» » “...Heç kim kiməsə cinayətkar deyə bilməz”

“...Heç kim kiməsə cinayətkar deyə bilməz”

Bölmə: BLOK XƏBƏR
“...Heç kim kiməsə cinayətkar deyə bilməz”
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda son vaxtlar aktivlik müşahidə olunur, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlayırlar.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 25-də APA-ya müsahibəsində danışıqlar prosesinin hazırkı mərhələsindən söz açıb. O deyib: “Hazırkı mərhələdə “Praqa prosesi” çərçivəsində həmsədrlərin həm hər iki dövlətin rəhbərləri, həm də xarici işlər nazirləri formatında görüşlər təşkil olunur. Hələ ki, ortada nəticə yoxdur. Buna görə də Azərbaycan prezidenti həm danışıqların nəticəsindən, həm də bütünlükdə Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı Minsk qrupu həmsədrlərinin ciddi təzyiq siyasəti müşahidə olunmur. Biz düşünürük ki, danışıqlar Ermənistana heç bir təzyiq olmadan davam edəcəksə, nəticə də olmayacaq. Amma buna baxmayaraq danışıqların alternativini də görmürük. Bunun alternativi müharibədir. Biz düşünürük ki, hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək imkanları tükənməyib. Ona görə tükənməyib ki, hələ beynəlxalq aləm öz münasibətini tam ortaya qoymayıb. Beynəlxalq birlik Ermənistana ciddi təzyiq göstərəndən sonra bu məsələ dinc yolla həll olunacaq və işğalçı dövlət geri çəkiləcək.

Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli prinsipləri mövcuddur. Bu prinsiplər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını müəyyən etməsi hüququndan ibarətdir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağda yaşayan erməni əhalinin öz müqəddəratını təyin etmək hüququ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər. Ona görə də biz beynəlxalq aləmdən ciddi iradə, Ermənistana təzyiq gözləyirik. Bununla yanaşı, qeyd etmək istərdim ki, bu problemin həllində fəallaşma da müşahidə olunur. Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə də aktuallaşıb. Çünki bu münaqişə həll edilmədikcə, dünyada buna bənzər münaqişələrin sayı da artır və belə münaqişələr həm regional, həm beynəlxalq sülhü və təhlükəsizliyi təhdid etməkdə davam edir”.

Müsahibəsində Əli Həsənov Yeni Azərbaycan Partiyasında rəhbərlik etdiyi partiyalararası komissiyanın fəaliyyətinə də toxunub. O bildirib ki, komissiyanın iclaslarına təkcə komissiya üzvlərinin deyil, parlamentdə təmsil olunan digər siyasi partiyaların nümayəndələrinin də dəvət edilməsi təklifini irəli sürüb.
Əli Həsənovun sözlərinə görə, partiyalar bu təşəbbüsü yüksək qiymətləndirib: “Biz bu komissiyanın həmin partiyalarla birlikdə, Azərbaycanın maraqlarını ifadə edən bu və ya digər məsələlər üzrə iclaslarını keçirəcəyik”.

Əli Həsənov parlamentdə təmsil olunmayan partiyaların da sözügedən komissiyanın iclaslarına dəvət olunmasını mümkün sayıb: “Biz YAP-ın partiyalararası əlaqələrini və dialoqunu təkcə parlamentdə təmsil olunan partiyalarla deyil, eyni zamanda parlamentdə təmsil olunmayan siyasi qurumlarla da qura bilərik və gələcəkdə bunu edəcəyik”.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, hakimiyyət dialoqda ən maraqlı tərəfdir: “Gələcəkdə biz komissiyanın iclasında ümummilli məsələləri də müzakirə edəcəyik və buna görə digər partiyaları da tədbirlərimizə dəvət etməyi düşünürük”.

Bu günlərdə dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilən jurnalist Rauf Mirqədirovla bağlı məsələdən danışarkən Əli Həsənov deyib ki, hüquq mühafizə orqanları Rauf Mirqədirovu saxlayıbsa, deməli, buna əsasları var.

Şöbə müdiri qeyd edib ki, indiki dövrdə jurnalisti əsassız saxlamaq mümkün deyil: “Rauf Mirqədirovun məsələsi ilə əlaqədar araşdırma gedir. Hazırda demək də olmaz ki, onun günahları artıq sübut olunub. Bu, məhkəmənin səlahiyyətlərinə aid məsələdir. Məhkəməyə qədər heç kim kiməsə cinayətkar deyə bilməz. Bununla yanaşı, Rauf Mirqədirovun ittiham olunduğu maddə var və məsələ ilə bağlı Baş Prokurorluq açıqlama verib. Araşdırmanın nəticəsini gözləmək lazımdır”.

Əli Həsənov bildirib ki, Azərbaycan məhkəmələrinin, prokurorluq orqanlarının bu və ya digər məsələyə münasibəti, hökmü kimlərisə qane etmirsə, sonrakı mərhələdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler