DataLife Engine > Xəbər > Sabiq polis rəisi işsizlərin cinayətkara çevrilməsinin səbəbini açıqladı

Sabiq polis rəisi işsizlərin cinayətkara çevrilməsinin səbəbini açıqladı


8-09-2017, 08:11. Yerləşdirdi: sefa Sabiq polis rəisi işsizlərin cinayətkara çevrilməsinin səbəbini açıqladı
Mahmud Hacıyev: “Bu məsələdə əsas aparıcı məqam sosial-iqtisadi problemlərdir”

Azərbaycanda cinayət törədənlər daha çox əmək qabiliyyətli yaşda olub, lakin təhsili və işi olmayan şəxslərdir. “Trend”in məlumatına görə, ötən il Azərbaycanda belə kateqoriyaya aid 12 min 751 şəxs cinayət törədib.

Xalqinfo.az xəbər verir ki, keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mətkəzinin rəhbəri Mahmud Hacıyev məsələyə münasibət bildirərkən “Yeni Müsavat”a deyib ki, işsizlik böyük bəladır: “Vətəndaş niyə işsiz, təhsilsizdir? Bax bu suala cavab vermək, işsizlik, təhsilsizlik problemini aradan qaldırmaq üçün əməli tədbirlər görülməlidir ki, cinayətlərin sayı da azalsın. Cinayətlərin artımına səbəb olan amillər toplumu var. Əsas cinayətin motivinə diqqət etmək lazımdır. Cinayətin qisasçılıq, tamah, ailə motivi, xuliqanlıq niyyəti ilə baş verməsi süzgəcdən keçirilir. Oğurluq, soyğunçuluq, quldurluq halları tamah məqsədilə törədilən cinayətlərdir. Xuliqanlıq, qəsdən adam öldürmə, ictimai qayda-qanunun pozulması aşkar şəraitdə törədilən cinayətlərdir və sərxoşluq, narkomaniyadan da ola bilər. Çox təəssüf ki, statistik məlumatlar açıqlanarkən motivi göstərmirlər”.

M.Hacıyev deyir ki, tamah motivi ilə baş verən cinayətlərin artması sosial-iqtisadi problemlərlə, iqtisadi vəziyyətlə əlaqəlidir: “İşsiz tamah motivi ilə cinayət törədibsə, burada əsas amil sosial-iqtisadi problemdir. Heç bir əqli cəhətdən sağlam, anlaqlı şəxs tamah motivi ilə oğurluq, quldurluq, soyğunçuluq etməz. Bu məsələdə əsas aparıcı məqam sosial-iqtisadi problemlərdir. Tam olmasa da, belə cinayətlərin törədilməsində əsas rol oynayan sosial-iqtisadi durumdur”.

Ekspert deyir ki, işsiz vətəndaşların sosial müavinətlərə çatımlılığının problemə çevrilməsi, bürokratik əngəllərlə əhatələnməsi də belə cinayətlərin törədilməsində mühüm rol oynayır: “Ailə başçısıdır, işdən çıxarılıb. Və ya devalvasiya ilə əlaqəli iş yeri bağlanıb və işsiz qalıb. Vətəndaş üz tutur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. O qədər sənəd, get-gəl yaranır ki, vətəndaş, sadəcə, həmin pulu alacağına inamını itirir. Bürokratik əngəllərin olması izsiz, ümidsiz insanları daha da inamsızlaşdırır. Vətəndaşların böyük hissəsi kredit borclarını ödəyə bilmir. Banklar da işsiz olan vətəndaşa güzəştə getməyə həvəsli olmur. İndiki bazar iqtisadiyyatı şəraitində ailə başçısının bazar zənbilini doldurması müşkülə çevrilib. Kommunal xərclər də vətəndaşın maddi vəziyyətinə son dərəcə böyük yükdür. Əyin-başsız birtəhər dolanmaq olur, amma işıq, qaz, su olmadan müasir dövrdə dolanmaq mümkün deyil. Hansı ölkə olmasından asılı olmayaraq vətəndaşın işsizlik, sosial-iqtisadi problemləri həll edilirsə, vətəndaşın dolanışığı üçün minimal şərtlər təmin olunursa, cinayətləri sayı azalır. Əqli cəhətdən sağlam şəxs cinayətə getməz. Kim istəyər ki, özü azadlıqdan məhrum edilsin, türmədə otursun, ailəsi isə başsız qalsın?”

M.Hacıyev deyir ki, vətəndaşın sosial təminatı normal şəkildə olursa, cinayətə meyllilik də azalır, aradan qalxır: “Bir xəbər yayıldı ki, cənub rayonlarından birində ailə başçısı olan vətəndaş işdən gəlib və görüb ki, borca görə işığını kəsiblər. İşıq dirəyinə qalxıb və onu cərəyan vuraraq öldürüb. Ailə başçısı işığa borcunu niyə ödəməyib? Deməli, imkanı olmayıb. Hələ bu, işi olan, az gəliri olan şəxsdir. İşsiz, ümidi hər yerdən üzülmüş vətəndaşlar bu gün çoxluq təşkil edir. İşsizlərin kommunal xərclərinin dövlət tərəfindən qarşılanması, hansısa bir limitlə qaz, işıq, su verilməsi təmin olunmalıdır. İş yeri yoxdursa, kommunal xidmətlərə görə haqlarla vətəndaş üz-üzə qalmamalıdır. Dövlət işsiz vətəndaşa sahib çıxmalıdır.

Öz yaxınlarının evindən oğurluq edənlər artıb. Xəbərlərdə tez-tez eşidirik ki, filankəs əmisinin, dayısının, hətta bacısının evindən oğurluq edib. Bu niyə belədir? Sosial iqtisadi problemlər vətəndaşları cinayətə sürükləyir. Kim istəyər gedib öz bacısının, qardaşının, əmisinin evindən oğurluq etsin? Deməli, vətəndaşı buna vadar edən səbəb var. Hazırda bu səbəb sosial-iqtisadi vəziyyətdir. İnsan robot deyil ki, proqramlaşdırasan ki, ac da, işıqsız, susuz, istiliksiz də qalsa otursun, tərpənməsin. İnsan çox mürəkkəb xarakterli məxluqdur. Nəzərə almaq lazımdır ki, bütün insanların iradəsi, tərbiyəsi, intellekti, dünyagörüşü yüksək səviyyədə olmaya bilir. İnsan var səbrlidir. Aclığa da, susuzluğa da, soyuğa da dözə bilər. Amma hamı belə deyil axı. Digər tərəfdən də, 21-ci əsrdə Azərbaycan insanı niyə işsizlik, aclıq, soyuq, işıqsızlıq və digər sosial-iqtisadi problemlərlə üz-üzə qalmalıdır? Və bu problemlərdən doğan cinayətə getməlidir?"

M.Hacıyev deyir ki, son dövrlər tamah məqsədilə törədilən cinayətlərin əksəriyyəti gənc yaşlarında olan vətəndaşlar tərəfindən törədilir: “Oğurluq, quldurluq cinayətləri törədən qruplar həbs olunur və fikir verirsinizsə, tutulanların əksəriyyəti cavan uşaqlardır. Həmin cavanlar işsiz-gücsüzdürlər. 20 yaşında türməyə gedən gəncin oradan islah olunub qayıdacağı mümkün deyil. Həmin gənc oradan çıxıb yeni bir cinayət törədəcək və yenidən türməyə qayıdacaq. Beləcə, Azərbaycan cəmiyyətində kriminalın sayı artır. Gənc yaşında türməyə düşən şəxslərin əksəriyyəti oradan kriminal aləmin üzvü kimi çıxırlar. Hər ay dustaq yoldaşlarına baş çəkməyi, onlara pul-para daşımağı özlərinə borc bilirlər. Beləcə, cinayətlərin sayı da artır. İşsiz-gücsüz adam türmə yoldaşına sovqatı hansı hesabdan alıb aparacaq? Postsovet məkanındakı azadlıqdan məhrum etmə yerləri tərbiyə vermir, əksinə, ora düşənlərə cinayət aşılayır. Azərbaycan türmələri Hollandiya, Belçika, Skandinaviya ölkələri deyil ki, tərbiyə aşılasın. Azərbaycan Malayziya, Avstriya, Belçika deyil. Azərbaycan türməsinə düşən gəncin həyata baxışı tamam dəyişir. Həyata nifrət yaranır, təkrar cinayətə sürüklənir. 2-3 məhkumluq həyatı bəs edir ki, gənc bir oğlan kriminal kastaların üzvünə çevrilib rəhbərliyinə qədər gedib çıxa bilsin”.

M.Hacıyev deyir ki, cinayətlərin qarşısını almaq təkcə hüquq-mühafizə orqanları əməkdaşlarının sayını artırmaqdan keçmir. İşsizlik problemi aradan qaldırılmalıdır ki, cinayətlərin də sayı ilbəil artmaq əvəzinə azalsın.
Geri qayıt