» » Bir ailənin Novruz süfrəsi 220 manata başa gəlir

Bir ailənin Novruz süfrəsi 220 manata başa gəlir

Bölmə: Xəbər
Bir ailənin Novruz süfrəsi 220 manata başa gəlir




1 sini paxlava və təxminən 50 ədəd şəkərbura və bir o qədər də qoğalın hazırlanması məsrəfi təxminən 80-100 manat arasındadır
Bayrama, ilaxır çərşənbəyə sayılı günlər qaldığı bir ərəfədə insanların əsas qayğılarından biri də Novruz süfrəsi üçün bazarlıq edilməsidir. “Bayram oldu, heç bilmirəm neyləyim” deyənlər üz tutur bazar və marketlərə... Novruz süfrəsinə düzüləcək növbənöv yeməklər, şirniyyatlar, çərəzlər üçün alış-veriş etməyə çalışırlar. Bəs görəsən, bir ailənin bayram bazarlığı neçəyə başa gəlir? Bu suala ətraflı aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın müxbiri market və bazarlara üz tutub.

Qeyd edək ki, bayramla əlaqədar paytaxtın bütün rayonlarında kənd təsərrüfatı məhsulları satılan bayram yarmarkaları açılsa da, hələ ki şənbə və bazar günü fəaliyyət göstərirlər. Martın 16-dan 21-dək olan müddətdə isə gündəlik fəaliyyət rejiminə keçəcəklər. Həftəiçi olduğundan biz də əhalinin ən çox axın etdiyi “8-ci kilometr” bazarına üz tutduq. Qiymətləri ardıcıllıqla deyil, hazırlanan yeməklərə uyğun olaraq təqdim edib, xərcləri orta hesabla müəyyən etməyə çalışacağıq.

Başlayaq, bayram süfrələrinin vazkeçilməzi olan plovdan. Plov üçün alınacaq 1 kiloqram düyünün qiyməti 3.90 - 4.60 manat arasında dəyişir. Plastik qabda satılan iki kiloluq düyülər isə 6.70-7.80 manat arasında dəyişir. Müxtəlif növdən olan kərə yağlarının qiyməti isə 17-18 manat arasındadır. Məsələn, “Ancor” kərə yağı marketlərdə 16.60 manata satılır. Ətə gəlincə, mal ətinin kiloqramı 10-11 manata, quzu əti 12 manata satılır. Aşın üzərini müxtəlif quru meyvələrlə bəzəmək isə daha baha başa gəlir. Üzəri üçün soğanın 1 kiloqramı 80 qəpik, şabalıd 6 manat, gavalı və ərik qurusunun kiloqramı 10 manat, sarı kişmiş 6-8 manat, xurma 6 manatdan başlayan qiymətlərlə, sarıkök 1 manatadır. Quru meyvələrin hərəsindən 200 qram lazım olduğunu hesablasaq, bütövlükdə plovun hazırlanması üçün 50 manat vəsaitə ehtiyac var.

Qeyd edək ki, toyuq ətinin kiloqramı 4 manatdan başlayır. Balıqlardan isə dəniz balıqları 12 manatdan başlayan qiymətlərlə təklif olunur. Bayram süfrəsinə ən çox kütüm balığı qoyulduğundan onun qiyməti artıq 15 manata qalxıb və daha da bahalaşacağı gözlənilir. Farelin kiloqramı 10-11 manat, sudak 12-13 manat , xəşəm 15-18 manata satılır. Göl balıqlarının qiyməti isə 5-6 manatdan başlayır.

Salatların hazırlanmasında istifadə olunan pomidor və xiyarın 1 kiloqramı da orta hesabla 3 manatdır, göyərtinin 5 dəstəsi 1 manata satılır.

Paytaxt salatı da artıq bayram süfrələrinin vazkeçilməzi olub. Onun hazırlanmasında istifadə olunan kartofun qiyməti 0.80- 1 manat, kök 70 qəpik, tər xiyar qeyd etdiyimiz kimi, 3 manat, bankalarda turşu xiyarı 2.30 qəpik, konservləşdirilmiş yaşıl noxud 2.50 manat, böyük banka mayonezlərin qiyməti markasından asılı olaraq 3-7 manat arasında dəyişir. Toyuq döş ətinin yarım kiloqramlıq paketləri isə 4 manata satılır. Beləcə, paytaxt salatı hazırlamaq istəyənlər əlini cibinə atmalı, 17 manat xərci gözə almalıdırlar.

Süfrəyə qoyulan meyvələrə gəlincə, banan 2.80 manat, alma 1.50 manat, narıngi və portağal 2 manat, kivi və armudun kiloqramı 2 manat, nar 1.50 manata satılır. İynə və innabın kiloqramı isə 5- 6 manat arasında dəyişir. Qovrulmuş qabıqlı fıstığın kiloqramı da 6 manatdır. Qərzəkli meyvələrdən qoz və fındığın kiloqramı 5-6 manat arasında dəyişir. Meyvələrin və qərzəkli məhsulların hərəsindən 1 kiloqram almaq üçün təxminən 30-33 manat arası vəsait lazımdır.

Şirniyyatlara gəlincə, paxlava, qoğal və şəkərburanın hazırlanmasında istifadə olunan qoz və fındıq ləpəsi də hələ ki çox bahalaşmayıb. Fındıq ləpəsi 13-16 manata, qovrulmuş təmizlənmiş fındıq ləpəsi 14 manata təklif olunur. Qoz ləpəsinin qiyməti isə 10-18 manat arasında dəyişir. Nisbətən bölünmüş, xırdalanmış qoz ləpəsi 10-11 manatdır. Hilin 1 paketi 1 manata, şəkər tozunun kiloqramı 93 qəpiyə, əla növ unun 1 kiloqramı 1.2 manata, yumurtanın 1 ədədi 14-16 qəpiyə, südün 1 litri 1.80 manatadır. Bu şirniyyatların hazırlanmasında minimum 1 kq kərə yağı da istifadə olunur ki, onun da qiymətini yuxarıda qeyd etdik. Ümumilikdə 1 sini paxlava və təxminən 50 ədəd şəkərbura və bir o qədər də qoğalın hazırlanması xərci təxminən 80- 100 manat arasındadır.

Novruz xonçasının əsas atributu isə boyanmış yumurtadır. Fabrik yumurtasının 15 ədədi marketlərdə 2.25 manata satılır, kənd yumurtası isə 30 qəpiyə təklif olunur. Yumurta boyaları 20 qəpiyədir.

Bayram süfrəsi üçün satılan səmənilərin qiyməti 1-10 manat arasında, bayram şamının qiyməti isə 50 qəpik -2 manat arasında dəyişir. Müxtəlif formalı daha böyük şamların 1 ədədi isə 1 manatdır.

Ümumilikdə bir ailənin bayram bazarlığı üçün minimum 220 manat vəsaitə ehtiyacı var. Buraya müxtəlif cür noğul və konfetləri, şirin və qazlı suları, başqa yeməkləri də əlavə etsək, xərcin daha da artması qaçılmazdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler