DataLife Engine > Xəbər > Tələbə təqaüdləri və imtiyazları -

Tələbə təqaüdləri və imtiyazları -


16-09-2017, 19:17. Yerləşdirdi: sefa Tələbə təqaüdləri və imtiyazları -
Təhsil eksperti: “Dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadədən tutmuş geyim, restoranlar, kitab dükanlarına qədər güzəştlər tətbiq edilir”

Artıq yeni tədris ilinə start verilib. Bu il tələbə adını qazanan və dövlət universitetlərinə qəbul olan tələbələr içərisində tələbə təqaüdü alanlar da kifayət qədərdir. Təbii ki, bu təqaüdlərin məbləği tələbələrin yaxı və ortabab oxumasına görə üç yerə bölünür: əlaçı, zərbəçi (həvəsləndirici) və adi təqaüd.

Əlaçılar 104-105 manat, zərbəçi 86-88 manat, adi təqaüd isə 53-55 manatdır. 2017-2018-ci tədris ilində tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərib, Azərbaycanın ali məktəblərinə daxil olublar. Bu il tələbə adını qazananlardan 102-sinə 165 manat prezident təqaüdü veriləcək.

Təbii ki, hər gün qəpik-qəpik bahalaşmaqda olan ərzaq məhsullarının və kirayə evlərin qiymətini nəzərə alsaq tələbələrin aldığı bu təqaüd onlar üçün yoxa bərabərdir. Hazırda Azərbaycanda ali məktəblərin yataqxanaları demək olar ki, yox səviyyəsindədir. Məhz buna görə də tələbələin böyük əksəriyyəti kirayə ev tutmaq məcburiyyətində qalır.

Məhz maddi sıxıntıya görə fikrini yalnız dərslərə verməli və tək qayğısı oxumaq olmalı halda, bu gənclər dərsdən sonra müxtəlif işlərdə işləməli olurlar. Bir sözlə gənclər həyata müstəqil olaraq atdıqları ilk addımdan artıq çətinliklərlə üzləşirlər. Elə tələbələr var ki, ailəsinin imkanı olmadığı üçün aldığı təqaüd hesabına bir qarın ac bir qarın tox oxumağa çalışır. Hətta bəzən iş o yerə çatır ki, maddi sıxıntılar bu gənclərin təhsillərini yarımçıq qoymalarına səbəb olur. Azərbaycandan fərqli olaraq bir çox dünya ölkələrinin əksəriyytində təhsil pulsuz olmaqla yanaşı tələbələrin ehtiyacını ödəyəcək dərəcədə təqaüd və müxtəlif tələbə imtiyazları verilir.

Məsələn Səudiyyə Ərəbistanında ali təhsilin pulsuz olması ilə yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil olmaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir. Birləşmiş Ərəb Əmirliklərində də ali məktəblər pulsuz təhsil verir. Burada təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir. Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı. Bir çox Avropa ölkələrində isə Azərbaycandan fərqli olaraq hətta özəl universitetlərdə oxuyan tələbələr üçün də imtiyazlar nəzərdə tutulur. Məsələn Almaniyada özəl ali məktəblərin təhsil haqqı 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsil haqqı ödəmir. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı da verilir.

Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər. Fransada da təhsil haqları kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur. Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir. Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür. Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil. ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

Maraqlıdır, Azərbaycanda tələbə təqaüdləri nə qədər olmalı və tələbələrə hansı imtiyazlar verilməlidir?

Təhsil Eksperti Kamran Əsədov tam kampuslu universitetlərimizin olmadığını dedi: “Təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibdirlər. Azərbaycan ali təhsil müəssisələrindən fərqli olaraq xarici ölkələrdə təhsil alan tələbələrə qarşı münasibət və yanaşma fərqlidir. Apardığım araşdırmalar göstərir ki, dünyada özəl ali məktəblər ən yaxşı tələbələri cəlb etmək üçün nəinki təhsil haqqında güzəştə gedir, bəzi hallarda ümumiyyətlə tələbələri ödənişlərdən azad edir.

Məsələn, Böyük Britaniya höküuməti 40-dan çox ali məktəbi, habelə xarici tələbələri təhsil haqqından azad edib. ABŞ tələbələrə ayda 3000 dollara qədər təqaüd verir, viza, bilet xərcini qarşılayır, hələ üstəlik yaşamağa mənzil də verir. Almaniya, İsveç, Hollandiya, Fransa kimi ölkələrdə də tələbələrə bu kimi güzəştlər edilir. Bundan başqa qardaş Türkiyənin universitetləri xarici ölkələrdən tələbələri cəlb etmək üçün müxtəlif dərəcəli kompaniyalar keçirirlər. Ümumiyyətlə, tələbələrin təhsil alması üçün demək olar ki, tam kampuslu universitetimiz yoxdur. Bundan əlavə, tələbənin öyrəndiyi bilik və bacarıqlarının artırılması, tətbiqi üçün təcrübə laboratoriyası, istehsalat yeri yox dərəcəsindədir”.
Geri qayıt