DataLife Engine > Xəbər > “Altun nəsil” uğrunda-

“Altun nəsil” uğrunda-


27-05-2014, 20:48. Yerləşdirdi: Tural
“Altun nəsil” uğrunda-
Azərbaycanda baş verən Milli Azadlıq Hərəkatının ölkə insanına, o cümlədən bizlərə miras qoyduğu liderlərdən və onların fəaliyyətini əks etdirən qəzetdən savayı heç bir siyasi partiyanın adı o qədər də çox hallanmır. Suni olaraq yaradılmış, bir az da şişirdilərək ölkənin iki qüvvə yəni iqtidar–müxalifət qarşıdurması ərəfəsində olduğunu iddia edən düşüncələrdən başqa heç bir partiyaların siyasi fəaliyyətində xüsusi bir fəallıq hiss edilmir. Əslində müəyyən fəallıq var, bu fəallıq siyasi qüvvələrin fəaliyyəti ilə bağlı deyil. Bunlar tamam başqa xarakterə malikdir. Bir az da dərinə getsək deyə bilərik ki, onların fəaliyyəti öz fəaliyyət dərnəyi çərçivəsindən kənara çıxa bilmir. Bu fəaliyyət, itirilmiş mövqe və nufuzun bərpası üçün nəzərdə tutulmuşdur. Təssüflə qeyd edək ki, dövrü mətbuat bu məsələyə bir o qədər də önəm vermir. Belə vəziyyət isə cəmiyyətin qarşı-qarşıya gəlməsinə zəmin yaradan amillərdən sayılmalıdır. Ona görə ki, “əsən küləklər” mexanizmi belə halda nizamsız olaraq işə düşür. Bu cür reallığın görünməməsinin və əhalinin daha fəal olmamasının obyektiv və subyektiv səbəbləri vardır.
Birincisi, əhali arasında peşəkar siyasətə olan maraq bir o qədər də güclü deyildir. Ona görə ki, ölkəmizdə həmin qüvvələr arasında siyasi rəqabət aparılmır. Əgər siyasi rəqabətin aparılmasına imkan yaradılsa idi, hər bir siyasi qurum, dövlət və milli dövlətçilik maraqlarına üstünlük verərdi. Bu isə heç zaman qarşıdurmanın və ya insanların dağıdıcı ruhda köklənməsinə imkan verməz. Lakin, baş verənlər və ya törədilənlər azmış kimi siyasi partiyaları məqsədli, qərəzli şəkildə sıradan çıxarılması üçün dəridən-qabıqdan çıxırlar. Bu, isə cəmiyyətin siyasiləşməsinə mane olur, əqidəsizliyə, mövqeysizliyə yol açır. Bunun nəticəsində də dürüst, yaltaqlıqdan və məddəhlıqdan uzaq olan liderlər siyasi səhnədən uzaqlaşır. Bu, üç haldan biri əsas kimi götürüldükdə baş verir. Birinci halda, şüurlu, məqsədli, qərəzli şəkildə məsələy yanaşılır. İkinci halda, prosesləri dərk etmədən belə hallara yol verilir. Üçüncü halda isə, inzibati amirlik yolu ilə ölkə idarə olunanda. Hər üç halda “Atam mənə kor deyib, gəlib-gedənə vur deyib” formulu işlək olur.
İkincisi, ümumiyyətlə, xalqda baş verən hadisələrə və siyasi proseslərə maraq minimuma enib. Bu da təbiidir, ölkədə demək olar ki, sosial-siyasi sabitlik hökm sürür, güclü iqtisadi, sosial və mədəni tərəqqi baş verir, yeni iş yerləri yaranr, sahibkarlığa xüsusi önəm verilir, əhalinin geniş quruculuq-abadlıq işlərinə qoşulması, yeni-yeni təşəbbüslər irəli sürməsi və nəhayət, gənclərin siyasi karyera barədə düşünməsi üçün geniş imkanlar yaranması inamındadır. Bütün bunlar insanlarda narazılığın kütləvi hala keçmək marağını demək olar ki, minimuma yendirir. Bu da öz növbəsində hər kəsin siyasətə maraq göstərməsinin və bu fəaliyyət növü ilə məşğul olmaq istəyinin olmadığına zəmin yaradır. Bu isə mövqeysizliyə və kortəbii mübarizəyə daha çox üstünlük verəcəyinə stimul yaradır, rəvac verir. Lakin çox ciddi, düşündürücu proseslərə zəmin yaradan, ona çox ciddi əngəl törədən rüşvət və korrupsiya amili xalqın gündəlik, geniş müzakirə obyektinə çevrilməsi üçün cəhd edilir. Bu isə çox ciddi təhlükələr yaradan mühüm amillərdəndir.
Hazırda Yaxın şərq ölkələrində baş verən xoşagəlməz hadisələr Azərbaycanda da müəyyən insanlara təsir göstərməkdə və maraq yaratmaqdadır. Bunun kökündə belə bir yanlış düşüncə durur ki, ölkəmizdə də hansısa hadisəni qızışdırmaqla gündəmə gətirmək olar. Bunun bəzi köklü səbəbləri vardır. Bütün dövrlərdə olduğu kimi, bu gün də bir qurup insanlar dövlətin yürütdüyü siyasətdən narazı olurlar. Həqiqət və obyektivlik naminə demək lazımdır ki, onlar cəmiyyətin az bir qisminin təşkil edirlər. Həmin bir hissə də mövcud “enerjini” yaymaq və genişləndirmək gücünü müəyyən bir zaman kəsiyində təbii axarla genişləndirə bilir. Bir məsələ də dəqiq və sərrasdır ki, bu hal bütün ölkələrdə də var. Azərbaycanda da fərqli düşüncəli insanlar var və bu sahədə aparılan siyasəti bəyənmədiklərini ifadə edirlər. Bu da qəbul olunan və anlaşılandır.
Baxın, bu gün müxalifət partiyaları bütünlüklə demək olar ki, çökmüş vəziyyətdədirlr və onlar partiyadan daha çox özfəaliyyət dərnəyini xatırladırlar. Öz sosial bazalarını tam olmasa da müəyyən hissəni demək olar ki, itirmək təhlükəsi ilə üz-üzə qalmışlar. Müxalifət o vaxt güclü olar ki, ölkədə narazıların sayı çox olsun. Əgər iqtidar zəifdirsə, xalqın istəklərinə lazımınca cavab verə bilmirsə, müxalifət üçün geniş imkanlar yaranır. Yox, əgər, iqtidar güclüdürsə, çox böyük ciddi işlər görürsə, ölkədə xalqın istəyinə uyğun proseslər gedirsə, əhalinin maddi rifah halı yüksəlirsə, insanlaın qarnı toxdursa, azad fəaliyyət imkanına sahibdirsə, müxalifət zəifləyir. Azərbaycanda ikinci variantın şahidiyik. Burada bir məsələyə xüsusu diqqət yetirmək lazımdır ki, iqtidaryönlü partiyalar da eyni aqibətlə üzləşmişlər. Sual olunur. Niyə? Hər şeydən əvvəl, ona görə ki, bu partiyalarn əsas məqsədi çətin anlarda iqtidara sabitliyi bərqərar etməyə yardım etməkdən ibarət olsa da, onların inkişafı o qədər də əhəmiyyət kəsb etməmişdir. O səbəbdən də onlar siyasi fəaliyyətlərinə, özləri də dərk etmədən müəyyən mənada məhdudiyyət qoyulmasına şərait yaradılmışdır. Bu məhdudiyyət qarşı tərəfin fəaliyyətini nizamlamaq məqsədini güdməkdir ki, bu da sabitliyin qorunmasına xidmət etmişdir. Çünki sosial, siyasi sabitlik olmayan yerdə tərəqqidən söhbət gedə bilməz. Bu gün Azərbaycanda sabitlik çoxdan, özü də əsaslı şəkildə bərqərar olub, tərəqqi də, Allaha şükürlər olsun ki, bütün bunlar göz qabağındadır. Yəni iqtidaryönlü partiyalar da öz funksiyalarnı çoxdan yerinə yetiriblər, “onlara heç bir ehtiyac qalmayıb”, deyə düşünən siyasətbazlarımız səf düşünməkdədirlər. DADP də bu tip təşkilatlardan və həmin yalnış düşüncələrin hədəfinə çevrilənlərindən biri olduğundan mən kənara çəkilməyə üstünlük verdim. Belə bir vəziyyətdə partiyalar öz missiyasının tamamilə bitdiyini hesab etməməlidir. Vəziyyətdən çıxış yollarından biri fəaliyyətində əsas xətt kimi həm ölkə daxilində, həm ölkə xaricində, həm də dünyaya səpələnmiş çox milyonlu Azərbaycan insanının bütövlük fəlsəfəsi zamanın tələbinə çevrilməklə yeni işıqlı ideya, təzə düşüncə, məfkurə ortalığa qoymalıdır. Zaman-zaman düşüncələrdə bu ideyaların müqəddəsliyini dilə gətirmək və müxtəlif sahələr üzrə səmərəli, faydalı, önəmli təkliflər və proqram xarakterli konsepsiyalar hazırlayıb müvafiq dövlət strukturlarına təqdim etmək vacibdir.
İrəli sürülən Tövsiyyə xarakterli təkliflər
Dövlət başçısının son dövrlərdə mühüm strateji əhəmiyyət kəsb edən təhsilə, çox məhsuldar qüvvə olan elmə göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə köklü dəyişiklik hiss olunmaqdadır. Gənc nəslin elm və təhsilə həvəs və marağını nəzərəçarpacaq dərəcədə artdığı danılması mümkün olmayan faktdır. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan uğurlu addımlar, xüsusən də yeni-yeni məktəblərin tikilməsi, mövcud olanlarının əsaslı təmir edilməsi, eləcə də məktəblərin maddi – texniki bazasının möhkəmləndirilməsi tədbirləri, xüsusən də kompüterləşmə və internet şəbəkəsinə qoşulmanın təmini cəmiyyətdə böyük məmnunluq hissi yaratmışdr. Sevindirici hallardan biri də odur ki, ölkəmizdə texniki–peşə məktəbləri şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət göstərilməyə və bu sahədə Güney Koreya və Almaniya kimi qabaqcıl ölkələrin təcrübəsi demək olar ki, öyrənilməyə başlanmışdır.
Fikrimizcə, bütün bu tədbirlərlə yanaşı, uşaqların məktəbdən kənar asudə vaxtlarının mənalı və faydalı keçirilməsinin təmini olunması istiqamətində də bir sıra kompleks tədbirlərin keçirilməsinə böyük ehtiyac var. Doğrudur, ölkəmizin, demək olar ki, bütün bölgələrini əhatə edən olimpiya mərkəzləri və idman qurğularının tikintisi bu sahədə də bir çox problemlərin müsbət həllinə şərait yaratmaqda, idmanın bu və ya digər növü ilə məşğul olan və asudə vaxtını səmərəli keçirən uşaq, yeniyetmə və gənclərin sayı ürəkaçan səviyyədə artmaqdadır. Bununla belə, böyüməkdə olan nəslin heç də hamısı idmana meylli deyildir və digər maraq və məşğuliyyətlərə marağı olanlar da mütləq diqqətə alınmaldır. Bunun üçün isə, bir zaman, demək olar ki, bütün bölgələrimzdə mövcud olmuş məktəblilərin yaradıcılıq evlərinin (keçmiş pioner evləri), xüsusən də məktəblilərin texniki yaradıcılıq mərkəzlərinin işini tam bərpa etmək və canlandırmaq son dərəcə aktual məsələ kimi qarşıda durmalıdır.
Doğrudur, bu tip müəssisələrin bir qismi hələ də fəaliyyətdədir və içlərində fəaliyyəti qənaətbəxş olanlar da az deyil. Lakin çoxu tam fəaliyyətsizdir və ya yarıtmaz, köhnə binalarda fəaliyyət göstərirlər.
Baxın, Prezidentin göstərişi ilə Azərbaycanda kosmik sənayenin yaradılması istiqamətində qızğın fəaliyyət gedir. Ölkəmiz öz süni peykinə sahib olduğu bir dövrdə gələcəyə baxaraq raket modelçiliyi kimi dərnəklərin bütün bölgələrimizdə fəaliyət göstərməsinin nə qədər böyük əhəmiyyət daşıdığını söyləmək, bizcə, artıqdır.
Şübhəsiz ki, bu tip tədbirlər faydalı olacaqdır. Lakin onları da yetərli saymaq olmaz. Böyüməkdə olan nəslin bədii-estetik, mədəni, əxlaqi-mənəvi səviyyəsi barədə də düşünmək və bu istiqamətdə mühüm addımlar atmaq lazımdır. Fikrimizcə, artıq bütün bölgəlrimizdə teatrların və ya ilk mərhələdə xalq teatrlarının və bədii özfaliyyət kollektivlərinin yaradılması vaxtı çoxdan çatmışdır. Hər halda, regionlarn inkişafı sosial-iqtisadi proqramı çərçivəsində bölgələrdə tikilən mədəniyyət sarayları həmin bölgəlrdə həm filormoniyanı əvəz edə bilər, həm də teatr mədəniyyətinin inkişafı üçün baza rolunu oynaya bilər. Bundan başqa, 10 iqtisadi rayonunun hər birində sirk binalarının tikintisi barədə də düşünməliyik. Gəncə, Mingəçevir, Naxçıvan kimi şəhərlərdə isə opera və balet teatrlarının yaradılması da pis olmazdı.
Xaricdə təhsil alan gənclərimiz içərisində tibb, hüquq, sosiologiya, politologiya və s. bu kimi qeyri – texniki elm sahələrində ictimai, siyasi, humanitar – yönümdə təhsil alanlar heç də az deyildir. Şübhəsiz ki, ölkəmzə bu sahələr üzrə də yüksək ixtisaslı güclü, milli mütəxəssis kadrlar lazımdır. Lakin onları universitetlərimizin səviyyəsni beynəlxalq standartlara yaxınlaşdırmaqla ölkəmizdə də yetişdirə bilərik. İndi bizə daha çox mühəndis, texnoloq, konstruktor, ixtiraçı və s. bu kimi ixtisas sahibləri daha çox lazımdır. Fikrimizcə, gənclərimizi qabaqcıl texnologiyaların, sənaye və istehsal mədəniyyətinin tədris edildiyi univesitetlərə yönəltməmiz, onların kibernetik, manotexnoloq, gen mühəndisi, nüvə texnoloqu və mühəndisi və s. kimi ölkəmizə dönməsi daha vacibdir. Bir məsələni də xüsusi olaraq qeyd edim ki, bütün dövrlərdə qadın əməyindən lazımı səviyyədə istifadə edilmirdi. Bu da haqlı olaraq qınaq obyektinə çevrilirdi. Lakin bu proses son illərdə köklü sürətdə dəyişilmişdir. Qadınlar təhsil sistemində, xüsusilə də məktəb direktorlarının 90% qadındır. Hesab edirəm ki, bu olduqca qorxulu və ziyan vuran göstəricidir...
Sizə bir sirri də açmaq istərdim. Müstəqil tədqiqtçı Bəxtiyar Tuncay çox maraqlı bir tarixi mənbə tapıb. Həmin mənbədə Avrasiyanın geniş ərazisində mövcud olmuş onlarla qədim türk şəhərinin adı və coğrafi koordinatları verilib. Bilmirəm həmin sənədlər Türksoya təqdim edilib ya yox? Edilsə yaxşı olar. Gələcəkdə həmin koordinatlar əsasında arxeoloji qazıntılar aparmaq və əski şəhərlərimizi, klassik mədəniyyətimizi üzə çıxarmaq olar. Ən əsası isə türklərin guya köçəri olduqlarını iddia edənlərə tutarlı cavab vermiş olarıq.
Başqa bir problem məsələyə diqqət yetirin. iqtisadi vəziyyəti çox pis olan jurnalistlər qıssamüddətli Prezident təqaüdləri ilə təmin edilsin və əgər gələcəkdə imkan olarsa, yenə də onlardan bəzilərinə, təqribən ildə 5-10 nəfər, mənzillərlə mükafatlandırılsın. Fikrimizcə, mənzillə mükafatlandırılanlar 50 illik yubileyləri tamam olanlara üstünlük verilməsi məqsədə daha uyğun olardı. Özü də bunu onlar üçün sürpriz olacaq bir şəkildə etmək daha yaxşı olardı. Kimlərinsə bu hallardan divident kimi istifadə etmələrinə imkan verməmək üçün.
Seçib seçilmək mədəniyyətinə yeni baxış və ya demokratik seçki.
VƏTƏNDAŞ CƏMİYYƏTİ
Azadlıq və müstəqillik, demokratiya və qanunların aliliyi, ədalət və bərabərlik Azərbaycanın bir ölkə kimi varlığının ümdə və başlıca şərtidir. Onun alnıaçıq və başıuca sahibi isə - hər an vətəndaş qarşıdurmasına “yox” demək bacarığını nümayiş etdirə bilən, ölkədə demokratik struktur islahatlarının keçirilməsini, korrupsiyaya, rüşvət və məmur özbaşınalığına qarşı barışmaz olmağı tələb edən təmkinli, fədakar və islahatçı azərbaycan xalqıdır.
Azərbaycan Respublikası dünyada dini tolerantlığın örnək nümunəsi sayıla biləcək qədər təkrarsız unikal bir ölkədir. Əksər əhalisi islam dininə etiqad edən bir ölkə ərazisində xristianlıq və iudaizm dinləri də daxil olmaqla müxtəlif dinlərin mövcud əməkdaşlığı azərbaycanlıların ən müqəddəs qeyri-maddi mənəvi dəyərlərindən biridir.
Ölkəmizdə şəxsiyyət azadlığının inkişafının sürətləndirilməsi ilk növbədə yüksək texnoloji tələblərə cavab verən mükəmməl dünyəvi təhsil sisteminin qurulmasından çox asılıdır. Ləngiyirik, ən yaxşı halda isə bu proses demək olar ki, getmir zəif inkişaf edir. Gedirsə, milli maraqlar müstəvisində deyil, şəxsi maraqlar mexanizmi ilə fəaliyyət göstərir. Səhiyyə xidmətindəki mövcud qüsurların təhlili və aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər daim ictimaiyyətin diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan azad cəmiyyət quruculuğu yolundadır. Bu yolun uğurluluğu demokratik struktur islahatları yolu ilə ictimai qurumlardan dövlət idarəetmə sistemində mümkün olduğu qədər geniş miqyasda istifadə etməyə nail olmaqdan çox asılıdır. Yenə də ləngiyirik. Şəxsiyyət azadlığının ilk qeyd-şərtsiz təminatı dövlət müstəqilliyimiz, milli müstəqilliyimizin təminat mənbəyi də ölkənin azad insanlarıdır. Min bir bəhanəli ”siyasət dəllalları" üçün münbit şərait yaratmayaq!
Azərbaycanda vətəndaş həmrəyliyi cəmiyyəti qurulur. Bu, həm hər birimiz üçün ədalətli bərabər imkanlar, həm də bərabər məsuliyyət deməkdir. Müstəqil insanların yaratdığı xoşbəxt ailələr sosial rifahın bünövrəsidir. Qadınlar və gənclərimiz getdikcə daha fəal ictimai-siyasi mövqe qazanmaqdadırlar. Özəl sektorun inkişafı ilə meyarı istedad və peşəkarlıq olan milli kadr siyasəti müxtəlif dövlət idarəetmə, hüquq-mühafizə, təhsil, səhiyyə, xidmət və s. sahələrə miskin görkəm gətirən cinayətkar sövdələşmələrə, mütərəqqi alternativ yaratmaqdadır. Korrupsiya və rüşvətxorluğun qarşısını səmərəli şəkildə ala biləcək əhəmiyyətli çıxış yolu ictimai nəzarət mexanizmini tam gücü ilə işə salmaqdır. Belədirsə, təkamül yolunda ən müxtəlif qeyri-hökümət təşkilatlarını dövlət idarəetmə sisteminə səfərbər etməyə mane olan mühafizəkar qüvvələrdən birdəfəlik qurtulmalıyıq.
Azərbaycanı milli, irqi, dini, siyasi mənsubiyyətindən asılı olmaya-raq qanun qarşısında bərabər məsuliyyət daşıyan azad həmrəy insanların cəmiyyəti kimi görürük.
Azərbaycana iqtisadiyyatın, hüququn, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin ümumi problemlərini ədalətlə həll etmək üçün qeyd-şərtsiz birləşməyi bacaran müstəqil vətəndaşların cəmiyyəti kimi baxırıq.
Azərbaycana daim hərəkətdə olan, müsbət dəyişikliklər axtaran, geriyə, köhnəliyə deyil, gələcəyə, yeniliyə can atan islahatçı vətəndaşların cəmiyyəti kimi baxmaq lazımdır. Bunun üçün vətəndaşlar azad və sərbəst surətdə seçib-seçilmək hüququndan səmərəli və ədalətli istifadə etməyi bacarmalıdır. “İşi iş bilənə tapşırmaq” prinsipinə, xalq və dövlət qarşısında məsuliyyətini dərk edən insanları cəmiyyət qarşısına çıxarmalıdır. Burada siyasi partiyalar daha fəal, daha mütəşəkkillik nümayiş etdirmək üçün qanunların yaratdığı imkanlar çərçivəsində özünün vətəndaşlıq börcunu layiqincə yerinə yetirməyi bacarmalıdır...
Sağlam rəqabət olmasa nə demokratiyadan, nədəki inkişafdan söhbət gedə bilməz. Bu gün siyasi mübarizə müstəvisində deyilən və atılan addımların təməlində qərəzli və qisasçılıq mövqeyi dayandığından nə partiyaların fəaliyyəti, nədəki inkişafı lazımı səviyyədə getmir. Bu da anlaşılandır. Çünki liderlik şansını əldə etmiş insanlar milli və dövlət maraqları deyil, şəxsi maraqlarına üstünlük verərək hakimiyyət hərisliyi burulğanına yuvarlanmışlar.
Azərbaycanın güclənməsini təhlükəli hesab edənlər, 90-cı illərin əvvəllərində olduğu kimi sosial xaos şəraitinə can atanların bir arzusu var – Azərbaycanda gedən müsbət dəyişiklikləri gözdən salmaqla səmərəsiz zəif dövlət və parçalanmış cəmiyyət dövrünə qayıtmaq.
Azərbaycanda siyasi stabilliyin pozulmasına cəhd = ölkənin iqtisadı yüksəlişinə dözə bilməyən qüvvələrin xüsusi marağı + sosial problemləri olan insanların demokratiya şüarı ilə pərdələnmiş qisasçılıq aksiyası, rəngi dəyişmiş hakimiyyət hərisliyi.
Hesab edirəm ki, bu distur gedən proseslərə dəqiq, sərrast verilən qiymətdir. Təssüf hissi ilə qeyd edək ki, bütün seçkilər ərəfəsində bu özünü tam aydınlığı ilə göstərmişdir.
Bununla yanaşı, onu da qeyd etmək vacibdir ki, heç bir partiya özünün ciddi idarəçilikdə səriştəli və şəxsiyyətli üzvləri ilə demək olar ki, seçkilərdə iştirak edə bilməmişdir. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Əsas səbəb isə bəzi yaramaz insanların seçki öncəsi yaydıqları şayələrlə bağlıdır. Demək olar ki, bütün bölgələrdə təbliğat xarakterli eyni şayələrdən istifadə olunurdu. “Seçiləcək insanlar əvvəlcədən müəyyənləşib”, “hər şey artıq həll olunub” şayələrini cəmiyyətə yaymaqda əsas məqsəd vətəndaşlarda seçkilərdə iştirakına inamsızlıq yaratmaq olmuşdur ki, gələcəkdə seçkilərin nəticələrinə, nufuzlu şəxsiyyətli insanların etirazı cəmiyyətdə səslənməsin. Qeyd etdiyim səbəbdən də, özünə hörmətlə yanaşan həssas insanlar öz namizədliyini irəli sürməkdən vaz keçdilər. Beləliklə, siyasi partiyaların öz üzvləri içərisindən dəyərli, prinsipial, dəqiq-dürüst mövqe seçən insanların namizədliklərini irəli sürə bilməmələri ilə nəticələndi. Bəzi hallarda isə müəyyən qüvvələr tərəfindən hədə-qorxu da gəlinirdi. Bütün bunlara baxmayaraq, seçkilərin yeni, demokratik formatda keçirilməsi diqqəti çəkməkdə idi. Əsas fərqləndirici cəhət isə qadın və gənclərin prosesə əvvəlki illərdən fərqli olaraq daha fəal qoşulmasında idi. Bu amil, demək olar ki, bütün partiyalarda özünü göstərmişdi. Təbii ki, arzu və istək ondan ibarət olmalıdır ki, qadınlar və gənclər seçkidə daha fəal olsunlar, daha çox uğura imza atmağı bacarsınlar.
Bu, təkcə mənim fikiri deyil, bütün mütərəqqi düşüncəli ziyalıların fikridir. Qadınlar məlum olduğu kimi, cəmiyyətimizin düz yarısını təşkil edir. Cəmiyyətin bir hissəsinin fəal, digər hissəsinin isə bir qədər zəif olması sahib olduğumuz potensialın sadəcə yarısından istifadə etməyimiz anlamına gələr ki, qloballaşmada sürət əsri olan və millətlərarası, mədəniyyətlərarası rəqabətin zirvə nöqtəsinə çatdığı XXl əsrdə bu, yolverilməzdir. Qələbə qazanmaq və qlobal rəqabətdən üzü ağ və alnı açıq çıxmaq istəyiriksə, bütün resurlarımızı, xüsusən də insan resurslarımızı tam şəkildə işə salmalıyıq. Əgər cəmiyyət öz nizamını itirərsə, yuxarıda qeyd etdiyimiz balans pozularsa xoşagəlməz hallara zəmin yaradar. Burada, qorxu, məsuliyyət və kişi müəllimlərə ata gözü ilə yanaşma prinsipi əsas götürülərək qeyd edilir. Sözsüz ki, ali və orta məktəb direktorlarını nəzərdə tuturam. Əsaslandığım amil isə bu gün orta təhsil sistemində olan boşluğa söykənir...
Gənclərə gəlincə isə, onu qeyd etmək istərdik ki, onlar vətənimizin, millətimizin və dövlətimizin gələcəyidirlər. Onlar həm də tükənməz enerji mənbəyidir. Bu mənbədən yararlanmayan millətlər məğlubiyyətə məhkum ola bilər. Eyni zamanda, gəncləri fəallaşdırmalı, onların təşəbbüslərini dəsəkləməliyik ki, estafeti təşəbbüskar və əməksevər bir nəslə ötürə bilək. Yəni gəncləri passivləşməyə, çiçək açmadan solmağa məhkum etmək cinayətdir. Bu, gələcəyimizi unutmaq olardı. Bir məsələyə də xüsusi olaraq münasibət bildirmək istərdik. Bəzi hallarda cəmiyyətdə belə bir fikir formalaşdırmağa cəhd edirlər ki, əgər hansısa gənc xarici ölkədə təhsil alıbsa, ona xüsusi münasibət və qayğı olmalıdır. Bizcə bu, əsasən yanlış mövqe və siyasətdir. Belə münasibət həm Azərbaycanda mövcud olan ali məktəblərin fəaliyyətinə kölgə salır, həm də gənclərin bir qisminin digər əksəriyyətdən yüksəkdə durmasına zəmin yaradır. Bu isə haqlı olaraq çox ciddi şəkildə narazılığa səbəb olur. Bu narazılıqlar o həddə çatır ki, xaricdə və ölkədə təhsil alan gənclər müxtəlif partiyalarda təmsil olmaqla siyasi qurum daxilində təbəqələşməyə meyl edir. Ən yumuşaq halda isə onlara xüsusi diqqətin olmasını könlündə yaşadır. Əgər sovetlər zamanında rus dilini bilməyən dövlət strukturlarında çalışmasına məhdudiyyət qoyulurdusa bu gün, milli müstəqillik illərində İngilis dilini bilməyənlər dövlət strukturlarında çalışmasına imkan verilmir. Bu isə yenə eyni təhlükə, eyni siyasət, deməkdir.
Hazırkı mərhələdə ölkəmizdə YAP-dan kənarda heç bir partiya qeyd etdiyim məsələlərə təsir etmək gücündə deyil. Həm müxalif, həm də iqtidaryönlü partiyaların vəziyyətini təhlil edərkən, bu qənaətə gəlmək olar ki, müxalifət özfəaliyyət dərnəkləri kimi, iqtidaryönlü partiyaların öz funksiyalarını artıq başa vurmuş hesab etmək olardı. Deməli, ortada təkcə YAP qalır.
Yaranmış vəziyyət bilavasitə obyektiv tarixi şəraitlə bağlıdır və bu zərurətin nəticəsində əmələ gəlib. Lakin bizcə, bu, normal hal sayıla bilməz. Çünki inkişaf rəqabətdən doğur və nə qədər ki, ölkəmizdə YAP–a layiqli alternativ olmayacaq. Belə olan halda inkişaf birtərəfli gedəcək. Əlbətdə bu o demək deyildir ki, inkişaf getməyəcək, gedəcək və gedir də! Ölkəmizin günü–gündən çiçəkləndiyini, abadlaşdığını və qüdrətli ölkəyə çevrildiyini hamımız qürur hissi ilə müşahidə edirik. Bu, danılmaz bir həqiqətdir. Lakin ölkənin demokratikləşmə sürəti iqtisadi və ictimai inkişafın sürətindən geri qalmamalıdır. Bizdə isə, demokratikləşmə bu qəbildən olan digər proseslərin sürətinə güclü mənfi təsir göstərir. Belə getsə, bir – iki ildən sonra artıq daha da geri qalmağa başlayacaq. Yəni bütün proseslər paralel, bərabər inkişaf etməlidir. Əks təqdirdə isə balans pozular. Bu da, ümumilikdə bütün proseslərin ləngiməsinə səbəb olar.
Doğrudur, YAP və onun rəhbərliyi ölkədə demokratik təsisatların bərqərar olması üçün xeyli iş görüb və görməkdə davam edir. Amma bu istənilən qədər yetərli deyildir. Çünki demokratiyanın təməl prinsiplərindən biri çoxpartiyalılıqdır və partiyalara bərabər şəraitin yaradılmasıdır.
Ölkəmizdə qəribə bir vəziyyət yaranmışdır. Yeni siyasi partiyaların yaranmasına və fəaliyyətinə heç bir məhdudiyyət və maneə yoxdur. Bizdə çox sayda siyasi partiya vardır. Onlardan bir neçəsi hətta parlamentdə təmsil olunur.
Belə olan halda, vəziyyətdən çıxış yolunu nədə görmək olar?
Dəqiq bilməliyik ki, YAP–dan kənarda ona rəqabət potensialını axtarmağın demək olar ki, heç bir mənası yoxdur. Çünki bu partiyanı Heydər Əliyev kimi nəhəng siyasətçi, böyük şəxsiyyət yaradıb və vaxtında güclü potensial yaratmaq imkanında olan bütün resursaları bu partiyaya cəlb etməyi və onun ayrılmaz hissəsinə çevirməyi bacarıb. Odur ki, birmənalı olaraq söyləmək mümkündür ki, kənardakı resurslar əhəmiyyətsiz dərəcə də cüzidir. Deməli, alternativliyi YAP–ın ətrafında, bir az da dərinə getsək, öz içində axtarılmalıdır.
Azərbaycandakı əksər siyasi partiyaların proqramları YAP–dan, demək olar ki, heç nə ilə fərqlənmir. Çünki hamı xalqın nə istədiyini və dövlətimizin inkişafı üçün nə lazım olduğunu təqribən eyni cür təsəvvür edir. Bu baxımdan sosial–demokratlar, islamçılar və kommunistlər istisna təşkil edir. Onlar idealistdirlər, öz fərqli idealları vardır. Tərəfdarları da azdır. Əhalinin qalan hissəsi isə azərbaycançılıq ideyasına köklənib. Siyasi partiyalar da bunu bilir və bu üzdən də eyni prinsiplərdən çıxış edir. Fərq isə şəxsiyyətlərdədir. Yəni bu və ya digər siyasi partiyada birləşən ayrı–ayrı insanlar konkret şəxsiyyətlər ətrafında birləşiblər. YAP–ın ilk başdan əsas uğurunun da səbəbi bu idi. Onun başında Ulu Öndərin özü durmuşdu. İndi isə onu bütöv millətin, bütöv azərbaycanın lideri İlham Əliyev əvəz edir və o, Ulu Öndərin - atasının yolunu ləyaqətlə davam etdirir. Bütün YAP–çılar da vaxtilə ümummili liderimizin ətrafında birləşdiyi kimi, indi də onun ətrafında yumruq kimi birləşib. Və Digər partiya liderləri içərisində hələlik ona alternativ ola biləcək güclü potensiala sahib bir lider axtarmaq mexanizmi olmadığı üçün YAP–a alternativ partiya da görünmür.
Belə deyək ki, əgər gələcəkdə mövcud partiyalara şərait yaradılarsa, artıq siyasi səhnədə YAP tək olmayacaq. Onun alternativi olacaq. Bu halda isə gerçək demokratiyadan gen-bol söhbət açmaq olar.
Hesab edirik ki, bu, dövrün tələbidir və əminəm ki, gec–tez bu qərara gəlinəcək. Madam ki, ölkədə demokratiyanı tam bərqərar etmək istəyirik, - şəxsən mən buna zərrə qədər də şübhə etmirəm. Madam ki, demokratiyanın mühüm ünsürlərindən biri alternativlikdir, bunu etməyin zəruriliyini gec-tez anlayacağıq. Çünki heç bir partiyanın sədri, - bu istər müxalifət partiyası olsun, isərsə də iqtidaryönlü, - İlham Əliyevə altenativ olmaq potensialında deyil. Tutaq ki, bu gün kimsə iddia etsə ki, İlham Əliyevun alternativiyəm, bunu necə qarşılayarlar? Sadəcə, gülərlər, onu yaxından tanıyanlar və dostları zarafat etdiyini sanarlar, sevməyənlər isə təəcüb edə bilərlər. Bu sözlər istisnasız olaraq, bütün partiya sədrlərinə aiddir. Alternativ isə yalnz və yalnız YAP-ın öz daxilindədir ki, xalq onu görür və sayğı ilə yanaşır. Bu isə öz-özlüyündə ciddi faktordur. Bu faktorun özü bizə islahatların təcili surətdə aparılmasını tələb edir. Bəzi məmurlar isə özlərini arxivə təslim etməyi bacarmalıdırlar.Gecikmək uduzmaqla yanaşı faciələrimizə yol açmaqdır.
Belə düşünülə bilər ki, bu ideya ikipartiyalı sistemə aparır. Daha dəqiq desək anqlosakson modelini reallaşdıra bilən yoldur.
Bu ideyanı Azərbaycanın mövcud durumu qətiyyətlə tələb edir. Bu, anqlosakson modelini xatırladır. Həm İngiltərədə, həm də ABŞ–da iki aparıcı partiya var və mübarizə də bu ikipartiya arasında gedir. İngiltərədə konservatorlarla leyboristlər, ABŞ–da isə demokratlarla respublikaçılar arasında... Və bu ölkələrdə bu sistem tarixi zərurətdən yaranmışdır. İndi isə tarixi zərurət bunu bizdən də dönməzcəsinə tələb edir. Burada haqlı bir sual da meydana çıxır, “Bu funksiyanı mövcud olan partiyalardan hər hansı biri öz üzərinə götürə bilməzmi”?
Hələlik belə bir intellektual xarakterli güclü sosial bazaya, potensiala sahib bir partiya demək olar ki, yoxdur. YAP xaricindəki partiyaların heç biri günümüzün tələblərinə demək olar ki, cavab vermir. Tarixi inkişafın biləvasitə özünə məxsus qanunları var və bu qanunlar onları təkzib edir.
Dahi alman filosofu Hegelin dialektikaya verdiyi tərifdən və onun çox böyük elmi uzaqgörənliklə bəyan etdiyi dialektik qanunauyğunluqlarına diqqət yetirək:
-Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.
-Əksiliklərin vəhdəti və mübarizəsi qanunu.
-İnkarın inkar qanunu.
Göründüyü kimi, hər gələn yeni tarixi mərhələ özündən əvvəlki mərhələnin davamı olsa da, onu inkar edir. Azərbaycandakı bütün partiyalar, daha doğrusu, onların rəhbərləri keçmiş və inkar edilmiş mərhələnin təmsilçiləridir və onların müxalifliyi də, əslində mövqələrini əldən vermiş keçmişin bugünkü, təmsilçisi olan iqtidar partiyasına və onun rəhbərliyinə etirazıdır. Bu üzdən də onlar rəqabət gücünə malik deyillər və yeni qüvvələrin yaranmasında əngəlləyici funksiyanı oynayırlar.
Yuxarıda deyildiyi kimi, dialektikanın ikinci qanunu əksliklərin vəhdəti və mübarizəsi qanunudur. Həmin qanunun mahiyyəti isə budur: ziddiyyətdən inkişaf doğur. Odur ki, sürətli inkişafı təmin və dayanıqlı etmək üçün YAP – a alternativ partiyaya çox ciddi ehtiyac vardır. Bunu dialektikanın qeyd olunan qanunu tələb edir. Əks təqdirdə yaranan yeni partiya inkarın inkar qanununa əsasən YAP – ın özünü inkar edər, yəni bu dəfə YAP – ın özü keçmişin qalığına, inkar edilmiş mərhələnin təmsilçisinə çevrilə bilər.
-Məncə, bu, YAP – çıları narahat etməməlidir. Bu. Iki halda mümkündür. 1-cisi düşünülmüş şəkildə öz bətnindən alternativ yaradılr. 2-ci halda isə alternativ YAP – ın öz bətnindən qopacaqdır. Yəni onun güzgü əksi olacaqdır. Əksliklərin vəhdəti və mübarizəsi də elə budur. Söhbət konstruktiv müxalifətdən getməlidir. Həm əməkdaşlıq, həm də müxalifət. Bu, zərurətdir. Əks təqdirdə yeni partiya başqa yerdən doğacaq və onda gerçəkdən də inkarın inkar qanunu işə düşəcək. Və bu halda, YAP keçmişin təmsilçisinə çevrilə və inkar edilə bilər.
Dialektikanın üçüncü – inkarı inkar qanunu da ikili xarakterə malikdir. Birincisi, mexaniki inkar. İkincisi, dialektik inkar. Bugün fəaliyyət göstərən lider partiyalar əsasən birincinin əldə rəhbər tutur. Başqa sözlə desək, onlar belə hesab edir ki, qatıq qaradır. Halbuki, qatıq ağdır.
Qeyd edilən ağıllı yol isə dialektik inkara üstünlük verməkdən ibarətdir. Başqa sözlə desək, sağlam bir ədəd buğda dənəsi münbut torpağa səpiləndə o təbii olaraq tez cücərir, sonra sünbül olur. Son nəticədə çörək də mənəviyyata təkan verir. O da ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasına xidmət edir.
Başqa bir variant da mövcuddur. Bu yeni partiya haradan doğa bilər?
Bu gün Azərbaycan iqtidarı tərəfindən diqqət mərkəzində saxlanılan və hər cür dəstəklənən güclü bir gənclər hərəkatı yetişir. Bu hərəkat çox güclü potensiala sahibdir və özünün də artıq parlamaqda olan çox perspektivli liderinə sahibdir...
Fikrimcə, YAP bu hərəkatı gələcəkdə özünü zənginləşdirmək və yeniləmək üçün dəstəkləyir. Amma alternativ olmasa, məhz bu hərəkatın özü alternativə çevrilə bilər. Bilirsiniz, atalar – oğullar problemi tarixin bütün mərhələsində həmişə aktual olub və bu gün də aktualdır. Üstəlik də bu gün həmişəkindən daha kəskindir. Hər birimizin evundə övladımız var və hər birimiz tarixin bu sosial qanunauyğunluğunu etiraf etməliyik.
Biz Azərbaycanın müstəqilliyi uğrunda keçmiş SSRİ – yə qarşı mübarizə aparıb onu tarix səhnəsindən demək olar ki, silənlərdən olsaq da, özümüz də bilmədən və hiss etmədən hələ də müəyyən mənada “homosovetikus” olaraq qalırıq, çünki biz o dövrdə yetişmişik və psixoloji cəhətdən hələ də özümüzü o dövrün təmsilçisi kimi aparmağa çalışırıq. Yeni nəsil isə müstəqil Azərbaycanın halal təmsilçisidirlər və onlar mahiyyətcə tamam başqa sosial-psixoloji yapıya sahibdirlər. Onlar yüksək texnologiyalar dövrünün yetişdirmələridirlər və kompüterdən ən yaxşı halda çap makinəsi kimi istifadə etməyi bacaran valideynlrinə başqa cür baxır və fərqli prizmadan yanaşırlar. Biz isə əsasən kitablara bağlyıq və övladlarımızın kitabı kifayət qədər sevməmələrinə görə haray– həşir salırıq. Onlar isə buna təəccüb edir və bizi xeyli dərəcədə geridəqalmış hesab edirlər. Çünki özlərinin “İnternet” adlanan aləmləri var və kitab onlara Nuh əyyamından qalma bir şey təsiri bağışlayr. Düşünmürəm ki, bu nəsil atalarına kor – koranə tabe olmaq istəməyəcək.
Bizim nəsil üçün Moskvada təhsil almaq ən yüksək nailiyyət hesab edilirdi. İndiki nəsil isə dünyanın ən irəlidə gedən qabaqcıl, inkişaf etmiş ölkələrin unuiversitetlərində təhsil almaq imkanı qazanıb. Bizim biliklərimiz daha çox klassik nəzəri xarakter daşıyır və gündəlk həyatımızda demək olar ki, heç bir işə yaramır. Ən yaxşı halda, mücərrəd şəkildə filosofluq edə bilir və bununla da özümüzə təsəlli vermiş oluruq. Yeni nəsil isə praktikdir və konkret nəticələr, ilk növbədə də karyeradan qaçır. Onlar belə düşünürlər ki, konkret nəticə üçün L.N.Tolstoyun “Hərb və sülh”ü və Dantenin “İlahi komediya”sı demək olar ki, işə yaramır. Onların bir çoxunun fikrincə, bu cür şeylər yaşlı nəsil kimi əlindən önəmli bir şey gəlməyən, beyni lazımsız şeylər ilə dolu olan və mücərrəd şəkildə filosofluq edərək, bəsit məhdud savadını, biliyini nümayiş etdirən bir növ obıvatellərə çevrilirlər. Gənc nəslin nümayəndələrinin böyük əksəriyyəti bununla demək olar ki, maraqlandırmır. Doğrudur, onların içində də bədii ədəbiyyata, xüsusən də Qərb və Şərqin klassikasına maraq göstərənlər var. Yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə dünya ədəbiyyatının bir çox inciləri latın qrafikasında yenidən çap olunduqdan sonra belələrinin sayı durmadan artır. Amma konkret bir sahə üzrə ixtisaslaşmağa meyl daha üstünlük təşkil edir.
Maraqlıdır ki, gənclər dünya ədəbiyyatını kitabdan daha çox, onların elektron variantlarından oxumağa daha çox meyl göstərir və xoşbəxtlikdən ölkmizdə bu istiqamətdə də güclü iş gedir. Amma qarşda hələ həddən çox görüləsi iş vardır.
Bir sözlə, inkarın inkarı qanunu burada da özünü göstərir. Burada qarşıya təbii bir haqlı sual çıxır. Neyləmək olar? Bu, dialektika inkarın qaçılmaz prinsiplərindən biridir və bunsuz inkişaf qeyri mümkündür. Fikir vermisinizmi, dövlət idarələrində nə qədər çox gənc çalışır. Özü də hər biri işinin öhdəsindən ləyaqətlə gəlməyə çalışır. İndi Azərbaycanda daha bir maraqlı prosesə start verilib. Xaricdə təhsil almış gənclər kütləvi surətdə ali məktəblərimizə müəllim qismində cəlb edilir. Bu işi stimullaşdırmaq üçün onların hər birinə universitet maaşından əlavə hər ay 500 avro məbləğində pul ödənilməsi də nəzərdə tutulub. Şübhəsiz ki, onlar üçün yeni ştatlar yaradılmır, onlar yaşlı nəslin nümayəndələrinin yerini tuturlar. Bu, əlbəttə ki, yaxşıdır.
Haqlı bir sual meydana çıxır, indiki gənc nəsillə böyük dövlətlərə çatmaq və onları ötmək mümkündürmü? Məsələyə öncə üç prizmadan baxmaq lazımdır. Öncə bunlardan birini diqqətdən keçirək. Baxın, tarixən müxtəlif coğrafiyalarda çox sayda imperiyalar qurulub və dağılıb. Həmin imperiyaların tarixlərinin təhlili göstərir ki, onlar öz dövrlərində hər baxımdan – həm elm, həm mədəniyyət, həm də texnologiya baxımından ən qabaqcıl ölkəlr olublar. Fəqət bu öncüllüklərinə baxmayaraq, müəyyən bir dövrdən sonra çöküblər və birinciliyə başqa dövlətlər sahib olublar. Yəni “böyük dövlət” anlayışı bu və ya digər dövlətə münasibətdə əbədi anlayıış deyil, çox dəyişkəndir. Hanı Roma və ya Bizans imperatorluqları? Hanı sovet imperiyası? Lev Qumilyov yeni sivilizasiyaların doğoşunu və ölümünü passionarlıq enerjisinin peyda olması və tükənməsi ilə izah etmişdir.
Azərbaycanda ötən əsrin 80–ci illərinin sonunda baş qaldıran və bütün dünyanı yerindən silkələyən Milli Azadlıq Hərəkatı sübut etdi ki, Azərbaycanda yeni passionar enerji peyda olub. yəni sözügedən hərəkatın möhtəşəmliyi məhz bu enerjinin göstəricisi idi. Amma indi belə fikir mövcuddur ki, guya həmin ruh yüksəlişindən əsər - əlamət qalmayıb. Bu fikir bəzi müxalifət liderlərinin uydurmalarıdır. Çünki əvvəlki kimi meydanlara milyonları yığa bilmirlər. bu gün 3-4 min nəfərdən artıq adam yığmaq iqtidarında olmadıqları üçün özlərinə haqq qazandımaq üçün iddia edirlər ki, guya xalqın ruhu məhv olub. Hətta buna görə iqtidarı suçlayırlar ki, guya iqtidar bu ruhu məhv edib. Halbuki, o dövrdə rus – sovet imperializmindən qurtulmaq lazım idi və bu enerji də məhz bu istiqamətə yönəlmişdi. O dövr bitdi. Quruculuq, yəni yeni milli dövlətin quruculuq dövrü başladı və passionar enerji də bu istiqamətə döndü. Nəticə isə göz qabağındadır. 4-5 ilin içində Azərbaycan iqtisadiyyatı 2 dəfədən də çox artdı. Ölkəmiz bir neçə il dalbadal ümumi daxili nəhsulun artım sürətinə görə dünyada birinci yerə sahib oldu və bu gün də lidelər içərisindədir. Tarixə dərin böhran ili kimi düşən 2009 – cu ildə 9 faizlik bir artıma sahib olduq. Sənayenin inkişafında da eyni nəticəni əldə etdik. Hər kəs bu uğurları şəxsən Prezident İlham Əliyevin adı ilə bağlayır. Bu, doğrudur. Çünki, 2010-cu ilə qədər passionar yüksəlişə o rəhbərlik edirdi. Bu enerjinin təmsilçisi kimi o çıxış edirdi.
Pssionarlığın güclü olduğu ilk dövrlərdə ucaldılmış romalı heykəllərin hamısı ya at belində, ya da ayaq üstə təsvir edilmişdilər. Hamısı da əzələli idilər. Passionarlığın bitdiyi və imperiyanın süqutunun yaxınlaşdığı dövrün heykəllərində isə piyli adamlar, özü də ya uzanmış, ya da oturmuş vəziyyətdə təsvir olunurdular. Belə də deyək ki, passionalığın yarandığı dövrdə güc kultu peyda olur. Bu gün Azərbaycanda sayları durmadan artan olimpiya kompleksləri məhz bunun nəticəsidir. Çoxları bunu anlamaqda çətinlik çəkir. Hətta bu qədər kompleksin nəyə lazım olduğunu soruşanlar tapılır. Əlbəttə ki, bu çox yanlış fikirdir. Çünki həmin komplekslərdə Azərbaycanı böyük dövlətlərin səviyyəsinə çatdıracaq və onları ötməyimizi təmin edəcək güclü və sağlam gənclər yetişir. Onlar təkcə fiziki cəhətdən deyil, intellektual cəhətdən də yetişirlər. Görün, ölkəmizdə son bir neçə ildə nə qədər məktəb tikilib, nə qədər gənc xaricdə təhsil alır. Bütün bunlar passionarlığın bitmədiyindən, əksinə lazımi istiqamətdə iş başında olduğundan xəbər verir. Eyni şeyi mədəniyyət sahəsində də görürük. Mədəniyyət obyektlərinin – teatrların, muzeylərin təmiri, bir çox sənət nümunələrimizin YUNESKO–nun məlum siyahısına salınması – bütün bunlar passionarlığın göstəricisidir.
Bu, məsələnin birinci tərəfi. İndi keçək ikinci tərəfinə. Etnodemoqrafiyadan danışaq. Baxın, böyük dövlətlərin bir çoxunda bunun əksini görürük. Onların passionar enerjisi tükənib. Məsələn, ABŞ başdan – başa piylilər, yəni kök adamlar ölkəsinə çevrilib. Avropa, Rusiya, yaponiya kimi dövlətlər etnodemoqrafik problamlərlə üzləşib. Etnodemoqrafik problemlər passionarlığın tükənməsinin ən bariz nümunəsidir. Bizdə isə nəinki belə bir problem yoxdur, əksinə əhalinin artması və cavanlaşması baş verir. Bu, yaxın Şərq ölkələrində də eyni mənzərə ilə rastlaşırıq. Bundan istifadə edən Qərb həmin ölkələrdə olan problemləri qabardaraq inqilablara rəvac verir. Burada məqsəd həmin ölkələrdə demokratik cəmiyyətin qurulması və ya insan haqlarının müdafiəsi deyil, öz ölkələrində sönmüş passionar enerjinin inkişafına suni təkan verməkdən ibarətdir. Eyni ilə Azərbaycanda olan bu enerjini Qarabağdan yayındırmaqdan ibarətdir. Ərəb aləmində, ictimai partlayış gözlənilirdi, amma indiki şəkildə deyil, tamam başqa istiqamətdə. Etirazların ana xətdində Amerika və İsrailə qarşı olması gözlənilirdi. Ərəb cəmiyyətində ərəb birliyi, ərəb millətçiliyi ideyası olduqca güclüdür və hər an bu özünü göstərə bilərdi. Ona görə də demək olar ki, bütün sadə xalq Fələstini dəstəkləyirdi. Diqqət yetirsək görərik ki, Hansı ölkədə, iqtidar Fələstini dəstəkləyir, orada etiraz aksiyaları o qədər də güclü olmadı.
ABŞ-ın, ümumiyyətlə, super dövlətlərin Yaxın Şərq ölkələrinə qarşı ciddi planları var idi. Onların Şərq ölkələrinə dair proqramlarında 2001-ci ildən sonra yenidən redaktə edildi, yəni yeni konsepsiya hazırlandı. Məlumdur ki, Kürd etnosunun əsas dayağı ABŞ-dır. ABŞ-ın kürd faktoruna müraciət etməsinin əsas səbəbi Yaxın Şərqdə strateji müttəfiq saydığı İsrailin maraqlarının təmin olunmasıdır. Türk mətbuatının son dövrlərdə açıqladığı bir məlumata görə, Azərbaycanın üç rayonu da daxil olmaqla Türkiyədən, Suriyadan, İrandan, İraqdan müəyyən hissə torpaqları qoparıb kürd dövləti yaratmaq və Türkiyənin tərkibinə birləşdirmək idi. Lakin 2001-ci ilin 11 sentiyabr terror faciəsindən sonra dediyim bu konsepsiya redaktə olundu və yeni mərhələ - proqram ortaya qoyuldu. Bu nə idi? Proqramın alt qatında Şimali Afrikadan tutmuş İndoneziya və Mərkəzi Asiyaya qədər ərazidə rejimlərin xarakterini dəyişdirmək, bu regionda müttəfiqlik baxışlarına yenidən baxmaq, yeni müttəfiqlik əlaqələri yaratmaq dururdusa, görüntüdə işsizliyin baş alıb getdiyi, demokratiyanın tapdalandığı ərəb ölkələrində yeni inqilabların yaranması ilə gələcək proqramı, o cümlədən İrana qarşı olan təzyiqlərini lazımı səviyyəyə qaldırmaq idi. Bu məqsədlə Amerikada və digər xarici ölkələrdə təhsil alan gənclər hazırlandı. İlk etiraz Suriyalı 25 yaşlı gənc qızın müraciəti ilə başladı. Həmin müraciətdə gəncləri demokratiyanı ölkədə reallaşdırmaq çağırışları var idi. Bundan sonra bu təbliğat mexanizmi böyük dövlətlərin təsiri ilə işə düşdü. Bütün bunlar ərəb ölkələrində baş verən inqilaba təkan verdi. Lakin Azərbaycan onlar üçün tamam başqa bir siyasət proqramına daxildir. Onların düşüncəsi ondan ibarətdir ki, əgər Azərbaycanda inqilabi proses baş verərsə, Ermənistanda da bu prosesi eyni formatda reallaşdırmağa ehtiyac duyulacaq. ona görə ki, həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyəti dəyişilər və bu hakimyyət dəyişildikdən sonra Azərbaycan Dağlıq Qarabağ istiqamətində yenidən danışıqlara gedər və bu proses 20 il də uzanar. Bunun üçün təəssüflə qeyd edək ki, Azərbaycanda da müəyyən gənclər tapıldı ki, onlar erməni gənclərlə əlaqə qurmaqla inqilab etməyə cəhd etdilər.
Bilirsiniz, Azərbaycan təkcə Azəbaycan Respublikasından, azərbaycanlılar da təkcə bu respublikanın vətəndaşlarından ibarət deyil. Əhalisinn sayı bizimkindən bir neçə dəfə artıq olan Güney Azərbaycanı unutmayın. Orada sözün əsil mənasında, avropalıların təbirincə desək, “Bebby boom!” yaşanır. Güney Azərbaycanda da passionarlıq özünü tam şiddəti ilə göstərməyə başlayır. Bir sözlə, bizim bir millət olaraq genefond ehtiyatımız yetərincədir. Böyük dövlətlərin genefondu sürətlə tükənir.
Məsələnin üçüncü tərəfinə keçək. Yer kürəsində elə coğrafi məkanlar var ki, orada tarixən böyük imperatorluqlar doğur. Məsələn, Anadolu ərazisini götürək. Bura vaxtilə Hett, Urartu, Bizans və Osmanlı imperatorluqlarının doğuş mərkəzi olub. Hazırda həmin ərazidə yeni bir türk imperatorluğunun təməlləri atılır. Bənzər şeyi Azərbaycanın yerləşdiyi coğrafi ərazi barədə də söyləmək olar. Burada da tarixən Manna, İskit – sak, Maday, yəni Midiya, Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar kimi böyük imperiyalar yaranıb. Həm də bu ərazi başq coğrafi bölgələrdə yarana Parfiya, Səlcuqlular və Elxanlılar kimi böyük imperiyaların mərkəzinə çevrilib. Yəni hər dəfə bu coğrafiyada passionarlıq yaranan kimi Azərbaycan böyük imperiyaya çevrilib...
Nə isə, Azərbaycanda çox gözəl bir nəsil və potensial yetişir və Prezident İlham əliyevin dediyi kimi, “Neft kapitalın insan kapitalına çevirmək”lə elə bir potensial və nəsil ortaya çıxacaq ki, bu potensial və nəsil Azərbaycanı super dövlətə çevirmək iqtidarında olacaq. Bir sözlə, indi əsas məsələ “Altun nəsil” yetişdirməkdir. Azərbaycanda bu prosesin qarşısını almaq üçün vətəndaşları bir-birinə qarşı qoymaq, qardaş qanı tökməklə qeyd etdiyimiz passionar enerjini söndürmək cəhdi edilməkdədir...
Bütün bunlarla yanaşı, qeyd edilməli olan ən önəmli məsələlərdən biri də onun sivilizasiyalararası, mədəniyyətlərarası, o cümlədən dinlərarası dialoqun möhkəmlənməsi istiqamətində gördüyü titanik və son dərəcə böyük, özü də planet miqyaslı işləridir.
Şübhə yox ki, hər birimiz az da olmuş olsa Qərb mətbuatını izləyirik və orada bəzi siyasi dairələr tərəfindən süni surətdə şişirdilən, İraq və Əfqanstandakı geosiyasi və iqtisadi məqsədlər güdən hərbi əməliyyatlara haqq qazandırmaq üçün ortaya atılan islamofobiyadan da xəbəriniz vardır. Oxşar meyl Şərq mətbuatında, xüsusən də ərəb və urdu mətbuatında da hiss edilir. Müxtəlif radikal xarakterli rəsmi dairələr müsəlmanlar arasında Qərbə qarşı nifrət hissini artırmağa çalışır. Görünən, qavranılan başlıca məsələ odur ki, sivilizasiyaların toqquşması kimlərəsə çox lazımdır. Belə bir şəraitdə fəlakət girdabına yuvarlanmaqda olan dünyamzı xilas etmək üçün məhz dialoqa daha çox ehtiyac vardır. Bu, qlobal məsələdir.
Artıq bəzi ölkələrin ən irəlidə gedən dövlət xadimləri də öz narahatlıqlarını ifadə edirlər. Mövzu ilə ən çox maraqlananlar və müəyyən işlər görməyə çalışan isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İspaniyadan Sapaterodur. Yəni bu adamlar bütün dünyada sivilizasiyalararası dialoqun əsas tərəfdarları kimi çıxış edirlər. İranın sabiq prezidenti Məhəmməd Hatəmi də adını bu siyahıya saldıra bilmək üçün çox əlləşsə də, konkret olaraq bir şeyə nail olmadı. Dünya onu qəbul etmədi. Mehriban xanım Əliyevanı isə dünya qəbul etdi. Çünki o bu sahədəki titanik işləri ilə buna layiq olduğunu dəfələrlə sübut etmişdir. Və ədalət naminə qeyd edilməlidir ki, onun bu sahədə gördüyü işlər Ərdoğan və Sapateronun birlikdə gördükləri işlərdən qat–qat çoxdur. Hər halda, bunu Azərbaycan mövqeyindən, bucağından baxanda belə görünür. Bu isə o deməkdir ki, Mehriban xanım Əliyeva qarşısına heç bir siyasi məqsəd qoymadan, sadəcə humanizm prinsiplərindən çıxış edərək, qlobal miqyaslı bir siyasətçiyə çevrilmişdir. O, sözün əsl mənasında xoşməramlı səfirdir. Yəni YUNESKO–suz və İSESKO–suz.
Eks DADP -nin sedri Məmməd Əlizadə

Geri qayıt