» » Bəşər Əsədi kim və necə qorudu?

Bəşər Əsədi kim və necə qorudu?

Bölmə: Dünya
Bəşər Əsədi kim və necə qorudu?
Suriya liderini məğlubiyyətdən xilas edən faktorlar

Suriya prezidenti Bəşər Əsəd ölkəsində 6 ildir davam edən münaqişə ilə bağlı mühüm açıqlamalarla çıxış edib. Dəməşqdə Suriya XİN diplomatları qarşısında çıxış edən Suriya lideri savaşın başa çatmaqda olduğunu, dövlət üçün təhlükənin aradan qalxdığını deyib.

Suriya lideri ənənəvi çıxışlarında olduğu kimi, Suriyada müharibənin ölkənin müstəqil siyasətini istəməyən, Suriyanı və bütövlükdə Yaxın Şərqi ələ keçirmək istəyən güclərin planı olduğunu deyib. B.Əsəd savaşda qalib gəldiklərini, ancaq bunun qələbə anlamına gəlmədiyini, müharibənin hələ uzun illər davam edəcəyini bildirib. Suriyanın bu müharibədə ağır itkilər verdiyini deyən Əsəd xarici ölkələr tərəfindən dəstəklənən terrora qarşı savaşdaıqlarını bildirib. Eyni zamanda o, Qərbə inanmasalar da, münaqişənin həlli ilə bağlı bütün təklif və planları müzakirə etməyə hazır olduqlarını deyib.

Bəşər Əsədi kim və necə qorudu?

B.Əsəd Suriyanın bu illər ərzində xarici aləmlə əlaqələrinin qopmadığını, müxtəlif dövlətlərlə əlaqələrinin davam etdiyini bildirib.

Qeyd edək ki, Bəşər Əsədin çıxışı Suriyada gərgin döyüşlərin davam etdiyi bir vaxtda yayılıb. Ancaq Suriya liderinin haqlı olduğunu göstərən bir sıra faktlar da yox deyil. Məsələn, 6 ildən sonra ilk dəfə olaraq Qətərin “əl-Cəzirə” telekanalı Əsədin çıxışını canlı yayınla efirə verib. Və bu zaman Bəşər Əsəd haqqında “Suriya prezidenti” deyilib, halbuki ötən aylara qədər bu ifadə “rejim başçısı” olaraq keçirdi. Bundan başqa, döyüşlər davam etsə də, sahədəki vəziyyət hətta bir həftə əvvəlki ilə müqayisədə belə Suriya hakimiyyətinin xeyrinədir. 2012-ci ildə əlində sadəcə Dəməşqin mərkəzi və bir də şimal-qərb əyalətləri olan Laziqiyyə və Tartus şəhərləri (Əsədlərin vətəni - K.R) qalan B.Əsəd hazırda Suriya ərazisinin 40 faizdən çoxuna nəzarət edir. Üstəlik, Dəməşq, Hələb, Hama, Hums, Deyr əz-Zor, Laziqiyyə. Tartur və digər böyük şəhərlər hökumətin nəzarətindədir.

Əgər anlaşmaya uyğun fəaliyyət davam edəcəksə. O zaman şimal-şərqdə ABŞ ordusu və kürdlər İŞİD-i, şimalda isə Rusiya, İran və Türkiyə əl-Qaidə ilə bağlı silahlı terror qruplarını məhv etməsi üçün Suriya ordusuna yardım edir. Terror qrupları sıradan çıxarıldıqdan sonra faktiki olaraq regional güc olan kürdlər istisna olmaqla, ölkə ərazilərinin əksər hissəsində də Suriya ordusu söz sahibi olacaq.

Ancaq bu hələ münaqişənin başa çatması anlamına gəlmir. Çünki Suriyanın daxilində böyük sahədə yayılmış müxalif silahlılar var. Digər tərəfdən, şimalda Türkiyənin himayə elədiyi müxalif qruplara, cənubda isə İsraillə həmsərhəd bölgələrdə yerləşən müxalif qruplara. O cümlədən İŞİD silahlı qruplarına Suriya ordusunun əli çatmayacaq. Bundan başqa, ölkə boyu yaşayış məntəqələrinə yayılmış silahlıları tamamən zərərsizləşdirmək hələ uzun illər tələb edəcək. Ancaq istənilən halda indi Suriya hakimiyyətinin vəziyyəti 5 il və ya 1 il əvvəlki ilə müqayisə olunmayacaq qədər daha yaxşıdır.

Qeyd edək ki, Bəşər Əsədin Suriyada iqtidarını qoruyub saxlamasının bir neçə mühüm səbəbləri oldu. Onlardan biri də məhz bu ölkədə hökumətə qarşı radikal silahlı terror qruplarının cəlb olunması oldu. Hökumətə qarşı etirazların tezliklə silahlı münaqişəyə çevrilməsi Bəşər Əsədi hazırlıqsız yaxaladı. Suriyanın böyük şəhərləri 2 ilin içərisində müxaliflərin əlinə keçdi. Bəşər Əsədin əlində yalnız Dəməşq və ata yurdu, nusayrilərin kompakt yaşadığı Tartus və Laiziyyə şəhərləri qalmışdı. Ancaq tezliklə müharibənin dini “rəng” alması, ardınca Livandan Hizbullah və İran dəstəkli silahlı qrupların münaqişəyə qarışması B.Əsədi xilas etmiş oldu. 2013-cü ilin yayında əsasən radikal silahlı qruplar Dəməşqin mərkəzini minaatanlarla atəşə tuturdu. Ancaq ilk dəfə Hizbullah Livan-Suriya sərhədindəki Quseyr şəhərinə hücum edərək "əl-Qaidə"dən azad etdi. Bununla da Suriyada savaş artıq Suriya hakimiyyəti və silahlı müxaliflər arasında deyil. Suriya hakimiyyəti, Hizbullah, İran, Rusiya və onlara qarşı yerli müxaliflər, "əl-Qaidə" (daha sonra İŞİD - K.R.) və digər radikal dinçi qruplar, eləcə də onları dəstəkləyən Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, İordaniya, Türkiyə, ABŞ və digər müttəfiq ölkələr koalisiyası savaşırdı.

Üstəlik, xarici ölkələrdən silahlıların Suriya savaşına qoşulması və eləcə də radikal qrupların hərəkətləri, tezliklə meydana çıxan İŞİD-in qəddarlıqları tam olmasa da, tədricən Əsədə dəstəyin artmasına səbəb oldu. 2015-ci ilin payızında isə Rusiya birbaşa hərbi əməliyyatlara qatılaraq İŞİD-i və bütün islamçı silahlı qrupları hədəfə almağa başladı. Bir il sonra Hələb şəhərinin azad edilməsi ilə Bəşər Əsəd faktiki olaraq ölkədə 4 silahlı güc - Suriya hökuməti, İŞİD, kürdlər və müxaliflər (fərqli qruplardan təşkil olunmuş) - arasında ən çox əraziyə və əhaliyə nəzarət edirdi. Hazırda hər keçən gün bu hökumətin nəzarət etdiyi ərazi böyüyür. Kürd mövzusunda Türkiyə və ABŞ arasında fikir ayrılığı, Qətər və körfəz ölkələrinin bir-biri ilə düşmən olması son bir ildə Suriya hakimiyyətinin əlini və mövqelərini xeyli dərəcədə gücləndirdi.

Ancaq savaşın bitdiyini demək tezdir, yuxarıda qeyd etdiyimiz kimi, savaşın tamamilə başa çatması, ölkə üzərində legitimliyin bərqərar olması uzun zaman tələb edəcək. Lakin bu gün baxdıqda Bəşər Əsəd yerini qoruyub saxlaya bilib.(musavat.com)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler