DataLife Engine > Xəbər, Din, BLOK XƏBƏR, MANŞET > Qaregini Paşazadənin ayağına gətirən səbəb - Bəs sonra?

Qaregini Paşazadənin ayağına gətirən səbəb - Bəs sonra?


22-12-2017, 13:48. Yerləşdirdi: sefa Qaregini Paşazadənin ayağına gətirən səbəb - Bəs sonra?Diplomatiyanın rəsmi və yarı-rəsmi tərəfləri ölkələr arasında olan münasibətlərin qaydaya salınmasında, problemlərin həllində aparıcı rol oynayır.

Lakin bəzən rəsmi ya da parlament diplomatiyası mürəkkəb düyünlərin açılması üçün göstərdiyi gərgin səylərə görə “yorğun” düşür. Qısaca desək, ikitərəfli münasibətlərdəki “pasların” açılmaması diplomatiyanın “yorğun” düşməsinin nəticəsidir.

Problemin qalmasındakı səbəblərdən biri də, diplomatiyada tərəflərdən ya da bir neçəsinin qeyri-konstruktiv mövqe sərgiləməsidir. Diplomatiyanı “yorğun” salan məqamlardan biri də budur – tərəflərdən biri az qala özünü hərbi tonda aparır, üstəgəl bütün təqsirlər onda ola-ola.

Hələ düşmən, danışıqlardakı qarşı tərəf Ermənistan kimi dövlətdirsə. Azərbaycan dəfələrlə özünün haqlı tələblərini irəli sürüb, dayanmadan diplomatik gedişləri işə salıb ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olsun.

Ermənistanın gözdən pərdə asmağı

Lakin Ermənistanın dövlət olaraq işğalçılıq konsepsiyası və ritorikası Qarabağ düyününün açılmasında böyük səddir.

Azərbaycan ordusu isə ötən ilin aprel ayında cəbhədə aparılan əks-hücum əməliyyatları ilə bu səddin bir hissəsini dağıtdı, bu, Ermənistanda şok effekti yaratdı.

Ermənistan hökumətinin bundan sonra danışıqlarda vaxt qazanmaq və Azərbaycanın geri qaytardığı ərazilərdə özlərinə tuşlanan silahların atəşini təxirə salmaq cəhdləri isə yalnız daxili auditoriyaya hesablanmışdı.

Lakin bütün bunlar da Ermənistan cəmiyyətinin fikirlərini dəyişə bilmədi, necə deyərlər onlar həqiqətin gözünə dik baxdılar. Ortada isə bir həqiqət var idi – Azərbaycan aprel döyüşlərində illərdir Ermənistanın yaratdığı mifi darmadağın etdi və ərazilərini qaytarmaq gücündə olduğunu praktiki olaraq dünyaya bəyan etdi.

Azərbaycanın mövqelərinin istər hərbi sferada, istərsə də diplomatik müstəvidə möhkəmləndiyini hiss edən Ermənistan isə bu ilin sentyabr ayında rəsmi siyasətinin faktiki tərkib hissəsinə daxil etdiyi kilsəni dövriyyəyə buraxdı.

Regionda Rusiyanın bir nömrəli müttəfiqi və forpostunun Ermənistan olduğunu nəzərə alsaq, bu zaman deyə bilərik ki, Yerevan hər iki tərəfin din liderlərinin görüşündə çox maraqlı idi. Məqsəd isə təbii ki, uğursuzluqları din amili ilə pərdələmək idi.

Qeyd edək ki, bu ilin sentyabrın 8-də bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə erməni katolikosu II Qaregin arasında görüş keçirilib.

Ermənistanı dini liderlərin görüşünə vadar edən yeganə GÜC…

Əlbəttə ki, bu görüş əvvəlki illərdə keçirilən görüşlərlə müqayisədə əhəmiyyətinə və münaqişəyə təsir etmə dərəcəsinə görə fərqlənmədi. Lakin belə bir mühakimə yürütmək mümkündür ki, bu görüşün keçirilməsində Ermənistan çox maraqlı idi və buna görə Kremlə ağız açaraq Kirillin vasitəçiliyi ilə dini liderlərin görüşünü istəyib.

Görüş ənənəvi açıqlama və bəyanatlardan o tərəfə getmədi, amma bunu qismən də olsa buzların əriməsi kimi qiymətləndirmək olar.

Azərbaycan və Ermənistan dini liderləri 1993, 1994, 1995, 2000, 2004, 2010, 2011-ci illərdə görüşlər keçiriblər. Fikir versək görərik ki, növbəti görüş üçün ən çox çəkən vaxt 6 il olub – 2004-2010-cu illərdə.

Lakin 2018-ci ilin sentyabrındakı Moskva görüşü artıq 7 ildən də çox bir vaxtdan sonra ilk idi. Demək, düşünmək olar ki, diplomatiya üçün bütün yedək vasitələrdən imtina edən Ermənistan üçün bu görüş əhəmiyyətli idi, bu isə yalnız və yalnız daxili auditoriyaya hesablanmış zərurətdən irəli gəlirdi.

Qaregini Paşazadənin ayağına gətirən səbəb - Bəs sonra?

Allahşükür Paşazadənin aprel döyüşlərindən sonra Ermənistanın din xadiminin görüşdən imtina etməsi barədə verdiyi açıqlamaya baxaq:

“Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra Qareginlə məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi”.

Yəni həmin zamanda belə Qareginin görüşünə Ermənistan razılıq verməyib, məqsəd isə bəlli idi – Yerevan o zaman da düşünürdü ki, köməkçi vasitələrdən imtina onun xeyrinədir.

Yəqin ki, Ermənistan hakimiyyəti belə bir qənaətdə olub ki, qısa müddətdə siyasətdə sarsılmış mövqelərini möhkəmləndirə biləcək.

Amma bir müddət keçdikdən sonra Serj Sarkisyan hakimiyyətinin başqa çıxış yolu qalmadı. Ermənistanı, istərsə də, Rusiyanı buna vadar edən yeganə səbəb isə 2016-cı ilin aprelində Qarabağ cəbhəsində Azərbaycan ordusunun uğurlu əməliyyatları idi.

Yəni, bir sözlə, nəticə olaraq aprel döyüşləri Ermənistanı dini liderlərin görüşünə də vadar edən faktor idi.

Bəs nəticə?

Ekspertlər düşünür ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin mütəmadi görüşləri belə Dağlıq Qarabağ münaqişəsinə dini elementin olmadığınının göstəricisidir.

Moskva görüşündə dini liderlər bunun xristian-müsəlman müharibəsi olmadığını təsdiq edən açıqlamalar verdilər.

Bir məqama isə diqqət edək, Azərbaycanın əsas dəstək aldığı ölkələr müsəlman ölkələridir. Lakin bunun da sırf islam amilindən qaynaqlandığını demək sadəlövhlük olardı. Çünki Azərbaycan elə bir siyasət yürüdür ki, dünya və regional əhəmiyyətli strateji layihələrdə lokomotiv rolunu oynayır ki, Ermənistan mühüm proyektlərdən kənarda qalır. Yəni, Azərbaycan beynəlxalq layihələrə diktə edir, bu isə istər-istəməz ölkələrin çoxunu rəsmi Bakının yanında olmağa vadar edir.

Bu tendensiya lap elə müsəlman dövlətlərinin də təcrid olunmuş Ermənistanla dərindən münasibət qurmaq istəklərini azaldır. Yəni, Azərbaycanın siyasətdə və iqtisadiyyatda oynadığı rola görə islam ölkələrinin çoxu Ermənistanla əməkdaşlığın genişlənməsinə can atmır. Burada islam amilini qabartmaq isə yanlışdır (Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə istisna olmaqla, çünki bu ölkələrin Ermənistanla diplomatik münasibəti yoxdur – A.K).

Gəlin digər bir nüansa da nəzər salaq. İslam Əməkdaşlıq Təşkilatı da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən qətnamələr qəbul edir.

Qaregini Paşazadənin ayağına gətirən səbəb - Bəs sonra?

Çox yaxşı, lakin bununla yanaşı, Avropa təşkilatları da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bu isə o deməkdir ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədə din amilinin rolu sıfıra bərabərdir.

Üstəgəl, Rusiyanın da Ermənistana hərbi dəstəyi dinlə bağlı deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur və buna görə də Kreml Yerevana hər cür dəstək verir. Üçüncüsü, Azərbaycanın və Ermənistanın din xadimlərinin görüşlərinə, həmişəki kimi, Rus Pravoslav Kilsəsi vasitəçilik edir.

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini də çox zaman Rusiya prezidenti təşkil etdi. Bu o deməkdir ki, vasitəçilik təşəbbüsü bütün iqtiqamətlərdə tamamən Rusiyaya məxsusdur.

Məsələn, Azərbaycanın və Ermənistanın Vatikanla münasibətləri yaxşıdır. Ancaq heç vaxt Vatikan Azərbaycanın və Ermənistanın dini liderləri arasındakı görüşə və vasitəçiliyə təşəbbüs göstərməyib”-bunu politoloq Elxan Şahinoğlu şərhlərində bildirib.

Nəticə olaraq isə deyə bilərik ki, Qarabağ münaqişəsində din amili axtarmaq yanlış olsa da, dini liderlərin görüşünü də heçə saymaq olmaz.

İstənilən halda, belə görüşlər münaqişənin həllinə birbaşa təsir etməsə də, öz cəmiyyətlərində söz sahibi olan din xadimlərinin bir araya gəlməsi yaxşı bir haldır.../Modern.az
Geri qayıt