DataLife Engine > Xəbər > FHN-in idarə rəisi Biləcəridə yaşayış binasında baş verən partlayışla bağlı mövqeyini açıqlayıb

FHN-in idarə rəisi Biləcəridə yaşayış binasında baş verən partlayışla bağlı mövqeyini açıqlayıb


13-10-2014, 14:36. Yerləşdirdi: test FHN-in idarə rəisi Biləcəridə yaşayış binasında baş verən partlayışla bağlı mövqeyini açıqlayıb
Hikmət Xudiyev: “Yaşayış binası müvafiq qaydada Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən istismara qəbul edilmədən vətəndaşların istifadəsinə verilib”

“Nəzarətedici orqanların səlahiyyətlərini artırmaq, qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi haqqında düşünməyin vaxtıdır”

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist Hikmət Xudiyev Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən “Kristal AA” MTK-ya məxsus 18 mərtəbəli yaşayış binasında baş verən partlayışla bağlı fikirlərini açıqlayıb.

Hikmət Xudiyevin məqaləsi:

Payız-qış mövsümü başlar-başlamaz yanğın, partlayış hadisələri həyəcan təbili çalmaqdadır. Yanğınlar, partlayışlar yenə də can almaqda, insanlara bədən xəsarəti və külli miqdarda maddi ziyan yetirməkdədir. Bu günlərdə KİV-də növbəti hadisə - Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən “Kristal AA” MTK-ya məxsus 18 mərtəbəli yaşayış binasında bir nəfərin ölümünə, 5 nəfərin yaralanmasına, bir neçə avtomobilin ciddi zədələnməsinə səbəb olmuş partlayışla bağlı məlumatlar yayıldı. Bu partlayışların səbəb nədir?

Təbii ki, bu suala birmənalı cavab vermək çətindir. Kütləvi informasiya vasitələri ictimaiyyətə partlayışın sözügedən binanın 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızmasından baş verdiyini çatdırdı. Təbii ki, bu ilkin məlumatlar idi. Yəqin ki, partlayışın daha dəqiq səbəbini səlahiyyətli orqanlar müəyyənləşdirəcək. Bizim araşdırmalarımızda isə artıq partlayış baş vermiş bina ilə bağlı bəzi dəqiq məlumatlar var. Hansı ki, elə bu məlumatlara istinad edib "nə üçün partlayışlar və yanğınlar baş verir?" sualına cavab tapmağa çalışacağıq.

Bu məlumatlara aydınlıq gətirmək üçün sözügedən bina ilə bağlı bəzi məqamlara diqqət yetirək. Partlayışın baş verdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 14-də yerləşən “Kristal AA” MTK-ya məxsus 18 mərtəbəli yaşayış binası hələ bu günə kimi müvafiq qaydada Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib. Buna baxmayaraq, həmin binada bu gün sakinlər yaşayır və qeyri-yaşayış sahəsində obyektlər fəaliyyət göstərir.

Müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq sözügedən binanın ərazisində ayrıca yanğın su hovuzu inşa olunmayıb, mərtəbələrdə quraşdırılmış daxili yanğın su kranları daimi təzyiq altında su ilə təchiz edilməyib. Yaşayış binası olmasına, müxtəlif təyinatlı obyektlərin fəaliyyət göstərməsinə baxmayaraq dəhliz və mərtəbələrdə quraşdırılmış avtomatik yanğın xəbərverici və aşkaredici siqnalizasiya qurğuları və zirzəmi sahəsində yerləşən açıq avtodayanacaq sahəsində quraşdırılmış ventilyasiya qurğusu işlək vəziyyətdə deyil.

Təbii ki, dövlətin nəzarət qurumlarından biri olan FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğın təhlükəsizliyinin təmin olunmasına zidd olan bu hallara laqeyd qala, seyrçi münasibət bəsləyə bilməzdi. Partlayış baş vermiş bu binada DYNX-nin əməkdaşları tərəfindən hələ 30 oktyabr 2008-ci ildə yanğın-texniki müayinə keçirilib, yanğın təhlükəsizliyinə zidd hallar aşkar edilib və bu haqda akt tərtib olunub, “Kristal AA” MTK-ya xəbərdarlıq məktubu yazılıb. Lakin, çox təəssüflər olsun ki, dövlət yanğın nəzarəti xətti ilə həyata keçirilmiş bu tədbirlərdən sonra aşkar olunmuş çatışmazlıqlar “Kristal AA” MTK tərəfindən aradan qaldırılmayıb.

2008-2012-ci illərdə həmin binada növbəti yanğın-texniki müayinələr keçirilsə də, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmadığı yenidən yazılı şəkildə diqqətə çatdırılsa da, “Kristal AA” MTK dövlət qurumunun qanunvericilikdə nəzərdə tutulmuş qanuni tələblərinə əməl etməmişdir.

Bütün bunlarla yanaşı, sözügedən yaşayış binası müvafiq qaydada Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən də istismara qəbul edilmədən vətəndaşların istifadəsinə verildiyinə görə 14 fevral 2013-cü il tarixdə inzibati qaydada protokol tərtib edilib, mövcud olan nöqsanlar uzun müddət aradan qaldırılmadığına görə isə 28 mart 2014-cü ildə xəbərdarlıq məktubu tərtib edilərək “Kristal AA” MTK-nın rəhbərliyinə təqdim edilib. Müəyyən olunmuş müddət keçdikdən sonra xəbərdarlıq məktubunda qeyd olunan yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması ilə bağlı tədbirlərin icra vəziyyətini yoxlamaq məqsədi ilə DYNX-nin əməkdaşları 16 may 2014-cü ildə binada yenidən yanğın-texniki müayinə keçirib, müayinə zamanı yanğın təhlükəsizliyinə laqeyd münasibətin davam etdiyi aşkar olunub. Elə bu səbəbdən də DYNX növbəti addım atıb, yanğın təhlükəsizliyi qaydalarının müvafiq tələblərinə riayət etmədiyi üçün “Kristal AA” MTK-nın sədri inzibati qaydada cərimə olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti sözugedən binada yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılmasını təmin etmək üçün digər tədbirləri həyata keçirmək məcburiyyətində qalıb, yerli icra orqanlarına müraciət edib. Belə ki, yaşayış binasının istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan, həmçinin sakinlərin məskunlaşması və binanın qeyri-yaşayış sahəsində obyektlərin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə 10 iyul 2012-ci və 11 iyul 2013-cü ildə Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət olunub. Lakin bu müraciətdən də heç bir nəticə əldə edilməyib. Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi dövlətin nəzarətedici orqanlarının tələblərinin yerinə yetirilməsinin vacibliyini unudaraq zəruri olan tədbirlərin görülməsi əvəzinə əsassız yazışmaya üstünlük verib, sözügedən yaşayış binasında yanğın təhlükəsizliyi standartlarının, norma və qaydalarının tələblərinə uyğunluğu barədə DYNX-nə faktlara söykənməyən cavab məktubu göndərib.

Beləliklə, DYNX öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirib. Təəssüf ki, bir çox hallarda olduğu kimi bu tədbirlər mövcud səlahiyyətlərin məhdudluğundan kifayət qədər təsirli olmayıb, vətəndaşların, sahibkarların, məmurların yanğın təhlükəsizliyinə etinasız münasibətini sındıra bilməyib və həyata keçirilən tədbirlər nəticəsiz qalıb.

İnsan həyatına, maddi sərvətlərimizə sarsıdıcı zərbələr vuran bu laqeyd münasibətin - nəzarətedici orqanların qanunvericilikdə nəzərdə tutulmuş tələblərini saymazyana şəkildə qulaqardına vurmağın, müvafiq razılaşmalar olmadan qaz xəttinin çəkilməsinin partlayış və yanğınlarla müşayiət olunan acı nəticələri isə göz qabağındadır. "Nə üçün partlayış və yanğınlar baş verir?" sualının cavabı isə təhlükəsizlik qaydalarına sahibkarlar, məmurlar, vətəndaşlar tərəfindən ifrat laqeydlik göstərilməsidir. Bu laqeyd münasibətlərdən yaxa qurtarmaq üçün isə nəzarətedici orqanların səlahiyyətlərini artırmaq, qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi haqqında düşünməyin vaxtıdır ki, təsirsiz cəza və yüngül cərimələrdən qorxmayaraq təhlükəsizlik qaydalarını pozanların qarşısına sədd çəkilməsi üçün daha sərt qanunlar öz təsir qüvvəsini göstərsin. Bəli, bu haqda düşünməyin vaxtıdır. Ən azı daha böyük faciələrin qarşısını almaq üçün...”
Geri qayıt