» » Manatı rublun acı taleyi gözləyirmi? –

Manatı rublun acı taleyi gözləyirmi? – Rəy

Bölmə: Xəbər
Manatı rublun acı taleyi gözləyirmi? –“Milli valyutanın məzənnəsi ilə bağlı indiki halda narahatlıq yoxdur”.

axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Vüqar Bayramov çıxış edib.

O, Azərbaycanın xarici ticarətdə böyük profistə malik olduğunu deyib:

“Son günlər ən çox verilən sual manatın dəyərdən düşüb-düşməməsi ilə bağlıdır. Rusiya rublunun yeni neqativ rekordlarından və neftin dünya bazar qiymətində müşahidə edilən kəskin azalmalardan sonra vətəndaşlarmızda da milli valyutanın məzənnəsi ilə bağlı müəyyən narahatlıq hiss edilməkdədir. Əslində, belə hallarda mərkəzi banklar rəsmi acıqlamalar verməklə əhalini məlumatlandırmağa çalışsalar da, hələlik Azərbaycanın baş bankında susmağa üstünlük verirlər. Bəs, manat dəyərdən düşəcəkmi? Əmanətləri dollara çevirməyə ehtiyac varmı?

Neftin dünya bazar qiymətinin aşağı düşməsi dolların manata təzyiqini artırsa da, hələlik tədiyyə balansımızda müsbət saldo saxlanılmaqdadır. İdxalı 3 dəfə üstələyən Azərbaycan ixracatında qara qızılın qiymətinin düşməsi səbəbindən dəyər ifadəsində azalmalar olsa da, hələ də xarici ticarətdə böyük profistə malikik. Bu isə o deməkdir ki, Azərbaycanı tərk edən valyuta ölkəyə daxil olan valyutadan xeyli azdır. Deməli, ölkəyə daha çox dollar kütləsi daxil olur. İqtisadi baxımdan Mərkəzi Bank manatın deyil, dolların sterilizasiyasını həyata keçirməlidir ki, milli valyuta kəskin möhkəmlənməsin”.

İqtisadçı manatın özünün stabilliyini qoruyacağını bildirib:

“Amma məsələnin psixoloji və kənar effekt tərəfləri var. Psixoloji mesajlar daha çox dünya neft bazarından gəlir və bu da manat üzərində təzyiq formalaşdırır. Kənar effekt təsirlər isə ixracatdan daxil olmaların azalması fonunda dövlətin və əhalinin qənaət etməsi, bundan isə xidmət, bank sektorları daxil olmaqla, bir sıra digər sahələrin təsirlənməsidir. Buraya eyni zamanda Mərkəzi Bankın potensial intervensiya xərclərini də əlavə etsək, o zaman mənzərə daha aydınlaşar. Eyni zamanda, bir sıra neft ölkələrində milli valyutanın develvasiyası büdcə kəsirinin doldurulmasında əsaslı alət kimi istifadə edilir. Qonşu Rusiya bu aspektdən uyğun nümunələrdəndir. Bütün bunları nəzərə alaraq isə orta və uzunmüddətli deyil, qısa müddətli dövrdə milli valyutanın məzənnəsini proqnozlaşdırmaq olar. Mərkəzi Bankın ehtiyatlarını və potensial intervensiya xərclərini nəzərə aldıqda qısa müddətli dövrdə manatın məzənnəsindəki stabilik qorunub saxlanılacaq. Bu isə o deməkdir ki, yaxın yarım ildə mövcud şərtlər daxilində manatın məzənnəsində azalma müşahidə edilməməlidir. Deməli, milli valyutanın məzənnəsi ilə bağlı indiki halda narahatlıq yoxdur. Eyni zamanda, Mərkəzi Bankın Pul Kredit Siyasətinin Əsas İstiqamətləri barədə sənədi də bu əminliyi formalaşdırır. Sonrakı mərhələdə isə manatın məzənnəsi ilə bağlı siyasət daha çox dünya neft bazarında baş verənlərdən asılı olacaq. Təbii ki, milli valyutanın məzənnəsi ilə bağlı qərarların heç də həmişə öncədən və iqtisadi baxımdan proqnozlaşdırıla bilmədiyini də unutmamalıyıq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler