» » Ağdərə rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar

Ağdərə rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar BƏYANAT

Bölmə: Xəbər
Ağdərə rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar



“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Xalqinfo.az-ın məlumatına görə, bəyanatı AZƏRTAC-a şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.
XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Bunun ardınca Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.
İyirmi altı il əvvəl – 1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri - Ağdərə rayonu və onun kəndlərini işğal etdilər. İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşamış və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
Hazırda işğal altında olan keçmiş Ağdərə rayonunun 8 kəndi və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, 23 kəndi və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibindədir. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altındadır.
Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.
Hazırda Ermənistan Respublikası işğal etdiyi Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində də əksini tapıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilir.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.
XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilarların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmayıb.
“Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Ağdərə rayonunun 15 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.
Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Eyni zamanda, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan Azərbaycan Ordusunun üç il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə dördgünlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.
Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məçburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”, - deyə bəyanatda qeyd edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler