» » Yazıçılar Birliyi üzvünün bacısı niyə həbs olunub? –

Yazıçılar Birliyi üzvünün bacısı niyə həbs olunub? – Müraciət

Bölmə: BLOK XƏBƏR
 Yazıçılar Birliyi üzvünün bacısı niyə həbs olunub? –
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Musayeva Mahizər Musa qızının qardaşı şair-publisist Dilsuz Musayev Avropa.info-ya müraciət edib. Həmin müraciəti təqdim edirik:

“Bacım Musayeva Mahizər Musa qızı Abşeron rayon Polis İdarəsinin müstəntiqi Ayaz Kazımov tərəfindən 15 yanvar 2014-cü il tarixdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, həmin gün müstəntiq vəkaləti əsasında barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qəti imkan tədbiri seçilib. Hazırda 17 yanvar 2014-cü il tarixindən Bakı İstintaq Təcridxanasında saxlanılır.
Müstəntiq Ayaz Kazımov bacım Mahizər Musayevanı ittiham edir ki, guya o, sələmçi İradə Əliyevanı aldadaraq, pullarını ələ keçirib. Bütün bunlar yalan və böhtandır. Bacım İradə Əliyevadan faizlə, notarial qaydada borc pul almışdır və həmin pulu ona yüksək faizlə qaytarmışdır. Bu barədə müvafiq sənədləri təqdim edə bilərəm. Bu barədə olan bütün lazımı sənədləri həm də Abşeron rayon Prokurorluğunun növbətçi hissəsinə təqdim etsək də hələ indiyədək bizə bir cavab verilməyib.

Əlavə olaraq bildirirəm ki, hələ 2012-ci ildə həmin İradə Əliyeva bacım Mahizərdən Bakı şəhər Binəqədi Polis İdarəsinə şikayət etmişdir ki, guya bacım onu aldadaraq pullarını alıb, onun haqqında tədbir görülməlidir.

Lakin bu şikayət araşdırılaraq, məlum oldu ki, bacım Mahizər İradəni aldatmayıb, ondan yalnız notarial qaydada borc alıb, həmin pulları yüksək faizlə qaytarıb və bacımın hərəkətlərində heç bir cinayət əməli yoxdur. Ona görə də Binəqədi Polis İdarəsində bacım Mahizər Musayevanın əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir.

Lakin sonradan bacım Mahizərin tutulmasında maraqlı olan şəxslərin köməyi ilə sələmçi İradə Əliyevanın ərizəsi əsasında qanunsuz, saxta yolla heç bir sübut olmadan bacım Mahizər Musayeva tutulmuş, qanunsuz həbs olunmuşdur.

Onu da qeyd edim ki, 2013-cü ilin yayında müstəntiq Ayaz Kazımov bacım Mahizəri çağırıb, qeyri-qanuni 2 sutka polis idarəsində saxlamışdır. Bacım polis idarəsində saxlanarkən mən müstəntiqlə görüşən zaman o dedi ki, 15000 manatı gətir, bu işi həll edim. Mən gördüm ki, müstəntiq Ayaz Kazımov zorla bacımı tutdurmaq istəyir. Mən məcburiyyət qarşısında qalıb 2000 manat borc tapıb ona verdim ki, bizdən əl çəksin. Həmin 2000 manat məbləği Ayaz Kazımova verən zaman Çingiz Mansurov və Loğman Əkbərov mənim yanımda idilər. Müstəntiq mənə dedi ki, pulun qalanını da düzəlt gətir, bacını hələlik buraxıram. Sonradan müstəntiq Ayaz Kazımovun tələb etdiyi qalan pulu düzəldib verə bilmədiyim üçün sələmçi İradə Əliyevanın təkrar təşkil olunmuş şikayəti əsasında 2014-cü ilin yanvarın 13-də müstəntiq bacım Mahizərin tutulmasına nail olub. Onu təcridxanaya göndərmək əvəzinə 5 gün polis idarəsində ac-susuz saxlamışdır.

Fakt kimi onu da bildirmək istəyirəm ki, bacım Mahizər Musayeva sələmçi İradə Əliyevadan pulu Binəqədi rayon ərazisində almışdır və bu müqavilə notarial qaydada rəsmləşib. 2012-ci ilin oktyabrında Binəqədi rayon Polis İdarəsinin təhqiqatçısı Natiq Teymurovun 27 oktyabr 2012-ci il qərarı ilə İradə Əliyevanın şikayəti rədd olunmuş, bacım Mahizər Musayevanın əməllərində cinayət olmaması qeyd olunmuş, iş mülki qaydada məhkəmə araşdırılması olması qeyd olunmuşdur.

Həmin qərardan görünür ki, bacım heç bir cinayət törətməyib, İradədən borc alıb və yüksək faizlə qaytarıb və bütün hadisə Binəqədi rayonu ərazisində baş verib. Bu iş Abşeron rayon Polis İdarəsində araşdırılması qanuna ziddir. Bu faktın özü də onu göstərir ki, müstəntiq Ayaz Kazımov aidiyyat qaydalarını açıq şəkildə pozaraq sələmçi İradə Əliyevanın sifarişi ilə zorla qadın olması və adamı olmamasından istifadə edərək onun qeyri-qanuni həbsinə nail olmuşdur.

Biz, memarı Heydər Əliyev olan Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Dövlətimiz H.Əliyevin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi altında dünyada analoqu olmayan inkişaf yoluna qədəm qoyub. Ölkəmizdə hər bir ölkə vətəndaşının hüquqlarının qorunması, məmur özbaşınalığına, korrupsiyaya qarşı mübarizə ölkə rəhbərinin diqqət mərkəzindədir. Biz artıq demokratik hüquqi dövlətdə yaşayırıq və ölkəmizdə qanunların aliliyi əsasdır. Bu ümdə sahədə Sizin də böyük zəhmətiniz və xidmətləriniz hər bir ölkə vətəndaşı kimi bizim ürəyimizcədir.

Müstəntiq Ayaz Kərimov qanunları və əxlaq normalarını pozaraq hətta ona təqdim etdiyimiz sübut və dəlillərə məhəl qoymayaraq, “mən İradə Əliyevanın ərizəsini araşdırıram. Sizin sübut-dəlilləriniz mənə lazım deyil”, deyərək işi birtərəfli araşdıraraq 3 yetkinlik çağına çatmayan uşaq anasını zorla həbsə göndərib. Ona görə də Sizdən xahiş edirəm ki, müstəntiq Ayaz Kazımovun əməllərində qanun pozuntusu, vətəndaşa təzyiq, təhrik etmə, aldatma hallarını nəzərə alıb öz səlahiyyətləriniz daxilində tədbir görülməsi və ona bacımın şərəf və ləyaqətinin pozulmaması, sələmçi girdamından qurtarmaq məqsədilə borc alıb verdiyim 2000 manat məbləğində pulun qaytarılması üçün bizə yardımçı olasınız. Sizin bu addımınızı Respublika Prezidentinin bu sahədə apardığı siyasətin məntiqi davamı, ardıcıl, dinamik siyasətinin məntiqi davamı kimi qiymətləndirir və Sizə əvvəlcədən ailəmiz adından təşəkkür və minnətdarlığımızı bildiririk.

Böyük ümid və hörmətlə
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Cəsarətli qələm” mükafatı laureatı,
Qarabağ Müharibəsi veteranı
Dilsuz Musa oğlu Musayev Borçalı”

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler