» » Prezident 2 milyon ayırdı-

Prezident 2 milyon ayırdı- sərəncam

Bölmə: BLOK XƏBƏR
Prezident 2 milyon ayırdı-
Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

ans press-in məlumatına görə, prezident ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə sərəncam verib.

Sərəncamda qeyd edilir ki, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılsın:

"Müəyyən edilsin ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 4-cü hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) tərəfindən həyata keçirilir.

Prezident İqtisadiyyat və Sənaye Nazirliyinə də tapşırıq verib. Nazirliyə tapşırılıb ki, Mingəçevir Sənaye Parkının ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

Cəmiyyətə Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

Nazirlik bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Nazirlər Kabineti isə Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bununla yanaşı, “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Qeyd edək ki, Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilini, onun ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılması ilə bağlı sərəncam verib.

Dövlət başçısı Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman da verib. Fərman iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə verilib.

Fərmanda bildirilir ki,“Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 4-cü hissəsi ilə yaradılmış Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılsın.

Müəyyən edilsin ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Cəmiyyət həyata keçirir.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı Cəmiyyətə kömək göstərsin.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler