DataLife Engine > Xəbər > İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında -

İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında -


19-08-2017, 15:22. Yerləşdirdi: sefa İlham Əliyev Göygöldə uşaq bağçasının açılışında -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Göygöl rayonuna səfərə gəlib.

Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.
Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Qeyd olundu ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.

Dövlət başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

Yeni parkların, istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də turizm bölgəsi kimi böyük şöhrət qazanmış Göygölü daha da müasirləşdirir. “Qələbə” parkının yenidən qurulması rayonda bu istiqamətdə reallaşdırılan layihələrin bir hissəsidir.

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edildi ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Göygöldəki 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait bu istiqamətdə görülən işləri əyani surətdə təsdiq edən nümunələrdən biridir.
Geri qayıt