» » Milli Məclisə kimlər sədrlik edib? -

Milli Məclisə kimlər sədrlik edib? - 8 spikerin 8 taleyi...

Bölmə: BLOK XƏBƏR
Milli Məclisə kimlər sədrlik edib? -





Bu gün – 10 mart 2020-ci il tarixində Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. İclasda Milli Məclisin yeni rəhbərliyi seçildi.

Yeni Azərbaycan Partiyasının üzvü Sahibə Qafarova 116 səs alaraq Azərbaycan parlamentinin yeni sədri oldu.



Azərbaycan müstəqillik dövrünün parlamenti bir sıra gur siyasi hadisələrin fonunda formalaşıb. 90-cı illərin əvvələrindən SSRİ-nin dağılması ilə nəticələnən milli azadlıq hərəkatının təsiri parlamentin formalaşmasına da ciddi təsir göstərib. Bu illərdə parlamentin rəhbərliyində olan şəxslər proseslərin mərkəzində olublar.


Modern.az saytı müstəqil Azərbaycan parlamentinin sədrlərini sizə təqdim edir.
Azərbaycan Ali Sovetinə 1989-1992-ci illərdə Elmira Qafarova rəhbərlik edib.
Sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin 1-ci sədri Elmira Qafarovanın doğum günüdür.

Elmira Mikayıl qızı Qafarova 1934-cü ildə Bakıda anadan olub. Bakı şəhərindəki 23 nömrəli orta məktəbdə təhsil alıb.1958-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyub. 1961-ci ildə Elmira Qafarova dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1961-1970-ci illərdə Azərbaycan KP MK-nın təlimatçısı, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı MK-nın katibi və birinci katibi vəzifələrində çalışıb. 1970-1980-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdir müavini, Bakı Şəhər Partiya Komitəsinin katibi işləyib. Elmira Qafarova 1980-ci ildə xalq maarifi naziri təyin edilib, 3 il bu vəzifədə çalışıb.

Maarif naziri olduğu müddətdə E.Qafarova orta məktəbi bitirənlərin qızıl, gümüş medalla təltif edilməsi adi məsələsini xeyli sərtləşdirib, bu işə nəzarəti gücləndirib. Eləcə də qəbul olunmuş qərara əsasən uşaqlar valideynlərinin müəllim işlədiyi məktəblərdə təhsil ala bilməzdilər.
Elmira Qafarovanın dövründə xarici ölkələrlə təhsil sahəsindəki əlaqələr də xeyli canlanıb. Xaricdə işləməyə gedən azərbaycanlı gənclərin sayı artıb.
O, qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə də müsbət yanaşırdı. Həmin illərdə Sabirabad, Balakən, Yevlax, Səbail, Nərimanov, Xaçmaz, Naftalan və başqa rayonlarda xalq maarifi şöbələrinə qadınlar müdir təyin olunmuşdu.

1983-cü ildə Azərbaycanın xarici işlər naziri təyin edilən Elmira Qafarova 4 ilə yaxın bu vəzifədə çalışıb. Xarici işlər naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində işlər görüb, həmçinin bir sıra beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak edib.

1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb, humanitar sahələrə - elm, mədəniyyət, maarif işinə rəhbərlik edib.

SSRİ Ali Sovetinin və bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Dağlıq Qarabağ hadisələrinin regionda ciddi ziddiyyətlər doğurduğu bir zamanda - 1989-1990-cu illərdə Elmira Qafarova Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri işləyib.
Bu qurumun adı dəyişdiriləndən sonra isə Respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb. Elmira Qafarova 18 dekabr 1991-ci il tarixindən 28 fevral 1992-ci ilədək müstəqil Azərbaycan Respublikası Ali Sovetinin sədri olub.

Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə - erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış edib və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa nail olub. Həmin bəyanatda deyilirdi: "SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür".

Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırıb və ona başçılıq edib. Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə "SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul edib.

E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

E.Qafarova SSRİ-nin bir sıra orden və medalları, o cümlədən iki dəfə "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdi.

Elmira Qafarovanın iki oğlu olub. Oğlanlarından biri dünyasını dəyişib, digərinin sağ olduğu bildirilir...

Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.


Azərbyacan Milli Məclisinə sədrlik edən ikinci şəxs Yaqub Məmmədov olub. Tibb elmləri doktoru, professor Məmmədov Yaqub Cavad oğlu Azərbaycan parlamentinin böhranlı vaxtlarında rəhbərliyə gəlib. 1992-ci il Xocalı hadisələrindən sonra istefa verən Ayaz Mütəllibovun ardınca Elmira Qafaraova da postunu tərk edib.
Bundan sonra deputatların ortaq rəyi əsasında deputat Yaqub Məmmədov Azərbaycan Milli Məclisinin sədri seçilib. Onun rəhbərliyi ilə Qarabağla bağlı İranın vasitəçiliyi ilə Ermənistanla aparılan danışıqlar aparılır və iflasa uğrayır. Mayın 8 –də ermənilər Şuşanı, mayın 18-də Laçını işqal edirlər. 1992-ci ildə may hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə əlaqadar o Milli Məclisin sədrliyindən istefa verib.

Tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub. 1966-ci ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyur. "Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür.
Nüfuzlu beynəlxalq tibb cəmiyyətlərinin üzvü, yüzlərlə elmi əsərin müəllifi, Azərbaycan Respublikasının Əməkdar həkimi, Əməkdar elm xadimidir...
370-dən artıq elmi əsərin müəllifidir. Onun elmi-tədqiqat işləri nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın bütün şöbələrində funksiyada vəhdətliyi haqqında yeni elmi konsepsiya irəli sürülüb. O, Azərbaycanda "Limfoloqlar" məktəbinin banisidir.
Yaqub Məmmədovu 2003-cü ildə Kembric Bioqrafiya Mərkəzi 21-ci əsrə qədəm qoyan dünyanın 2000 tanınmış alimi sırasına salıb.


Azərbaycan Milli Məclisinə 1992-1993-cü illərdə üçüncü spiker kimi İsa Qəmbər rəhbərlik edib.

İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, SSRİ-də tanınmış kimyaçı-alim, anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub.
İsa Qəmbər 1964-1974-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-1982-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb. AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü,1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.
1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib.
1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib.
1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.
İsa Qəmbərin sədri olduğu vaxt Milli Məclis bir sıra önəmli qanun layihələrini qəbul edilib. Bunların içində “Dövlət dili haqqında”, “Azərbaycanda yaşayan azsaylı xalqların hüquqları” haqqında və s. qanunlar qəbul edilib.
1993-cü ilin iyununda polkovnik Surət Hüseynovun qaldırdığı qiyamdan sonra13 iyun tarixində Ali Sovetin sədri vəzifəsindən istefa verib.
İsa Qəmbər 2014-cü ildə Müsavat başqanlığından da gedib. Belə ki, o, Müsavat Partiyasının VIII qurultayında keçirilən başqanlıq seçkisində iştirak etməyib.2003-cü ildə "Bizim Azərbaycan" blokunin prezidentliyə onun namizədi olub. 2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.
İsa Qəmbərdən sonra parlamentə qısa müddətə mərhum Heydər Əliyev rəhbərlik edib. 1993-cü ildə polkovnik Sürət Hüseynovun hərbi qiyamı nətisəcində dəyişən siyasi vəziyyət AXC-nin hakimiyyətdən getməsi ilə nəticələnir. Yaranmış siyasi böhranı aradan qaldırmaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət edilir.

1993-cü il iyunun 15-də H.Əliyev əvvəlcə Milli Məclisin üzvü, dərhal sonra da iclasda iştirak edən 39 nəfər deputatdan 34 nəfərinin lehinə səsverməsi ilə Milli Məclisin sədri seçilib. H.Əliyev iyun ayından oktyabra qədər parlamentə rəhbərlik etmiş 4-cü spikerdir. 1993-cü il sentyabrın 1-də isə Milli Məclis Ali Sovetin qəbul etdiyi 26 iyun 1991-ci il tarixli “Prezident seçkiləri haqqında” qanuna dəyişikliklər edərək yaş senzi ilə bağlı maddəni ləğv edib və H.Əliyevin ölkə Prezidenti seçilməsini təmin edib.

O, 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürsə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

2003-cü il dekabrın 12-də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.


Heydər Əliyev oktyabrın 3-də prezident seçildikdən sonra Milli Məclisin sədri Rəsul Quliyev olub. 10 dekabr 1947-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Qazançı kəndində anadan olub.1970-ci ildə əmək fəaliyyətinə Azərbaycanın Sumqayıt şəhərindəki Kimya Kombinatında başlayıb. 1971-ci ildən 1992-ci ilədək Bakı Neftayırma Zavodunda texnoloq, qurğu rəisi, mühəndis, baş mühəndis, direktor vəzifələrində işləyib. 1985-ci ildə Bakı şəhər xalq detutatları sovetinə deputat, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. 7 dekabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti - Neft və qaz emalı üzrə Baş Idarənin rəisi təyin edilib. 1993-cü ilin may ayından noyabr ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini vəsifəsində çalışıb.

1993-cü ilin noyabrından 1995-ci ilin noyabrınadək Azərbaycan Respublikası Milli Məclisinin sədri işləyib. 1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan parlamentinin sədri seçilib. 1996-cı il sentyabrın 11-də parlamentin sədri vəzifəsindən istefa verib 1996-cı ildən ABŞ-a mühacirət edib.



Rəsul Quliyev istefaya gedəndən sonra onu Murtuz Ələsgərov əvəz edib. Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. O, 1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb.

Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olub.

Murtuz Ələsgərov Birinci, İkinci və Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri olub.

Murtuz Ələsgərov 1953-cü ildə hüquq elmləri üzrə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib.

Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifidir.

O, bir sıra orden və medallara layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilib.
Murtuz Nəcəf oğlu Ələsgərov 2012-ci il avqustun 7-də ömrünün 84-cü ilində vəfat edib.



2005-ci il dekabrın 2-də Milli Məclisin sədri Oktay Əsədov seçilib. O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci (2000-ci il), üçüncü (2005-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də 8 saylı Binəqədi birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
2014-cü ildə Prezidenti İlham Əliyev Oqtay Əsədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Evlidir, 2 övladı var.


Oqtay Əsədov 2005-cı ildən 2020-ci ilədək Milli Məclisin Sədri vəzifəsində çalışıb.


Azərbaycan parlamentinin yeni spikeri Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.



1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.



Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.



Uzun illərdir ki, ölkəmizi Avropa Şurası Parlament Assambleyasında, AVRONEST-də təmsil edir.



Adlarını çəkdiyimiz qurumlarda Sahibə Qafarova komitə rəhbəri, mərizəçi kimi fəaliyyət göstərib.



Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.



Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.


Sahibə Qafarova 98 saylı Şəmkir şəhər seçki dairəsindən 52.1 faiz səslə Milli Məclisə deputat seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler