DataLife Engine > Xəbər > İcra başçısı Xocalı qurbanlarının ailələri ilə görüşüb

İcra başçısı Xocalı qurbanlarının ailələri ilə görüşüb


25-02-2019, 18:18. Yerləşdirdi: Tural İcra başçısı Xocalı qurbanlarının ailələri ilə görüşüb





Fevralın 25-də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin 200 nömrəli tam orta məktəbdə rayon ərazisində məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüşü olub.

Xalqinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbiri giriş sözü ilə açan icra başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.

A.Fərzəliyev Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırıb.

Xocalıdan olan şəhid ailələri çıxışlarında Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd ediblər. Onlar, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması, bu və ya digər problemlərinin həlli istiqamətində böyük işlərin görüldüyünü vurğulayıblar.
Geri qayıt