DataLife Engine > Xəbər > Yavər Camalovun qardaşı ilə barışan şəxsin məhkəməsi yekunlaşır

Yavər Camalovun qardaşı ilə barışan şəxsin məhkəməsi yekunlaşır


13-09-2017, 12:44. Yerləşdirdi: sefa Yavər Camalovun qardaşı ilə barışan şəxsin məhkəməsi yekunlaşır
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.

Musavat.xom xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi məhkəmə prosesi davam edib.

Prosesdə zərərçəkmişlə nazir qardaşı arasında imzalanan barışıq sənədinin notariusda təsdiq edilmədiyi məlum olub. Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə düşüb. Sənəd təsdiq edildikdən sonra hökm oxunacaq.

Sonuncu prosesdə dövlət ittihamçısı Samir Nəniyevə 8 il cəza istəmişdi

Qeyd edək ki, təqsirləndirilən Samir Nəbiyev məhkəməyə ərizə göndərib.

O, ərizəsində qeyd edib ki, öz vəkili Ceyhun Yusifovdan imtina edib. Samir Nəbiyev vəkilinin açıqlamaları ilə razı olmadığını bildirib.

Həmçinin əlum olub ki, Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib və dəymiş ziyandan imtina etdiyini bildirib. O, S.Nəbiyevi bağışladığını qeyd edib.

Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.

Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Vəkil Ceyhun Yusifov isə, son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Geri qayıt