» » Bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçiriləcək

Bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçiriləcək

Bölmə: BLOK XƏBƏR
Bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçiriləcək
Fazil Mustafa: “Bizim Avropa İttifaqından umacağımız nəsə yoxdur”; Novella Cəfəroğlu: “Avropa İttifaqı ilə bu məsələlər dialoqla həll edilməlidir”
Azərbaycanın Avropa ilə bağlı qərarı nə olacaq...

Bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçiriləcək. Xüsusi iclasa səbəb sentyabrın 10-da Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədir. Xatırladaq ki, qətnamədə parlamentarlar Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq Azərbaycanda insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar.

Həmçinin qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır. Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırıb.
Milli Məclisin deputatı Fazil Mustafa plenar iclasda müzakirə olunacaq məsələ ilə bağlı fikirlərini “Yeni Müsavat”la bölüşüb.

Deputat, fikrincə, qətnamədə Azərbaycanın suveren hüquqlarına toxunan bir neçə maddə var və buna etiraz bildirilməlidir: “Yəqin ki, iclasda bu qətnaməyə qarşı sərt bir reaksiya veriləcək. Ancaq yekun olaraq hansı qərarın veriləcəyi ilə bağlı fikir bildirmək çətindir. Riskli bir məqam da var ki, Avropa İttifaqı ilə bağlı gələcək münasibətlərin necə olacağını proqnozlaşdırmaq çətindir. Qətnamə irad bildirmək, nöqsan göstərməkdən daha çox, Azərbaycana müəyyən tələblər qoyulması və siyasi xarakter daşıyır. Bu da son dövrlərdə Azərbaycanla Rusiya arasındakı münasibətlərə cavab reaksiyası kimi düşünülməlidir. Amma Azərbaycanın da Rusiya ilə münasibətlərdə müəyyən məcburiyyət amilləri var. Çünki Avropa İttifaqı Azərbaycanın maraqlarını qorumaq niyyətində olmadığın göstərir. Avropa İttifaqının Ermənistanla bağlı məsələdə bizə dəstək vermədiyini dəfələrlə müşahidə etmişik. Bizim Avropa İttifaqından umacağımız nəsə yoxudur”.

Deputat Avropa İttifaqı ilə münasibətlərin normal saxlanılması naminə Azərbaycanın gələcəyini riskə atmağın düzgün olmadığını deyir: “Avropadan bizə dəstək addımı gözləmirik. Qarabağ məsələsi illərdir Avropa məkanında müzakirəyə çıxarılır. Amma ermənilərin əleyhinə bir cümlə belə olsun işlətməyə maraq göstərilmir. Avropa ilə Rusiyanın siyasəti fərqlənmir. Rusiya birbaşa işğalçıya dəstək verir, sonra isə neytral mövqe göstərməyə çalışır. Ermənistanı silahlandırır, ona dəstək verir. Bizimlə də münasibətləri normal saxlamağa çalışır. Avropa İttifaqı da işğalçını birmənalı tanımır, sanksiya tətbiq etmir. Belə bir vəziyyətdə Avropa İttifaqı parlamentinin səmimiyyətinə inanmaq mümkün olmur. Əgər Avropa İttifaqı Ermənistanla bağlı sərt addım atsa, sanksiyalar tətbiq etsə, öz sıralarından qovsa idi, Azərbaycan da Avropadan gələn iradlara ciddi yanaşa bilərdi. Bugünkü məqamda Rusiya ilə münasibətlərimizin korlanacağı halda Avropa İttifaqının bizə hansı səviyyədə dəstək verəcəyinə qarantiya varmı? Gürcüstan kimi bir ölkənin Rusiya tərəfindən ərazisinin işğal olunmasına cüzi qınaqdan başqa heç bir reaksiya olmadı. Həmçinin Ukraynada baş verən hadisələrdə. Ona görə də bizim Avropa İttifaqı naminə ölkəmizin gələcəyini təhlükə altına atmağa haqqımız yoxdur. Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamə sırf siyasi xarakter daşıyır. Ermənistanda baş verən hadisələrə heç bir reaksiya verilmir. Bu, Azərbaycanın Rusiya ilə yaxınlaşmasına Avropa İttifaqının verdiyi reaksiyadır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, Avropa İttifaqı ilə əlaqələri tamamilə kəsmək Azərbaycana heç bir fayda gətirməyəcək.

Onun sözlərinə görə, Avropa İttifaqının Azərbaycanı sanksiyalarla hədələməsi doğru deyil. Hüquq müdafiəçisi məsələnin həllini dialoqda görür: “Avropa İttifaqının qətnaməsi ilə tam razı deyiləm. Bu qətnaməyə etiraz bildirilməlidir. Amma Avropa İttifaqı ilə əlaqələri tamamilə kəsmək olmaz. Avropa İttifaqının Azərbaycanı sanksiyalarla hədələməsi doğru deyil. Biz həmişə demişik ki, bütün məsələlər dialoqla həll olunmalıdır.

Azərbaycanda siyasi məhbuslarla bağlı problem var. Ölkədə olan bəzi mənfi halları etiraf etmək lazımdır. Amma Avropa İttifaqı ilə bu məsələlər dialoqla həll edilməlidir. Avropa İttifaqı Azərbaycana qarşı bu cür qətnamə qəbul edir, amma Qarabağ məsələsinə konkret mövqe bildirmir. Azərbaycanın 700 minədək qaçqını var. Avropa İttifaqı işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir".
Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler