» » Aşıq Ələsgərlə bağlı qalmaqal böyüdü

Aşıq Ələsgərlə bağlı qalmaqal böyüdü

Bölmə: Xəbər
Aşıq Ələsgərlə bağlı qalmaqal böyüdü




Ermənistan Milli Arxivinə istinadən ötən ilin yayında Bakıda çap olunan məhsulda yer alan iddialar ətrafında müzakirələr yenidən qızışıb.

Son günlər Aşıq Ələsgərin yaşı ilə bağlı mediada gedən müzakirələri media da izləyir. Nazir Əhmədlinin “Haqq-nahaq seçilər haqq divanında” kitabındakı iddiaların düzgün olmadığını sübut edən sənədin tapılması bu mövzuda bir sıra suallar meydana çıxarıb. Çap məhsulunda Azərbaycanın tanınmış aşıqları - Aşıq Ələsgər və digərlərinin doğum tarixlərini saxtalaşdırmaqla aşıqlar bir neçə 10 il cavanlaşdırılır. Bu “cavanlaşdırmanın” üzərindən ümumilikdə Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulur.

Eyni zamanda Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə yönəlik “faktlar” ortaya atılır. Kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdir. Ötən ilin yayında dərcindən sonra böyük qalmaqallara səbəb olan kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir. Kitabdakı saxtakarlıqları ifşa edən sənəd Qərbi Azərbaycan kökənli ziyalıların düzənlədiyi, doğma yurdlarından deportasiya olunmalarının 30 illiyi ilə bağlı “Yurd həsrəti” adlı tədbirdə nümayiş olunub.

Tədqiqatçı Sabutay Hacıyev Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənədi təqdim edərək bildirib ki, sənədə əsasən, Aşıq Ələsgər çap məhsulunda iddia edildiyi kimi 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi, 1821-ci ildə dünyaya gəlib.

Cahanpress.com saytında mövzu ilə yer alan məqalədə bu sənəd ortaya qoyulandan sonra Nəzir Əhmədlinin Rusiya Dövlət Arxivinə məktub yazdığı qeyd olunur.

Sitat: “Biz tədqiqatçı deyilik və kimin doğru söylədiyini də iddia edə bilmərik. Ancaq onu bilirik ki, ulu öndər Heydər Əliyevin 1994-cü il 24 noyabr tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 175 illik yubileyi ölkəmizdə geniş qeyd olunub. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə isə Aşıq Ələsgərin 150 illik yubileyi keçirilmişdi. “Haqq-nahaq seçilər haqq divanında” kitabının müəllifi və elmi redaktoru bundan xəbərsizmi olub? Yoxsa onlar hesab edirlər ki, ümummilli lider Heydər Əliyevdən daha ağıllıdırlar və Ondan daha çox bilirlər?

İndi isə keçək bizi və hesab edirik ki, bütün cəmiyyətimizi narahat edən digər məqamlara. Əvvəla sual olunmalıdır: bu ölkənin folklorşünasları, ədəbiyyatçıları, tarixçiləri hardadır ki, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Aşıq Ələsgərin yaşını müəyyənləşdirir? Tutaq ki, Nazir Əhmədli bir jurnalist-tədqiqatçı kimi, Aşıq Ələsgərin və digər aşıqların yaşı ilə bağlı araşdırma aparıb. Bəs bizim hörmətli akademiklərimiz bununla niyə maraqlanmayıblar, tədqiqatçının bu fikirlərinə nəyə görə reaksiya verməyiblər? Deyək ki, kitab çap olunan zaman bu məsələyə o qədər də əhəmiyyət verilməyib. İndi necə? Niyə bizim dəyərli alimlərimiz mətbuatda özlərini reklam edən bu adamlara demirlər ki, ay bala, Aşıq Ələsgər bu millətin dəyərlərindən biridir. Onun bir şeiri sizin özünüz boydadır. Gedin kənarda oynayın”.
Yazıda Nazir Əhmədlinin Rusiya Dövlət Arxivinin direktoru Larisa Aleksandrovna Roqovayaya yazdığı məktubla bağlı da məqamlar yer alır.
Sitat: “O, bir tədqiqatçı kimi hansısa faktı dəqiqləşdirmək üçün arxiv direktoruna məktub yaza bilər. Ancaq məktubun bu tərzdə yazılması sadəcə təəssüf doğurur. Bir azərbaycanlı necə olur ki, bir rusa yazdığı məktubunda öz ölkəsinin vətəndaşını şarlatan adlandırır?

Nazir Əhmədli Rusiya Dövlət Arxivinin direktoruna ünvanladığı məktubunda yazır: “Mənim elmlər namizədi alimlik dərəcəm var və Zaqafqaziyanın 19-cu əsrə aid arxiv sənədlərinin tədqiqi ilə məşğul oluram. Həmin dövrün kameral siyahılarında Azərbaycanın bir çox məşhur şəxslərinin doğum tarixini, ailə üzvlərinin adlarını, bir yerdən başqa yerə köçmələrini, məşğuliyyətlərini müəyyən etmişəm. Onlardan biri də 1852-ci ildə indiki Ermənistan Respublikasının ərazisində yerləşən Novobəyazid qəzasının Ağkilsə kəndində doğulan məşhur sənətkarımız Aşıq Ələsgərdir. Bizim elmi dairələrdə onun 1821-ci ildə doğulduğunu qəbul edirdilər. Onun 200 illik yubileyini qeyd etməyə hazırlaşanlar bundan narazı qalmışlar. Hətta bir sıra qaragüruhçular məni qeyri-vətənpərvərlikdə suçlayaraq ictimaiyyətin gözündə alçaltmağa çalışmışlar. Mən Ermənistan Milli Arxivindəki sənədlərə əsaslanaraq bir sıra ədəbiyyat nümayəndələrinin doğum tarixlərini dəqiqləşdirmişəm. Buna görə həmin ədəbi simaların yubileyləri təxirə salına bilər. Ona görə də bu nadanlar Ermənistan arxivindəki məlumatlardansa, köhnə və səhv məlumatlara üstünlük verirlər. Bu günlərdə, daha dəqiq desək, 4 fevral 2018-ci ildə onlardan biri, Sabutay Hacıyev adlı bir nəfər sosial şəbəkələrdə və KİV-lərdə (məsələn, musavat.com və başqaları) sizin adınızdan sərsəm bir mətn yayaraq guya məni rəsmi şəkildə “təkzib etmişdir”. Lakin bu insanlar o qədər avam və savadsızdır ki, birinci ümumrusiya siyahıya almasının keçirildiyi tarixi bilmir və onu internet resurslarından dəqiqləşdirməyi ağıllarına gətirməyiblər. Nəticədə bu şarlatanlar sizi də ictimaiyyətin nəzərində və elmi dairələrdə savadsız kimi qələmə vermişlər. Sosial şəbəkələrdə kimə ünvanlandığı, nömrə və tarixinin olmadığı, adınızın və vəzifənizin çox çətinliklə oxunduğuna görə bu kağızın sənəd olmadığını izah etmişəm. Adi gözlə də görmək mümkündür ki, bu saxtakarlıq fotoşop və başqa kompüter proqramlarının vasitəsilə edilib. Bu isə adi fırıldaqçılıq, hətta deyərdim ki, cinayətdir”.

Nazir Əhmədli özünün təkzib edilən iddialarına Rusiya Dövlət Arxivinin direktorunu da şərik çıxmağa səsləyir: “Əminəm ki, siz bu fırıldaqçılığa biganə qalmayacaq, mənim və özünüzün reputasiyanızı qorumaq üçün ölçü götürəcəksiniz. Başqa halda, mən sizin müəssisənizin adı ilə zərər çəkmiş olacağam. Düşünürəm ki, bu barədə bizim Moskvadakı səfirliyimizə və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etməlisiniz. Hər hansı başqa tədbir görəcəyinizi də özünüz bilərsiniz”.

Nəzir Əhmədlinin Sabutay Hacıyevin üzərinə bunca getməsi əbəs deyil. Tədqiqatçı Sabutay Hacıyev Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənəd Nəzir Əhmədlinin Ermənistan Milli Arxivinə istinadən yazıb-topladığı çap məhsulunun əhəmiyyətini büsbütün itirir. Həmin məhsulun ortaya çıxarılması ilə çatılması hədəflənən məqsədləri puç edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler