DataLife Engine > Xəbər > Xanım deputat aliment fondunun yaradılmasını təklif etdi

Xanım deputat aliment fondunun yaradılmasını təklif etdi


12-11-2019, 18:42. Yerləşdirdi: Gunay Xanım deputat aliment fondunun yaradılmasını təklif etdi
Milli Məclisin deputatı Qənirə Paşayeva Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Tovuz rayonu ilə bağlı və cəmiyyəti narahat edən bir sıra problemlərdən danışıb və təkliflərlə çıxış edib. 

 

"Xalqinfo" xəbər verir ki, Q.Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. O, dövlət başçısının Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayaraq müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb:

 

“İşlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir”.

 

Paşayeva həmçinin Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasına çağırıb. O deyib ki, təmir bərpa işlərinin yarımçıq qalması görülmüş işlərə də ciddi ziyan vurur və təcili şəkildə Abulbəyli kənd Mədəniyyət Mərkəzinin təmirinin başa çatdırılmasına ciddi ehtiyac var. Deputat müvafiq qurumları bu məsələyə diqqətlə yanaşmağa və problemin qısa zamanda həll edilməsinə çağırıb.  

       

Təhsilə ayrılan vəsaitin artmasının məmuniyyətverici olduğunu deyən millət vəkili Tovuzda məktəblərin tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb:

 

“Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtiyac var. Mən təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisinin və təmirinin surətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırıram”.

 

Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan Q. Paşayeva “valideynlərin, kasıb və orta imkanlı ailələrin  övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur" deyib və dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulayaraq yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasına, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsini, bu prosesin sürətlə davam etməsinin vacibliyini xüsusi vurğulayaq müvafiq qurumlara çağırış edib.

 

Deputat aliment fondunun yaradılmasını da təklif edib. Q. Paşayeva hər gün övladları ilə çətin vəziyyətdə qalmış analar tərəfindən xeyli sayda məktub və müraciətlər aldığını bildirib:

 

“Qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır”.


Xalqinfo.az
Geri qayıt