DataLife Engine > Xəbər, Köşə > Hüquqi dövlət quruculuğu və təhsil islahatları-

Hüquqi dövlət quruculuğu və təhsil islahatları-


12-01-2017, 15:37. Yerləşdirdi: Tural Hüquqi dövlət quruculuğu və təhsil islahatları-

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu və təhsil islahatları

1991-ci ildə oktyabrın 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdi. Beləliklə, ölkəmiz imperiya buxovlarından xilas olaraq müstəqil inkişaf yoluna qədəm qoydu. Lakin ölkəmizin müstəqiliyinin dayanıqlı hala gətirilməsi, müstəqilliyə qarşı çevirilmiş qüvvələrin zərərsizləşdirilməsi, yaranmış kəskin ziddiyyətlərin aradan qaldırılması heç də asan olmadı.

Müstəqilliyimizin ilk illərində ermənilərin Azərbaycan torpaqlarına hücumları nəticəsində ölkə ərazisinin müəyyən hissəsi (20 faiz) işğala məruz qaldı. Soydaşlarımız doğma yurdlarından didərgin düşdülər. Respublikamızın daxilində yaranmış gərginlik ölkənin müstəqilliyi üçün böyük təhlükə törədirdi. Belə bir vaxtda xalqımız ulu öndər Heydər Əliyevə müraciət edərək onu respublika rəhbərliyinə dəvət etdi. Xalq ümummilli liderini ölkə prezidenti seçdi və haqlı olaraq xilas yolunu onun ideyalarında gördü.

1993-cü ilin oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, ölkə rəhbəri kimi fəaliyyətə başlayanda respublikanın ictimai-siyasi həyatı olduqca ağır vəziyyətdə idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində ölkə həyatında irəliləyişə doğru ciddi dönüş yarandı. Daxili parçalanmalara, pərakəndiliyə son qoyuldu.

Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi.

Ermənistan-Azərbaycan cəbhəsində uğurlu hərbi əməliyyatlar həyata keçirildi. Füzuli , Ağdam bölgələrinin xeyli hissəsi erməni silahlı birləşmələrinin tapdağından azad olundu. 1994-cü il mayın 12-də cəbhədə atəşkəs elan edildi. Bu, Azərbaycanın hərbi, siyasi, iqtdisadi gücünü artırmaq üçün əlverişli imkanlar yaratdı.

Bu dövrdə Azərbaycanda hüquqi, demokratik dövlət qurucluğu sahəsində böyük işlər görülməyə başlandı. İqtisadi, siyasi, sosial, mədəni sahələrdə köklü islahatların həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi təməllərini xeyli möhkəmləndirdi. Azərbaycan bazar iqtisadiyyatının dövlət tənzimlənməsi yolu ilə irəlliləyərək bu istiqamətdə stabil inkişafı təmin edə bildi. 1994-ci ildə “Əsrin müqaviləsi”nin imzalanması, xarici şirkətlərə Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün geniş imkanlar açdı.

1995-ci ilin 12 noyabrında ümmxalq səsverməsi (referendum) yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu . Tarixdən məlumdur ki, hələ 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti 23 aylıq fəaliyyəti dövründə dövlətin əsas Qanununu qəbul edə bilməmişdir. Azərbaycanın ilk Konstutusiyası 1921-ci il mayın 19-da Umumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Bu dövrdə Azərbaycanda Sovet hakimiyyəti mövcud idi.

Azərbaycan SSR Konstitusiyasının (1921-ci il) SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə, 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. 1927-ci ildə martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayı yeni-ikinci Azərbaycan Konstitusiyasını qəbul etmişdir. 1937-ci ildə üçüncü, 1978-ci ildə dördüncü Azərbaycan Konstitusiyası qəbul olunmuşdur.

1995-ci il Konstitusiyası isə müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 2002-ci il avqustun 24-də , 2009-cu il martın 18-də və 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsəverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir.

Ölkə Konstitusiyasında respublikamızın hüquqi, demokratik dövlət olduğu əsaslandırılmışdır. Konstitusiyasının preambulasında deyilir ki, Azərbaycan xalqı özünün çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək “Azərbaycan Respunlikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəslin qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək çox mühüm vəzifələr, ülvi niyyətlər qarşısına qoymuşdur. Bu ülvi niyyətlər aşağıdakı müddəalarla ifadə olunur:

1) Azərbaycan dövlətinin müstəqilliyini suverenliyini və ərazi bütövlüyünü qorumaq;
2) Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
3) vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
4) xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
5) ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
6) ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əminamanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Hüquqi dövlətin əsas şərtlərindən biri dövlət hakimiyyətinin demokratik prinsiplərlə bölüşdürülməsi məsələsidir. Bu məsələ də, Konstitusiyada əksini tapmışdır. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin bölgüsü aşağıdakı kimidir:

1. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir (maddə 81).
2. İcra hakimiyyəti dövlət başçısına-ölkə prezidentinə mənsubdur (maddə 99).
3. Məhkəmə hakimiyyətini Azərbaycan Respunlikasının məhkəmələri həyata keçirir (maddə125).

Respublikamızda hüquqi dövlət quruculuğu prosesi həm də məqsədyönlü aparılan təhsil islahatları ilə bilavasitə bağlıdır.

Konstitusiyanın 42-ci maddəsi “Təhsil hüququ” adlanır. Bu maddənin hər bir bəndi ölkəmizdə təhsilin inkişafı üçün əlverişli hüquqi imkanlar açır. Belə ki, bu maddədə hər bir vətəndaşın təhsil almaq hüququ (I bənd), dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməsi (II bənd), təhsil sisteminə dövlət tərəfindən nəzarət edilməsi (III bənd), maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlətin zəmanət verməsi (IV bənd) və dövlətin minimum təhsil standartlarını müəyyən etməsi (V bənd) əsaslandırılmışdır.

1990-ci illərdə təhsilin struktur və məzmununda, əməyin ödənilməsi sistemində həyata keçirilən dəyişikliklər cəmiyyətin yeni tarixi kimi dəyərləndirilə bilər. Proqram və dərsliklərin tamamilə yenilənməsi, ali məktəblərə tələbə qəbulu sisteminin getdikcə təkmilləşdirilməsi, dövlət təhsil müəssisələrinə dövlət qayğısının gücləndirilməsi və digər tələblər ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyilə hüquqi dövlət quruculuğu yolunda mühüm addımlar kimi qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, respublikamızda hüquqi dövlət quruculuğu prosesində milli-mənəvi dəyərlərə, tarixən toplanmış zəngin təcrübəyə istinad etməklə bərabər dünya təcrübəsinin öyrənilməsi və ümumi prinsiplərin təhsil sisteminə tətbiq olunması ideyasının irəli sürülməsi təqdirəlayiq hesab olunmalıdır. Ulu öndər Heydər Əliyev təhsil sistemini inkişaf etdirmək üçün belə bir ideyanı rəhbər tutmağı haqlı olaraq doğru hesab edirdi. “Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sisteminə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində-Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbayacn üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik.

Tədqiqatlar göstərir ki, müstəqillik dövründə Azərbaycan təhsilinin uğurları sırasında yeni dərsliklərin yaradılması ilə bağlı görülən işlər xüsusi qeyd olunmalıdır. Məlumdur ki, sovet dövründə proqram və dərsliklər Moskvada hazırlanır və respublikamızda onların tərcümə variantlardan istifad olunurdu. Yalnız Azərbaycan dilli, ədəbiyyat dərslikləri Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanır və bu ciddi nəzarət altında tərtib olunurdu.

Azərbaycan tarixi və Azərbaycan coğrafiyası (ümumtəhsil məktəblərində) SSRİ tarixi və SSRİ coğrafiyasının tərkibində qısa kurs kimi nəzərdə tutulurdu.

Müstəqil dövlət quruculuğunda təhsil siyasətinin mühüm istiqamətlərindən biri də dərslik probleminin həlli idi. Buna görə də ilk növbədə təhsil proqramlarının, standartların, fənn proqramlarının hazırlanması tələb olunurdu. Araşdırmalar göstərir ki, bu məsələlərin həllində, xüsusilə ictimai-humanitar fənlərin proqram və dərsliklərinin hazırlanması ilə bağlı olmuşdur. Çünki ictimai-humanitar fənlərin proqram və dərslikləri demək olar ki, ilk dəfə respublika təcrübəsi olmadan yaradıldığından burada struktur və məzmun məsələləri mütəxəssislər arasında çox müzakirələrə səbəb oldu. Hansı problemlər, hansı məzmunlar proqrama, dərsliyə gətirilsin? Mövzuların məzmunu, təhlil istiqaməti metodoloji baxımdan necə yönəldilsin? Hadisə və proseslərin şərhi, çıxarılan nəticə elmi-pedaqoji baxımdan necə ümumiləşdirilsin? Ona görə ki, dərslik yaradıcılığı sahəsində kifayət qədər təcrübəsi olmayan müəllimlər, tədqiqatçılar (xüsusi sırf nəzəri problemlərlə bağlı tədqiqat aparanlar) bir sıra çətinliklərlə qarşılaşırdılar.

Dərsliklərin məzmunu təlim materiallarının daha çox yüklənməsi ilə diqqət cəlb edirdi. Bundan başqa ayrı-ayrı mətnlərdə bəzən məntiqi ardıcıllıq gözlənilmir, eyni məsələ ilə bağlı ziddiyyətli faktlar nəzərə çarpırdı. Bütün bunlara baxmayaraq müstəqil Azərbaycan Respublikasında dərsliklərin yaradılması sahəsində çox iş görülmüş və əldə olunan nəticələr böyük uğur kimi dəyərləndirilə bilər.

Müstəqillik dövründə dərslik hazırlığı sahəsindəki fəaliyyəti 4 mərhələyə bölmək olar:

1) 1992-1998-ci illər-birinci mərhələ;
2) 1999-2002-ci illər-ikinci mərhələ;
3) 2003-2012-ci illər-üçüncü mərhələ;
4) 2013-cü ildən sonrakı illər- dördüncü mərhələ.

Birinci mərhələ latın qrafikalı əlifbaya keçid, ictimai-siyasi həyatda baş verən çətinliklər və ondan doğan problemlərin aradan qaldırılması ilə xarakterizə oluna bilər.

İkinci mərhələ Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbyacan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə başlayır. Bu mərhələdə tədris planları və proqramları, dərs vəsaitləri, digər tədris metodik ədəbiyyatlar məzmun baxımından yeniləşdirilmiş yeni nəsil dərsliklər yaradılmışdır. Məktəblərin, ilk növbədə ibtidai siniflərin, dövlət vəsaiti hesabına dərsliklərlə təmin olunması işinə başlanmışdır.

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının hazırlanması, yeni məzmun islahatlarının tətbiqinə başlanması üçüncü mərhələyə aiddir.

Üçüncü mərhələdə V-XI sinif dərslikləri də dövlət vəsaiti hesabına nəşr olunaraq məktəblərə çatdırıldı. 2005-2006-cı tədris ilində Müstəqil Dövlətlər Birliyi məkanında Azərbaycan yeganə ölkə idi ki, I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatını müvəfəqiyyətlə başa çatdırmışdı.

Dördüncü mərhələ 2013-cü ildə təhsilin struktur və məzmununa yeni yanaşmalarla, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması ilə başlamışdır. Bu mərhələ təbiidir ki, yeni struktura uyğun dərsliklərin yaradılmasını tələb edir.Ölkəmizdə bu istiqamətdə də xeyli uğurlar əldə olunmuş və yeni dərslikərin hazırlanması prosesi davam edir. Qeyd etməliyik ki, bu gün dərslik siyasətində yeni uğurların qazanılması üçün məzmun məsələlərinə xüsusi diqqət yetirilir. Dərsliklər çap olunmamışdan əvvəl xalqın, geniş ictimaiyyətin müzakirəsinə verilir, rəylər alınır. Bu məqsədlə Təhsil Nazirliyinin saytında dərsliklərin qiymətləndirilməsi üçün xüsusi yer ayrılması təqdirəlayiqdir.

Müstəqillik dövründə Azərbaycan təhsili bütün pillə və səviyyələr üzrə, o cümlədən ali təhsil pilləsi üzrə böyük inkişaf yolu keçmişdir. 1993-cü ildən ali təhsil sistemində əsaslı dəyişikliklərə başlanmışdır. Belə ki, ali təhsildə bakalavr və magistr proqramları üzrə kadr hazırlığına başlanmış, struktur, məzmun, idarəetmə sahəsində yeni qaydalar tətbiq olunmuşdur. 1997-ci ildə bakalavriat səviyyəsi üzrə ilk buraxılış olmuş, eyni zamanda 26 ali məktəbdə ilk dəfə magistraturaya qəbul keçirilmişdir. Bu dövrdən başlayaraq ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, təhsil müəssisələrinin səlahiyyətlərinin tədricən genişləndirilməsi, bəzi ali məktəblərə özünüidarəetmə hüququnun verilməsi ali təhsil sahəsində uğurların göstəricilərindən biri kimi qeyd oluna bilər. Bunlarla yanaşı əldə olunan uğurlar sırasında bu da göstərilə bilər ki, müstəqil dövlət quruculuğu prosesində dünya ali təhsil sistemindən təcridolunma, sərt mərkəzləşdirmə və ideoloji müdaxilələrin aradan qaldırılması və ali təhsil sahəsində islahatlar Avropaya inteqrasya kontekstində həyata keçirilirdi.

Azərbaycan Respublikasının müstəqil dövlətə çevrilməsi ölkədə qeyri-dövlət ali məktəblərinin yaranması üçün əlverişli imkanlar açdı. Dünya təcrübəsi də göstərir ki, hər bir ölkədə özəl və dövlət ali məktəblərinin inkişafı üçün bərabər imkanlar yaradılır, onlar arasında rəqabət mühitinin formalaşdırılması dövlət müəssisələrinin inhisarçılığının aradan qaldırılmasına müsbət təsir göstərir. Bu baxımdan Azərbaycanda özəl ali məktəblərin yaradılması təqdirəlayiq addım kimi dəyərləndirilməlidir.

2001-ci ilin sentyabrında ulu öndər Heydər Əliyev Bakıda Müasir Özəl Təhsil Kompleksinin açılışında özəl təhsil sisteminin milli təhsil sistemində yeri və rolu barədə geniş nitq söylədi. Burada göstərdi ki, özəl təhsil daha yüksək təhsil vermək məqsədi daşımalıdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda fasiləsiz təhsil sisteminin inkişafı müəyyən mərhələlərlə həyata keçirilir.

Bu istiqamətlərlə bağlı Azərbaycanda 20-dən artıq dövlət proqramı qəbul edilmiş və həyata keçirilmişdir. “Azərbaycan Ümumtəhsil Məktəblərinin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə Təminatı Proqramı”, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil sisteminin İnformasiyalaşdırılması”, “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2009-cu illər)”, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının Ali Təhsil Sistemində İslahat üzrə Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan təhsilin inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında Azərbaycan Prezidentinin sərəncamı” (11 iyul 2011-ci il) və s. mühüm əhəmiyyət kəsb edir. Bu proqramlar 1999-cu ildə təsdiq edilmiş “ Azərbaycan Respublikasında təhsil sahəsində islahat proqramı”ndan, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin həyata keçirilməsinin təmin edilməsini nəzərdə tuturdu.

Ölkəmizdə yeni Təhsil Qanununun hazırlanıb qəbul edilməsi ideyasını da ulu öndər Heydər Əliyev irəli sürmüşdür. Ulu öndər təhsilin cəmiyyətdə oynadığı mühüm rolu diqqətə çatdıraraq məruzə və çıxışlarında bu məsələlərə xüsusi əhəmiyyət verilməsinin vacibliyini qeyd edir, ölkəmizi sürətli inkişaf etdirmək üçün təhsil islahatı proqramının hazırlanmasını və onun məqsədəuyğun şəkildə həyata keçirilməsinin başlıca vəzifələrdən hesab edirdi. Beləliklə, Ulu öndərin ideyaları və fikirləri üzərində İslahat Proqramı yarandı və təhsil islahatları həyata keçirilməyə başladı. Bir neçə ildən sonra isə Heydər Əliyevin təhsil fəlsəfəsi və ölkə prezidenti İlham Əliyevin konseptual baxışları əsasında Azərbaycanda yeni Təhsil qanunu hazırlandı və qəbul edildi. Təhsil Qanunu mövcud dünya təcrübəsini, milli və bəşəri pedaqoji ənənələri özündə əks etdirdi. İnkişafyönümlü ideyaların bu qanunda əksini tapması Azərbaycan təhsil sisteminin və nəticə etibarilə hər bir təhsilalanın, təhsilverənin inkişafına, cəmiyyətin inkişaf mexanizminin daha çevik fəaliyyətinə əlverişli imkanlar yaradır.

Bu qanunda “Təhsil hüququna dövlət təminatı”, “Təhsilin keyfiyyət səviyyəsi”, “Təhsilin məzmununa və təşkilinə verilən tələblər”, “Təhsilin formaları”, “Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və akreditasiyası”, “Əlavə təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti” maddələri yeni olmaqla bərabər, dünya təcrübəsini əks etdirir və konseptuallığlı baxımından mühüm əhəmiyyət kəsb edir.

“Təhsil hüququna dövlət təminatı” maddəsində bir sıra məsələlərlə bərabər, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə qəbulda, vəzifələrə təyin olunmada, əməyin stimullaşdırılmasında, təhsilin davam etdirilməsində və digər bu kimi məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılması, milli təhsil ənənələrinin qorunması və inkişafı, innovasiyaların tətbiqinə təminat verilməsi, xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihə və proqramların həyata keçirilməsi hüquqi baxımdan hərtərəfli təsbit olunmuşdur. Qanunda təhsil sahəsində dövlət standartları anlayışı da mahiyyətcə konkret ifadəsini tapmışdır.

Qanunda göstərilir ki, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (maddə 6.1).

Qanuna əsasən dövlət təhsil standartları hazırlanarkən təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər, bununla yanaşı təhsilin məzmunu, idarəolunması, maddi-texniki tədris bazası, infrastrukturu, təhsilverənlərin keyfiyyət göstəriciləri hər bir təhsil pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini məhz dövlət təhsil standartları müəyyənləşdirir.

Bu gün Azərbaycanda təhsil islahatları uğurla davam etdirilir.Bu baxımdan ” Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”(Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı) və “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ) konseptual sənədlərinin həm də elmi böyük əhəmiyyəti vardır.

Təhsilin bütün pillə və səviyyələrini əhatə edən islahatlar milli zəminə, bəşəri dəyərlərə əsaslanmaqla ölkəmizdə yeni cəmiyyət quruculuğunda, hüquqi dövlətin möhkəmləndirilməsində fəal iştirak edən, vətəndaş-şəxsiyyətin formalaşdırlmasında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov


Xalqinfo.az Xəbər Portalı üçün
Geri qayıt