DataLife Engine > Xəbər > “Bizdə dələduzlar özlərini nüfuzlu şəxs kimi aparırlar”

“Bizdə dələduzlar özlərini nüfuzlu şəxs kimi aparırlar”


11-09-2017, 11:41. Yerləşdirdi: Tural “Bizdə dələduzlar özlərini nüfuzlu şəxs kimi aparırlar”
“Cəza cinayətə adekvat olmalıdır. Cəza ağır olduqda insanlarda dövlətə, hüquqa inam azalır, yüngül olduqda da cinayətlər artır”

“Azərbaycanda hüquqi baxımdan maarifləndirici verlişlərə ciddi ehtiyac duyuluduğundan, yeni layihəyə başladıq ”

Tanınamış hüquqşünas Adəm Məmmədov nəinki Azərbaycanda, hətta MDB məkanında ən çox bəraət qazanmış vəkillərdən biri hesab olunur. Vəkil yaxın günlərdə televiziyada yeni bir layihə həyata keçirməyə hazırlaşır. Onunla həm bu, həm də an Azərbaycanda hüquq sahəsində olan problemlərlə bağlı görüşüb, söhbət etdik. Vəkil Adəm Məmmədovun “AzPolitika.info”ya müsahibəsini təqdim edirik.

-Adəm müəllim, bu yaxınlarda daha bir neçə bəraət əldə etmisiniz, təbrik edirik. Ancaq bu cür bəraətlər eyni zamanda Azərbaycanda bəzi hallarda insanların qanunsuz yerə həbsə alındığını göstərir. Günahsız bir insanları həbsə düşməsi isə həm onun, həm ailəsinin həyatını məhv edir, həm də cəmiyyətdə dövlətə, ədalətə olan inamı sarsıdır. Sizcə belə həbslərin səbəbləri nədir?

-Əvvəlcə, təbrikə görə Sizə təşəkkür edirəm. Ancaq bu mənim bir vəkil kimi vəzifəmdir. Ona görə də, hüquqlarını müdafiəyə etdiyim, günahsızlığına əmin olduğum insanların bəraət almasını təmin etmək üçün var gücümlə çalışıram. Doğru deyirsiniz ki, bəzi hallarda günahsız insanların cinayət məsuliyyətinə cəlb edilməsi, həbsə alınması halları ilə rastlaşırıq. Belə halların baş verməsini isə yalnız bir səbəblə əlaqələndirmək mümkün deyil. Bəzən müstəntiqlərin və hakimlərin naşılığı, təcrübəsizliyi, bəzən də onların hansısa maraqları güdməsi günahsız insanların həbsə düşməsinə gətirib çıxarır. Bir sıra hallarda isə buna vətəndaşların qanunları bilməməsi, özlərinin günahsızlığına müstəntiqləri və hakimləri inandıranmamaları, yaxşı vəkillərin xidmətindən istifadə etməmələri, hətta təzyiqlərə davam gətirməyərək “cinayətlərini” etiraf etmələri səbəb olur.

Mənim bəraət aldığım son hadisələrdən birində də həm müstəntiqin təcrübəsizliyi, həm də müvəkkilimin müdafiəsini düzgün təşkil etməməsi onunla bağlı 4 il həbs qərarının çıxarılmasına səbəb olmuşdu. İşlə bağlı qısaca məlumat verərək qeyd edim ki, müvəkkilim və dostu bir məclisdə yeyib-içiblər. Alkaqol qəbul etdiklərindən avtomobillərini özləri idarə edə bilməyiblər. Və avtomobillərini idarə etməyi Lökbatan qəsəbəsində üzdən tanıdıqları Fərhad adlı bir nəfərə etibar ediblər. Bu adam təqsirləndirilən şəxsdi. Həm də başqa bir cinayərtdə iştirak edibmiş. Bu adam da pulu olmadığından, avtomobilə yanacaq doldurduqdan sonra yanacaqdoldurma məntəqəsindən uzaqlaşır. Həmin vaxt müvəkkilim və dostu içkinin təsirindən özlərində olmurlar. Bunu yanacaqdoldurma məntəqəsində çalışan operator da təsdiqləyir.

Nə müvəkkilimi, nə də dostunu görmədiyini deyir. Ancaq həmin Fərhad adında şəxsi müstəntiqlər inandırır, yoxsa hansısa başqa səbəbdən ifadə verib ki, guya, avtomobilə yanacaq doldurduqdan sonra qaçmağı əvvəlcədən planlaşdrıblarmış. Bunun dediyində məntiq yoxdur. Çünki bu adamlar maşıdan düşməyiblər və operatorun diqqətini yayındıracaq başqa bir hərəkət də etməyiblər. Hətta operator da bunu təsdiqləyir. Buna baxmayaraq ibtidai istintaqda bu şəxsləri inandırıblar ki, əvvəlcədən məlumatlı olduqlarını söyləsələr, daha yüngül cəza alarlar. Bu adamlar da qanunu, hüquqlarını bilmədiklərindən razılaşıblar. Ona görə də onlara 180.2-ci maddə ilə qrup halında soyğunçuluq ittihamı irəli sürülmüşdü.

Mən də müdafiə nitqimdə bildirdim ki, olardan belə ifadə alınsa da, bu həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə əsas vermir. Çünki Ali Məhkəməni Plenimunun soyğunçuluq, oğruluq və quldurluqla bağlı 2001-ci qərarı var. Tövsiyyə xarakteri daşısa da, istintaq və məhkəmə araşdırması zamanı birbaşa istiqamət verir. Təcrübəyə əsaslanaraq, ümumiləşdirmə aparılaraq belə bir tövsiyyə qəbul edilib. Orada göstərilir ki, qrup halında törədilən cinayətlərdə iştirakçıların vəzifə bölgüsü olmalıdır. Və bu bölgüyə uyğun konkret hərəkətləri olmalıdır. Məsələn, 3 nəfər piyada yanacaqdoldurma məntəqəsinə gəlib, yanacağı doldurduqdan sonra qaçsaydı, onda düşünmək olardı ki, operator qorxusundan bunlara müqavimət göstərməyib. Bunu qrup halında cinayət kimi tövsiyyə etmək olar. Amma bu halda ittihamda da göstərilir ki, yanacaq doldurulduqdan sonra sürücü maşını sürüb gedib. Digər şəxslərin də bu zaman hadisə yerindən uzaqlaşması öz əllərində olmayıb, sürücünün əlində olub. Bu bir. İkincisi də bunlar avtomobildən düşməyib. Cinayətin baş verməsinə nə kömək edə bilərlər? Burda hansı qrup halında cinayətdən danışmaq olar? Mən müdafiə nitqimdə də bildirdim ki, hətta bunlar etiraf etsələr belə, bu onların təqsirli olduğunu sübut etmir. Qanunvericilikdə də göstərilir ki, etiraf etmək hələ cinayəti həmin şəxsin törətməsini göstərmir. Bu məcmu halda digər subutlar təsdiqini tapmalıdı. Tutaq ki, biri adam öldürür, başqa biri öz üzərinə götürərək, cinayət etiraf edir. Bu o demək deyil ki, cinayəti törədəni deyil, etiraf edəni həbs etmək lazımdır?

Yox, hər bir şey araşdırılmalıdır. Şahidlər dindirilməli, ekspertiza keçirilməli, telefon-anten idarəsindən müvafiq məlumatları alınmalı, araşdırılmalı, tam təsdiqini tapmalıdır. Etirafla və ya təzyiqlə kiminsə boynuna qoymaqla cinayəti açmaq olmaz. Məhkəmədə bütün bunlar nəzərə alındı və tam ədalətli qərar verildi.

Bəraət aldığım digər bir işdə, müvəkkilim barəsində həbs qətimkan tədbiri seçilərək, 9 aydır təcridxanada saxlanılırdı. Hüquqlarını müdafiə etdiyim Eyyubova Tamilla AR CM-nin 178.3.2-cü maddəsi ilə ittiham olunurdu. O, güya Cəfərov Elman Məmməd oğlunun 280 min ABŞ dollarını ələ keçirməkdə təqsirləndirilirdi. Ancaq biz müvəkilinə qarşı öz şəriki tərəfindən irəli sürülən ittihamların əsassız olduğunu sübut etdik. Hər iki şəxs Gürcüstan Respublikasında şərikli otel işlədiblər. Şərikli fəaliyyət zamanı müflis olmuşlar. Yəni yatırım etdikləri pullara görə qazanc əldə edə bilməyiblər. Üstəlik yatırdıqları əsas məbləği belə qazana bilməyiblər. Buna görə də ortada hər hansı dələduzluq faktından söhbət gedə bilməzdi. Üzləşdirmə istintaq hərəkəti zamanı Elman hüquqlarını müdafiə etdiyim şəxsi sevdiyini etiraf etdi. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tutdurmusan, o bunu əsəbləşərək etdiyini göstərmişdir. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyi üçün ona qarşı qısqanclıq zəminində ittiham irəli sürərək, həbsə alınmasına nail olub. Təqdim etdiyimiz sübutlar nəticəsində istintaq zamanı bu ittihamların əasasız olduğu müəyyən edildi və müvəkkilim azadlığa buraxıldı.

Digər bir bəraət qərarının isə 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən müvəkkilim Mahmudov Elvin Bəxtiyar oğlu ilə bağlı çıxarılmasına nail olduq. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə (cəzaçəkmə müəssisələrinin normal fəaliyyətini pozma) ittiham verilərək, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmuşdu. Ancaq ortada olan sübutlar və şahid ifadələri hüquqlarını müdafiə etdiyim Elvin Mahmudovun günahsız olduğunu göstərirdi. Biz də bunları müvafiq qaydada toplayaraq istintaq orqanına təqdim etdik. Qaradağ rayon Polis İdarəsinin İstintaq şöbəsini də tərəfimdən verilmiş vəsait təmin etdi. Araşdırma nəticəsində müəyyən edildi ki, müdafiə etdiyim şəxs Mahmudov Elvin ona qarşı törədilmiş xuliqanlıq hadisəsi zamanı əslində öz həyatı və sağlamlığını müdafiə edib. Məhz onun Emil Əlizadəyə xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olması nəzərə alınaraq, əməlində cinayət tərkibi olmadığını sübut etdik. Və buna əsasən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarı və Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, hazırki cinayət işinin Mahmudov Elvin Bəxtiyar oğluna aid hissənin icraatına bəraətverici əsaslarla hissəvi xitam verilməsinə nail olduq. Eyni zamanda hüquqlarını müdafiə etdiyim Mahmudov Elvinin təqsirləndirilən şəxs qismindən zərərçəkmiş şəxs statusuna keçirilməsi barədə qərar qəbul edildi.
Bu cür bəraətlər də, bir növ həm ibtidai istintaqı aparan müstəntiqləri, həm də birinci inistansiya məhkəmələrinin hakimlərini daha məsuliyyətli olmağa sövq edir. Eyni zamanda prossesual nəzatrəti həyata keçirən prokurorluğun cinayət işlərini daha ciddi araşdırmasına səbəb olur.

Eyni zamanda bu bəraətlər təbii ki, vətəndaşların məhkəmə-hüquq sisteminə olan inamını artırır. Ona görə də belə qərar verən hakimlər alqışlanmalıdır. Bu tədqirəlayiq bir haldır.

-Adəm müəllim, Prezident İlham Əliyevin bu yaxınlarda cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə təqdim edilib. Bu, Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi hesab olunur. Ancaq bəzi ekspertlər bunun ölkədə cinayət hallarının artmasına səbəb olacağından ehtiyatlanır. Siz nə düşünürsünüz?

-Ümumiyyətlə dünya təcrübəsi göstərir ki, sərt cəza cinayətin azalmasına səbəb olmur. Sərt cəza tətbiq edilən ölkələrdə ağır cinayətlər daha çox baş verir, nəinki qanunu pozanlara daha humanist yanaşan ölkələrdə. Bu baxımdan ilk dəfə cinayət törətmiş insanlara humanist yanaşılmasının daha doğru olduğu qənaətindəyəm. Hörmətli Prezidentimizin də cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Milli Məclisə təqdim etdiyi qanun layihəsində məhz ilk dəfə yüngül və az ağır cinayətə yol vermiş insanlara humanist yanaşılmasını nəzərdə tutur.

Qanun layihəsində Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Bundan əlavə, qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub. Bütün bunlar, əlbəttə, çox tədqirəlayiqdir. İlk dəfə mülkiyyət əleyhinə cinayət törətmiş, dələduzluq etmiş şəxsin ziyanı ödəyəcəyi halda həbs cəzasına məhkum edilməməsi çox müsbət haldır. Çünki bəzən belə cinayətə yol vermiş şəxslər istənilən halda həbs olunacaqları üçün vətəndaşlara dəymiş ziyanı ödəməkdən imtina edir, kapitallarını gizlədirlər. Onların həbsi isə dələduzluğun qurbanına çevrilmiş vətəndaşlara heç nə vermir. Ancaq bu halda cinayət törətmiş şəxs, vətəndaşlara vurduğu ziyanı ödəyərsə həbs edilməyəcəyini bildikdə, bu imkandan istifadə edəcək.

Əlbəttə, cəza cinayətə adekvat olmalıdır. Cəza ağır olduqda insanlarda dövlətə, hüquqa inam azalır. Yüngül olduqda da cinayətlər artır. Ancaq bəzən insanlar bilmədən, məsuliyyətsizlikdən cinayət hallarına yol verirlər. Qanunvericilikdə dəyişiklik belə insanlara öz səhvlərini düzəltmək imkanı verir. Yəni, bu bir növ ilk dəfə cinayət etmiş insanların əməllərində peşmançılıq çəkdikdə, bunu düzəltmək istədikdə onlara belə bir imkan verilir. Növbəti dəfə belə bir əməl törətdikdə isə ona heç bir güzəşt nəzərdə tutulmur. Yəni, dövlətin humanizmindən bir dəfə yararlanmaq olacaq. Bu da tədqirəlayiq haldır. Hesab edirəm ki, Prezidentin bu təşəbbüsünün çox müsbət təsirləri olacaq.

-Dəyişikliklərdə, mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Bu dələduzluq hallarının daha da artmasına səbəb olmazmı?

-Xeyr, bunun dələduzluq hallarının artmasına təsir edəcəyi fikri ilə də mən razılaşmıram. İndi heç kimə hər hansı güzəşt olunmasa da, dələduzluq halları kifayət qədər çoxdur. Hazırda baş verən cinayətlərin bəlkə də 70 faizi dələduzluqla bağlıdır. Cəzanın sərtliyinin heç bir təsiri olmur. Mənimsəmə ilə bağlı nə qədər insana ağır cəza verilsə də təsiri olmur. Hətta birinin yaxını məhkəmədə ağır cəza alır, özü çıxır dələduzluq edir. Bu da, fikrimcə, cəmiyyətdə belə insanlara sərt, aşağılayıcı münasibətin olmamasından irəli gəlir. Bunun qarşısını almaq üçün geniş təbliğat, insanların hüquqi baxımdan maarifləndirməsi həyata keçirilməlidir. İnsanlara asan yolla varlanmağın mümkün olmadığı, bunun xoşbəxtlik gətirmədiyi təbliğ edilməlidir. İslami dəyərlər, halal yolla qazanc əldə etmək təbliğ olunmalıdır. Haram yollardan insanlar çəkindirilməlidir.

Eyni zamanda ictimai qınaq təşkil edilməlidir. Dələduzluq əməllərinə yol verənlər hamıya tanıdılmalı, cəmiyyətdən bir növ təcrid edilməlidir. Onlar tez-tez qınanmalıdır. Başqalarının əməyini, zəhmətini ələ keçirməyin, rüşvət almağın əxlaqsızlıq olduğu qəbul edilməli, onlara belə münasibət göstərilməlidir. Ancaq çox təəssüf ki, bizdə dələduzlar həbsdən çıxdıqdan sonra özlərini bir nüfuzlu şəxs kimi aparırlar. Cəmiyyətə özlərini düzgün, hörmətli insan kimi sırıya bilirlər. Buna yol verilməli deyil. Belə adamların dələduz olduqları onlara xatırladılmalıdır. Əgər insanlar bilsələr ki, dələduzluğa yol verdikləri, başqalarının haqqını yedikləri halda cəmiyyətdən təcrid olunacaqlar, onları mərhumiyyətlər gözləyəcək, belə əməllərə yol verməzlər.Yəni, cəza humanist olmalıdır, ancaq ictimai qınaq artırılmalıdır. Eyni zamanda fikrimcə, rüşvət verənlər zərərçəkmiş kimi tanınması məsələsində düzəlişlər edilməlidir. Bu adam hansısa iş üçün rüşvət veribsə və bu haqda vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, cinayət edib, zərərçəkmiş kimi tanınmamalıdır. Bu qanunda da var və son vaxtlar tətbiq edilir. Belələri isə şahid kimi dindirilə bilər, ancaq zərəçəkmiş kimi yox. Bu həm də insanları rüşvət verməkdən çəkinməyə sövq edər, dələduzların qurbanına çevirilməsini azaldar.

-Cəmiyyətdə son illər artan vəhşilik, amansızlıq, hətta bəzən insanların öz ailə üzvlərini qətlə yetirməsi də sanki cinayət qanunvericiliyini sərtləşdirməyi tələb edir. Hətta bu baxımdan ölüm hökmünün bərpasının zəruri olduğunu deyənlər də var. Siz coxsaylı cinayət işlərinə çıxmış bir vəkil kimi bununla bağlı nə düşünürsünüz?

-Bilirsiz, bununla bağlı birmənalı fikir bildirmək çətindir. Bəzi ölkələrdə ölüm hökmü olsa da, bu ağır cinayətlərin baş verməsinin qarşısını almır. Məsələn, ABŞ-da ölüm hökmü olsa da, çoxlu sayda ağır cinayətlər baş verir. Bir sıra ölkələrdə ölüm hökmü olmasa da, ağır cinayətlər çox az baş verir. Məsələn, Skandinaviya ölkələri. Bu baxımdan ölüm hökmünün bərpasının ağır cinayətlərin azalmasına səbəb olacağınını birmənalı söyləmək olmaz. Ancaq mən də razıyam ki, cəmiyyətdə son illər vəhşilik, amansızlıq halları artıb. Elə insanlar var ki, onların islah edilməsi mümkün deyil. Hamilə qadınları öldürən, uşaqlarını qətlə yetirən və sair adamlara rast gəlinir. Belə qatil, cəmiyyət üçün təhlükəli insanlara ölüm hökmü kimi ağır cəzanın verilməsi bu halların, bəlkə də azalmasına səbəb ola bilər.

Amma düşünürəm ki, bu hökm çox məhdud sayda cinayət əməli törətmiş insanlara tətbiq edilməlidir Həm də icrasından qabaq çox ciddi şəkildə yoxlanılması, hər hansı səhvə yol verilmədiyinə əmin olunmalıdır. Çünki ölüm hökmü elə bir cəzadır ki, səhvən verilərsə, sonradan düzəldilməsi mümkün deyil. Əgər nəzərə alsaq ki, bizim cəmiyyətdə bəzi insanlar əllərindəki imkanlardan sui-istifadə etmyə meyillidir, ölüm hökmü belələrinin əlində başqalarını bir təhdidə çevirə bilər. Baxın, əgər ölüm hökmü olsaydı, keçmiş MTN tərəfindən günahsız yerə ağır cinayətlərdə ittiham olunan neçə insan bəlkə də güllələnmişdi. Ona görə də, birmənalı şəkildə ölüm hökmünün bərpasını təklif etməkdən adam çəkinir.

Yəni, ölüm hökmünün bərpasının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəflərinin olduğu da nəzərə alınmalıdır. Buna görə də, hesab edirəm ki, ölüm hökmü bərpa edilsə də, xüsusi yanaşma olmalıdır. Bu hökmün icrasına uzun prosedurdan sonra qərar verilməlidir. Yəni, yalnız 3-4 məhkəmə inistansiyasını keçdikdən sonra icra olunmamalıdır. Bununla bağlı peşəkarlardan ibarət xüsusi komissiya yaradılmalıdır. Və bu komissiyanın rəyindən sonra ölüm hökmü icra edilməlidir. Ümumiyətlə bu məsələ ilə bağlı həm cəmiyətdə, həm də peşəkarlar tərəfindən cox ciddi müzakirə edildikdən sonra qərar verilməlidir.

-Adəm müəllim, bildiyimizə görə “Lider” telekanalında yeni layihəyə başlayırsınız. Sizin təqdimatınızda yeni veriliş yayımlanacaq. Bu ideya hansı zərurətdən yarandı? Verilişiniz hansı istiqamətdə olacaq, hansı problemlərə toxunulacaq?

-Bəli, yaxın günlərdə “Lider” telekanalında “Hüquq və Ədalət” adlı televiziya verlişinə başlayırıq. Verlişimiz hər bazar günü efirə gedəcək. Veriliş həm hüquqi baxımdan maarifləndirici xarakter daşıyacaq, həm də cinayət, mülki və inzibati xarakterli icraatda olan, həmçinin başa çatmış işlərin araşdırılmasına həsr olunacaq. Belə bir layihəyə başlamağımız təbii ki, təsadüfi deyil. Bilirsiniz ki, bu gün telekanallarımızın demək olar ki, hamısında şou yönümlü, əyləncəli- musiqili proqramlar üstünlük təşkil edir. Bəzi günlər ard-arda saatlarla əyləncəli – musiqili proqramlar efirə verilir. Əlbəttə, insanlarını istirahəti baxımından bu cür verilişlər də lazımdır. Yaxşı musiqi insanın ruhunu oxşayır, yorğunluğunu alır. Ancaq belə verlişlərin həddən artıq çox olması əvvala, insanları yorur, hətta ikrah hissi yaradır. İkincisi isə bu cür proqramların çoxluğu onların özlərinin keyfiyyətinin aşağı düşməsinə, bayığlaşmasına səbəb olur. Əyləncə, musiqi xətrinə kimi gəldi efirə çıxarırlar ki, bu da insanları telekanallarımızdan uzaqlaşıdırır. Yəni, bu cür proqramlar həm insanlarımıza, həm də telekanallarımıza artıq bir yükə çevrilib. Vətəndaşlar artıq televiziyalarımızda onları düşündürən, intelektual səviyyəsini artıran, cəmiyyətdəki problemləri qabardan, həlli yollarını göstərən verilişlər görmək istəyir. Məhz biz də efir məkanımızda olan bu boşluğu müəyyən qədər aradan qaldırmaq niyyətilə belə bir layihəyə qərar verdik. Azərbaycan hüquqi bir dövlətdir, bütün ictimai-iqtisadi-sosial münasibətlər hüqüq çərçivəsində həll olunur. Ancaq çox təəssüf ki, insanlarımızın hüquqi baxımdan savadı çox aşağı səviyyədədir. Nəinki sadə vətəndaşlarımızın, hətta ali təhsilli insanlarımızın bir çoxunun hüquqi baxımdan bilikləri çox məhduddur. Məhz bu səbəbdən cəmiyyətimizdə dələduzluq halları geniş yayılıb, işbazlar insanları rahatlıqla aldada, öz toruna sala bilirlər. Buna görə də Azərbaycanda hüquqi baxımdan maarifləndirici verilişlərə çox ciddi ehtiyac duyulur. Həm də bunu savadlı, praktiki fəaliyyətdə uğurları olan hüquqşünaslarımız tərəfinndən həyata keçirilməsi lazımdır. Çünki hüquq diplomunun olması hələ həmin insanın hüquqi savadının olması demək deyil. Təəssüf ki, bəzən telekanallarımıza hüquqşünas adı ilə belələrini çıxarırlar. Hansı ki, heç hüquqi terminləri belə düzgün ifadə edə bilmirlər. Ona görə də insanların hüquqi baxımdan doğru şəkildə maarifləndirilməsini təmin edən verilişlərə ehtiyac var. Mən də buna görə belə bir veriliş açmaq qərarına gəldim. Ancaq verilişimiz tək maarifləndirici xarakterli olmayacaq. Eyni zamanda ölkədə baş verən səs-küylü cinayət hadisələrindən bəhs ediləcək, onların televiziya araşdırılması həyata keçiriləcək. Həmçinin verlişlərimizdə cinayətlərin yaranma səbəblərindən, cinayət törədən insanların üzləşdikləri mərhumiyyətlərdən də geniş bəhs ediləcək. Bu məqsədlə cəzaçəkmə müəssisələrində çəkilişlərimiz olacaq, məhbusları danışdıracağıq. Fikrimcə, belə insanların talelərinin efirə verilməsi gənclərimizi cinayət törətməkdən çəkindirə bilər.

İkinci, bir tərəfdən verilişimiz vasitəsilə ictimaiyyətə savadlı, peşəkar hüquqşünaslarımızı, vəkillərimizi tanıtmaq niyyətindəyik. Qeyd etdiyim kimi, efirlərə əsasən aşağı səviyyəli, peşəkarlığı olmayan, ancaq özünü “gözə soxmağı” bacaran hüquqşünaslar çıxır. Peşəkar, savadlı, təcrübəli, neçə işi qazanmış vəkillərimizi cəmiyyətimiz tanımır. Biz belə vəkillərimizi də ictimaiyyətə tanıtmaq istəyirik. Düşünürəm ki, bu cür insanların cəmiyyətimiz tərəfindən tanınması insanların hüquqa, ədalətə olan inamının artmasına səbəb olacaq. Həm də qeyri-peşəkar, savadsız hüquqşünasların sözün həqiqi mənasında “bazarlarının” bağlanmasına səbəb olar.

-Cəmiyyətimizin hüquqi baxımdan maarifləndirilməsinə, ümumiyyətlə intelektual xarakterli verilişlərə həqiqətən ciddi ehtiyac var. Ancaq çox təəssüf ki, telekanallarımızda bu istiqamətli verilişlərin ömrü o qədər də uzun olmur. Ya sponsor tapılmadığından, ya da yaxşı təşkil oluna bilmədiyindən bağlanır. Bəziləri də bir müddət sonra şouya çevrilir. Siz necə, verilişin uzunömürlü olmasını təmin edə biləcəksinizmi?

-Həqiqətən televiziyalarımızda intelektual xarakterli verilişlər çox azdır. Baxmayaraq ki, cəmiyyətimizdə belə verilişlərə çox böyük tələbat var, sponsor olmadığından efiri şoularla doldururlar. Ancaq bizim verlişimiz yalnız maarifləndirici xarakter daşımır, həm səs-küylü cinayət işlərinin araşdırılmasına həsr olunacaq, həm də sensasiyalı faktlar, hadisələr barədə məlumatlar veriləcək. Bu baxımdan verilişimizin böyük auditoriyasının olacağına şübhə etmirəm. Ümumiyyətlə, kriminal xarakterli, cinayət işlərinin araşdırılmasına həsr olunan verilişlər bütün dünyada yüksək reytinq qazanır. Bizim də verilişlərimizin müəyyən hissəsi maraqlı cinayət işlərinin araşdırılmasına həsr olunacağından, qısa müddətdə yüksək reytinq qazanacağımıza əminəm. İnşallah həm öz imkanlarımızdan, həm də dostlarımızın köməkliyindən istifadə edərək layihənin uğurlu və uzunömürlü olmasını təmin edəcəyik. Çalışacağıq ki, telekanal rəhbərliyinin bizə olan etimadını doğruldaq və cəmiyyətimizin böyük hisəsinin zövqünü oxşayacaq, marağını cəlb edəcək bir veriliş ortaya qoyaq.
Geri qayıt