DataLife Engine > Xəbər > "Qondarma Dağlıq Qarabağ respublikasını heç bir ölkə tanımayıb" (FOTO)

"Qondarma Dağlıq Qarabağ respublikasını heç bir ölkə tanımayıb" (FOTO)


28-04-2014, 21:56. Yerləşdirdi: Tural "Qondarma Dağlıq Qarabağ respublikasını heç bir ölkə tanımayıb" (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında iştirak edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı tədbir iştirakçılarını salamlayıb və Azərbaycanda keçirdikləri günlərin uzun müddət onların yaddaşında qalacağına ümidvar olduğunu bildirib.

İlham Əliyev bəyan edib: "Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da var. Ümidvaram ki, bizim tariximiz, mədəniyyətimiz, ölkəmiz haqqında yaxşı təəssüratlarınız olacaq".

Azərbaycan Prezidenti forumun qonaqları sırasında çoxsaylı keçmiş dövlət və hökumət başçılarını xüsusi salamlayıb. Dövlət başçısının fikrincə, onların bu tədbirdə iştirakı Bakı forumunun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanla yaxşı tərəfdaşlıq etdiyinə görə Madrid Klubuna (Club de Madrid) təşəkkürünü bildirib: "Bizim əməkdaşlığımız bir neçə il əvvəl qurulub və bu, çox məhsuldar və fəal işbirliyidir. Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış qurum kimi olduqca qısa müddət ərzində artıq nüfuzlu beynəlxalq təsisata çevrilib və Madrid Klubu ilə birlikdə bu cür toplantıları təşkil edir".

Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dəstəkləyən hər kəsə minnətdarlığını bildirib. Dövlət başçısı deyib ki, bu qurum görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. O, müdrikliyin, Azərbaycan xalqının istedadının rəmzidir.

İlham Əliyevin sözlərinə görə, forumun gündəliyi çox genişdir. Dövlət başçısı qeyd edib ki, bu gün və sabah keçiriləcək sessiyalar zamanı artıq görülmüş işlər haqqında danışılacaq, eləcə də hər kəsin bərabər imkanlarının təminatı və ləyaqətli həyat səviyyəsi üçün görüləsi işlər barədə mühüm bəyanatlar veriləcək.

Azərbaycan Prezidenti deyib: "Açıq cəmiyyət hər bir üzvünün özünü rahat hiss etdiyi, layiqli yaşadığı, iş yerləri ilə təmin olunduğu və öz uşaqlarının gələcəyinə əmin olduğu cəmiyyətdir".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün cəmi 22 yaşı olmasına baxmayaraq, bu qısa tarixi zaman kəsiyində ölkə müxtəlif dövrləri yaşayıb. Əvvəlcə çoxlu siyasi və iqtisadi problemlər oldu, indi isə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və bu dəyişikliklər hamımızın gözü qarşısında baş verib: "Biz bu prosesin bir hissəsi olduğumuza və Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak etdiyimizə görə şadıq".

İlham Əliyev bildirib ki, Azərbaycan xalqının böyük tarixi, adət-ənənələri, mədəniyyəti var: "Gənc və müstəqil ölkə kimi XX əsrin əvvəllərində bizim müstəqillik dövrümüz olub. Bu, çox qısa dövr olub - cəmi iki il. Rusiya imperiyası dağıldıqdan və bolşevik inqilabından sonra belə bir şüar var idi ki, torpaqlar kəndlilərə, zavodlar fəhlələrə məxsusdur, həmçinin Rusiya imperiyası xalqlarının azadlığı təmin edilməlidir. Lakin bu vədlərdən heç biri həqiqətdə yerinə yetirilmədi. İki ildən sonra bizim azadlığımızı əlimizdən aldılar və Azərbaycan digər ölkənin bir hissəsinə çevrildi. Əlbəttə ki, bu, bizim həyatımızın, tariximizin bir hissəsidir. Buna görə də postsovet məkanında yaşayan insanlar, fikrimcə, öz müstəqilliklərinə, müstəqil seçimlərinə, azad olmaq hüquqlarına, öz dövlətlərinin olmasına dəyər verirlər və öz dövlətləri ilə fəxr edirlər".

Azərbaycan Prezidentinin sözlərinə görə, müstəqilliyin qısa dövrü göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 90-cı illərin əvvəllərindəki vətəndaş müharibəsinə baxmayaraq, Azərbaycan bu çətinliklərin öhdəsindən gəldi və öz gələcəyini elə planlaşdırmağa nail oldu ki, hazırda ölkə vətəndaşların həyat səviyyəsini yüksəltmək və daha güclü olmaq barədə düşünür.

İlham Əliyev vurğulayıb ki, belə dəyişikliklərin ilk şərtləri, əlbəttə ki, siyasi islahatlar olub: "Çünki həyatımızın hər aspektini dəyişməli, azad və müstəqil olmağı öyrənməli, öz dövlətimizə malik olmalı və bir siyasi sistemdən digərinə keçməli idik. Bu, asan vəzifə deyildi".

Prezidenti bildirib ki, hazırda Azərbaycanın dövlətçilik üçün möhkəm təməli var, ölkə siyasi və iqtisadi islahatlar həyata keçirib: "Bu islahatlar ölkəni xeyli müasirləşdirib, demokratiyanı və sərbəst toplaşmaq, müstəqil KİV, internetə sərbəst giriş daxil olmaqla əsas azadlıqları inkişaf etdirib. Bütün bunlar həyatımızın ayrılmaz hissəsidir. 22 il öncə bunu yalnız xəyal etmək olardı".

İlham Əliyev qeyd edib: "Eyni zamanda, biz aydın dərk edirdik ki, güclü iqtisadi baza olmadan müstəqillik tammiqyaslı olmayacaq. Buna görə də siyasi və iqtisadi islahatlar yan-yana gedir. Bizim uğurlarımızın əsas səbəblərindən biri xarici investisiyaların cəlb edilməsi olub. Bizim 20 il öncə üzləşdiyimiz çətinliklərlə elə indi də qarşılaşan dövlət üçün isə bu, ölkəni necə dəyişmək və vətəndaşlar üçün daha yaxşı həyatı necə təmin etmək baxımından yaxşı nümunə ola bilər. Biz investisiyaları cəlb etməyi və onları inkişaf etdirməli olduğumuz, eyni zamanda, sərmayəçilər üçün cəlbedici olan iqtisadiyyatın sahələrinə yönləndirməyi bacardıq".

Dövlət başçısı bəyan edib ki, daha çox iş yeri açmaq üçün Azərbaycan yaxşı investisiya mühitini təmin edib, inadla çalışıb: "15 il əvvəl məhdud imkanlarımızla belə, yenə də düzgün istiqamətdə irəliləyirdik. Aydın başa düşürdük ki, bizim üçün irəliyə yol müstəqilliyimizin möhkəmləndirilməsi, onun dönməzliyi anlamına gəlir, biz iqtisadi cəhətdən azad, müstəqil və güclü olmalıyıq. İndi deyə bilərəm ki, islahat illəri hələ davam edir, Azərbaycanı isə parlaq gələcəyi olan ölkə hesab etmək olar. Son 10 ildə bizim ən sürətlə artan iqtisadiyyatımız var".

Prezident bildirib ki, Azərbaycan üçün sabit inkişaf gələcəyin planlaşdırılması anlamına gəlir: "Bizim "Azərbaycan-2020" Konsepsiyamız var və bu sənəd gələcək üçün əsas istiqamət qismində qəbul edilib. Bizim sabit maliyyə vəziyyətimiz, ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edən dövlət borcunun çox aşağı səviyyəsi var, biz beynəlxalq maliyyə institutları ilə daha fəal iş planlaşdıra bilərik".

İlham Əliyev qeyd edib ki, eyni zamanda, iqtisadiyyatın inkişafı şaxələndirilməlidir: "Əlbəttə ki, təbii sərvətlər - neft və qaz uğurumuzun əsas hərəkətverici qüvvəsi olub ki, bu da təbiidir. Lakin şaxələndirmə əsas prioritetimizdir. İqtisadiyyatın şaxələndirilməsi, infrastruktura, o cümlədən sosial infrastruktura investisiyaların yatırılması, ucqar bölgələrdə layiqli həyat şəraitinin təmin edilməsi, hər bir şəhərdə internetə genişzolaqlı çıxışın təmin edilməsi və 3000 məktəb, 500 xəstəxananın tikintisi - bütün bunlar cəmiyyətimizdə yeni ab-hava yaratdı".

Prezident deyib ki, Azərbaycan əvvəlcə xarici miqrasiyanı - ölkədən digər dövlətə miqrasiyanı dayandırdı: "Sonra onu daxili miqrasiya, yəni kiçik kəndlərdən Bakıya miqrasiya əvəz etdi. İndi isə hədəf bu miqrasiyanı da dayandırmaqdan ötrü mümkün olan hər şeyi etməkdir".

Dövlət başçısı vurğulayıb ki, habelə iqtisadi inkişaf bir sıra ciddi sosial proqramlarla möhkəmləndirilib: "Bilirik ki, bəzən radikal iqtisadi islahatlar insanların gündəlik həyatında çətinliklər yaradır. Və buna görə də hökumətimizin sosial gündəliyi həmişə əsas prioritet olub".

Azərbaycan Prezidenti bildirib ki, həyat səviyyəsinin yüksəldilməsi, iş yerlərinin yaradılması, işsizliyin azaldılması - Azərbaycanda baş verənlərin hamısı həqiqətən göstərir ki, bunlara nail olmaq mümkündür: "Birincisi, bizə sabitlik lazımdır, çünki sabitlik olmadan bütün bunları həyata keçirmək mümkün deyil. İkincisi, əhalinin əksəriyyətinin dəstəklədiyi çox dəqiq daxili siyasət lazımdır. Və biz nəticələrə nail olmalı, öz vədlərimizi və öhdəliklərimizi yerinə yetirməliyik. Biz siyasətçilərin və digər məsul şəxslərin məsuliyyəti kimi vacib elementə də müraciət edə bilərik. Bəzən böyük dəstək və ya daha çox səs əldə etmək üçün bəzi həmkarlarımız populist vədlərə qaçırlar və bu vədlər yerinə yetirilməyəndə, əlbəttə, məyusluq yaşanır. Amma siyasətçilərin məsuliyyəti çox əhəmiyyətlidir, çünki bu, cəmiyyətdə etimad və birliyin səviyyəsini artırır".

İlham Əliyev qeyd edib ki, buna görə də nəticələrə nail olmaq Azərbaycanın başlıca hədəfi olub və bu nəticələr iqtisadi göstəricilərdə əks oluna bilər: "Hazırda yoxsulluğun səviyyəsi beş faizə yaxın təşkil edir, 10 il əvvəl isə 49 faiz idi. Ölkənin aktiv iqtisadi inkişafı Azərbaycan ətrafında çox yaxşı beynəlxalq vəziyyət yaradıb, bir çoxları onu tanıyıb. İndi biz beynəlxalq institutların bir vaxtlar olduğundan daha böyük dəstəyinə malikik. Belə göstəricilərdən biri BMT-də 155 ölkənin timsalında Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi zamanı güclü dəstək idi".

Dövlət başçısının sözlərinə görə, bu o deməkdir ki, beynəlxalq birliyin böyük əksəriyyəti Azərbaycanı dəstəklədi: "Bizimlə ikitərəfli əməkdaşlığa bir o qədər də fəal cəlb olunmayan bəzi ölkələr də Azərbaycanı dəstəklədilər. Və BMT Təhlükəsizlik Şurasının üzvü kimi bizim başlıca vəzifəmiz ondan ibarətdir ki, qanunun aliliyini və ədaləti qoruyaq. Ona görə də məhz bu prinsiplər bügünkü dünyanın iki ən vacib elementidir və onların hər ikisi kobud şəkildə pozulur. Bu pozuntulara heç bir reaksiya yoxdur və biz özümüz bundan əziyyət çəkirik".

İlham Əliyev xatırladıb ki, BMT TŞ-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsi mövcuddur və onlardan heç birinə əməl olunmur: "İşğal davam edir, biz etnik təmizləmənin obyekti olmuşuq, ölkəmizin tarixən ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır ki, işğala məruz qalır. ATƏT, Avropa Parlamenti, AŞ PA, BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatlar münaqişənin nizamlanması ilə bağlı qətnamə və qərarlar qəbul ediblər və onlardan heç biri yerinə yetirilmir. Belə bir təəssürat yaranır ki, onların həyata keçirilməsi üçün heç bir mexanizm yoxdur".

Prezidentin sözlərinə görə, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki hadisələri öz azadlığı və müstəqilliyi uğrunda qurban kimi qiymətləndirir: "Lakin cəmiyyətimizin bütün üzvləri tamamilə əmindirlər ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan xalqı, 1 milyondan çox məcburi köçkün və qaçqın hazırda işğal altında olan öz doğma torpaqlarında, evlərində yaşamaq hüququnu əldə edəcəklər".

Dövlət başçısı xatırladaq ki, 90-cı illərdə Dağlıq Qarabağda qanunsuz referendum keçirilib: "Buna qədər Qarabağ əhalisinin üçdə birini təşkil edən etnik azərbaycanlılar oradan qovulub. Bu qondarma referendum qanunsuz olub və məhz buna görə də dünyanın heç bir ölkəsi qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb və tanımır".

İlham Əliyev bəyan edib ki, bununla da beynəlxalq hüquq, ədalət və tarix Azərbaycanın tərəfindədir: "Lakin aydın başa düşürük ki, bu, ədaləti bərpa etmək üçün kifayət deyil. Biz daha da güclü olmalıyıq. Təəssüf ki, biz beynəlxalq münasibətlərdə gücün vacib rol oynadığını görürük. Regionumuzun ölkələri nə etməlidirlər - əminəm ki, bu məsələ forumda müzakirə olunacaq. Müxtəlif ssenarilər var, lakin tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında birləşdirmək üçün siz daha güclü olmalı, daha çox çalışmalısınız. Bizim üçün belə prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və insanları daha keyfiyyətli həyat standartları ilə təmin etməkdir".

Prezident bildirib ki, bütün bu elementlər bir-biri ilə əlaqəlidir: "İnsanlar hökumətdən nəticə görəndə, gündəlik həyatlarında yaxşılaşmanın şahidi olanda, ölkələri ilə fəxr edərkən cəmiyyət bölünmür və birləşir. Və cəmiyyət müstəqillik, suverenlik kimi əsas məqsədlərin ətrafında birləşir. Əlbəttə ki, digər cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də Azərbaycanın necə inkişaf etməsi, hansı çatışmazlıq və uğurların olması barədə müxtəlif fikirlər var. Bu normaldır və biz cəmiyyətimizdə geniş diskussiyanı alqışlayırıq. Lakin biz həyatımızın əsas strateji aspektləri ətrafında birləşmişik".

Azərbaycan Prezidenti deyib ki, bu birlik beynəlxalq arenada Azərbaycanın mövqeyini möhkəmləndirir, ona hazırda dünyanın üzləşdiyi problemlər haqqında açıq danışmağa, öz şəxsi mövqeyini və beynəlxalq hüququ müdafiə etməyə imkan verir: "Bu gün Azərbaycan açıq və aydın formalaşmış, ədalətə və beynəlxalq hüquqa əsaslanan öz şəxsi mövqeyi olan ölkədir. Lakin eyni zamanda biz bir neçə il irəliyə baxmalı və siyasətimizi elə planlaşdırmalıyıq ki, bizim möhkəm inkişafımız davam etsin. Davamlı inkişaf isə hər bir inkişaf üçün əsas prioritetdir. Hətta ən inkişaf etmiş ölkələrin də öz problemləri var. Onların iqtisadi problemləri var, miqrasiya ilə bağlı problemləri var, onların əlavə işçi qüvvəsinə ehtiyacları var və bu, cəmiyyətdə müəyyən gərginliyə gətirib çıxarır. Bizdə də müxtəlif problemlər var ki, lakin fikrimcə, onlar problem deyil, üstünlük kimi qiymətləndirilə bilər - bu, məsələn, artan gənc və dinamik əhalidir".

Dövlət başçısının sözlərinə görə, bu o deməkdir ki, ölkə iqtisadiyyatı əhalinin artım göstəricisindən daha sürətlə inkişaf etməlidir, çünki çətinliklər və işsizlik baş qaldıra bilər: "Ona görə də sürətli iqtisadi artım, yeni iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və enerji layihələrindən əldə olunmuş vəsaitlərin ölkə iqtisadiyyatının mühüm sahələrinə təkrar istiqamətləndirilməsi davamlı inkişafa nail olacağımız yollardır".

Prezident qeyd edib ki, Azərbaycan cəmiyyətinin mühüm elementlərindən biri multikulturalizmdir: "Düşünürəm ki, biz haqqında müxtəlif beynəlxalq institutlarda bu cür açıq danışılmayan məsələləri müzakirə etmək üçün bir neçə beynəlxalq tədbir, sivilizasiyaların beynəlxalq dialoqu, beynəlxalq humanitar forum keçirmişik, çünki bu vəziyyətə müxtəlif yanaşmalar var. Bəzi insanlar buna şübhə ilə yanaşırlar, lakin hesab edirəm ki, yaxşı nümunələr var və aydındır ki, yaxşı nümunələrə bədbinliyə yer qalmaması üçün daha ətraflı baxılmalıdır. Çünki multikulturizm uğursuzluğa düçar olarsa, yeni dünyada yaşamağın heç bir başqa yolu yoxdur. Axı əks halda xalqlar özlərini təcrid etmiş olacaqlar. Bu, nə iqtisadi, nə də sosial nöqteyi-nəzərdən mümkün deyil".

Dövlət başçısı hesab edir ki, mühüm dəyərlərin təşviqi məqsədilə Azərbaycanın və digər ölkələrin dərin ənənələrinə əsaslanan müsbət nümunələr daha ətraflı nəzərdən keçirilməlidir: "Bu da mənim diqqət yetirmək istədiyim mühüm elementlərdən biridir".

Prezidentin sözlərinə görə, dünya siyasətində müsbət tendensiyaların möhkəmləndirilməsi üçün diqqəti müsbət təcrübəyə yönəltmək və onu yaymağa cəhd göstərmək vacibdir: "Çünki ölkələrin gələcəkdə əməkdaşlıq etməsi üçün heç bir başqa üsul yoxdur. Əminəm ki, forumda hökumətlər üçün bir çox maraqlı müzakirələr, eləcə də tövsiyələr olacaq. Belə sessiyaların üstünlüyü ondadır ki, görkəmli dövlət xadimləri, siyasətçilər, sabiq dövlət və hökumət başçıları öz şəxsi təcrübə və biliklərini açıq şəkildə bölüşə bilərlər".

İlham Əliyev bildirib ki, sabiq siyasətçilər irəliləyişin əldə olunması üçün istənilən məsələ üzərində açıq çalışa bilərlər və bu başlıca məqsəddir: "Forumun əsas hədəfi tövsiyələr vermək, müzakirələr aparmaq, hadisələri təhlil etmək, eləcə də geniş beynəlxalq əməkdaşlığı davam etdirmək imkanlarına baxmaqdır".
Geri qayıt