» » Abbas Abbasovun hakimiyyətə xəyanəti üzə çıxdı

Abbas Abbasovun hakimiyyətə xəyanəti üzə çıxdı

Bölmə: BLOK XƏBƏR
Abbas Abbasovun hakimiyyətə xəyanəti üzə çıxdı
Rusiyadakı Azərbaycan təşkilatları rəhbərlərinin prezident İlham Əliyevə müraciətindən: “Abbas Abbasov Rusiya azərbaycanlılarını sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır”
Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un Ağsaqqallar Şurasının sədrliyindən uzaqlaşdırılması ilə başlayan qalmaqal yeni mərhələyə daxil olub. Xatırladaq ki, yanvarın 17-də “AzerRos”un fəxri sədri Söyün Sadıqovun rəhbərliyi ilə keçirilən növbədənkənar qurultayda A.Abbasovun dəstəyi ilə sədr olmuş Asif Məhərrəmov rəhbərlikdən uzaqlaşdırılıb, Ağsaqqallar Şurası sədri postu isə ümumiyyətlə ləğv edilib.

A.Abbasovun nəzarətində olan qrup isə fevralın 20-də Moskvada növbədənkənar qurultay keçirib. Qurultayda A.Abbasov və Rüstəm İbrahimbəyov “istefa vermək niyyətində” olduqlarını deyiblər, amma nümayəndələr onları “fikirlərindən daşındırıblar”. Beləliklə, Mehriban Sadıqovanı sədr seçdirən A.Abbasov faktiki azərbaycanlıların birləşdiyi ən iri diaspor təşkilatını parçalayıb.

“Federal Milli-Mədəni Muxtariyyəti: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda dəyirmi masanın iştirakçıları-Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri prezident İlham Əliyevə və Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir ki, Azərbaycan vətəndaşı, “baş nazirin sabiq müavini Abbas Abbasov və ondan maddi cəhətdən asılı olan tərəfdaşları” Rusiya Federasiyasının “Milli-mədəni muxtariyyət haqqında” və “Xarici agentlər haqqında” federal qanunlarını kobud şəkildə pozaraq “AzerRos”u ələ keçirməyə çalışırlar: “AzerRos” fəaliyyət göstərdiyi illər ərzində Rusiya Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilmişdir. Lakin Abbas Abbasov verdiyi sözlərini yerinə yetirməmişdir. Rusiya azərbaycanlılarının birləşdirilməsi və “AzerRos”la digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə, o, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib".

Müraciətdə ən maraqlı məqam A.Abbasovun Rusiyada yaşayan azərbaycanlıları Azərbaycan prezidentinə qarşı təşkilatlandırması ittihamıdır: “Şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən Abbas Abbasov Rusiya azərbaycanlılarını sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır”. Müraciətdə bildirilir ki, A.Abbasov təşkilatda avtoritar idarəçilik sistemini yaratmış və “AzerRos”u “cib” ictimai təşkilatına çevirmişdir. “28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə birgə ”kağızda" “AzerRos”un qurultayını keçirib, bütün “xoşa gəlməyən” və “sözə baxmayan” regional təşkilatlar “AzerRos”dan çıxarılıb. 2015-ci ilin əvvəlində təşkilatın tərkibində 40-dən çox Rusiyanın Azərbaycan milli-mədəni muxtariyyətindən cəmi 4-ü qalıb". Müraciətin sonunda deyilir: “Təəssüf ki, A. Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradır. Rusiya Federasiyasının qanunlarını pozaraq dağıdıcı hərəkətləri ilə Azərbaycan icmasını parçalayan A. Abbasovla bağlı müvafiq tədbirlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik”. Rusiya prezidentinə müraciətdə də maraqlı məqamlar yer alır. Müraciətdə bildirilir ki, “AzerRos”da yaranmış konfliktdə A.Abbasov Dağıstanda kirayələdiyi dəstələrdən istifadə edib: “Öz hərəkətləri ilə A.Abbasov icma daxilindəki münaqişəni və ”AzerRos"da parçalanmanı daha da dərinləşdirdi və çıxılmaz bir nöqtəyə gətirdi".



“Münaqişənin artmasının və yaranmış böhrandan çıxış yolunun tapılması məqsədilə biz Sizə RF vətəndaşlarının konstitusiya hüquqlarının qarantı kimi müraciət edərək, RF ”İctimai təşkilatlar haqqında" və RF “Milli-mədəni muxtariyyət haqqında” qanunların pozulması məsələsinin araşdırılması məqsədilə aidiyyəti hökumət təşkilatlarına, həmçinin milli siyasət məsələləri üzrə səlahiyyətli olan RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedsalamova və RF Ədliyyə Nazirliyinə "AzerRos" FMMM-in fəallarının iştirakı ilə iclasın keçirilməsinə dair göstəriş verməyinizi xahiş edirik" deyə, müraciətin sonunda bildirilir.
“Yeni Müsavat” hələ ötən ay belə bir xəbər yaymışdı ki uzun müddətdir hakimiyyətlə əlaqələrini bərpa etməyə, dövlət başçısı ilə görüşmək üçün cəhdlər edən A.Abbasova birmənalı “yox” cavabı verilib. İyun ayında Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlməyi çox arzulayan sabiq vitse-primyer yenə rədd cavabı alıb. A.Abbasov məhz bu yarışlara gəlməyi hakimiyyətlə barışıq üçün son şans hesab edirdi. Bu qərardan çox məyus olan A.Abbasov “AzerRos”da rəhbərik etdiyi qrupun son qurultaydakı çıxışında da bu incikliyini büruzə vermişdi. O, mərhum prezident Heydər Əliyev haqda xoş sözlər danışsa da, indiki dövlət rəhbərinin adını bir dəfə belə xatırlatmayıb. O, yalnız indiki hakimiyyəti dəstəklədiyini deməklə kifayətlənib.



Nüfuzlu azərbaycanlıların və onların rəhbərlik etdiyi qurumlar adından edilən müraciətdə Abbas Abbasovun Azərbaycan prezidentinə qarşı fəaliyyətinin açıq bəyan edilməsi sabiq baş nazirin düşdüyü vəziyyəti daha da pisləşdirəcək.

A.Abbasovun siyasi rəqiblərinə qarşı mübarizədə Dağıstandan gətirilmiş qoluzorlulardan istifadə etməsinin səbəbi də aydındır. 2013-cü ilin yanvarında Putinin Dağıstan prezidenti vəzifəsinə təyin etdiyi “Milyarderlər İttifaqı”nda Abbas Abbasovla birgə anti-Azərbaycan fəaliyyəti göstərən Ramazan Abdulatipovun rəsmi Bakı ilə münasibətləri hələ də gərgindir. Dağıstan prezidenti olduğu iki il ərzində onun Azərbaycan rəhbərliyi ilə rəsmi təmasının olmaması da deyilənləri təsdiq edir.


Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler