrinə və İslama yönəlik siyasətinin elementlərindən biridir”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli çeçen rəhbərini milli satqın adlandırdı: “Kadırov həmişə Rusiyanı müdafiə edib. O, İslam pərdəsi altında gizlənən milli satqındır. O yaxşı bilir ki, sabah Putin Rusiyası olmadan, Kadırov kimilər də olmayacaq. Post-Putin Rusiyası özü Kadırovu çeçen xalqına təhvil verəcək. İndi Ramazan oldu-olmadı, Rusiyanı müdafiə edir, Qərbin ünvanına olmayan sözlər deyir. Kadırovun bir çıxış yolu da var, Moskva ona subsidiyaları ödəmiyəndən sonra Putindən sonrakı dövrdə məhz belə də olacaq, yenidən silahı alıb dağlara çıxıb, vaxtında atası kimi Rusiyaya cihad elan etmək. Yəni Kadırovun Rusiya sevgisinə heç də aldanmayın. Bu sevgi Moskvadan pul kəsilənə və yaxud Putinin hakimiyyətdən getməsinə qədərdir. Kadırovun dediyində həqiqətlər var. Lakin eyni cür də Çeçenistanda Rusiya hərəkət edirdi. Rusiya ona qarşı azadlığı uğrunda mübarizə aparan müsəlman çeçenləri terrorçu adlandırdı. Amma nəsə Kadırov bu haqda susur. Çünki o vaxtı Çeçenistanın müftisi olan atası Əhməd Kadırovu ruslar ”verbovka" edib pulla aldılar. Və ancaq beləliklə çeçen xalqını içdən parçalayaraq müvəqqəti də olsa Rusiya Çeçenistanda hədəflərinə çatdı. Kremlin marioneti heç vaxt Qarabağla bağlı ədalətli, yəni Azərbaycanın mövqeyini sərgiləməz. Var-dövlətə, mövqeyə, hakimiyyətə görə öz xalqının azadlığını satandan başqa xalqlara qarşı səmimiyyət gözləməyin. Kadırov heç vaxt Azərbaycan xalqının dostu olmayıb. Onun bir dostu var, o da Rusiya prezidenti Vladimir Putindir. Rusiya da son 200 il Azərbaycan türklərinin ən böyük düşmənidir. Düşmənimizin dostundan bizə dost olmaz. Nökər sahibindən qorxar, sahibinin icazəsindən kənar heç nə söyləməz. Doğma müsəlman məmləkəti Çeçenistanı var-dövlətə satandan müsəlman təəssübkeşi çıxmaz. Kadırov, sadəcə, Putinə yaltaqlanır. Özünü elə göstərmək istəyir ki, guya müsəlman ölkələrinə canı yanır. Əslində isə Kreml söyləyə bilmədiklərini Jirinovski, Kadırov kimi təlxəklər, milli satqınların dili ilə söyləyir. Kadırov kimilərinin niyyəti heç də müsəlman ölkələrini müdafiə etmək deyil, məqsəd Putinin tapşırığını yerinə yetirib Qərbi hədəfə almaqdır".(musavat.com)


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler