» » Putin işini taktika ilə aparır

Putin işini taktika ilə aparır - video

Bölmə: Xəbər, Dünya
Putin işini taktika ilə aparır


Rusiya prezidenti bir neçə gün əvvəl keçirdiyi ənənəvi mətbuat konfransında özünü çox soyuqqanlı apardı. Demək olar ki, yaxşı görünürdü. İnamlı idi. Baxmayaraq ki, Putin “Rusiya böhrandan ən pis halda iki ilə çıxacaq!” deyərkən iki faktı etiraf etmiş oldu. Əvvəla, Rusiya lideri artıq “bu təzyiqlərlə Rusiyaya təsir etmək olmayacaq!” və ya “Bu təzyiqlər bizi daha mütəşəkkil və daha güclü edəcək! Avropa Birliyi ziyanı özünə verəcək!” kimi bəyanatların müəllifi olmaqdan tamamilə çıxdığını göstərirdi. Yəni birinci etiraf Rusiyanın böhrana girməsi faktının prezident səviyyəsində etiraf edilməsi oldu! İkincisi isə bu böhranın hətta iki ilə qədər çəkə biləcəyinin anonsu idi. Bu baxımdan Rusiya prezidentinin forma və məzmunu bir-birini tamamlamırdı. Forma sakit və özünə nəzarət edən dövlət başçısını, məzmun isə emosiyalarını cilovlaya bilsə də hər halda ölkəsini dərin böhrana saldığını anlayan başçının vəziyyətin ağır olacağı barədə anons verən birisini xaratkerizə edirdi. Rusiya uzunmüddətli fasilədən sonra növbəti rubl uçqununu yaşayır. Rublun aqibəti hətta lətifə mövzusuna çevrilib: “Ne imey sto rubley, a imey 1 evro...”

Bu gün Rusiya mağazalarında qəribə mənzərə müşahidə olunur. Qiymətlər ya dollar anlamını verən şərti vahidlə göstərilib, ya da gündə iki dəfə dəyişdirilir. Hər şey isə rublun məzənnəsinin sürətlə və katastrofik dərəcədə enməsi ilə bağlıdır. Ötən həftənin əvvəlində 1 ABŞ dolları 40 rublun altında idisə, indi bu rəqəm 60 rublu keçib. Rubl 20 faizdən çox dəyərsizləşib. Düzdür vəziyyət 1939-cu ilin Almaniyasındakı, maaşların gündə iki dəfə verildiyi qədər katastrofik deyil. Amma hər halda rubla inamını itirən əhali əlindəki pulu əmlaka çevirmək üçün mağazalarda alınmalı nə varsa almağa çalışır. Rusiyanın avtomobil dilerləri maşınlarını satıb qurtarıblar. Bir sıra xarici şirkətlər isə rublun kursunu nəzərə alaraq satışı dayandırmağa məcbur olublar. Daşınmaz əmlak bazarı da tamamən dayanıb.

Rieltor Nataliya Radionovanın sözlərinə görə, indi əmlak bazarında heç bir alqı-satqı yoxdur: “Əslində ev almaq istəyən indi həddindən çoxdur, ancaq satan isə yoxdur. Çünkü hamı rublun stabilləşməsini gözləyir. Rublun hər gün dəyər itirdiyi bir vaxtda heç kim evini rublla satmaq istəmir”.

Belə vəziyyət ötən əsrin 90-cı illərində artıq olub və Putin dövrünün iqtisadi sabitliyinin arxasında Yeltsin dövrünün çətinliklərinin görünməsini əhalini təşvişə salıb. Artıq rəsmi rəqəmlərə görə rublun düşməsiylə birlikdə Rus milyarderlərin kapitalı isə 64 milyard dollar, əhalinin gəlirləri isə 4 faiz azalıb.

Rusiya vətəndaşı Oleq Ryazantsev rublun dəyərinin kəskin şəkildə düşməsindən şok keçirdiyini dedi: “Dollar hər gün bahalaşır, rubl isə ölür. Mağazalarda un məhsulları artıq tapılmır. Ətin qiyməti isə o qədər bahalaşıb ki, almaq mümkün deyil. Düyü isə gələn kimi qurtarır”.

Moskva sakini Mixail Kitayev də mövcud vəziyyətdən narazıdır: “Rublun düşməsinə görə mən Qərbi günahlandırmıram. Bunun günahkarı iqtisadiyyatı dəstəkləmək yerinə sadəcə bank sistemini qorumaqla məşğul olan hökumətimizdir. Qərb isə əlbəttə ki, Rusiyaya təzyiq göstərmək üçün əlinə keçən bu fürsətdən istifadə etməliydi”.

Rusiya iqtisadiyyatının böhranını dünya bazarında neftin ucizlaşması, habelə Birləşmiş Ştatların və Avropa Birliyinin Ukrayna məsələsindəki mövqeyinə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla əlaqələndirirlər. Rəqəmlər də məhz bunu göstərir. Göründüyü kimi rublun ucuzlaşması neftin qiymətinin enməsinə paralel gedir. Ukrayna ilə bağlı sanksiyaların tətbiq edildiyi günlər isə bu ucuzlaşmaya sanki əlavə temp verir. Lakin ekspertlərin fikrincə problemin kökü Rusiya iqtisadiyyatına gedib çıxır.

Ekspert İqor Nikolayev bildirib ki, rublun dəyər itirməsinin əsas səbəblərindən biri haqqında nədənsə bizim ölkəmizdə susurlar: “Əlbəttə ki, bu səbəb Rusiya iqtisadiyyatının acınacaqlı vəziyyətidir. İqtisadiyyatımız çox zəifdir və resessiya mərhələsinə girib. İqtisadiyyat zəifdirsə, möcüzə gözləməyə dəyməz. Bu durumda əlbəttə ki, milli pul vahidi dəyərsizləşəcək. Zəif iqtisadiyyatda güclü valyuta olması mümkün deyil”

Hesablamalara görə Rusiyanın bahalı neft illərində əldə etdiyi gəlir orta hesabla bir neçə trilyon dollar olub. Amma Səudiyyə Ərəbistanı, Norveç və s. bu kimi iri neft istehsalçılarından fərqli olaraq bu pullar nə kifayət qədər böyük ehtiyatların yaranmasına, nə də qeyri-neft sektorunun inkişafına yönəlməyib. İndi Rusiya prezidenti Vladimir Putinin etirafına görə ölkə iqtisadiyyatının bərpasına 2 il lazım olacaq. Ekspertlər bu proqnozu çox optimist adlandırırlar. Həm də neftin qiymətinin bir barrelə görə heç olmasa 70 dollar səviyyəsində nə vaxt stabilləşəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Neftin qiyməti ilə Vladimir Putinin siyasəti arasında birbaşa bağlılıq görən ekspertlər qara qızılın qiymətinin yalnız Rusiyanın dəyişəcəyi halda stabilləşəcəyini düşünürlər.

Amma Putin hələlik danışıq tərzini dəyişməyib: “Hərdən mənim də ağlıma belə bir fikir gəlir ki, bəlkə bizim ayımız sakit otursun, tayqada donuzları və qabanları qovlamasın, bunun əvəzində giləmeyvə, bal yesin. Bəlkə belə olsa, onu rahat buraxarlar. Yox, rahat buraxmayacaqlar. Çünki həmişə onu zəncirləməyə çalışacaqlar. Onu zəncirləməyə nail olan kimi isə onun dişlərini də, caynaqlarını da söküb çıxaracaqlar. Bugünkü mənada isə bu nüvəyə məxsus qüvvədir. Bu, baş verən kimi, ayı da onlara lazım olmayacaq və Tayqanı məhv edəcəklər. Çünki biz dəfələrlə rəsmi şəxslərdən eşitmişik ki, Sibirin öz dəyəri ölçülməz zənginliyi ilə birlikdə tamamilə Rusiyaya məxsus olması ədalətsizlikdir. Necə yəni ədalətsizlikdir?! Deməli, Texası Meksikadan qapıb almaq ədalətlidir, bizim öz torpağımızda ağalıq etməyimiz isə - ədalətsizlikdir, torpağımızı paylamalıyıq. Bundan sonra isə, yəni ayının caynaqlarını və dişlərini çıxardıqdan sonra artıq ayı heç kimə lazım olmayacaq, onu müqəvva edəcəklər, vəssalam”.

Rusiya tarixən belə olub. Böyük siyasi və hərbi ambisiyaları, amma zəif iqtisadiyyatı olan gil ayaqlı nəhəng... Birinci dünya müharibəsi dövründə də, SSRİ-nin dağıldığı 90-cı illərdə də iqtisadi problemlər ölkəni uçuruma sürükləyib. Bu gün də baş verənlər həmin hadisələri xatırladır. Rusiya problemlərin öhdəsindən gələrək uçurumun qabağında dayana biləcəkmi? Bu suala cavab məlum deyil.

Məşhur rus ruhu isə bütün bunlara özünəməxsus cavab verir. Məsələn, son günlərdə İnternetdə xalqın böhrana özünəməxsus reaksiyasını əks etdirən mahnı sürətlə populyarlıq qazanmaqdadır.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler