Başqa variant yoxdur- PrezidentBölmə: BLOK XƏBƏR
“Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaq. Başqa variant yoxdur! Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” İyulun 7-də diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində danışan prezident İlham Əliyev belə deyib. Dövlət başçısı çıxışında Dağlıq Qarabağ münaqişəsinin üzərində dayanıb: “Xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmayıb. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənib, müxtəlif səylər göstərilib. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər ediblər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdır. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik. Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub. Yəni bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər. Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olub. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşayıb, yaradıb. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir. Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq. Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaradıblar. Bunun çox böyük əhəmiyyəti var. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın. O cümlədən İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ var. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Bir sözlə, həm tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Siz bunu yaxşı bilirsiniz. Digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Yəni bu artıq çox möhkəm hüquqi zəmindir. Düzdür, bu, hələ ki, real nəticəyə çevrilməyib. Ancaq bu tarixi və hüquqi zəmin var. Belə olan halda, təbii ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyil. Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil qurum kimi tanımayacaq. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaq. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaq. Başqa variant yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik. Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcək. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır. Siz diplomatlar yaxşı bilirsiniz və biz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər var. Orada bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir. Əlbəttə ki, gələcəkdə xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır. Mən əminəm ki, o gün gələcək. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaq. Bizim Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bu məqsədi güdür. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid olunuruq, siz də bunu yaxşı bilirsiniz. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz, əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaq. Belə olan halda çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün, əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcək. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir. Bunu da siz yaxşı bilirsiniz ki, burada bu amil də öz rolunu oynayır. Ancaq dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdirib. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq”. Mediaforum.az - See more at: http://axar.az/news/23249#sthash.izia2LVj.dpuf |
XƏBƏR LENTİ
27.09.24 07:08 | Azərbaycanda Anım Günüdür
27.09.24 07:05 | ABŞ-də Zelenskiyə xəbərdarlıq olundu
27.09.24 07:01 | Nazirimiz Baydenlə görüşdü
27.09.24 06:54 | Paşinyanla görüşdən sonra sülh müqaviləsindən danışdı
27.09.24 06:51 | Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi həbs edildi
27.09.24 06:45 | Vətən müharibəsinin başlamasından 4 il ötür
23.09.24 14:03 | Göstəriş verilib, maaş və pensiya artırılır - Prezidentdən müjdə
|