» » Nazirə ağır ittihamlar- “Yalan hesabatlar verir”

Nazirə ağır ittihamlar- “Yalan hesabatlar verir”

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Nazirə ağır ittihamlar- “Yalan hesabatlar verir”Payız ayı olmasına baxmayaraq bazarda mövsümi meyvələrin qiyməti ucuzlaşmaq bilmir. Satıcılar bahalığın səbəbini Rusiyanın qapılarını Azərbaycan məhsullarına açmasında görürlərsə, ekspertlər bunu bu il qıt məhsuldarlıqla əlaqələndirirlər.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov aznews.az-a bildirib ki, istehsal heç də hökumətin açıqladığı kimi deyil. Onun sözlərinə görə, bu il istehsalda çox ciddi geriləmə var. Lakin hökumət məhsul azlığını etiraf etmir. Ekspert hesab edir ki, indiki qiymət artımını ixracla əlaqələndirmək düz deyil:
“Mövsümi məhsulların bahalığının ixraca heç bir aidiyyəti yoxdur. Onsuz da bu mövsüm Azərbaycandan nar, alma, xurma, bir sıra sitrus meyvələri ixrac olunurdu. Son zamanlar ixracımız artmayıb. Bu da onunla bağlıdır ki, Rusiyada rublun məzənnəsi ciddi şəkildə enib və bazara təsir edib. Artıq digər ölkə sahibləri üçün bazara mal çıxarmaq bir o qədər maraqlı deyil. Ona görə də ixrac edən ölkələr çalışır ki, digər alıcıları axtarıb tapsınlar. Bizdə də vəziyyət kəskindir. Bir sıra sahibkarlar da etiraf edib ki, həqiqətən Rusiyada yaranmış vəziyyət onları məhsul ixrac etməkdə həvəsləndirmir. Bir sözlə, ölkədə baş verən qiymət artımı bu il məhsulun az olması ilə bağlıdır. Məhsul azlığına havaların isti keçməsi, su qıtlığının yaranması, fermerlərin aqrotexniki qaydalara əməl etməmələri də səbəb olub. Amma başqa daha ciddi səbəblər də bar. Ümumiyyətlə fermerlərimiz aqrotexniki qaydalara düzgün əməl edə bilmirlər. Aparılan aqrar siyasət demək olar ki, reallığa uyğun deyil. Fermerlərin bütün aqrotexniki qaydalara əməl etməsi üçün onlara yardım, kömək, həm də hüquqi baza yaradılmalıdır. Nə qədər ki, bu işlər qaydasında görülmür bizdə istehsal da, qiymət də bunu kimi olacaq”.

Bu il bütün sahələrdə ciddi problemlər olduğunu deyən V.Məhərrəmovun sözlərinə görə, Kənd Təsərrüfatına məsul olan qurum işinin öhtəsindən gələ bilmir, düzgün siyasət aparmır. Odur ki, hər mövsüm bu kimi problemlər ortaya çıxır:
“Bir-iki mütəxəssis var idi ki, onları da uzaqlaşdırıblar. Onlar da siyasətə təsir edəcək gücə malik deyildilər. Ölkədə əsas problem aqrar siyasətin müəyyənləşdirilməməsi və düzgün aparılmamasıdır”.

Neft məhsullarının qiymətinin bahalşamasının da bazara təsir etdiyini deyən ekspert hesab edir ki, bu, məhsulun maya dəyərini artırdı:
“Keçən il neft məhsullarının qiymətlərini artırdılar. Neft məhsullarının qiymətinin bahalaşması istehsala təsir etdi. Əldə olan məhsulun maya dəyərini artırdı. Əlbəttə bu da öz növbəsində onlara imkan verdi ki, satdığı məhsulun qiymətini bahalaşdırmaqla bu məbləği kompensasiya etsinlər”.

Azərbaycanın aprel ayının sonundan may ayının sonuna kimi Rusiyaya faraş kartof ixrac etdiyini deyən V.Məhərrəmovun sözlərinə görə, tərəvəzlərdən pomidor, xiyar ixrac olunur. Bu məhsullar isə istixana şəraitində yetişdirilən məhsullardır:
“Rusiya indi Avropa ölkələri arasında yaranmış ziddiyyətlə əlaqəli Rusiya bizim üçün sərhədi bir az da genişləndirdi. Burada da bir çox məhsulumuzu ixrac edə bildik. Hazırda isə Rusiyaya xurma, nar ixrac edirik. Bu məhsullar isə əvvəlki illərdəki qədər olacaq. Düzdür, bu il tərəvəz məhsullarında ixrac azdır”.

Ekspert hesab edir ki, qlobal iqlim dəyişiklik də əkinçiliyə, heyvandarlığa ciddi təsirini göstərir. V.Məhərrəmovun sözlərinə görə, get-gedə əhalinin sayının artması isə tələbatı artırır. Bunlardan başqa istifadə olunan torpaq sahələrinin həcmi azalır. İnsanların bir hissəsinin yaşayış üçün binaların, ofislərin tikilməsi, yolların salınması, infrostrukturun yaradılması əkin sahələrini azaldıb. Bu da öz növbəsində ümumi istehsalın azalmasına səbəb olur:
“Bu sahə yeni yanaşma tələb edir. Tələb artdığı üçün təklif isə bir o qədər olmadığına görə, məhsulun qiyməti qalxır. 2015-ci ildə bu sahədə dəyişiklik olması görünmür. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı hər hansı addım atmır”.

Taxılçılıqda da ciddi azalma müşahidə olunduğunu söyləyən V.Məhərrəmov bu rəqəmin təxminən 500 min tondan çox olduğunu bildirdi:
“İstehsalın bu qədər azalması gələcəyə də mənfi təsir edir. Çünki, məhsulun az olması fermerin gəlirini azaldır. Fermerin gəliri azalanda o, gələcəkdə bu sahə ilə məşğul olub-olmaması barədə düşünməli olacaq. O, bu sahə ilə məşğul olmağı düşünsə də, onun lazımi vəsaiti olmayacaq. 20 ildir ki, Kənd Təsərrüfatı Nazirliyi eyni sözləri deyir. Biz özümüz özümüzün tələbatını ödəyirik gələn il məhsuldarlıq bol olacaq deyərək, insanları çaşdırırlar. Məsələn, ölkədə ət adambaşına 74 kiloqram istehsal edilməlidir. Halbuki, ölkədə 30-35 kiloqram istehsal olunur. Nazirlər Kabineti minimum əməkhaqqına hesablanan rəqəm müəyyən edib. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları , eləcə də nazir də normanın guya 35 kiloqram olduğunu əsas gətirir. Onlar başa düşmür ki, bu, norma deyil, minimum istehlak tələbinə uyğunlaşdırılmış bir rəqəmdir. Eləcə də digər məhsullar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler