DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video

Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video


13-10-2017, 22:50. Yerləşdirdi: sefa Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Gələcəkdə Azərbaycandan Londona qatarla getmək mümkün olacaq

Oktyabrın 13-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində dəmiryolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və oftolmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, məzarların üzərinə əklil qoydular.

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən dəmiryol işçiləri məzarlara qərənfillər düzdülər.

30 dəmiryolçuya ev verildi...

Tədbir isə "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binasında baş tutdu. Yığıncaqda idarənin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 oktyabr 2017-ci ildə imzaladığı sərəncamlar oxundu.

Daha sonra çıxış edən Cavid Qurbanov dəmir yolunun yaranma tarixinə qısa ekskursiya edərək bildirdi ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb: “Bu, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib”.

Qeyd edək ki, 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir. 137 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar.

Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. İndi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qayğısı ilə Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sürətləndirilir”, - deyə tədbirdə vurğulandı.

Sonra 30 nəfər dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.Tədbirin sonunda iştirakçılar adından prezident İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olundu.

30 oktyabrda BTQ-nin açılışı olacaq: Yalnız yük daşımaları üçün...

Tədbir çərçivəsində Cavid Qurbanov jurnalistlərin də suallarını cavablandırdı. O, Bakı-Tbilisi-Qars dəmiryolu haqqında məlumat verərək vurğuladı ki, artıq açılış mərasiminə sayılı günlər qalır: "Bu, Şərq-Qərb marşrutudur. Adı Transxəzər nəqliyyat marşrutu gedir. Ancaq dövlətlər arasında buna orta dəhliz deyirlər. Bu dəhlizin Bakı-Tbilisi-Qars hissəsi 846 kilometrdir. Onun 504 kilometri bizim ərazimizə, 79 kilometri Türkiyənin ərazisinə, qalan hissəsi isə Gürcüstanın ərazisinə düşür. Onun 80 kilometri istisna olmaqla qalan hissəsi Azərbaycan hökumətinin ayırdığı maliyyə ilə tikilib. Tikintinin Azərbaycan şirkətləri, yəni dəmiryol tikinti işçiləri həyata keçirir. Bu 183 km yoldur, onun 153 kilometrlik hissəsi yenidənqurmadır, əsaslı təmir olunub. Təkcə yol yatağından başqa körpülər, yolun üst qatı və sair yenidən qurulub. Elektrik dayaqları, kontakt şəbəkəsi, rabitə və işarəetmə sistemi hamısı yenidən qurulub. Yolun 30 km hissəsi isə yeni tikintidir. Onun 153 km hissəsi bizim ölçülər, yəni 1520-dir, 30 km hissəsi isə 1435 - yəni Avropa ölçülərinə uyğundur. Burada Azərbaycan tərəfinin maliyyə vəsaiti hesabına 4, 27 km uzunluğunda körpü tikilib. Onun da 2,17 km hissəsi Gürcüstanın, qalanı da Türkiyənin ərazisinə düşür”.

Cavid Qurbanov qeyd etdi ki, artıq bu dəmiryolunda sınaq hərəkəti həyata keçirilib: "Biz ötən ayın sonunda sınaq olaraq Tiflisdən Axalkələkiyə qədər öz qatarlarımızla getdik. Oradan sonra isə Türkiyənin sərnişin qatarı ilə yolumuzu Qarsa qədər davam etdik. İlk dəfə olaraq sınaq açılışı həyata keçirdik. Qarsda da insanlar bizi çox sevinclə qarşıladılar. Oktyabrın 30-da dövlət başçılarının iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun yük qatarlarının hərəkəti üçün açılışını edirik. Sərnişindaşımanın hərəkəti gələn il baş tutacaq. Çünki bunun üçün 30 ədəd vaqon sifariş edilib. Onların iki və ya 3 qatardan ibarət olan lokomotivləri də xüsusi texnologiya ilə hazırlanır ki, onlar 1520-dən 1435 ölçüsünə avtomatik keçir. Dayanıb dəyişilmir. Bizim yol daha enlidir, digərləri isə ensizdir. Bir yoldan digərinə avtomatik keçməni təmin etmək bir qədər çətindir. Bu vaqonlar yenidir, hər birinin içində xüsusi yataq yerləri var, VİP kupelər də var. Bu kupelərdə yolçuya tələbatı olan hər şey var".

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri onu da bildirdi ki, Bakıdan Qarsa gedib çıxmağımız 16-18 saata çəkəcək: “Biz artıq yük qatarları üçün yolun açılışını edirik. Azərbaycan və Gürcüstan və Türkiyə Dəmiryollarının arasında müqavilələr hazırlanır. İlk yüklərdən təxminən 400 min ton taxıl daşınacaq. Daha sonra Rusiyadan gələn kömürlərin, taxtanın daşınması üçün şərait yaradılacaq. Bu ayın 30-da biz bu bayramı yaşayacağıq. Sərnişinlərin daşınması isə gələn ildən başlayacaq. Sərnişin qatarları yük qatarlarından təxminən 2-3 saat daha gec çata biləcək. Çünki yolun Gürcüstan hissəsi dağlıq ərazidən keçir, Avropada ən hündür yol sayılır, 2200 metr hündürlükdən keçir. O ərazi bir qədər labirint kimi yollardır, orada sürət çox ola bilməz, təxminən saatda 60-70 kilometr olar. Tariflər isə belədir ki, Gürcüstan Dəmiryolları ilə bizim yolları bir yol kimi qəbul edirik. Bu koridorda xüsusi tariflər tətbiq olunur ki, bu da bizim jurnallarda var və sahibkarlar üçün açıqdır. Hər kəs müraciət edib onu ala bilər. Tariflər hər məhsul üzrə müxtəlif ola bilər. Taxta daşınmasının tarifi ilə qaz və ya metanolun daşınması tarifi müxtəlif olacaq. Çünki burada məhsulun təhlükəlilik dərəcəsi nəzərə alınır, ehtiyatla aparılmalıdır, saxlanılma və qorunma xərcləri müxtəlifdir. Sərnişin qatarı hələ ki, istifadəyə verilmədiyi üçün onun tarifləri ilə bağlı bir rəqəm müəyyənləşdirməmişik”.

Bakı-Gəncə sürət qatarı açılacaq: 4 saata çatacaq

Cavid Qurbanov jurnalistlərə açıqlamasında onu da diqqətə çatdırdı ki, gələn il Gəncəyə sürət qatarı açmaq niyyətindədirlər: “Bu sürət qatarı təqribən 4 saata gedəcək. Bakıdan təyyarə ilə getmək üçün isə hava limanına getməyə 1 saat tələb olunur, orada gözləmək və sair də bir neçə saat çəkir. Bunun qiyməti 32 manatdır. Avtobusla getmək isə 6 saata başa gəlir. Qatar isə 4 saata gedəcək. Qiymət təqribən 20 çərçivəsində olacaq. Bu sürət qatarının içində hər bir şərait, WIFI belə olacaq. Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişinlər üçün qiymətlərin necə olacağı isə Gürcüstan və Türkiyə tərəfindən də asılıdır. Çalışacağıq ki, insanlarımız özünü komfortlu hiss etsin. Bu bir kommersiya işidir. Dəmiryolu həm özünü saxlamaq üçün infrastruktura qulluq edilməlidir, böyük yatırımlar edilib, onlar qayıtmalıdır. Ancaq çalışacağıq ki, vətəndaşlarımızın istəyi də, bazar şərtləri də nəzərə alınsın və ümumi bir qiymət müəyyən olunsun”.

Gələcəkdə BTQ ilə İstanbula, oradan da Londona getmək mümkün olacaq

Cavid Qurbanov diqqətə çatdırdı ki, bu, prezident İlham Əliyevin tarixə düşən növbəti layihəsidir: "İllər boyu Türkiyə ilə bizim birbaşa dəmiryolu əlaqəmiz olmayıb. Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan dövlətləri dəmiryolu vasitəsilə Gürcüstan üzərindən birləşmiş olacaqlar.

Ondan sonra bu yol İstanbula və Ankaraya qədər davam edəcək. Daha sonra İstanbulda Osman Qazi və Sultan Bəyazid körpüləri vasitəsilə keçərək Avropa yollarına qoşulacaq, Avropanın hər yerinə gedir. Lamanşdan keçməklə Londona qədər hərəkət edə biləcək bir yoldur”.

Naxçıvanı Azərbaycana birləşdirəcək dəmiryolu planlaşdırılır

ASC sədri gələcəkdə Naxçıvana da dəmiryol xəttinin çəkiləcəyini bildirdi: “Naxçıvanla dəmiryolu xətti üçün bizim iki yolumuz var. Ya Qarsdan Sədərəyə çəkilməlidir, o da Türkiyənin ərazisinə düşür. Bu xəttin qiyməti təqribən 2,5 milyard dolların üzərindədir. Nə vaxt Türkiyə dövləti buna vəsait ayıracaq, biz bunu bilmirik. İran tərəfində isə Şimal-Cənub yolu hazırda tikilir. Bu yolun tikintisi üçün cənab prezident 500 milyon dollar kreditin ayrılmasına göstəriş verdi. Yolun qiyməti 1 milyard dollardır. İran dövləti də öz üzərinə götürüb ki, həmin xətt üzrə torpağı tikinti üçün ayırsın. Bu yolun tikintisi başa çatanda Biz Bakıdan Naxçıvana İran üzərindən keçməklə 1450 kilometrlik dəmiryolu xətti çəkə bilərik. Bu xətt o tərəfdə də Rəştdən dönür, Təbrizdən keçir, Marağadan keçir Culfadan Naxçıvana daxil olur. Çox güman ki, biz bunu reallaşdıracağıq, cənab prezident də bu məsələdə maraqlıdır. Yəqin ki, bu problem öz həllini tapacaq və Naxçıvanın dəmiryolu xətti ilə Azərbaycana birləşdirilməsi prosesi reallaşacaq”.

C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin “Rusaqrotrans” şirkəti ilə əməkdaşlığından da danışdı: “Bur şirkət böyük daşınma şirkətlərindən biridir. 70 min ədəd vaqonları var. Onlar Şimal-Cənub yolunda çox maraqlıdırlar. Biz noyabr ayının sonunda Astara-Astara sahəsində , İran Astarasından ilkin olaraq konteynerlərin daşınması terminalının açılışını edəcəyik. Ondan sonra isə “Rusaqrotrans” şirkəti üçün icazələr lazımdır. Biz orada 35 hektar yer icarəyə götürmüşük, 1,5 kilometrlik yol çəkmişik, iki körpü inşa etmişik, üçüncüsünü də inşa edəcəyik. Onlar müvafiq icazələrini alandan sonra öz taxıl terminallarını tikməyə qərarlıdırlar. Tikintinin də qaydası var, hər bir şey üçün icazə alınmalıdır. Bunların icazəsini İran dövlətindən aldıqdan sonra “Rusaqrotrans” şirkəti öz terminalını tikəcək. Ümumiyyətlə, oradakı 35 hektarlıq ərazidə 4 terminal tikiləcək: taxıl terminalı, quru yük terminalı, neft məhsulları terminalı, konteyner terminalı. Biz gələcəkdə orada əlavə olaraq, 27 hektar yer götürmək üçün qərarlıyıq. O yer götürüldükdən sonra Hindistandan və Çindən gələn yüklərin multimodal formada daşınması üçün Azərbaycan üzərindən proseslər yerinə yetiriləcək”./musavat.com/


Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Dəmiryolu işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar + Video
Geri qayıt