DataLife Engine > Xəbər > Cahangir Hacıyev susduruldu, zavodunu naməlum investor aldı

Cahangir Hacıyev susduruldu, zavodunu naməlum investor aldı


24-08-2017, 08:33. Yerləşdirdi: sefa Cahangir Hacıyev susduruldu, zavodunu naməlum investor aldı
Adı açıqlanmayan şirkət zavodu ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa razılaşıb

Azərbaycan Beynəlxalq Bankına kredit borcu olan və bugünlərdə hərraca çıxarılan Bakı Fındıq Emalı Zavodu (BakFEM) naməlum investora satılıb. Virtualaz.org xəbər verir ki, adı açıqlanmayan şirkət zavodu ilkin hərrac qiymətinə - 37 milyon 744 min manata almağa razılaşıb. Hazırda alqı-satqı müqaviləsinin imzalanması üçün danışıqlar gedir. Bakı Fındıq Emalı Zavodu Beynəlxalq Bankın toksik aktivlərdən təmizlənməsi proqramı çərçivəsində “Aqrarkredit” QSC dövlət kredit təşkilatına verilmişdi.

Həmin QSC-dən məlumatı təsdiqləyərək hərracın avqustun 21-də baş tutduğunu deyiblər. Zavodu almaq üçün cəmi bir alıcı-hazırda fəaliyyətdə olan biznesi təmsil edən şirkət müştəri qismində çıxış edib. Həmin şirkətin adı açıqlanmır. "Aqrarkredit" bank olmayan kredit təşkilatı 2015-ci ilin iyulundan bəri Azərbaycan Beynəlxalq Bankının (ABB-nin) problemli aktivlərinin idarə olunması ilə məşğuldur. Bank təxminən 10 milyard manat dəyərində aktivləri "Aqrarkredit"ə ötürüb. "Aqrarkredit" istiqraz buraxıb və onu illik 3 faiz dərəcəsi ilə Mərkəzi Banka satıb. İstiqrazların satışından gələn pul Azərbaycan Beynəlxalq Bankına ödənilib. Qaydalara görə, problemli aktivlərin satışından əldə olunan vəsait istiqrazlar üzrə hesablanmış faizlərin ödənilməsinə və istiqrazların geri alınmasına sərf olunmalıdır. Qeyd edək ki, Bakı Fındıq Emalı Zavodunun direktoru Beynəlxalq Bankın keçmiş direktoru Cahangir Hacıyevin tələbə yoldaşı Azad Cavadov idi. O da Beynəlxalq Bankın talanması işi üzrə həbs edilənlərdən biridir. Cahangir Hacıyev bu zavoda bankın 60 milyon dollar kreditini ayırıb, istintaq materiallarına əsasən kreditlərin bir qismi mənimsənilib. Zavodun hərraca çıxarılıb satılması Azərbaycanda fındıqçılıq sahəsinə diqqətin artırıldığı bir vaxtda baş verir. Ötən ildən etibarən Azərbaycanda minlərlə hektar sahədə yeni fındıq bağları salınıb .Azərbaycan bir ildə fındıq ixracından 150 milyon dollar valyuta əldə edib. Yeni bağların salınmasından sonra Azərbaycan fındıq istehsalına görə dünyada ilk yerlərdən birinə çıxa bilər.

Maraqlıdır ki, bu hərəkətlilik 15 il azadlıqdan məhrum olunmuş Cahangir Hacıyevin susqunluğu ilə müşayiət olunur. Həbsə alınandan sonra C.Hacıyev ABB-nin verdiyi kreditlər hesabına ərsəyə gələn müəssisə və təşkilatların, zavod və fabriklərin çətin duruma salındığını, idarəetmədən bixəbər şəxslərin həmin biznes layihələrinə rəhbər təyin olunduqları əks olunan bəyanatlar verirdi. Bu il mayın 25-də keçirilən prosesdə Cahangir Hacıyev onunla yanaşı təqsirləndirilən şəxs skamyasını bölüşən Bakı Fındıq Zavodunun keçmiş rəhbəri Azad Cavadovun günahsız olduğunu bildirmişdi. Cahangir Hacıyev demişdi ki, onun Beynəlxalq Banka rəhbərliyi dövründə bankın 6 milyard kredit portfeli olub, onun cəmi 30 faizi həcmində - 2 milyard kredit verilib.

Sitat: “Hazırda isə Beynəlxalq Bankın təkcə problemli kreditləri 12 milyardı keçib. Bunu necə izah edəcəklər?”

Bankir demişdi ki, cinayət işində ən azı, 3 qanunun tələbləri kobud şəkildə pozulub - “Banklar haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun və “Dövlət qulluğu haqqında” Qanun...

Hazırda isə C.Hacıyevin səsi eşidilmir. Sonuncu bəyanatında “siyasi məhbus” olmaq istəmədiyini dönə-dönə vurğulayan bankir hazırda mətbuatda çıxışlarına ara verib. Bunun səbəbi isə bəlli deyil.(musavat.com)
Geri qayıt