DataLife Engine > Xəbər, MARAQLI > Əl öpmə adətinin tarixi...

Əl öpmə adətinin tarixi...


9-09-2015, 12:18. Yerləşdirdi: Tural Əl öpmə adətinin tarixi...
Biri hörmət əlaməti olaraq öpür, o biri itaət mənasında


Əl öpmə adətinin bizə məlum olmayan cəhətləri, yeni nüansları...

“Babanın əlini öpməyə gələcəyik...” Bu ifadəni ilk dəfə Türkiyə serialları, filmlərində eşitdiyimiz illərdən çox keçib. O zaman bunun nə məna verdiyini bilməzdik. Sən demə, elçilik anlamına gəlirmiş. Bir oğlan bir qızı sevib, onunla evlənmək istəyirsə, bu niyyətini elçiliklə təsdiqlədir. Çünki Anadolu türklərinin elçilik mərasimində gənc oğlan da iştirak edir. Bizim təbirimizcə desək, “həri” alınan zaman ilk iş olaraq evlənəcək cütlüklər valideynlərinin əlini öpürlər.

Amma sözügedən ritual təkcə xeyir iş zamanı baş vermir. Siyasət, mədəniyyət dünyasında da belə mənzərələrlə tez-tez qarşılaşırıq. İnsanlar özlərindən yaşca böyük olan, hörmət etdikləri şəxslərin əllərindən öpməyi bir ritual hesab edirlər. Azərbaycanda demək olar ki, həyata keçirilməyən bu ənənənin tarixi, hansı ölkələrdə bunun daha populyar olması ilə maraqlandıq.

Əldən yox, üzükdən öpərmişlər...

Əl öpmə Avropada 18 və 19-cu yüzilliklərdə çox geniş yayılan bir ritual olub. 20-ci əsrdə isə artıq öz populyarlığını itirməyə başlayıb. Konkret olaraq Cənubi Avropada əl öpülməsi tarixə çevrilib. Eyni vəziyyət ABŞ üçün də keçərlidir.

Bu ritualın - kişinin qadının əlini öpməsinin tarixi 17 və 18-ci əsr İspaniyasına qədər uzanır. Amma bundan daha öncə başqa bir ritual da olub: bir kişi digərinin nüfuzu, qüdrəti qarşısında baş əymək üçün onun üzüyünü öpürmüş. Günümüzdə katoliklər ziyarət zamanı Papanın əlini öpür. Amma kişilərin qadının əlini öpməsi günümüzün aktuallığında itib-batmaq üzrədir. Bunu daha çox mühafizəkar üst dairələr və diplomatlar davam edir. Məsələn, Fransanın keçmiş prezidenti Jak Şirak əl öpməyi adət halına çevirmişdi.

İtaliyada hörmət əlaməti olaraq əl öpmə aksiyasına “baciamano” deyilir. Bu, Avstraliyada da davam etdirilir. Nəzakət məqsədli bu hərəkəti həyata keçirərkən çox diqqətli olmaq lazımdır. Çünki xoş bir davranış məqsədi güdərkən neqativ bir təsir yarada, hətta gülünc vəziyyətə düşə bilərsiniz. Məsələn, kişi qadının əlini öpərkən araya bəlli bir məsafə qoymalıdır. Onun əlini tutub, önə doğru əyilməli və sadəcə öpürmüş kimi etməlidir. Qadının əlini özünə doğru çəkmək və ya dodağını toxunduraraq öpmək isə kobudluq əlaməti sayılır.

Adət İtaliya kökənlidir, amma...

Dediyimiz kimi, bu adət İtaliya kökənli olduğu üçün ona katolik dünyasında daha çox rast gəlinir. Katolik adətlərinə görə, Papa ilə, yaxud onlardan daha alt səviyyədəki bir “yüksək rütbəli” din adamı ilə bir araya gələn şəxslər din adamının əlindəki üzüyü öpürlər. Bu üzük öpmə aksiyasını bəzən də daha böyük bir hörmət ifadə etmək üçün sol dizin üstünə çökmə hərəkəti müşayiət edir. Bu arada onu da deyək ki, amerikalı din adamları “baciamano”dan heç xoşlanmırlar. Papanın rəsmi protokol qaydalarına görə, ziyarət zamanı katoliklərdən papanın sağ əlini tutub, bu əlindəki üzüyü öpmələri istənilir. Katolik olmayanlardan isə üzüyü öpmələri istənilmir. Bunun əvəzinə isə Papa ilə sağ əliylə görüşmələri tələb olunur.
Əl öpmə aksiyası Balkan, Anadolu, Orta Şərq və Qafqaz coğrafiyasında yaşlılara sayğı ifadə edir. Bu coğrafiyada yaşayan fərqli insanlar: istər müsəlman, istər xristian, istərsə başqa inanclardan olanlar yaşca özündən böyüklərə hörmət əlaməti olaraq bunu edirlər.

Əl öpmə ancaq bir halda günah sayılır

Əl öpmənin müsəlmanlıqdakı yerinə isə İmam əl-Nəvavinin əsərində belə toxunulur: “Böyük insanların və böyük alimlərin əlini öpmək lazımdır. Bundan başqalarının əlini öpmək isə doğru deyildir. Saqqalsız insanların əli öpülməməlidir. Əgər bir insan digərinin əlini onun vəzifəsi, imtiyazı, var-dövlətinə görə öpürsə, bu, günah sayılır. Amma əl öpməsi həmin insanın şəxsiyyət kimi böyüklüyünə heyranlıq ifadəsi olaraq gerçəkləşirsə, bu zaman məqbul sayılır”.
Daha bir qaynaqda isə deyilir ki, qadının məhrəmi olmayan kişinin əlini öpməsi, kişinin də məhrəmi olmayan qadının əlini öpməsi haramdır. İnsana vəzifəsi, mal-dövləti, şöhrəti, ya da pulu üçün hörmət edib, əlini öpmək haramdır. Çünki hədisdə elə bu cür da yazılıb: “Kim bir varlıya malı üçün hörmət göstərirsə, dininin üçdə ikisi gedər”. (İbn Saleh, Fətva 18)".
Keçək digər qaynağa: “Müsəlmanlar din qardaşlarının yanlarına gələndə hörmət olsun deyə ayağa qalxa bilərlər. Alimlərin də əlini öpmək mümkündür. Ancaq dünyalıq mənfəət əldə etmək üçün əl öpmək, boyun bükmək doğru deyil. Böyüklərin hüzurunda yerlərə qədər əyilmək və yeri öpmək haramdır”:

Qadınlar ərlərinin əlini öpürlər - açması “sənə itaət edirəm”dir

Bu arada bir maraqlı nüans da bəzi Şərq ölkələrində yaşanır. Belə ki, həmin ölkələrdə qadınlar öz həyat yoldaşlarının da əllərini öpürlər. Bu zaman əl öpmək üçün qadına hər hansı səbəb də (bayram, özəl gün) lazım gəlmir. Bu, qadının öz ərinə itaət etməsinin bariz nümunələrindən biri kimi qəbul edilir. Bundan başqa, əl öpmə aksiyasında “əl sahibi”nin davranışları da mühüm detaldır. O, ya özü öpülməsi üçün əlini uzadır, ya da istəmədiyi halda əlini geri çəkir. Məsələn, müsəlman toplumlarında əl öpdürmə bəzən itaət, bəzənsə barışığın əlaməti kimi özünü göstərir. Bariz nümunə: qız ata-anasının razılığını almadan ailə qurubsa, valideynlər onu bağışlamamış əlini öpdürmürlər. Ya da mafiya dünyasında bu, bariz nümunədir. Daha böyük güc sahibi olan mafiya nümayəndəsi itaət əlaməti olaraq o birinin əlini öpür və bununla da aradakı soyuq savaş yekunlaşır.

İslamiyyətin ilk illərində müsəlmanların əl öpmələrinə aid saysız-hesabsız bilgilər var. Bir rəvayətə görə, Əli bin Əbu Talıb “atanın uşağının əlini öpməsi şəfqətdən, uşağın atasının əlini öpməsi ibadətdən, kişinin öz xanımının əlini öpməsi arzudan, bir insanın öz din qardaşının əlini öpməsi isə dindəndir” deyib. Səudiyyə Ərəbistanının yeni kralı Abdulla “Qardaşlarım, sizlərə bir şey söyləmək istəyirəm. Əl öpmək bizim dəyərlərimizə və əxlaqımıza uyğun davranış deyil. Müstəqil və dürüst insanlar tərəfindən qəbuledilməz bir davranış formasıdır. Ayrıca, bu davranış Allahın buyruqlarını pozmaq deməkdir. Çünki bu, əl öpən insanın boyun əyməsinə yol açır. İnanclı biri Allahdan başqa kimsəyə boyun əymir. Və hər kəsdən bağlılıq əlaməti olaraq ana-atasının xaricində heç kimin əlini öpməməsini xahiş edirəm” deyib.

Siyasətdə əl öpmə - meydan oxumanın başqa növüdür

Siyasət dünyasında isə əl öpmə, öpdürmə aksiyası daha çox əzələ nümayişi xarakteri daşıyır. Buna xüsusən Türkiyə siyasətində rast gəlinir. Müxalifət və iqtidar liderləri arasında dartışmaların gərgin olması faktını nəzərə alaraq, hər dartışmada bu mövzu da gündəmə gəlir. Dəfələrlə CHP lideri Kamal Kılıçdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hansısa hərəkəti ilə bağlı tənqidi rəy verdikdən sonra “əgər onun bu qərarı düz çıxsa, özünü doğrultsa, gedib əllərindən öpəcəm” deyib. Eyni jesti Ərdoğan da dəfələrlə edib. O da rəqiblərinə “gəlib əlimi öpsünlər, dedikləri haqsız sözləri unudum” deyərək, bu qədim adətin siyasətə da damğa vurduğunu sübut edib.
Geri qayıt