DataLife Engine > Xəbər, MANŞET > Fətullayevdə bu sensasion xəbərlər hardandır?

Fətullayevdə bu sensasion xəbərlər hardandır?


28-04-2014, 18:33. Yerləşdirdi: Tural Fətullayevdə bu sensasion xəbərlər hardandır?
Fətullayevin hakimiyyətlə bağlı sərgilədiyi loyal mövqe və digər səbəblər də belə fikirlərə rəvac verən amillərdir


Son vaxtlar Eynulla Fətullayevin təsisçisi olduğu haqqin.az və virtualorq.az saytları bir-birinin ardınca məxfi xarakterli məlumatlarla zəngin, bəzi hallarda isə sensasion araşdırmalar yayır. Bu araşdırmalarda ABŞ xüsusi xidmət orqanlarının Azərbaycanda inqilab həyata keçirmək planları, Bakıdakı Amerika səfirliyinin, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun və digərlərinin elektron yazışmaları və s. barədə faktlardan istifadə olunub. Bəzi məlumatların mənbəyinin Wikileaks olduğu məlumdur. Ancaq əksər informasiyalar açıq mənbələrdə yer alan məlumatlar deyil və onların jurnalistin əlinə necə keçməsi barədə müxtəlif versiyalar irəli sürülür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə facebookdakı səhifələrin birində məlumat yerləşdirilib. “Eynulla Fətullayev məxfi məlumatları haradan alır?” adlı yazıda qeyd olunur ki, bəzilərinin düşüncələrinə görə bu məlumatlar xüsusi xidmət orqanlarından ötürülür, digərlərinə görə isə mənbə hakimiyyət daxilində bir-biri ilə rəqabət aparan oliqarxlar ola bilər. Eynulla Fətullayevin “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” adlanan əvvəlki layihələrinin hakimiyyətdə bir-biri ilə mübarizə aparan qrupların instrumentinə çevrilməsi barədə bilgilər, həbsdən azad olunduqdan sonra Fətullayevin hakimiyyətlə bağlı sərgilədiyi loyal mövqe və digər səbəblər də belə fikirlərə rəvac verən amillərdir.

Daha sonra yazıda bildirlir ki, haqqın.az-ın istifadə etdiyi bir çox məlumatlar hakimiyyətdəki maraqlı qrupların, hətta xüsusi xidmət orqanlarının imkanları xaricindədir: “Yəni məsələ daha qəlizdir. Tam əminliklə deyə bilərik ki, E.Fətullayevin dövriyyəyə buraxdığı materialların böyük bir qisminin mənbəyi beynəlxalq xaker qruplarından biridir. Həmin sənədləri və faktları ya E.Fətullayevin özü, ya da ki, onun saytlarının İT mütəxəssisləri beynəlxalq haker qruplarının birindən əldə edir. Söhbət “AntiSecurity” adlı qrupdan gedir. Bu qrupun Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə müxtəlif təşkilatlara aid qapalı məlumatları ələ keçirdiyi və yaydığı bildirilir. Haker qrupu ələ keçirdiyi məlumatları internet saytlarında yerləşdirməsə də, belə görünür ki, əməkdaşlıq etdiyi digər qruplar onun məlumatlarına çıxış əldə edə bilirlər.

Həmin hakerlər qrupları bundan əvvəl də Azərbaycanda müxtəlif təşkilatların kompüter şəbəkələrinə daxil olaraq çoxsaylı sənədlər ələ keçirib və yayıblar. Məsələn, ötən il “Anonimous” və “AntiSecurity” adlı qruplar “Azərenerji”nin kompüter şəbəkəsinə daxil olaraq xeyli sənəd, o cümlədən daxili yazışmalar və elektron məktublar ələ keçirmişdi və bütün qovluqlar birbaşa qrup tərəfindən Fətullayevə ünvanlanmışdı. Həmçinin hakerlər Rabitə Nazirliyinin və “Bahar Energy” neft şirkətinin də sənədlərini ələ keçirərək http://haqqin.az/ saytı vasitəsilə yaymışdı. Bütün bu sənədlər də məhz E.Fətullayevin saytlarında ilk dəfə işıq üzü görməsi Azərbaycanda “AntiSecurity”-nin fəaliyyətinə dəlalət edən ilk şübhəli məqam idi”.

Sonda vurgulanır ki, bu günlərdə E.Fətullayevin saytlarına http://haqqin.az/ və http://virtualaz.org/ portallarına təşkil edilmiş aramsız ddos-hücumlar da heç bir nəticə vermir. Əslində bu cür dağıdıcı zərbələrdən sonra saytlar bir müddətlik də olsa çökməli idi, lakin portallar hücum altında fəaliyyətlərini davam etdirirlər. Fətullayevlə “AntiSecurity” arasında əldə edilmiş razılaşmaya əsasən, bu beynəlxalq haker qrupu da http://haqqin.az/ saytının müdafiəsini öz üzərinə götürüb. Və bütün kiberhücumlara qarşı effektiv müdafiə sistemini təşkil edib.
Qafqazinfo
Geri qayıt