» » “Vəzifə təklifi-filan olmayıb”-

“Vəzifə təklifi-filan olmayıb”- Bəxtiyar Hacıyev

Bölmə: Xəbər
 “Vəzifə təklifi-filan olmayıb”-




Gənc fəal yazdığı yazıya verilən reaksiyalardan danışdı; “Təkərdə deşik varsa, hava vursan da, 1 gün sonra yenidən boşalır”
Gənc fəal, Harvard universitetinin məzunu Bəxtiyar Hacıyev Prezident İlham Əliyevin ictimaiyyətlə son görüşlərinə münasibət bildirərək, dövlət başçısının həmin görüşlərdəki jestlərinə, açıqlamalarına dair öz təəssüratlarını yazıb və “Qafqazinfo” saytında dərc etdirib. Müxalif fikirləri ilə tanınan gənc fəalın bu qeydləri ictimaiyyət və media tərəfindən də maraqla qarşılanıb.


“Yeni Müsavat” xəbər verir ki, B.Hacıyev yazısında bildirib ki, illər əvvəl prezident İlham Əliyevin gənclərlə görüşlərindən birində iştirak edib və ölkə başçısına Azərbaycanda elm və təhsil, texnologiyaya dəstək olacaq elm olimpiadalarından birinin - IJSO-nun Azərbaycanda keçirilməsi ilə bağlı təklif verib: “O, bir neçə sual verdi, düşündü, Azərbaycan gənclərinin təkcə idmana yox, elm və təhsilə, innovasiyalar və texnologiyalara istiqamətləndirilməsinin vacibliyini nəzərə aldı və bu olimpiadaya Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı tapşırıq verdi. Bu il keçirilən görüşdə də ölkə başçısının əsas mesajlarından biri gənclərin ictimai nəzarəti gücləndirməli olduqları barədə idi. Ümumiyyətlə, yanvar ayında baş vermiş bir neçə məsələdə müşahidələrimiz onu göstərir ki, ölkə başçısı ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, xüsusilə də sosial şəbəkələrdə qaldırılmış məsələlər dərhal öz həllini tapır. Məsələn, Mehman Hüseynova qarşı açılmış cinayət işi ilə bağlı gənclər sosial şəbəkələrdə narazılıqlarını bildirdilər, ölkə başçısı məsələyə öz tövsiyəsi ilə münasibət bildirdi, Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi.

Son bir ay ərzində ölkə başçısının bir prezidentdən daha çox bir insan kimi, öz mənəvi tərəflərini mətbuata və ictimaiyyətə göstərməsi müsbət haldır. İstər Mehman Hüseynova münasibətdə, istər şəhid ailələri ilə görüşdə şəhid atasına öz əlləri ilə su təqdim etməsi zamanı, istər şəhid anasının ayağa qalxmasına imkan verməyərək, şəhid anasına dəyər verərək, onun yanına getməsi, istərsə də gənclərin təltif edilməsi mərasimində fiziki məhdudiyyətli gəncin yanına yaxınlaşaraq onu təltif etməsi olduqca müsbət görüntülərdir. Bu isə, vətəndaşların, xüsusilə gənclərin ölkə başçısına münasibətinə müsbət töhfə verir”.

B.Hacıyev daha sonra görüşlə bağlı bir neçə müsbət məqamı da vurğulayıb və bildirib ki, sadaladığı nümunələr bir vətəndaş kimi onun üçün xoş görüntülər olub: “Əgər gənclər gördükləri qüsurları dilə gətirib, ifadə etdikdə onları dinləsələr, problemlər ard-arda həll olunsa, ölkə rəhbəri də qeyd etdiyi kimi “gənclər ictimai nəzarət məsələsində mənim yardımçılarım olmalıdır, mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm” deyərək özünün rəsmi statusunu yox, insani tərəflərini nümayiş etdirirsə, bu, ölkə rəhbəri üçün də, xalq üçün də, dövlətimizin gələcəyi üçün də çox yaxşı seçimdir”.

B.Hacıyevin bu yazısı ictimaiyyətdə və sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Daim tənqidi mövqeyi ilə seçilən gənc fəalın Prezidenti təqdir etməsi, onun fəaliyyəti ilə bağlı pozitiv mövqeyi maraq doğurub. Bunu B.Hacıyevin hakimiyyətlə aralarındakı “buzu əritməsi”, eləcə də yaxın gələcəkdə ona hansısa vəzifə veriləcəyi kimi yozanlar da olub. “Yeni Müsavat” xatırladır ki, gənc fəal daha öncə bizə verdiyi canlı yayın müsahibələrində də ona ayrı-ayrı hakimiyyət nümayəndələri tərəfindən işlə bağlı müəyyən anonsların verildiyini, amma bunun gerçəkləşmədiyini demişdi.

Əcəba, B.Hacıyevin məlum məqaləsi nədən xəbər verir? Bu, hakimiyyətə doğru bir addımdır, yoxsa yaxın zamanlarda bir vəzifə təyinatının anonsu?

“Yeni Müsavat”a açıqlamasında B.Hacıyev dedi ki, bu mövzu ilə bağlı fikirlərini sosial şəbəkədəki statusunda açıq şəkildə ifadə edib. Sözügedən statusu təqdim edirik: “Yanvarda demək olar ki, hər gün maşının təkər işığı yanırdı. Bilmirdim ki, iş dalınca gedim, yoxsa, təkərə hava doldurmaq üçün yer axtarım. Hər dəfə hava dolduranlardan səbəb soruşanda, biri "müəllim, havadandır, soyuyur və isinir, ona görədir", digəri "düz yerdə saxlamırsınız, əyri qalır, kənardan buraxır" kimi səbəblər deyirdilər. Bir gün yenə təkər işığı yananda yaxınlaşdım bir gənc ustaya. Cavan oğlan baxdı və "təkəri söküb, baxmaq lazımdır. Buraxırsa, deməli deşik var və içəridən düzəltmək lazımdır. Gözlədəcəm sizi, amma həll edəcəm" dedi. Vaxtım gedəcəkdi, bir az artıq xərc çıxacaqdı, amma hər dəfə 10 saniyə hava vurub, 1 manatı cibinə qoyanlardan fərqli olaraq, o adam problemin kökünü axtarmaq, həll etmək istəyirdi. Gözlədim, axtardı, deşiyi tapdı, düzəltdi və ondan sonra indiyə qədər hələ də nə hava, nə təkəri əyri saxlamaq, nə yoxuşda saxlamaq təkər işığını yandırmır.

Bunu niyə deyirəm? Məqsəd özümlə bağlı adi bir məişət məsələsini yazıb, başınızı yormaq deyil. Məqsəd iki yanaşma arasındakı fərqi göstərməkdir. Ölkə də maşın kimidir. İdarə edirsən, görürsən işıq yanır. Bir yanaşma qısamüddətli və rahat həll yoludur (təkərə hava dolduraq, bir gün sonra boşalsın, yenə işıq yansın, yenə dolduraq, əsas odur müştəri 1 manatı verir). Digəri isə problemin kökünü tapıb, həll yolu axtarıb, uzunmüddətli həll etməkdir. (Təkəri çıxarıb, yoxlayıb, yamamaq).

Dövlətdə də uzun illərdir praktika göstərir ki, tənqidi səslərin boğulması, təzyiqlər, repressiya, həbslər, qəzet, sayt, agentlik, TV, radioların bağlanması və digər təkərə hava vurmaq tipli həll yolları problemi həll etmir. Təkər yenə buraxır. Deməli, digər ustanın yanaşması kimi yanaşmaq lazımdır məsələlərə. Tənqidlərə və iradlara normal yanaşıb, sistemləşdirib, dinləmək və həll yolları axtarmaq, həll etmək lazımdır. Ölkə başçısının son addımları və çıxışlarında yenidən ictimai nəzarətin vacibliyinə açıq vurğu etməsi, üzdə görünən və görünməyən yeni yanaşmalar onu göstərir ki, hakimiyyət də yavaş-yavaş anlayır ki, "filankəs sərt tənqid edir, tutaq basaq içəri" yanaşması həll yolu deyil. İnkişaf etmiş ölkələr tənqid edə-edə, siyasi mübarizə və rəqabət apara-apara bu inkişaf səviyyəsinə çatıblar. Onlar "ölkəni Suriyaya çevirmək istəyirsiniz" deməyiblər. Əksinə, Suriya kimi ölkələrdə tənqidi səslər uzun müddət eşidilməyib, boğulub, insanlar birdən partladıb etirazlarını. Xaricdə tarixən nə qədər düşmənimiz varkən, daxildəki tənqidçiləri də düşmən kimi görmək lazım deyil. Prezidentin dediyi kimi, əksinə, onları ictimai nəzarətçi kimi görmək lazımdır. İşsizlik, aşağı maaşlar, təqaüdlər, bərabər fürsətlərin olmaması, siyasi məhbuslar məsələləri, vətəndaş cəmiyyətinin problemləri, işgüzar dünyanın problemləri, iqtisadi, sosial, siyasi bütün problemləri sistemləşdirib, birdəfəlik, kökündən həll etmək lazımdır. Təkərdə deşik varsa, hava vursan da, 1 gün sonra yenidən boşalır”.

B.Hacıyev əməkdaşımızın suallarını isə fərqli şəkildə cavablandırdı. Bildirdi ki, ictimai rəyin nümayəndəsi jurnalistlər və “Yeni Müsavat” kollektividirsə, vəzifə ilə bağlı verilən sualı “vəzifə filan təklifi olmayıb” şəklində cavablandırır: “Qalan yerdə tanıyanlar bilir ki, müsbəti müsbət, mənfini mənfi demişəm, qərəzli olmamağa çalışmışam. Amma indiki halda, üzrlü sayın, bu suallar özü ictimai rəyi mənə qarşı qaldırmağa və sizin komplo saydığınız, amma mənim bildiyim elə komplodur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler